Yüksək nəticə göstərən tələbələrin bir qismi əmək bazarındakı platformaları kifayət qədər tanımır - Agentlik rəsmisi

18 Noyabr, 2026 - 11:18
Yüksək nəticə göstərən tələbələrin bir qismi əmək bazarındakı platformaları kifayət qədər tanımır

“Ali təhsil müəssisələrində tələbələrin əmək bazarına hazırlıq səviyyəsi yeddi meyar əsasında qiymətləndirilib. Nəticələr göstərib ki, yüksək akademik göstəricilərə malik tələbələrin bir qismi əmək bazarında istifadə olunan platformalar barədə kifayət qədər məlumatlı deyil”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Gələcəyin Peşələri Sammiti”ndə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib.

Onun sözlərinə görə, qiymətləndirmə zamanı tələbələrin əmək bazarının tələblərinə nə dərəcədə hazır olduqları araşdırılıb:

“Biz çox qeyri-adi nəticələr əldə etmişik. Məsələn, ikinci kurs tələbələrimizin əksəriyyəti əlaçıdır. Böyük bir qisminin isə “LinkedIn” platformasından xəbəri yoxdur”.

H.Abbasov əmək bazarında gözlənilən dəyişikliklərə də toxunaraq bildirib ki, gələcəkdə emosional və yaradıcı yanaşma tələb edən peşələrin əhəmiyyəti artacaq.

O, Dünya İqtisadi Forumunun hesablamalarına istinad edərək ofis işlərinin avtomatlaşdırmadan daha çox təsirlənə biləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə çalışan qadınların 9,6 faizi, kişilərin isə 5,5 faizi dəyişikliklərin təsirinə məruz qala bilər.