Peşə təhsilində qadınların iştirak payı əhəmiyyətli dərəcədə artır - Nazir müavini
Azərbaycanda peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı son beş ildə 28 mindən 52 minə yüksəlib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “PeşəFest 2026”nın rəsmi bağlanış mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.
Nazir müavini bildirib ki, son illərdə peşə təhsilinin əhatəliliyinin, keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində görülən işlər bu sahəyə marağın artması ilə müşayiət olunur.
K.Kərimzadə peşə təhsilində qadınların iştirakının da artdığını diqqətə çatdırıb:
“Peşə təhsilində qadınların iştirak payı əhəmiyyətli dərəcədə artır. Bu, bizi sevindirən məqamlardan biridir”.
O, “PeşəFest” layihəsinin regionları geniş əhatə etməsini də yüksək qiymətləndirib.
Nazir müavini qeyd edib ki, Sumqayıtdan başlayan, Quba, Naxçıvan, Qazax və Masallıdan keçən festivalın müxtəlif bölgələrdə təşkili gənclərin peşələrlə tanışlığı baxımından əhəmiyyətlidir.
K.Kərimzadə onu da vurğulayıb ki, bu cür tədbirlər peşə təhsilinə göstərilən diqqətin və gənclərin peşə seçiminin dəstəklənməsi istiqamətində həyata keçirilən işlərin nümunəsidir.




