Peşə təhsili müəssisələrinə qəbul olanların sayı 70 faiz artıb - Kənan Kərimzadə
“2021-ci ildə peşə təhsili müəssisələrinə 15–16 min nəfər qəbul olurdusa, bu tədris ilində həmin göstərici 28 min nəfərə çatıb. Beləliklə, son beş ildə peşə təhsili müəssisələrinə qəbul olunanların sayı təxminən 70 faiz artıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “PeşəFest 2026”nın rəsmi bağlanış mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.
Nazir müavininin sözlərinə görə, son illərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının artırılması istiqamətində mühüm işlər görülüb.
K.Kərimzadə qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində peşə təhsilinə maraq artır:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar peşə təhsili sahəsini də əhatə edir. Bu gün peşə təhsilinin inkişafı, onun imkanlarının genişləndirilməsi dövlətin diqqət mərkəzindədir”.
O bildirib ki, peşə təhsilinin inkişafı istiqamətində görülən işlər gənclərin müxtəlif ixtisaslar üzrə təhsil almaq imkanlarının genişlənməsinə xidmət edir.




