İstedad bərabər paylansa da, imkanlar bərabər paylanmır - Andreas Şleyxer

12 Dekabr, 2025 - 14:15
İstedad bərabər paylansa da, imkanlar bərabər paylanmır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) sonuncu “Skills Outlook 2025” hesabatı ölkələrin davamlı artım və sosial tərəqqi üçün zəruri olan XXI əsr bacarıqlarını necə formalaşdıra biləcəyini araşdırır. Hesabat fərqli mənşə, təhsil və imkanların savadlılıq, riyazi savad və adaptiv problem həlli kimi əsas bacarıqları kimin inkişaf etdirdiyini, istifadə etdiyini və onlardan faydalandığını necə formalaşdırdığını tədqiq edir. 

Hesabatda qeyd olunur ki, bacarıqların inkişafına bərabər çıxışın olmaması bir çox insanların potensialını məhdudlaşdırır və bununla da iqtisadi fəaliyyətə maneə yaradır. Sosial-iqtisadi mənşə əmək bazarında dəyər verilən bacarıqları kimin əldə etdiyinə güclü təsir göstərir, halbuki kişi və qadınlar arasındakı fərqlər əsasən bacarıqların necə istifadə olunduğu və necə qiymətləndirildiyində özünü göstərir.   Bacarıqlara olan tələbat sürətlə dəyişdiyi üçün insanların uyğunlaşmasına kömək etmək, məhsuldarlığı artırmaq və dəyişən dünyada heç kimin kənarda qalmamasını təmin etmək məqsədilə ömürboyu təhsilə investisiya qoymaq və əmək bazarı ilə bağlı operativ məlumatlardan istifadə etmək böyük əhəmiyyət kəsb edir.

Ömürboyu öyrənmə sadəcə bir şüar deyil..

OECD-nin Təhsil və Bacarıqlar üzrə Direktoru Andreas Şlayxer hesabatın təhlilinə həsr olunmuş son məqaləsində qeyd edir ki, XXI əsrin ilk rübü “sürətlə irəliyə” rejiminə qoyulmuş bir zaman maşınını xatırladıb. Pandemiyalar, geosiyasi şoklar, qocalan cəmiyyətlər, iqlim təzyiqi və texnoloji dəyişikliklərin başgicəlləndirici dalğaları təkcə iqtisadiyyatlarımızın xəritəsini yenidən çəkmədi, həm də ona uyğunlaşmaq üçün zamanımızı qısaltdı. Keçmişdə bir nəsil ərzində baş verən dəyişikliklər indi beş ilə sığışır. 

 Bu dünyada öyrənmə artıq yalnız uşaqlıqla məhdudlaşa bilməz. Ömürboyu öyrənmə sadəcə bir şüar deyil; dövrümüzün yaşamaq bacarığıdır. Amma burada bir paradoks var: öyrənməni daha vacib edən eyni qüvvələr ona çıxışı da daha qeyri-bərabər edib. Çoxları üçün imkanlar nərdivanının pillələri hələ də əskikdir.

Mənşə hələ də rol oynayır – olduğundan artıq

A.Şleyxerə görə, OECD-nin “Skills Outlook 2025” hesabatı acı bir həqiqəti vurğulayır: istedad bərabər paylansa da, imkanlar bərabər paylanmır. Doğulduğunuz şərtlər – valideynlərinizin təhsili, yaşadığınız məhəllə, cinsiniz hələ də müasir iqtisadiyyatları irəli aparan savadlılıq, riyazi və problem həll etmə bacarıqlarını nə dərəcədə mənimsəyəcəyinizə təsir edir.
Məktəblər böyük bərabərləşdiricilər ola bilər, amma bəzən bərabərsizliyi daha da artıran mexanizmlərə çevrilirlər. Ali təhsilli valideynləri olan və olmayan uşaqlar arasındakı savadlılıq fərqi icbari təhsil dövründə daralsa da, digər uçurumlar genişlənir. Oğlanlar hələ də riyaziyyatda qızlardan yüksək nəticə göstərməyə meyillidirlər; qızlar isə oxuma-yazmada irəlidədirlər. Bu fərqlər isə sonradan təhsil seçiminə, karyera yollarına və gəlirlərə çevrilir.

Rəsmi təhsil bitdikdən sonra isə bərabərlik əyrisi çox vaxt yenidən yanlış istiqamətə dönür. Üstün sosial-mədəni şəraitdən gələn böyüklər daha çox sertifikat əldə edir və yenidən bacarıq qazanmaq üçün daha çox imkan əldə edirlər.

Öyrənmə fərqləri

A.Şleyxer hesab edir ki, sosial-iqtisadi baxımdan fərq davamiyyətlə, insanların nə qədər müddət oxumağa gücünün çatması ilə bağlıdır. Yüksək statuslu iş sahibi olan valideynlərin övladlarının yarıdan çoxu bakalavr təhsilini tamamlayır; aşağı statuslu ailələrdən gələnlər arasında bu göstərici dörddə birdən də azdır.

Gender baxımından fərq insanların nələri oxumaları ilə bağlıdır. Qadınlar artıq ümumi ali təhsil üzrə kişiləri geridə qoysalar da, iqtisadiyyatlarımızı yenidən formalaşdıran STEM sahələrində hələ də az təmsil olunurlar.
Yetkinlik dövründə isə balans daha da kəskinləşir. Ali təhsilli böyüklərin 60%-dən çoxu qeyri-formal öyrənmədə iştirak edir; orta təhsili belə olmayanlar arasında bu göstərici 20%-dən aşağıdır. Acı ironiya: bacarıqlarını ən çox artırmağa, ixtisasartırmaya ən çox ehtiyacı olanların bu təhsili alma ehtimalı ən azdır.

Bütün öyrənmələr eyni deyil

OECD rəsmisi qeyd edir ki, məsələ yalnız nə qədər öyrənilməsi deyil, nə öyrənildiyi və hansı şəraitdə öyrənmələrindədir.  Bir zavod işçisi maşın protokolunu icra etməyi öyrənə bilər; bir layihə meneceri isə məlumat analizi və ya liderlik bacarıqları. Hər ikisi öyrənmədir, amma yalnız biri gələcək imkanların qapılarını açır. 
Siyasətçilərin aradan qaldırmalı olduğu fərq də məhz budur: iş yerlərini qoruyan təlimdən onları artıran təlimə keçmək.

Məhdudiyyətləri katalizatora çevirmək

A.Şleyxerə görə, dövlət sərmayəsi güclü vasitədir,  tələbə başına daha çox vəsait ayıran ölkələrdə savadlılıq və riyaziyyat üzrə sosial-iqtisadi fərqlər daha kiçik olur. “Amma bir şeyi dəqiq bilmək lazımdır: təkcə pul problemi həll etmir. İdarəetmə, vəsaitin yönləndirilməsi və ailə dəstəyi fərqləri bağlayan sistemlə, imtiyazı subsidiyalaşdıran sistem arasındakı fərqi müəyyənləşdirir”.
Onun sözlərinə görə, ağıllı hədəfləmə olmadan yeni resurslar çox vaxt elə irəlidə olanlar tərəfindən mənimsənilir. Daha çox xərcləmək asandır; düzgün xərcləmək çətindir. Həqiqi dönüş nöqtəsi isə erkən başlayıb inklüziv qalan investisiyalardır:

•  Ailə gəlirindən asılı olmayaraq hər bir uşağın sosial, emosional və idrak inkişafını təmin edən yüksək keyfiyyətli erkən uşaq təhsili;
•  İmkansız ailələrdən olan tələbələrin ali təhsil alana qədər diqqətdən kənarda qalmamasını təmin etmək üçün təlimin sonrakı mərhələlərində hədəfli dəstək.

O, qeyd edir ki, Finlandiya və İsveç, erkən uşaqlıq təhsili və yüksək keyfiyyət standartlarının məktəbəhazırlıqdakı sosial-iqtisadi fərqləri necə azalda biləcəyinə dair ən yaxşı nümunələrdir. İngiltərədəki “Sure Start” uşaq mərkəzləri, təhsil, tibbi və ailə xidmətlərini bir məkanda birləşdirməyin həyat trayektoriyalarını necə dəyişdirə biləcəyini göstərdi. Bundan əlavə, İspaniyanın “PROA +” və İrlandiyanın ali təhsilə giriş proqramları göstərir ki, yaxşı hazırlanmış proqramlar aztəminatlı ailələrdən olan tələbələrin nəinki məzun olmasına, həm də uğur qazanmasına kömək edə bilər.

Gələcək üçün baxış

A.Şleyxer hesab edir ki, “bacarıq fərqləri bizim genetikamızda yazılmayıb; onlar siyasət qərarlarının nəticəsidir. İstedadı harada olursa-olsun tapan və onu dəstəkləyən sistemləri qurmaq siyasətçilərin öhdəsinə düşür. Adaptasiya, yaradıcılıq və əməkdaşlığın qiymətləndirildiyi bir dünyada əsl sual artıq bacarıqlara investisiya etməyimiz deyil, bunu etməməyə gücümüzün çatıb-çatmayacağıdır. Təhsil səviyyəsindəki fəqləri aradan qaldıracaq cəmiyyətlər yeniliyi açacaq, inklüzivliyi təşviq edəcək və davamlı böyüməni təmin edəcək cəmiyyətlər olacaqdır”.