Yeniyetmələrə narkotik vasitələr ən yaxın çevrələrindən də təklif oluna bilər - Şahin İsmayılov

5 Noyabr, 2026 - 12:03
Yeniyetmələrə narkotik vasitələr ən yaxın çevrələrindən də təklif oluna bilər

“Yeniyetmələrə narkotik vasitələr bəzən tanımadıqları şəxslər tərəfindən deyil, ən yaxın dostları, sinif və ya parta yoldaşları tərəfindən təklif olunur. Hətta həmin təklifi edən şəxs özü də aldadılmış ola bilər. Buna görə yeniyetmələrin narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov bildirib.

Onun sözlərinə görə, narkotik istifadəsinə meyilliliyin yaranmasında məlumatlılığın aşağı olması ilə yanaşı, ailədaxili münaqişələr, psixoloji gərginlik, emosional çətinliklər və ətraf mühitin təsiri də rol oynaya bilər:

“Bəzi yeniyetmələr özlərini başqalarına göstərmək, yaşıdları arasında fərqlənmək və ya yaşadıqları psixoloji çətinliklərdən uzaqlaşmaq məqsədilə riskli davranışlara yönələ bilirlər. Narkotik vasitələr isə bəzən onlara əhvalını yaxşılaşdıran və ya gərginliyi azaldan preparat kimi təqdim olunur”.

Ş.İsmayılov qeyd edib ki, yeniyetmələr çox vaxt yaxın çevrələrindən gələn təklifləri təhlükəli hesab etmirlər:

“Maarifləndirmə tədbirlərində bəzi şagirdlər bildirirlər ki, onların dostları arasında belə şəxslər ola bilməz. Lakin nəzərə almaq lazımdır ki, narkotik vasitəni təklif edən şəxs də onun mahiyyəti və fəsadları barədə yanlış məlumatlandırılmış ola bilər”.

Dövlət Komissiyasının nümayəndəsi narkotik və psixotrop maddələrin müxtəlif formalarda təqdim olunması məsələsinə də toxunub:

“Son illərdə bəzi narkotik və psixotrop maddələr rəngarəng, cəlbedici görünüşdə hazırlanır. Bu da xüsusilə yeniyetmə və gənclər üçün əlavə risklər yaradır. Ona görə maarifləndirmə zamanı yalnız narkotiklərin zərərindən danışmaq deyil, onların hansı formalarda təqdim oluna biləcəyini də izah etmək vacibdir”.

Ş.İsmayılov onu da vurğulayıb ki, narkotiklərdən istifadənin təhlükələri barədə məlumatlandırma uşaqların və yeniyetmələrin yaş xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.