Süni intellekt müəllimin müəyyən funksiyalarını öz üzərinə götürməyə başlayıb – Prorektor

11 İyun, 2026 - 12:56
Süni intellekt müəllimin müəyyən funksiyalarını öz üzərinə götürməyə başlayıb – Prorektor

"Süni intellekt artıq müəllimin müəyyən funksiyalarını qismən öz üzərinə götürməyə başlayıb və bu tendensiyanın 2030-cu ilə qədər daha da sürətlənəcəyi qaçılmazdır. Lakin qlobal təhsil ekspertlərinin də yekdil rəyinə görə, süni intellekt müəllimi tamamilə əvəz etməyəcək, sadəcə onun funksional rolunu transformasiyaya uğradacaq". 

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov söyləyib.

Onun sözlərinə görə, süni intellektin xüsusilə pedaqoji fəaliyyətin rutin və texniki tərəflərini avtomatlaşdıracağı gözlənilir.  

"Buraya test və yazı işlərinin ilkin qiymətləndirilməsi, dərs planlarının və fərdiləşdirilmiş tapşırıqların avtomatik tərtibi, inzibati hesabatlılıq və sənədləşmə işləri, şagird nailiyyətlərinin dərin analitika vasitəsilə təhlili və adaptiv öyrənmə platformalarının idarə edilməsi daxildir.

Bu texnoloji dəstək sayəsində müəllimlərimiz böyük bir zaman kəsiri qazanacaqlar".

Prorektor bildirib ki,pedaqoqun əsas missiyası süni intellekt alətlərini ali təhsil hədəflərinə uyğun olaraq strateji şəkildə idarə etməkdən ibarət olacaq.