Peşə tələbələri Qəbələ Aqroparkında istehsalat mühiti ilə tanış olublar
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Agro Dairy” MMC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində tələbələr üçün Qəbələ Aqroparkına ekskursiya təşkil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, aqrar sahə üzrə təhsil alan tələbələrin iştirak etdiyi bu səfərin əsas məqsədi peşə təhsili ilə real istehsalat mühitini birləşdirmək, gənclərin nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək və onların gələcək karyera inkişafına dəstək olmaqdır.
Tanışlıq çərçivəsində tələbələr aqroparkın texniki park, nəzarət və sağım, toxum təmizləmə, doğum və reabilitasiya bölmələrinin, eləcə də yem anbarlarının fəaliyyətini yaxından izləyiblər. Onlara kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyalar və istehsalat proseslərinin idarə edilməsi barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində tələbələrin özünəinam, cəsarət və fikirlərini auditoriya qarşısında effektiv ifadə etmək bacarıqlarını yoxlamaq məqsədilə “Elevator Pitch” müsabiqəsi də keçirilib. Müsabiqədə uğurlu çıxışı ilə fərqlənən 10 tələbəyə sertifikat və hədiyyələr təqdim olunub. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbələrin real iş mühitinə daha hazırlıqlı olması və peşəkar vərdişlərə yiyələnməsi istiqamətində bu növ təcrübə layihələrinin mühüm rol oynadığını bildirib.




