“Azərbaycan peşə təhsili: tarixi və perspektivləri” kitabının təqdimatı keçirilib
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan peşə təhsili: tarixi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyevin müəllifliyi ilə ərsəyə gələn nəşr Azərbaycanın peşə təhsilinin tarixi inkişaf yolunu və gələcək perspektivlərini əhatə edir.
Tədbirdə giriş sözü ilə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı kitabın hazırlanma məqsədindən bəhs edib. Qeyd edib ki, nəşr Azərbaycanın peşə təhsili sisteminin tarixi inkişaf yolunun, müasir vəziyyətinin və gələcək perspektivlərinin kompleks şəkildə araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kitabda Peşə Təhsili üzrə Dövlət Agentliyinin 10 illik fəaliyyəti, bu müddət ərzində həyata keçirilən islahatlar əksini tapıb.
Onun sözlərinə görə, Azərbaycanda peşə təhsili sahəsinin inkişafı istiqamətində 2026-2030-cu illərdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu çərçivədə ölkədə 21 yeni peşə təhsili müəssisəsinin tikintisi, 2 müəssisənin isə əsaslı təmiri planlaşdırılır.
İ.Bayramlı bildirib ki, peşə təhsilinin inkişafı Azərbaycanın sənayeləşmə siyasəti ilə sıx bağlı olub. Xüsusilə 1969-cu ildən sonrakı dövrdə ölkədə sənaye və innovasiya istiqamətində genişmiqyaslı işlər görülüb, 250-dən çox müəssisə fəaliyyətə başlayıb. Yeni istehsal sahələrinin yaradılması ixtisaslı kadrlara tələbatı artırıb. Bu ehtiyacın qarşılanması məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycandan 15 mindən artıq gənc 180-dən çox nüfuzlu müəssisədə təhsil almağa göndərilib.
Qeyd olunub ki, 1970-ci ildə peşə təhsili alan gənclərin sayı 41 min olduğu halda, 1980-ci ildə bu göstərici 110 minə çatıb. Bu, sənayenin inkişafı ilə peşə təhsili sisteminin paralel şəkildə qurulmasının nəticəsi kimi qiymətləndirilib.
İ.Bayramlı müstəqillik dövründə yaranan çətinliklərin, o cümlədən məcburi köçkünlük məsələsinin peşə təhsilinə də təsir etdiyini vurğulayıb. Sonrakı illərdə ölkənin iqtisadi imkanlarının genişlənməsi və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu sahədə əhəmiyyətli addımlar atılıb.
Kitabın müəllifi Şahbaz Balakişiyev nəşrin uzun illər ərzində aparılan müzakirələr və fikir mübadiləsi nəticəsində ərsəyə gəldiyini bildirib. Onun sözlərinə görə, kitabda peşə təhsilinin tarixi inkişaf mərhələləri, Ulu Öndər Heydər Əliyevin bu sahənin formalaşmasındakı rolu, Prezident İlham Əliyevin dövründə həyata keçirilən islahatlar və Peşə Təhsili üzrə Dövlət Agentliyinin 10 illik fəaliyyəti əks olunub.
Müəllif qeyd edib ki, nəşrdə peşə təhsili müəssisələrinin tanınmış məzunlarına da xüsusi yer ayrılıb. Burada Dövlət mükafatı laureatları, peşə təhsilinin inkişafında xidmətləri olan şəxslər, eləcə də Milli Qəhrəman adına layiq görülmüş məzunlar haqqında məlumatlar toplanıb. Bildirilib ki, Azərbaycanın 14 Milli Qəhrəmanı peşə təhsili müəssisələrinin məzunudur.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov isə peşə təhsilinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu sahənin inkişafı işğaldan azad edilmiş ərazilərdə də davam etdirilir. Belə ki, Şuşada peşə təhsili müəssisəsi fəaliyyətə başlayıb, Füzulidə isə yeni müəssisənin tikintisi aparılır.
F.Qədirovun sözlərinə görə, şagirdlərin erkən yaşlardan peşə təhsilinə marağının artırılması məqsədilə ümumi təhsil müəssisələrində xüsusi siniflər yaradılır. Hazırda 352 məktəbdə 8 mindən çox şagird bu layihəyə cəlb olunub. O, Prezident İlham Əliyevin 2025-ci ildə peşə təhsilinin optimallaşdırılması istiqamətində imzaladığı sərəncamın sahənin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, adambaşına maliyyələşmə mexanizminin genişləndirilməsi, özəl sektorla əməkdaşlığın gücləndirilməsi və kadr potensialının artırılmasının vacibliyini qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə peşə təhsilinin tarixi inkişafına toxunaraq, bu sahədə həyata keçirilən işlərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, sovet dövründə, ötən əsrin 20-ci illərindən etibarən Azərbaycanda peşə təhsili müəssisələrinin ilkin formaları yaradılmağa başlanıb. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə isə bu istiqamətdə genişmiqyaslı inkişaf mərhələsi yaşanıb.
Professor müasir dövrdə peşə təhsilinin yeni transformasiya mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, süni intellektin istehsalata, təsərrüfata və müxtəlif peşə sahələrinə nüfuz etməsi kadr hazırlığı qarşısında yeni tələblər yaradır. Bu baxımdan beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübəyə əsaslanan yeni peşə təhsili müəssisələrinin yaradılması əsas prioritetlərdəndir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Cəmaləddin Quliyev isə peşə təhsilinin müasir çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib. O bildirib ki, bu sahədə rəqəmsallaşma və ekoloji biliklərin tədrisi diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, peşə təhsili alan gənclərin əmək bazarında öz yerlərini tapması və məşğulluqlarının təmin edilməsi əsas məsələlərdəndir.
C.Quliyev peşə təhsilinə marağın və müraciətlərin artmasını müsbət tendensiya kimi qiymətləndirib. O, dual təhsil modelinin genişləndirilməsinin də vacibliyini vurğulayaraq, bu yanaşmanın tələbələrin təhsil müddətində əmək bazarı ilə yaxından tanış olmasına, nəzəri biliklərini praktikada tətbiq etməsinə imkan yaratdığını bildirib.
Kitabda peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, milli iqtisadiyyatın inkişafında ixtisaslı kadr potensialının rolu, gənclərin əmək fəaliyyətinə hazırlanması, müasir təhsil yanaşmaları və sahənin inkişaf perspektivləri də geniş şəkildə işıqlandırılıb.
Nəşrdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən etibarən peşə təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən islahatlar, habelə həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi tarixi araşdırmalar və arxiv materialları əsasında təqdim olunub.
Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, “Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyətinin üzvləri və peşə təhsili müəssisələrinin əməkdaşları iştirak ediblər.
Kitabın nəşri Azərbaycanın peşə təhsili tarixinin öyrənilməsi, sahədə əldə olunan təcrübənin gələcək nəsillərə ötürülməsi və peşə təhsilinin inkişaf perspektivlərinin geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir.




