Kənan Mirzəyev: Peşə təhsili və sənaye əməkdaşlığı kadr hazırlığının əsasıdır
“Əsas məqsədimiz işəgötürənlərin gözləntilərinə cavab verən, müasir texnologiyalara yiyələnmiş və istehsalat mühitində işləməyə hazır olan kadrların hazırlanmasıdır. Peşə təhsili və sənaye əməkdaşlığı keyfiyyətli kadr hazırlığının əsasıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Gəncədə “Regional əmək bazarı və gələcəyin bacarıqları: Peşə təhsili–sənaye tərəfdaşlığı” mövzusunda keçirilən tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev bildirib.
Agentlik rəsmisinin sözlərinə görə, peşə təhsili ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından vacibdir.
Direktor müavini işəgötürənlərin ehtiyaclarının öyrənilməsinin və tədris prosesində praktiki bacarıqların inkişafına diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tərəfdaşlıq peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və sənayenin ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə töhfə verəcək.




