Peşə tələbələri fərdi təsərrüfatda xurma yığımında iştirak ediblər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi” ixtisası üzrə təhsil alan tələbələri Ağdaş rayonunda fərdi sahibkar Elvin Atakişiyevə məxsus təsərrüfatda təcrübə səfərində iştirak ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfərin məqsədi tələbələri kənd təsərrüfatında tətbiq olunan müasir becərmə üsulları ilə tanış etmək, meyvəçilik sahəsində istehsal proseslərinin təşkili və idarə olunması üzrə praktiki bilik və bacarıqlarını inkişaf etdirmək olub.
Təcrübə zamanı tələbələr şişburun xurma növünün becərilmə xüsusiyyətləri, torpaq və iqlim şəraitinə tələbləri, əkin və qulluq qaydaları, inkişaf mərhələləri və məhsuldarlığa təsir edən amillər barədə ətraflı məlumat əldə ediblər. Təsərrüfat sahibi Elvin Atakişiyev bitkinin sağlam inkişafı üçün həyata keçirilən aqrotexniki tədbirlər, həmçinin xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları haqqında öz təcrübəsini tələbələrlə bölüşüb.
Səfərin ən maraqlı mərhələlərindən biri tələbələrin məhsul yığımında birbaşa iştirak etməsi olub. Onlar meyvələrin düzgün dərilməsi, yığım müddətinin müəyyənləşdirilməsi və məhsulun keyfiyyətinin qorunması ilə bağlı praktiki vərdişlər qazanıblar.
Praktiki təcrübə səfərləri tələbələrin nəzəri biliklərini möhkəmləndirmək, onları real istehsalat mühiti ilə tanış etmək və gələcək peşə fəaliyyətləri üçün zəruri bacarıqlar formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.




