Peşə Təhsil Mərkəzinin tələbələri Türkiyədə təcrübə keçiblər
“Qardaş məktəb” layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndə heyətinin Nevşehir Mesleki ve Teknik Anadolu Lisesinə səfəri yeni biliklər, peşəkar təcrübə və mədəniyyətlərarası dostluq əlaqələri ilə yadda qalıb.
Mərkəzdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti liseyin Elektrik-Elektronik Teknolojisi, Bilişim Teknolojileri, Motorlu Araçlar Teknolojisi, Harita-Tapu-Kadastro, Mobil Teknolojileri, Mobilya ve İç Mekân Tasarımı və Metal Teknolojisi sahələri üzrə tədris otaqları və laboratoriyaları ilə tanış olub. Müəllimlərimiz öz iş təcrübələrini təqdim edib, peşə təhsili sahəsində qarşılıqlı fikir mübadiləsi aparıblar.
Proqram çərçivəsində istehsal və sənaye müəssisələrinə səfərlər xüsusi əhəmiyyət daşıyıb. İştirakçılar istehsalat proseslərini yaxından izləmək, müasir iş mühiti ilə tanış olmaq və peşə təhsilinin istehsalatla əlaqəsini öyrənmək imkanı əldə ediblər. Həmçinin Nevşehirin tarixi və mədəni məkanlarına səfərlər təşkil olunub.
Layihənin xüsusi məqamlarından biri tələbələrimizin türkiyəli yaşıdlarının ailələrində qonaq qalması, onlarla birlikdə dərslərdə iştirak etməsi və gündəlik həyatı paylaşması olub. Bu təcrübə tələbələr arasında dostluq əlaqələrini möhkəmləndirməklə yanaşı, qarşılıqlı mədəniyyət mübadiləsinə, adət-ənənələrin tanınmasına və fərqli mədəniyyətlərə hörmətin formalaşmasına şərait yaradıb.
Səfər çərçivəsində Nevşehir İl Millî Eğitim Müdürü ilə görüş keçirilib. Görüş zamanı layihənin əhəmiyyəti, iştirakçıların təəssüratları, əldə olunan bilik və bacarıqlar, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tələbə və müəllimlərin fikirləri dinlənilib, müəllimlərimiz öz fəaliyyət və təcrübələrini təqdim ediblər. Sonda iştirakçılara layihədə iştiraklarına görə sertifikatlar təqdim olunub.
Layihənin davamı olaraq qarşılıqlı səfərlərin təşkili və növbəti mərhələnin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilməsi planlaşdırılıb. Beləliklə, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi və iki təhsil müəssisəsi arasında əlaqələrin daha da gücləndirilməsi nəzərdə tutulur.




