Qərbi Azərbaycana qayıdış ideyası beynəlxalq elmi müzakirə mövzusu oldu
Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, xatirəsi yad olunub.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Qərbi Azərbaycanın tarixi, toponimləri, folkloru, dialekt və şivələrinin araşdırılması, deportasiya və köç proseslərinin elmi şəkildə öyrənilməsi istiqamətlərində, Qayıdış Konsepsiyası ilə bağlı elmi-tədqiqat işləri aparılır. Qərbi Azərbaycan irsinin tələbələr arasında təbliği əsas məqsədlərimizdən biri kimi diqqət mərkəzində saxlanılır.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Qərbi Azərbaycana qayıdışın regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində mühüm amillərdən biri kimi dəyərləndirib: “İnsanların doğulduqları torpaqlara təhlükəsiz, şərəfli və hüquqi çərçivədə dönməsi regional barışığın dayanıqlı əsaslarından biridir. Qərbi Azərbaycandan deportasiya olunmuş insanların taleyi yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının ortaq vicdan məsələsidir.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Qərbi Azərbaycanla bağlı milli fəaliyyətin elm və təhsilin üzərinə xüsusi vəzifələr qoyduğunu bildirib: "Tarixi faktların araşdırılması, sənədləşdirilməsi, elmi əsaslarla hazırlanması akademik ictimaiyyətin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu istiqamətdə bütün təhsil müəssisələri mühüm işlər həyata keçirirlər. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası ali təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin, həqiqətlərinin təbliği, resursların artırılmasını tələb edir”.
Milli Məclis sədrinin müavini Musa Qasımlı Qərbi Azərbaycana qayıdış ideyasının tarixi həqiqətlərə əsaslandığını bildirib: “Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Qərbi Azərbaycana qayıdış ideyası öz məqsədinə çatacaq. Bugünkü konfransda gənclərin, alimlərin və tədqiqatçıların məruzələrlə çıxış etməsi bu ideyanın elmi əsaslarının möhkəmlənməsinə töhfə verəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Qərbi Azərbaycana qayıdış çağırışına ölkəmizdə ilk səs verən qurumlardan biri də AMEA olub: "Qərbi Azərbaycan məsələlərini tədqiq etmək üçün Akademiyanın müxtəlif strukturlarında Qərbi Azərbaycan tarixi, folkloru, toponimiyası və əlyazmaların tədqiqi adlı şöbələr fəaliyyətə başlayıb".
O, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ərazi iddiası olmayan bütövlük, sülh konsepsiyası olduğunu vurğulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova isə bildirib ki, Qərbi Azərbaycanla bağlı elm və tədris istiqamətində həyata keçirilən işlər genişləndirilib: "Son illərdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycanın folkloru və toponimikası ilə bağlı seçmə fənlər tədris edilir. Ali təhsil müəssisələrində Qərbi Azərbaycan Araşdırma mərkəzlərinin yaradılması vacibdir. Bu, arxiv materialları ilə işləməyə, elmi tədqiqatları genişləndirməyə və koordinasiyalı fəaliyyətə imkan yaradır”.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, Qərbi azərbaycanlıların deportasiyası faktlarının beynəlxalq hüquq müstəvisində sistemli şəkildə sənədləşdirilməsi və hüquqi qiymətləndirilməsi işləri davam etdirilməlidir.
Konfrans öz işini panel sessiyaları ilə davam etdirib.
İkigünlük konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq.



