Attestatla xaricdə təhsil: Qəbulun asan yolu, yoxsa yanlış təsəvvür?
Xaricdə təhsil almaq istəyən abituriyentlər üçün attestatla universitetə qəbul imkanları son illərdə diqqətçəkən məsələlərdən biridir.
Bəs attestatla xaricdə təhsil almaq nə dərəcədə asandır və müraciət zamanı əsas hansı tələblər nəzərə alınmalıdır?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil mütəxəssisi Əlmusa Ataməliyev bildirib ki, son illərdə azərbaycanlı gənclərin attestatla xarici ölkələrin universitetlərinə qəbul olunmasına marağı artıb:
“Qeyd etmək istərdim ki, bir çox ölkədə bakalavriat səviyyəsinə qəbul zamanı Azərbaycan attestatı əsas sənədlərdən biri kimi qəbul olunur. Lakin “attestatım var, deməli, birbaşa universitetə qəbul olunacağam” yanaşması düzgün deyil. Universitetlər adətən attestatla yanaşı, akademik göstəricilərə, xarici dil biliyinə, seçilən ixtisasa və digər sənədlərə də baxırlar.
Əsas tələblər, bir qayda olaraq, attestat və qiymət cədvəli, xarici dil sertifikatı, motivasiya məktubu və bəzi hallarda tövsiyə məktubu ola bilər. İngilisdilli proqramlarda IELTS və ya TOEFL kimi sertifikatlar tələb edilə bilər. Bununla belə, konkret dil balı universitetə və proqrama görə dəyişir.
Bəzi ölkələrdə Azərbaycan attestatının birbaşa bakalavriata qəbul üçün kifayət edib-etməməsi də fərqli ola bilər. Məsələn, müəyyən universitet və ölkələrdə hazırlıq, təhsil proqramı və ya əlavə qəbul imtahanı tələb oluna bilər. Ona görə də abituriyent ilk növbədə seçdiyi universitetin rəsmi qəbul şərtlərinə baxmalıdır.
Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, xaricdə universitet seçərkən yalnız qəbulun asanlığına deyil, həmin ali məktəbin statusuna və məzun olduqdan sonra diplomun tanınmasına da diqqət olunmalıdır. Ölkəmizdə xarici ali təhsil kvalifikasiyalarının tanınması ayrıca prosedurla həyata keçirilir”.
Ekspert qeyd edib ki, digər mühüm məsələ təhsil formasıdır:“Xaricdə təhsil almağı planlaşdıran şəxs universitetin əyani, qiyabi və ya digər formada fəaliyyət göstərməsini əvvəlcədən araşdırmalıdır. Elm və Təhsil Nazirliyi də xaricdə təhsil forması seçərkən tanınma məsələsinə diqqət yetirilməsini tövsiyə edir.
Mənim fikrimcə, attestatla xaricdə təhsil almaq çətin deyil, amma plansız şəkildə yanaşdıqda çətinləşir. Əsas məsələ düzgün ölkə və universitet seçmək, qəbul tələblərini əvvəlcədən öyrənmək və sənədləri vaxtında hazırlamaqdır.
Abituriyentlərə tövsiyəm odur ki, universitet seçərkən yalnız “məni imtahansız qəbul edirlərmi?” sualını verməsinlər. Daha vacib suallar bunlardır: Universitet akkreditasiyadan keçibmi? Təhsil proqramı tanınırmı? Təhsil forması Azərbaycan üçün məqbul hesab olunurmu? Məzun olduqdan sonra diplomun tanınması ilə bağlı problem yarana bilərmi? Attestat xaricdə bakalavriat təhsili üçün mühüm başlanğıc sənədidir, lakin təkbaşına qəbul zəmanəti deyil. Tələblər ölkə, universitet və ixtisasa görə dəyişir. Buna görə də hər bir abituriyentin fərdi şəkildə qəbul şərtlərini araşdırması və yalnız rəsmi universitet mənbələrindəki məlumatlara əsaslanması daha doğrudur”.




