İsa Həbibbəyli: Türkoloji yönümlü elmləri inkişaf etdirməliyik
“Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi barədə Sərəncamı türkologiyanın dünyada elm kimi sistemli əsasını qoymuş türkoloq alimlərin xatirəsinə verilən yüksək dəyərin nümunəsidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” beynəlxalq elmi konfransında səsləndirib.
İsa Həbibbəyli qeyd edib ki, Birinci Türkoloji Qurultayın Azərbaycanda keçirilməsi mühüm səbəblərlə bağlı idi. Ötən əsrin 20-ci illərində Orta Asiya ölkələrinin bir çoxu muxtar respublika statusunda idi. Bakı həm neft şəhəri, həm də inkişaf etmiş infrastrukturu ilə seçilirdi: “Bakı öz intellektual səviyyəsinə görə yalnız Sankt-Peterburqla müqayisə oluna bilərdi. Şəhər keçmiş SSRİ məkanının ən seçilən elmi-mədəni mərkəzlərindən biri hesab olunurdu”.
Akademik bildirib ki, Birinci Türkoloji Qurultayda 131 nəfər iştirakçı var idi ki, onlardan 126 nəfəri sonradan repressiya qurbanı olub. Onların qurultayda qaldırdıqları problemlərin intellektual miqyasına görə türkologiyanın əsas istiqamətlərini müəyyənləşdirildi: “Bizdə bir çox hallarda türkologiya deyəndə yalnız dilçilik nəzərdə tutulurdu. Halbuki Qurultayda türkologiyanın etnoqrafiya, ədəbiyyat, incəsənət, mədəniyyət və digər humanitar və ictimai elmlərlə sıx bağlı olduğu xüsusi vurğulanırdı.
Stalin dövründə türkologiya elmini yalnız dilçilik səviyyəsində saxlamağa çalışırdılar. Çünki türk dünyasında bütün elmlər bir-biri ilə inteqrasiyada inkişaf etsəydi, bunun qarşısını almaq mümkün olmayacaqdı”.
Birinci Türkoloji Qurultayın elmi və mədəni istiqamətini yüksək qiymətləndirən akademik vurğulayıb ki, ilk dəfə məhz həmin qurultayda bütün türk alimləri bir araya gəlmişdi: “Macarıstandan Yakutiyaya qədər böyük bir coğrafiyanı daha da artırırdı.
Bu gün də biz türkoloji yönümlü elmləri inkişaf etdirməliyik”, – deyə o qeyd edib.



