BMU-da Zəfər Gününə həsr olunmuş idman yarışlarının qalibləri mükafatlandırılıb
Bakı Mühəndislik Universitetində (BMU) birinci kurs tələbələri arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş mini futbol, şahmat və dama yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna yer tutduğunu vurğulayıb. Rektor bu tarixi Qələbənin əhəmiyyətinin gənc nəslə çatdırılmasının, tələbələrin vətənpərvərlik ruhunda yetişməsinin və milli dəyərlərə bağlılığının gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. İdmanın gənclərin fiziki və mənəvi inkişafında, eləcə də onlarda sağlam rəqabət və həmrəylik ruhunun formalaşmasında mühüm rol oynadığını diqqətə çatdıran Yaqub Piriyev bildirib ki, belə yarışlar tələbələrdə iradə, əzmkarlıq, intizam və komanda ruhu kimi keyfiyyətləri inkişaf etdirir. Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, idman infrastrukturunun inkişafından və Azərbaycanın beynəlxalq arenada idman ölkəsi kimi qazandığı uğurlardan da bəhs edib. Çıxışının sonunda rektor yarışların Zəfər Gününə həsr olunmasının xüsusi rəmzi məna daşıdığını vurğulayaraq, iştirakçıları təbrik edib, qaliblərə gələcək yarışlarda və təhsillərində uğurlar arzulayıb.
Tədbirdə qeyd olunub ki, BMU-nun İdman Klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda birinci kurs tələbələri mini futbol, şahmat və dama idman növləri üzrə mübarizə aparıblar. Mini futbol turnirində hər biri 10 tələbədən ibarət 32 komanda olmaqla, ümumilikdə 320 tələbə iştirak edib. Turnirin yekununda “Zəfər” komandası birinci yerə layiq görülüb.
Şahmat yarışında 14 qız və 38 oğlan olmaqla, 52 tələbə, dama yarışında isə 12 qız və 16 oğlan olmaqla, 28 tələbə iştirak edib.
Yarışların nəticələrinə əsasən, qızlar arasında şahmat üzrə Mədinə Abbaszadə, dama üzrə Səadət Hüseynli, oğlanlar arasında şahmat üzrə Əli Ağazadə, dama üzrə isə Hüseyn Əhmədzadə birinci yerə layiq görülüblər. Mini futbol turnirinin qalibi isə “Zəfər” komandası olub.
Mükafatlandırma mərasimində qaliblərə qazandıqları yerlərə uyğun mükafatlar və təltiflər təqdim olunub.
Ümumilikdə 400 birinci kurs tələbəsinin qatıldığı yarışlar gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi, dostluq və komanda ruhunun gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.




