“O hansı ixtisasda oxusaydı, mən də onu seçəcəkdim” – Əkiz tələbə bacılar

21 Oktyabr, 2026 - 09:22
“O hansı ixtisasda oxusaydı, mən də onu seçəcəkdim” – Əkiz tələbə bacılar

2011-ci ildə Culfa şəhərində eyni gündə, eyni ailədə iki qız uşağı dünyaya gəldi,  Aytac və Gültac Bayramova bacıları. Maraqlısı isə odur ki, arzuları onları 15 il sonra da eyniləşdirdi. İndi bacılar bir yerdə eyni ixtisasda təhsil alırlar. 

“Azərbaycan müəllimi” Ordubad Peşə Liseyinin “Telekommunikasiyada kompüter texniki istismarı üzrə operator" ixtisasının ən gənc tələbələri olan əkiz bacılarla həmsöhbət olub.  

Əvvəlcədən razılaşıblar ki, eyni yerdə, eyni ixtisas üzrə təhsil alsınlar 

Bacıların bu seçimi heç də təsadüfi olmayıb. Ordubad Peşə Liseyinin kollektivi onların təhsil aldığı məktəbə gələrək peşə ixtisasları haqqında geniş məlumat verib. Təqdim olunan ixtisaslar arasında məhz telekommunikasiya sahəsi bacıların diqqətini çəkib. Üstəlik, bu ixtisasın yalnız Ordubad Peşə Liseyində tədris olunduğunu öyrənəndə qərarları qəti olub.

Aytac deyir ki, bacısı Gültacla əvvəlcədən razılaşıblar ki, eyni yerdə, eyni ixtisas üzrə təhsil alsınlar. Onlar ev tapşırıqlarını həmişə birlikdə, məsləhətləşərək həll edirlər: “Eyni dərsləri keçmək, eyni atmosferdə olmaq istəyirdik. Bütün bacarıqları birlikdə öyrənmək daha maraqlıdır.  Mən ümumiyyətlə bacımdan daha təşəbbüskar və fəalam, Gültac isə məndən daha səbirli və diqqətlidir. Ona görə də bir-birimizi tamamlayırıq. Birlikdə təhsil almağın mənim üçün çətinliyi yoxdur. Əksinə, üstünlüyü çoxdur. Hər zaman yanımda ən yaxın dostum, yol yoldaşım var. Müəllimlər bəzən adlarımızı qarışdırır, amma məni asanlıqla tanıyırlar, çünki mən eynəksizəm”.

Aytacı liseydə ən çox müəllimlərin səmimiyyəti cəlb edib: “Lisey bizə sadəcə peşə deyil, həm də daha məsuliyyətli olmağı  öyrədir”. 
O, gələcəkdə  öz ixtisası üzrə işləmək istəyir: “Düzdür, karyera planlarımız bacımla ayrı ola bilər, amma peşə seçimində fikrim qətidir. Ailəmiz də seçimimizə çox sevindi və bizə dəstək oldu”.

“Birlikdə hazırlaşmaq, öyrənmək daha maraqlı və asandır”

Gültac Bayramovanın da ən böyük arzusu bacısı ilə birlikdə təhsil almaq olub. Seçimləri eyni olsa da xaraktercə bir-birilərindən fərqlənirlər: “Xaraktercə bacımdan fərqlənirəm. Aytac daha təşəbbüskar və fəaldır, mən isə onun qeyd etdiyi kimi  daha səbirli və diqqətliyəm. Dərslərdə də bu özünü göstərir. Birlikdə hazırlaşmaq, öyrənmək daha maraqlı və asandır”.

Gültac deyir ki, bəzən ona “əkizinlə birlikdə eyni yerdə təhsil almaq çətin deyil ki?” sualını verirlər. Və bu sualın cavabı hər zaman belə olur: “Xeyr, çətinliyi yoxdur. Üstünlüyü isə odur ki, bir-birimizə hərtərəfli yoldaş olur, bir-birimizi dəstəkləyirik”.

Gültac da bacısı kimi, gələcəkdə ixtisası üzrə işləmək istəyir. 

Sonda onlara "Əgər biriniz başqa ixtisası seçsəydi, digərinizin seçimi necə olardı?” sualını verəndə cavabları əkiz olmağın nə demək olduğunu bir daha sübut edir: "Bacım hansı ixtisasda oxusaydı mən də onu seçəcəydim”. 

Bəli, bu gün bacılar qrup yoldaşıdırlar, gələcəkdə isə eyni sahədə çalışan, peşələrini birlikdə inkişaf etdirən mütəxəssislər olacaqlar.