“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

2 Oktyabr, 2026 - 19:59
“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Oktyabrın 1-də Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: məlumatların idarə edilməsi və kiberdayanıqlılıq” mövzusunda innovasiya sessiyası keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun direktoru, dosent Rahid Ələkbərlinin moderatorluğu ilə təşkil olunan sessiyada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev, İqtisadiyyat Nazirliyinin İnformasiya Texnologiyaları və Məlumat Idarəetmə Mərkəzinin layihə rəhbəri Tural Nağıyev, AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun böyük elmi işçisi Cavid Abbaslı, Azərkosmosun CİS Mərkəzinin Süni İntellekt bölməsinin rəhbəri Həmid Əskərov, “EUROMED” regionunda tərəfdaş şəbəkəsinin idarə edilməsi üzrə böyük direktor Alper Soysal və “MegaSec” MMC-nin direktoru Qabil Qasımov iştirak ediblər.

Müzakirələr zamanı süni intellektin tənzimlənməsi, məlumatların idarə edilməsi, kibertəhlükəsizlik və təhlükəsiz rəqəmsal sistemlərin dayanıqlılığı ilə bağlı aktual məsələlər diqqət mərkəzində olub.

Sessiyanın əsas mövzuları sırasında milli səviyyədə süni intellekt əsaslı monitorinq sistemləri və Milli CERT-in rolu, real vaxt rejimində qərarqəbuletmə ilə məlumatların qorunması arasında balans, tibbi süni intellekt standartlarının kritik infrastruktura tətbiqi, peyk görüntülərinin superrezolyusiya imkanları, “rəqəmsal əkiz” (Digital Twin) məlumatlarının idarə edilməsi və əqli mülkiyyətin qorunması yer alıb. Həmçinin kibertəhlükəsizlik üzrə ekspertizanın inkişafı və Azərbaycan dilində süni intellekt modellərinin yaradılması məsələləri ətraflı nəzərdən keçirilib.

Eyni zamanda, süni intellekt sahəsində idarəetmənin lokallaşdırılması, kiberdayanıqlılığın biznesin davamlılığı ilə əlaqələndirilməsi, rəqəmsal təchizat zəncirində məlumat suverenliyi, eləcə də milli süni intellekt idarəçiliyi və kiber müdafiə məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sessiyanın sonunda texnoloji transformasiyanın və müasir rəqəmsal trendlərin universitetlərlə əməkdaşlıq çərçivəsində tətbiqi, həmçinin uğurlu qlobal təcrübələrin yerli innovasiya ekosisteminə inteqrasiyasının mühüm əhəmiyyət daşıdığı xüsusi olaraq diqqətə çatdırılıb.

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub
“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub
“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub