Firudin Qurbanov: Çevik peşə təhsili proqramları hazırlanmalıdır

19 Oktyabr, 2026 - 21:08
Firudin Qurbanov: Çevik peşə təhsili proqramları hazırlanmalıdır

“Ölkə olaraq çalışırıq ki, bizim gələcəyimiz, yəni uşaqlarımız dövlətimizin bugünkü uğurlu inkişafını davam etdirə bilsinlər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Skillbridge” inklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsinin açılış tədbirində səsləndirib.

F.Qurbanov bildirib ki, qazandığımız qələbəni, işğaldan azad etdiyimiz torpaqları qoruyub saxlamaq lazımdır: “Bunu qoruyub saxlayan bizim gənclərimiz, bugünkü uşaqlarımız olacaq. Ölkənin gələcək uğurlu inkişafı və onun qorunub saxlanması onların yetişdirilməsindən asılıdır. Bu mənada biz bütün uşaqlarımıza bərabər imkanlar yaradılmasına, onların təhsil almasına və qayğı ilə əhatə olunmasına hər zaman xüsusi diqqət yetiririk”.

“Skillbridge” inklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi barədə danışan nazir müavini əlavə edib ki, müasir beynəlxalq standartlara uyğun olan bu layihədə inklüziv təhsilin və inklüziv məşğulluğun təşkili yolları göstərilib və bir çox komponentlər öz əksini tapıb: “İnklüziv təhsildə sağlamlıq məhdudiyyəti olan uşaqlar üçün fiziki məhdudiyyətlər aradan qaldırılmalı, şərait yaradılmalıdır.

Həmçinin layihədə də göstərildiyi kimi, çevik peşə təhsili proqramları hazırlanmalıdır. Bu təhsil prosesinin həyata keçirilməsi üçün peşə təhsili prosesi müvafiq müasir texnologiyalarla təmin olunmalıdır”.

F. Qurbanov qeyd edib ki, təhsilalanlara verilən bilikləri təcrübədə təqdim etmək əsas məsələlərdəndir:

“Nəyə görə bəzən bizim məzunlar işlə təmin oluna bilmirlər? Niyə işəgötürənlərlə problemlər olur? Əsas məsələ odur ki, onların praktiki bacarıqları zəifdir. Nəzəri biliklər var, amma praktiki bacarıqları zəifdir. Praktiki bacarıqları nəyə görə zəifdir? Çünki təhsil proqramında təcrübəyə çox zaman az vaxt verilir.

Əsas məsələlərdən biri də odur ki, təhsilverənlərin, yəni dərs deyənlərin də praktiki bacarıqları olsun. Bəzən onların praktiki bacarıqları olmayanda məzunların da bu bacarıqları zəif olur”.

Nazir müavini yaradıcı təfəkkürün əhəmiyyətinə diqqət çəkərək bildirib ki, cəmiyyətdə yaradıcı təfəkkürə malik insanlar nə qədər çox olarsa, ölkə onda uğurla inkişaf edəcək.