Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, yarmarkada rayon üzrə fəaliyyət göstərən 16 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya təqdim olunub. İştirakçılara mövcud iş imkanları, vakansiyaların tələbləri, əməkhaqqı və iş şəraiti barədə ətraflı məlumat verilib.
İşə qəbulda maraqlı olan şəxslər işəgötürən nümayəndələri ilə birbaşa ünsiyyət quraraq müraciətlərini təqdim ediblər.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 200-dən artıq sonuncu kurs tələbəsi, 100-dən çox məzunu, eləcə də digər işsiz və işaxtaran vətəndaşlar iştirak ediblər.
Əmək yarmarkası tələbə və məzunların əmək bazarı ilə daha yaxından tanış olması, işəgötürənlərlə əlaqələrinin qurulması və məşğulluq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Qeyd edək ki, bu məzmunda tədbirlər peşə təhsili ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsinə, tələbə və məzunların əmək həyatına keçidinin dəstəklənməsinə xidmət edir.




