Peşə təhsilinin ən gənc tələbələri Lənkəranda oxuyurlar
Bu il peşə təhsili müəssisəsinə qəbul olan ən gənc tələbə 13 yaşlı qızdır. Ayan Bayramova bu tədris ilindən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Mühasibat uçotu” ixtisası üzrə yüksək texniki peşə təhsili alır.
O, məktəbi erkən bitirməsini “Azərbaycan müəllimi”nə belə izah edib: “Məktəbə tez getdiyim üçün IX sinfi tez bitirdim”.
Ayan peşə təhsilinə gəlməyin öz qərarı olduğunu deyib: “Ailədə heç kim peşə təhsili almayıb. Özüm peşəni seçib gəlmişəm, heç tövsiyə edən də olmayıb. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Mühasibat uçotu” ixtisası üzrə təhsil alıram. Mühasib olmaq istəyirəm və arzuladığım ixtisasa qəbul olduğum üçün burada oxumağa qərar verdim”.
Artıq dərsləri başlayan ən gənc tələbə bu seçimindən peşman deyil: “Dərslər maraqlıdır, müəllimlərimiz isə xoşrəftardır, dərsləri səbirlə və aydın şəkildə izah edirlər. Bizə tədris edilən hər fənn üzrə bilikləri yadda saxlamaqda və qavramaqda çətinlik çəkmirəm. Müəllimlər məni başa salır, suallarımı əhatəli şəkildə cavablandırırlar”.
Ayanın hədəfində universitet tələbəsi olmaq da var: “Peşə təhsilini bitirib ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak edəcəyəm. Universiteti bitirib yaxşı mühasib olmaq istəyirəm”.
Oğlanlar arasında ən gənc tələbə də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzini seçib. Onun adı Adil Həsənovdur. 2012-ci il təvəllüdlü Adil Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Baytarlıq və heyvandarlıq işi” ixtisası üzrə yüksək texniki peşə təhsili alır.
Ayandan fərqli olaraq, Adil Həsənovun ailəsində ondan başqa da peşə təhsili alan var:
“Ailədə iki bacı, üç qardaşıq. Ali təhsil alan bacı və qardaşım var, amma məndən böyük bir qardaşım və mən peşə təhsili alırıq. O, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı” ixtisası üzrə III kursda oxuyur. Qardaşım Bakıda, mən isə Lənkəranda oxuyuram”.
Adil də ümumi orta təhsil bazasından gəlib: “IX sinfi bitirib peşə təhsilinə gəlmişəm. Uşaqlıqdan heyvanları sevdiyim üçün “Baytarlıq və heyvandarlıq işi” ixtisasını seçdim. Düzgün seçim etdiyimi düşünürəm və heç peşman deyiləm”.
14 yaşlı tələbə oxuyub yaxşı mütəxəssis olmağı arzulayır: “İstəyirəm ki, peşə təhsilimi uğurla tamamlayıb ali təhsil səviyyəsində təhsilimi davam etdirim və yaxşı mütəxəssis kimi xidmət göstərim”.




