Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru dos. Nəcibə Nəsibova Türkiyəyə səfəri çərçivəsində Hacettepe Universitetini ziyarət edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində Nəcibə Nəsibova Hacettepe Universitetinin rektoru prof. Mehmet Cahit Güran, Mühəndislik Fakültəsinin dekanı prof. Halil Vural, Qida Mühəndisliyi kafedrasının müdiri prof. Ali Topcu və professor-müəllim heyəti ilə görüşüb.
Görüşdə Hacettepe Universitetinin tərəfdaşlığı ilə TAU-da həyata keçirilən Qida mühəndisliyi proqramının tədris imkanlarının genişləndirilməsi, tələbələrin Hacettepe Universitetinin akademik mühitinə daha yaxından inteqrasiyası və universitetin mövcud imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.
Bu çərçivədə TAU-ya yeni qəbul olunmuş tələbələrin Hacettepe Universitetinin kampusuna tanışlıq səfərlərinin daha məzmunlu təşkili, təcrübə imkanlarının genişləndirilməsi və tələbələrin digər akademik resurslardan daha geniş faydalanması istiqamətində fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Hacettepe Universitetinin rəhbər və akademik heyətinin TAU tələbələri üçün mühazirələr keçirmək məqsədilə Azərbaycana səfərlərinin daha müntəzəm şəkildə təşkil olunması barədə razılıq əldə edilib.
Səfər çərçivəsində rektor Nəcibə Nəsibova Hacettepe Universitetinin laboratoriya və auditoriyaları ilə tanış olub, qida mühəndisliyi sahəsində tətbiq olunan müasir elmi və tədris imkanları barədə məlumat alıb.
Qeyd edək ki, “çətir universitet” modeli əsasında fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universitetində Qida mühəndisliyi proqramı Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Hacettepe Universiteti tərəfindən həyata keçirilir. Hacettepe Universitetinin Qida Mühəndisliyi kafedrası uzun illərdir qida elmi və texnologiyası sahəsində təhsil və elmi-tədqiqat fəaliyyəti həyata keçirir. Ümumilikdə 37 professor-müəllim heyətinin fəaliyyət göstərdiyi kafedrada 6 ümumi və 12 tədqiqat laboratoriyası mövcuddur. Bununla yanaşı, Qida Mühəndisliyi üzrə bakalavr proqramı MÜDEK tərəfindən akkreditə olunub və EUR-ACE keyfiyyət nişanına layiq görülüb.
TAU-nun Qida mühəndisliyi proqramında təhsil alan tələbələrə Hacettepe Universitetinin məhz sözügedən professor-müəllim heyəti tərəfindən dərslər tədris olunur. Bununla yanaşı, tələbələr müasir laboratoriya infrastrukturundan faydalanmaq imkanı əldə edirlər.




