Rəqs onun yaradıcılıq dünyasıdır
İnsanın arzularına gedən yolu bəzən kiçik bir maraqdan, təsadüfi görünən bir addımdan başlayır. Zaman keçdikcə həmin maraq həyatının ayrılmaz hissəsinə çevrilir, ona yeni hədəflər qazandırır. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi, 18 yaşlı Gülnar Cabbarova üçün də rəqs belə bir sevgiyə çevrilib. Bu gün həm təhsil alan, həm rəqs dərsləri keçən, böyük səhnələrdə çıxış edən gənc qızın uğurları və gələcəklə bağlı arzuları “Azərbaycan müəllimi” ilə söhbətində də diqqət çəkir.
“Rəqsə həvəsim bacımdan keçib”
Gülnar Lənkəranda dünyaya gəlib, dörd yaşından sonra Masallıda yaşamağa başlayıb. Hazırda Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Mühasibat uçotu” ixtisası üzrə təhsil alır. Məktəb illərində rəsmə maraq göstərib. İncəsənətə olan xüsusi marağı isə onu illərdir məşğul olduğu rəqs sənətinə gətirib.
Gülnarın rəqsə gəlişi 2017-ci ilə təsadüf edir. Kiçik bacısının rəqs dərslərinə getməsi onda da bu sənətə maraq oyadıb. İlk addımlarını atdığı dövrü və müəllimini xoş duyğularla xatırlayır: “Rəqsə həvəsim bacımdan keçib. Rəqs müəllimim Gündüz Babayevin gülərüzlülüyü, səmimiyyəti və rəqsin bütün incəliklərini öyrətməsi bu sənətə sevgimi daha da artırdı”.
Bu gün Gülnar özü də müəlliminin yanında şagirdlərlə işləyir, onlara rəqs öyrədir, müxtəlif tədbirlərə hazırlaşdırır. Hələ özünü peşəkar rəqs müəlliməsi hesab etməsə də, bu sahədə təcrübə qazanmağa və rəqqaslar yetişdirməyin sirlərini öyrənməyə çalışır.
Səhnədə qazandığı uğurlar
Gülnar bir sıra uğurlara imza atıb. Solo rəqslər üzrə qazandığı birinciliklər onun üçün həm zəhmətinin bəhrəsi, həm də yeni hədəflərə stimul olub. İlk birinciliyini Lənkəranda, ikincisini Bakıda qazanan gənc rəqqasə xüsusilə paytaxtdakı müsabiqəni unutmur. Yeni insanlarla tanışlıq, sənət adamlarının diqqətini cəlb etməsi və aldığı müsbət münasibət həmin uğuru onun üçün daha yaddaqalan edib. Üçüncü birinciliyi isə Rəşid Behbudov adına Mahnı Teatrında qazanıb.
Belə ki, Gülnar Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən “Payız əfsanələri” beynəlxalq incəsənət müsabiqə-festivalında birinci yerə layiq görülüb. O, solo nominasiyası üzrə I yerin və “Ən yaxşı səhnə libası” mükafatının sahibi olub.
Rəqs geyimi Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tikilib
Gülnarın həmin çıxışı ilə bağlı qürur duyduğu başqa bir məqam da var. Səhnədə geyindiyi libas öz ideyası əsasında hazırlanıb. Gənc rəqqasə geyiminin dizaynını özü düşünüb, onun tikilməsini isə təhsil aldığı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin dərziləri həyata keçiriblər. Nəticədə bu libas “Ən gözəl səhnə libası” adına layiq görülüb. Beləliklə, Gülnarın yaradıcılıq ideyası ilə peşə təhsilinin imkanları bir səhnə uğurunda birləşib.
Bu uğur onun üçün rəqsin yalnız hərəkət və səhnə çıxışından ibarət olmadığını, yaradıcılıq və zövqün də sənətdə mühüm yer tutduğunu göstərir. Elə gələcək arzularından biri də bu istiqamətlə bağlıdır.
Gülnar təhsil aldığı ixtisasın xarakterinə uyğun olduğunu deyir. Təhsilini davam etdirməklə yanaşı, rəqs dərsləri keçir, tədbir və festivallarda iştirak edir. Bütün bunları bir arada həyata keçirmək asan olmasa da, gördüyü işlərdən zövq alır: “Bir çox işi eyni vaxtda görmək, bəzən müəyyən çətinliklər yaradır. Amma mən bu çətinliklərin öhdəsindən gəlməyi bacarıram. Çünki sevdiyim işlərlə məşğulam.Və bu mənə zövq verir”.
Gülnarın gələcək planları bir neçə istiqaməti əhatə edir. Qarşısında həm təhsil, həm sənət, həm də yaradıcılıqla bağlı çoxsaylı hədəflər var. Tanınmış rəqqasə olmaq, yaxşı mühasib kimi yetişmək istəyir. Ən böyük arzularından biri də öz milli geyim brendini yaratmaqdır.




