İnklüziv məşğulluq üçün 100 gəncə peşə bacarıqları öyrədiləcək

19 Oktyabr, 2026 - 21:12
İnklüziv məşğulluq üçün 100 gəncə peşə bacarıqları öyrədiləcək

““Skillbridge” adlandırdığımız layihə inklüziv məşğulluqdan inklüziv təhsilə keçidə həsr olunub. Şübhəsiz ki, inklüzivlik son dərəcə əhəmiyyətlidir. Təsadüfi deyil ki, ölkəmizin 2030-cu il üzrə milli prioritetləri arasında beş istiqamətdən biri də inklüziv, dayanıqlı və sosialyönümlü dövlət quruculuğunun təşkilidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri dosent Həzi Eynalov “”Skillbridge” inklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsinin açılış tədbirində səsləndirib.

O bildirib ki, bu gün dünyada xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin sayı hər gün artır. Beynəlxalq statistikaya görə, hazırda dünyada hər 31 uşaqdan biri autizm spektr pozuntusu ilə dünyaya gəlir: “Bu o deməkdir ki, inklüzivlik, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və gənclərə dəstək yalnız bu günün deyil, gələcəyin də məsələsidir”.

H.Eynalov qeyd edib ki, “”Skillbridge” inklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsinin əsas məqsədi inklüziv peşə təhsilini inkişaf etdirərək bu təhsilə cəlb edilən şəxslərin iş həyatına inteqrasiyasını mümkün edən vahid dəyər zənciri formalaşdırmaqdır: “Xüsusilə inklüziv peşə təhsilini əmək bazarına bağlayan, əmək bazarının ehtiyaclarını nəzərə alan, davamlı məşğulluq zəncirini formalaşdırmaq istəyirik.

Burada qeyd etdiyimiz üç mərhələdə peşə təhsili infrastrukturu və peşə təhsili imkanlarının genişləndirilməsi əsas məqsədlərimizdən biridir. Həm neyromüxtəlifliyi olan, həm də ümumi əlilliyi olan gənclərimizin peşə bacarıqlarının inkişafını ikinci əsas məqsəd olaraq qarşımıza qoymuşuq. Lakin üçüncü məqsəd məhz hazırladığımız gənclərin əmək bazarına inteqrasiyasını və dayanıqlı məşğulluq imkanlarının formalaşdırılmasını təmin etməkdir”.

O qeyd edib ki, layihə çərçivəsində əmək bazarına uyğun peşə proqramları hazırlanacaq: “Həm neyromüxtəlifliyi olan gənclərimizin, həm də əlilliyi olan gənclərimizin əmək bazarına uyğun peşə bacarıqlarına yiyələnməsini təmin edəcək təlim proqramlarının hazırlanması vacibdir. 

Bundan əlavə, 5 inklüziv emalatxana qurulacaq və 100 məzun hazırlanacaq”.

Onun sözlərinə görə, yekun hədəf olaraq 60 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.