Süni intellekt dövründə klassik testlər və esse öz effektivliyini tamamilə itirir – ADPU-nun prorektoru
Əvvəllər müəllimlərin istifadə etdiyi əsas vasitələr dərslik, lövhə və metodik vəsaitlər idisə, bu gün həmin siyahıya süni intellekt də əlavə olunur. Dünyada olduğu kimi, Azərbaycanda da təhsilin rəqəmsal transformasiyası sürətlənir. Xüsusilə Elm və Təhsil Nazirliyinin “OpenAI” ilə əməkdaşlığa başlaması və süni intellektin (Sİ) məktəblərdə tətbiqinin genişləndirilməsi istiqamətində atılan addımlar təhsil sistemində yeni mərhələnin başlandığını göstərir.
Bu isə yeni sual doğurur: süni intellekt dövrünün müəllimi necə olmalıdır və onu hazırlayan universitetlər bu dəyişikliklərə nə dərəcədə hazırdır?
“Azərbaycan müəllimi”nin mövzu ilə bağlı suallarını ADPU-nun tədris işləri üzrə prorektoru dos. Eldar Aslanov cavablandırıb.
““Süni intellektin əsasları” fənninin tədrisinə başlanılacaq”
– ADPU-da müəllim hazırlığı proqramlarında süni intellektlə bağlı hansı fənlər və ya modullar tədris olunur?
– Hazırda ADPU-da müəllim hazırlığı proqramlarına Sİ mövzularının inteqrasiyası geniş miqyasda davam edir. Universitetin müxtəlif fakültələrində rəqəmsal dövrün tələblərinə cavab verən fənlər tədris olunmaqdadır. Mövcud tədris planlarımızda “Təhsildə rəqəmsal transformasiya”, “Süni intellekt və ekspert sistemləri”, “Proqramlaşdırma dilləri”, “Təhsildə informasiya texnologiyaları və süni intellekt əsasları” və “Müasir təlim metodları” kimi fənlər yer alır. Bununla yanaşı, müasir çağırışları rəhbər tutaraq rəqəmsal pedaqogika, Sİ əsaslı qiymətləndirmə, fərdiləşdirilmiş təlim, generativ Sİ alətlərindən istifadə, tədrisdə Sİ etikası və akademik dürüstlük kimi modulların da tədrisə dərindən inteqrasiyasını əsas strateji vəzifələrimizdən biri kimi müəyyən etmişik.
Xüsusilə vurğulamalıyam ki, universitetimiz son illərdə Sİ-nin təhsilə nəzəri deyil, məhz tətbiqi istiqamətində inteqrasiyasına xüsusi önəm verir. Bu baxımdan son dövrlərdə mühüm elmi platformalara ev sahibliyi etmişik. Ölkəmizdə rəqəmsal inkişafla bağlı qəbul edilən dövlət proqramlarına uyğun olaraq, 24 aprel 2026-cı il tarixində ADPU-nun Elmi Şurasında universitetin “Rəqəmsal İnkişaf üzrə Tədbirlər Planı” təsdiq edilib. Geniş mütəxəssis qrupu tərəfindən hazırlanan bu strateji sənəd rəqəmsallaşma strategiyasının genişləndirilməsi, Sİ-nin universitet fəaliyyətlərinə inteqrasiyası, innovasiya ekosisteminin qurulması və kibertəhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edən 48 fundamental tədbirdən ibarətdir.
Məlumdur ki, ali təhsil müəssisələri tədris proqramlarının dizaynında tam sərbəst deyil və biz dövlət təhsil standartlarına əsasən müəyyən zaman çərçivəsində məzmun yenilənməsini həyata keçiririk. Yaxın vaxtlarda Elm və Təhsil Nazirliyinin müvafiq qərarları ilə bakalavriat proqramlarının yenilənməsinə başlamağı planlaşdırırıq və bu istiqamətdə artıq konkret hədəflərimiz mövcuddur. Belə ki, 2026/2027-ci tədris idindən etibarən müəyyən edilmiş bakalavriat və magistratura ixtisaslarında “Süni intellektin əsasları” fənninin tədrisinə başlanılacaq. Eyni zamanda, gələcək müəllimlərimizin rəqəmsal bacarıqlarını artırmaq üçün mövcud “Təhsildə İKT” fənni tamamilə yenilənərək “Təhsildə rəqəmsal bacarıqlar” fənninə transformasiya olunacaq, qarışıq təlim (Blended learning) üzrə universitetdaxili metodiki standartlar hazırlanacaq. Yeni nəsil tədris proqramlarında rəqəmsal səriştələrin, STEAM yanaşmasının və Sİ texnologiyalarının konseptual əsaslarının fənlərin təlim nəticələrinə inteqrasiyası tam təmin ediləcək.

Əlbəttə, bu yeniliklərin effektiv tətbiqi birbaşa professor-müəllim heyətimizin hazırlığından asılıdır. Bu məqsədlə universitetimizdə “Rəqəmsal dövrdə süni intellektlə yeni tədris imkanları: praktik nümunələr əsasında” mövzusunda genişmiqyaslı təlim-seminar təşkil edilib və bütün fakültələrin müəllim heyəti bu prosesə cəlb olunub. Digər tərəfdən, Elm və Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması prosesində ADPU öncüllərdən biridir. Universitetimizdə bütün texniki və təşkilati işlər tamamlanıb, "Microsoft" həlləri tam istifadəyə verilib. Bu platformada təqdim olunan Sİ əsaslı “Copilot” aləti müəllimlərimizə dərs planlarının tərtib edilməsi, tədris materiallarının yaradılması və qiymətləndirmənin aparılmasında əvəzsiz imkanlar yaradır. Sİ alətlərinin tətbiqi müəllimlərin bürokratik iş yükünü optimallaşdırır, tədrisin keyfiyyətini artırır və rəqəmsal bacarıqlara malik insan kapitalının inkişafına birbaşa töhfə verir.
“Müəllim hazırlığı proqramlarımıza rəqəmsal savadlılıq, təhsildə Sİ tətbiqləri, kibertəhlükəsizlik kimi müasir məzmunlar əlavə olunub”
– Son illərdə ADPU-da müəllim hazırlığında süni intellekt və rəqəmsal bacarıqlar istiqamətində hansı yeniliklər həyata keçirilib?
– Son illərdə ADPU-da müəllim hazırlığının müasir standartlara uyğunlaşdırılması məqsədilə Sİ və rəqəmsal bacarıqlar istiqamətində kompleks islahatlar aparılıb. Bu yenilikləri konseptual olaraq dörd əsas istiqamətdə qruplaşdıra bilərik. İlk istiqamət birbaşa məzmun islahatları və yeni fənlərin kurikulumlara daxil edilməsidir. Belə ki, müəllim hazırlığı proqramlarımıza rəqəmsal savadlılıq, proqramlaşdırma əsasları, təhsildə Sİ tətbiqləri, rəqəmsal pedaqogika, interaktiv təlim texnologiyaları, kibertəhlükəsizlik və məlumat etikası kimi müasir məzmunlar əlavə olunub. Universitetimizin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə “Proqramlaşdırma dilləri I” və “Rəqəmsal bacarıqlar” kimi fənlərin tədris dairəsi genişləndirilib, bu kursların regional filiallarımızda da müvafiq təlimlər keçmiş pedaqoqlar tərəfindən yüksək səviyyədə tədrisi təmin edilib.
İkinci mühüm fəaliyyət istiqamətimiz xüsusi layihələr və tərəfdaşlıqlarla bağlıdır. 2022-ci ildən Elm və Təhsil Nazirliyinin dəstəyi, “Alqoritmika” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən “#CodeForFuture” və “Rəqəmsal bacarıqlar” layihələri çərçivəsində böyük uğurlara imza atmışıq. Bu əməkdaşlıq çərçivəsində ADPU-nun təklifi ilə ixtisasların adları belə təkmilləşdirilərək “İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi” və “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi” formasına salınıb. Layihə çərçivəsində hər il yüzlərlə yuxarı kurs tələbəmizə kodlaşdırma, alqoritmik düşüncə və layihə əsaslı öyrənmə bacarıqları aşılanır, bu tədris ilindən isə proqrama ayrıca süni intellekt fənni də əlavə olunub. Gələcək müəllimlərimiz onlayn platformalarda praktiki layihələr icra edir və Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının məzmunu ilə inteqrasiya olunmuş xüsusi modullarla işləyirlər.
Üçüncü mühüm addımımız universitet daxilində süni intellekt savadlılığının artırılması və onun tətbiq qaydalarının müəyyənləşdirilməsidir. Təlim-Tədris Mərkəzimiz və fakültələrimiz vasitəsilə “Gələcəyin intellekti: Süni intellektin tətbiqi, innovasiyası və gələcək perspektivləri” adlı seminarlar, həmçinin Sİ etikası və akademik dürüstlük mövzusunda silsilə təlimlər təşkil olunub. Bu institusional addımların məntiqi davamı olaraq, ADPU Elmi Şurasının 12 sentyabr 2025-ci il tarixli qərarı ilə ölkədə ilk dəfə “ADPU-da tədris və elmi-tədqiqat prosesində süni intellekt texnologiyalarından istifadə qaydaları” təsdiq edilib.
Nəhayət, dördüncü istiqamət kimi ölkədə fəaliyyət sahəsinə görə ilk olan STEAM Tədris Mərkəzimizin fəaliyyətini qeyd etməliyəm. 2021-ci ildə Fizika fakültəsinin nəzdində kafedra statusunda qurulan bu mərkəzdə gələcəyin təbiət və dəqiq elmlər müəllimlərinə iki semestr boyu məcburi olaraq “STEAM-1” və “STEAM-2” fənləri tədris edilir. Tələbələrimiz burada 3D modelləşdirmə, mikrobitlərin proqramlaşdırılması və XXI əsr bacarıqlarının formalaşdırılması metodologiyasını dərindən mənimsəyirlər. İnnovativ yanaşmanı magistratura səviyyəsinə də daşımışıq; 2025-ci ildə yenilənmiş tədris planına fizika və texnologiyanın tədrisində STEAM metodologiyaları fənləri daxil edilib. Mərkəzimiz həm də regional sosial məsuliyyət daşıyır – indiyədək 350-dən çox orta məktəb müəllimi bu mərkəzdə ixtisasartırma təlimlərinə cəlb olunub.
Sonda onu bildirmək istərdim ki, ADPU-nun 2030-cu ilədək Strateji İnkişaf Planında müəyyən edilmiş 6 prioritet istiqamətdən biri məhz rəqəmsallaşmadır. Biz institusional rəqəmsal transformasiyadan tutmuş tədris prosesinin tam rəqəmsallaşdırılmasına qədər geniş bir sahəni hədəfləmişik və əminik ki, bu sistemli işlərin bəhrəsini yaxın illərdə Azərbaycan təhsili daha qabarıq şəkildə hiss edəcək.
– Elm və Təhsil Nazirliyinin “OpenAI” ilə əməkdaşlığı fonunda müəllim hazırlığında hansı dəyişikliklərə ehtiyac yarana bilər? Bu proses ADPU-nun tədris proqramlarına necə təsir göstərəcək?
– Son illərdə ölkəmizdə rəqəmsal transformasiya və texnoloji innovasiyaların idarə edilməsi istiqamətində çox mühüm addımlar atılır. Ölkəmizdə pedaqoji kadr hazırlığının əsas mərkəzi olan ADPU da bu milli strateji hədəflərin reallaşdırılmasında birbaşa məsuliyyət daşıyır.
Bu baxımdan Elm və Təhsil Nazirliyi ilə qlobal süni intellekt nəhəngi olan “OpenAI” şirkəti arasındakı əməkdaşlıq tam zamanında atılmış tarixi və mühüm bir addımdır. Sözügedən dövlət proqramları və bu strateji əməkdaşlıq gələcək müəllimlərimizin hazırlıq məzmununu, təhsilin formasını və ən əsası, məzunlarımızın sahib olmalı olduğu kompetensiyaların xarakterini yenidən formalaşdırmağı tələb edir. Müasir müəllim artıq sadəcə informasiya ötürücüsü deyil, böyük dil modellərindən, generativ süni intellekt alətlərindən tədris prosesində səmərəli və etik qaydada istifadə edən bələdçi rolunu oynamalıdır.

Bu çağırışlar fonunda ADPU-nun tədris proqramlarında köklü struktur dəyişiklikləri artıq reallığa çevrilməkdədir. Nazirliyin qərarı ilə yaradılmış yeni təhsil proqramlarının hazırlanması üzrə Komissiyanın və onun nəzdindəki İşçi qrupun fəaliyyəti nəticəsində ötən tədris ilində magistratura səviyyəsində ixtisas və ixtisaslaşmaların yeni təsnifatı hazırlanaraq təsdiq edilmişdir. Bu islahat çərçivəsində “Pedaqogika” ixtisası üzrə o vaxtadək mövcud olan ixtisaslaşma sayı 22-dən 34-ə çatdırılmış, eyni zamanda “Təhsilin psixologiyası”, “Təhsil menecmenti” və “Təhsilin iqtisadiyyatı” kimi müasir sahələr təsis olunmuşdur.
Bizim üçün ən strateji yeniliklərdən biri isə “Pedaqogika” ixtisası nəzdində “Təhsil texnologiyaları” ixtisaslaşmasının açılmasıdır. Bu addımın əsas qayəsi magistratura səviyyəsində ölkəmizin təhsil sistemi üçün peşəkar “təhsil texnoloqları” yetişdirməkdir. Tam əminliklə deyə bilərəm ki, bu proqramın məzunları rəqəmsallaşmanın və süni intellektin təqdim etdiyi geniş imkanları pedaqoji prosesə uğurla tətbiq edən, yeni rəqəmsal təlim mühitləri quran və Azərbaycan təhsilinin gələcəyini dizayn edən aparıcı mütəxəssislər kimi formalaşacaqlar. “OpenAI” ilə tərəfdaşlıq bu mütəxəssislərin beynəlxalq resurslara çıxışını və təhsil proqramlarımızın qlobal standartlara uyğunlaşdırılmasını daha da sürətləndirəcək.
“Əsas vəzifəmiz peşəkar rəqəmsal bacarıqlara malik, Sİ texnologiyalarından sərbəst istifadə edən yeni nəsil pedaqoqlar yetişdirməkdir”
– Universitetdə təhsildə süni intellekt istiqamətində yeni ixtisas, ixtisaslaşma və ya sertifikat proqramlarının yaradılması nəzərdə tutulurmu?
– Biz bu mərhələdə dar çərçivədə yeni ixtisaslar açmaqdansa, Sİ istiqamətli məzmunun bütün mövcud ixtisaslarımıza və əlaqədar fənlərə dərindən inteqrasiya edilməsini daha strateji və doğru yanaşma hesab edirik. Əsas vəzifəmiz bütün təhsil ixtisasları qrupunda və bütün təhsil səviyyələrində – ixtisasın spesifikliyini nəzərə almaqla – peşəkar rəqəmsal bacarıqlara malik, sahəvi Sİ texnologiyalarından sərbəst istifadə edən və bu alətləri öz fənninin tədrisinə uğurla tətbiq edə bilən yeni nəsil pedaqoqlar yetişdirməkdir. Əvvəlki suallara cavabımda qeyd etdiyim kimi, 2020-ci ildən etibarən apardığımız məzmun islahatları və professor-müəllim heyəti üçün təşkil olunan sertifikat proqramları məhz bu ali məqsədə xidmət edir. Biz bu işi yalnız akademik proseslərlə məhdudlaşdırmır, həm də daxili və xarici layihələr hesabına tələbələrimizin dərsdənkənar öyrənmə imkanlarını zənginləşdiririk.
Tam əminliklə inanıram ki, gələcək müəllimlərimiz üçün yaratdığımız bu institusional imkanlar onların müstəqil öyrənmə mədəniyyətini, motivasiyasını və rəqəmsal dövrün çağırışlarına çevik uyğunlaşma potensialını qat-qat artıracaq.
“Süni intellektin müəllimin sosial-emosional və kommunikativ bacarıqlarını heç zaman əvəz edə bilməyəcək”
– Süni intellekt alətlərinin məktəblərdə tətbiqinin genişlənməsi fonunda gələcəyin müəllimi hansı yeni kompetensiyalara malik olmalıdır?
– Sİ-nin məktəblərdə geniş tətbiqi müəllimin təhsildəki rolunu köklü şəkildə dəyişir. Ənənəvi “məlumat ötürən müəllim” modeli öz yerini tədricən “öyrənmə dizayneri”, “rəqəmsal mentor” və “Sİ texnologiyalarını idarə edən pedaqoq” profilinə ötürür. Bu səbəbdən gələcəyin müəllimi yalnız fundamental fənn bilikləri ilə kifayətlənməməli, həm də yeni nəsil rəqəmsal, pedaqoji və etik səriştələrə yiyələnməlidir. Nüfuzlu beynəlxalq təşkilatların yanaşmalarını və müasir elmi tədqiqatların nəticələrini rəhbər tutaraq, gələcəyin müəllimi üçün zəruri olan səkkiz əsas kompetensiyanı xüsusi qeyd edə bilərik.
İlk növbədə, gələcəyin müəllimi yüksək Sİ və rəqəmsal savadlılığa malik olmalıdır. Pedaqoq süni intellektin işləmə mexanizmini ümumi səviyyədə anlamalı, generativ Sİ alətlərindən səmərəli istifadə etməyi bacarmalı, bu texnologiyanın tədrisdəki imkanları ilə yanaşı, onun mövcud məhdudiyyətlərini də düzgün ayırd etməlidir. Bunun məntiqi davamı olaraq, müasir dövrdə müəllim üçün “düzgün sual vermək və tapşırıq formalaşdırmaq bacarığı”, yəni prompt yazmaq və Sİ ilə səmərəli əməkdaşlıq səriştəsi ön plana çıxır. Bu kompetensiya Sİ-yə dəqiq təlimatlar verməyi, keyfiyyətli sorğular hazırlamağı və alınan nəticələri optimallaşdırmağı nəzərdə tutur. Hazırda bu istiqamət bir çox inkişaf etmiş ölkələrdə ayrıca “Pedaqoqlar üçün Prompt Mühəndisliyi” modulu kimi tədris proqramlarına daxil edilir.
Digər mühüm fəaliyyət sahəsi tənqidi düşüncə və Sİ nəticələrinin qiymətləndirilməsidir. Unutmamalıyıq ki, süni intellekt platformaları hər zaman doğru cavablar istehsal etmir; bəzən elmi dildə “hallüsinasiya” adlandırılan yanlış və ya uydurulmuş məlumatlar təqdim edə bilir. Müəllim bu qüsurları vaxtında aşkar etməli, mənbələrin etibarlılığını yoxlamalı, şagirdlərdə media və informasiya savadlılığı formalaşdırmağı bacarmalıdır. Eyni zamanda, prosesin etik və hüquqi tərəfləri də diqqətdə saxlanılmalıdır. Gələcəyin müəllimi tədrisdə akademik dürüstlük, plagiatla mübarizə, müəllif hüquqları, fərdi məlumatların məxfiliyi, şagird datasının qorunması, eləcə də süni intellekt alətlərində yarana biləcək qərəzlilik və diskriminasiya risklərindən dərindən xəbərdar olmalıdır.
Sİ təhsil mühitində fərdiləşdirilmiş təlim dizaynı üçün unikal imkanlar yaradır. Müəllim öyrənmə analitikasının (learning analytics) təqdim etdiyi məlumatları oxumağı, şagird performansını data əsasında izləməyi və hər bir şagird üçün fərdi inkişaf trayektoriyası qurmağı bacarmalıdır. Dünyada “data əsaslı tədris” (data-informed teaching) kimi tanınan bu yanaşma təhsilin keyfiyyətini maksimum dərəcədə artırır. Bu mühitdə standart informasiyanı Sİ daha sürətlə təqdim etdiyi üçün müəllimin əsas üstünlüyü onun yaradıcılığı və innovativ pedaqoji yanaşmasında olacaq. Müəllim emosional zəkası ilə şagirdləri motivasiya etməli, layihə əsaslı öyrənmə, STEAM yanaşması, oyunlaşdırma və problem əsaslı təlim kimi interaktiv metodları tədrisə uğurla inteqrasiya etməlidir.
Süni intellektin müəllimi heç bir zaman əvəz edə bilməyəcəyi ən fundamental sahə isə sosial-emosional və kommunikativ bacarıqlardır. Məktəb sadəcə quru biliklərin ötürüldüyü məkan deyil, həm də mühüm sosial inkişaf mühitidir. Müəllim empatiya, liderlik, konfliktlərin idarə olunması və inklüziv kommunikasiya vasitəsilə şagirdlərə mənəvi-psixoloji dəstək verməlidir. Nəhayət, texnologiyaların başgicəlləndirici sürətlə dəyişdiyi bir dövrdə müəllim davamlı öyrənməyə və çevikliyə (lifelong learning mindset) sahib olmalıdır. Müəllim davamlı olaraq öz üzərində işləməli, yeni Sİ alətlərini çevik şəkildə mənimsəməli və öz peşəkar fəaliyyətini zamanın nəbzinə uyğun tənzimləməlidir.
Bir sözlə, gələcəyin müəllimi süni intellektlə rəqabət aparan deyil, onunla tərəfdaşlıq etməyi bacaran, texnologiyanı ali pedaqoji məqsədlərə uyğun idarə edən, etik dəyərlərə sadiq, tənqidi düşünən və insanpərvər mütəxəssis olmalıdır. Başqa sözlə desək, gələcəyin məktəbində ən vacib məsələ sadəcə “Sİ-dən istifadə etmək” deyil, “Sİ-ni düzgün pedaqoji hədəflər üçün idarə etmək” bacarığı olacaq.
“Süni intellekt artıq müəllimin müəyyən funksiyalarını qismən öz üzərinə götürməyə başlayıb”
– Süni intellekt gələcəkdə müəllimin bəzi funksiyalarını öz üzərinə götürə bilərmi? Bu şəraitdə ADPU 2030-cu ilin müəllimini hazırlamaq üçün hansı dəyişikliklər həyata keçirir və ya planlaşdırır?
– Bəli, süni intellekt artıq müəllimin müəyyən funksiyalarını qismən öz üzərinə götürməyə başlayıb və bu tendensiyanın 2030-cu ilə qədər daha da sürətlənəcəyi qaçılmazdır. Lakin qlobal təhsil ekspertlərinin də yekdil rəyinə görə, süni intellekt müəllimi tamamilə əvəz etməyəcək, sadəcə onun funksional rolunu transformasiyaya uğradacaq. Sİ-nin xüsusilə pedaqoji fəaliyyətin rutin və texniki tərəflərini avtomatlaşdıracağı gözlənilir. Buraya test və yazı işlərinin ilkin qiymətləndirilməsi, dərs planlarının və fərdiləşdirilmiş tapşırıqların avtomatik tərtibi, inzibati hesabatlılıq və sənədləşmə işləri, şagird nailiyyətlərinin dərin analitika vasitəsilə təhlili və adaptiv öyrənmə platformalarının idarə edilməsi daxildir.
Bu texnoloji dəstək sayəsində müəllimlərimiz böyük bir zaman kəsiri qazanacaqlar. Nəticədə müəllimin əsas funksiyası mexaniki “məlumat ötürmək” amilindən uzaqlaşaraq mentorluq etmək, şagirdlərdə tənqidi təfəkkür formalaşdırmaq, onların sosial-emosional inkişafını dəstəkləmək və yaradıcılıq potensialını üzə çıxarmaq istiqamətində genişlənəcəkdir. Pedaqoqun əsas missiyası süni intellekt alətlərini ali təhsil hədəflərinə uyğun olaraq strateji şəkildə idarə etməkdən ibarət olacaqdır.
Məhz bu qlobal dəyişiklikləri və zamanın nəbzinə uyğun çağırışları öncədən görərək, “2030-cu ilin müəllimi” modelinə uyğun fundamental transformasiya strategiyamızı həyata keçiririk. Universitetimiz təkcə bu günün deyil, gələcəyin məktəblərinə rəhbərlik edəcək, texnologiyanı insani dəyərlərlə sintezləyən pedaqoji kadr korpusunu formalaşdırmaq əzmindədir.
– ADPU bu istiqamətdə hansı dəyişiklikləri həyata keçirir?
– Universitetimizin əsas hədəfi sürətli rəqəmsallaşma kontekstində “4-cü nəsil universitet” modelini tam bərqərar etməkdir. “ADPU-2030” Strateji İnkişaf Planında universitetimizin rəqəmsallaşmış, innovativ, beynəlxalq səviyyədə rəqabətədavamlı və əmək bazarı ilə sıx inteqrasiya olunmuş müasir elm və təhsil ocağına çevrilməsi əsas prioritet kimi təsbit olunub. Bu, müəllim hazırlığında artıq ənənəvi metodologiyadan süni intellekt və data əsaslı müasir modelə keçidin rəsmi başlanğıcıdır.
Bu böyük transformasiya çərçivəsində professor-müəllim heyətimizin və inzibati əməkdaşlarımızın rəqəmsal bacarıqlarının davamlı olaraq artırılmasını strateji vəzifə olaraq görürük.
Yaxın gələcəyə yönəlmiş strateji baxışlarımıza yeni müasir ixtisasların və mikrosəriştə proqramlarının yaradılması da daxildir. Biz bir tərəfdən əmək bazarının müasir çağırışlarına cavab verən yaxın sahələr üzrə qeyri-pedaqoji ixtisasların açılmasını hədəfləyirik, digər tərəfdən isə Sİ və rəqəmsallaşmanın imkanları hesabına yeni sertifikat proqramları və mikrokredit əsaslı modullar formalaşdırırıq. Tam əminliklə deyə bilərəm ki, ADPU-da hazırda icra olunan bu genişmiqyaslı islahatlar yaxın gələcəkdə universitetimizdə “Təhsildə süni intellekt”, “Rəqəmsal pedaqogika”, “Öyrənmə analitikası” və “Müəllimlər üçün prompt mühəndisliyi” kimi tamamilə yeni və qabaqcıl elmi-praktiki istiqamətlərin yaranmasına möhkəm zəmin hazırlayır.
“Rezidentura tipli müəllim hazırlığı, mentor müəllim modeli mütləq genişlənməli, tələbə biliyinin qiymətləndirilməsi əsaslı şəkildə yenilənməlidir”
– Yaxın 5–10 ildə müəllim hazırlığında hansı dəyişikliklərin qaçılmaz olacağını düşünürsünüz?
– Yaxın 5–10 ildə müəllim hazırlığında gözlənilən transformasiyalar təkcə sadə bir texnoloji yenilənmə ilə məhdudlaşmayacaq: burada müəllimin funksional rolu, universitetlərin tədris proqramları və bütövlükdə məktəb fəlsəfəsi köklü şəkildə dəyişəcəkdir. Süni intellekt dalğası, rəqəmsal inqilab və əmək bazarının tamamilə yenilənən tələbləri fonunda bəzi dəyişikliklər artıq bu gündən qaçılmaz xarakter daşıyır.
İlk növbədə, müəllim hazırlığı sistemi “fənn mərkəzli” modeldən “səriştə mərkəzli” modelə keçəcəkdir. Ənənəvi yanaşmada əsas diqqət nəzəri biliklərin ötürülməsinə və fənn məzmununa yönəlirdisə, yeni dövrdə əsas hədəf problem həll etmə, tənqidi düşüncə, səmərəli kommunikasiya, yaradıcılıq və Sİ səriştələrinin aşılanması olacaq. Universitetlər artıq “müəllim nə bilir?” sualından çox “müəllim nəyi tətbiq edə bilir?” prinsipinə fokuslanacaq. Buna görə də süni intellekt müəllim hazırlığının məcburi məzmun komponentinə çevrilir və gələcəkdə bu biliklər təkcə informatika müəllimləri ilə məhdudlaşmayacaq. Bütün ixtisaslar üzrə tədris proqramlarına generativ Sİ istifadəsi, prompt yazmaq, Sİ etikası və data analitikası məcburi modullar kimi daxil edilməlidir. ADPU olaraq biz bakalavriat səviyyəsində həyata keçirdiyimiz məzmun islahatlarında bu yenilikləri geniş tətbiq etməyi nəzərdə tuturuq.
İkinci mühüm meyil Qərb təhsil məkanında olduğu kimi, ölkəmizdə də mikrokredit və mikrosertifikat sisteminin geniş yayılmasıdır. 4 illik klassik diplom modeli tədricən daha çevik səriştə modelləri ilə sintez olunacaq. Universitetlər qısamüddətli sertifikatlar, yığıla bilən kreditlər (stackable credentials) və modul əsaslı öyrənmə paketləri təklif edəcəklər. Məsələn, bir pedaqoq fəaliyyət göstərdiyi dövrdə ayrıca “Təhsildə Sİ”, “Rəqəmsal qiymətləndirmə” və ya “STEAM fasilitatorluğu” kimi istiqamətlərdə mikrosertifikatlar qazana biləcək. ADPU Elmi Şurası bu qlobal çağırışları öncədən dəyərləndirərək 12 sentyabr 2025-ci il tarixində ölkədə ilk dəfə olaraq “Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik mikrokreditləşmə Qaydası”nı qəbul edib. Təhsil prosesinin bütün iştirakçıları bu yeni hüquqi imkanlardan maksimum dərəcədə faydalanmalıdırlar.
Digər bir zərurət praktiki və məktəb əsaslı hazırlığın gücləndirilməsidir. Müasir müəllim hazırlığında ən çox tənqid olunan cəhət nəzəriyyənin həddindən ziyadə olması, peşəkar praktiki vərdişlərin isə kölgədə qalmasıdır. Bu səbəbdən yaxın illərdə rezidentura tipli müəllim hazırlığı (pedaqoji internatura), baza məktəbləri ilə universitet-məktəb əməkdaşlığı və mentor müəllim modeli mütləq genişlənməlidir. Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Fəaliyyət Planının müvafiq bəndinin (müəllim hazırlığı sistemində internatura modelinin tətbiqi) icrasını təmin etmək məqsədilə ADPU hələ 2019-cu ildə öz konseptual təkliflərini təqdim etmişdi. Təəssüf ki, 2020-ci ildə təsdiq edilən təhsil proqramlarında bu modelin tam real əksini tapmasına nail ola bilmədik. Buna baxmayaraq, universitetimiz daxili təşəbbüslə qabaqcıl meyarları əks etdirən “Baza məktəblərinin yaradılması” təklifini və ixtisas kafedraları üçün nümunəvi iş planlarını hazırlayıb təqdim edib. Hazırda baxılmaqda olan bu təklifin reallaşması məktəb-universitet əlaqələrini daha peşəkar müstəviyə daşıyacaq.
Bununla yanaşı, universitetlərdə tələbə biliyinin qiymətləndirilməsi sistemi də əsaslı şəkildə yenilənməlidir. Süni intellekt dövründə klassik testlər, mexaniki əzbərçiliyə əsaslanan sərbəst işlər və standart esse modelləri öz effektivliyini tamamilə itirir, çünki Sİ bu tapşırıqları saniyələr içində yerinə yetirə bilir. Müəllim hazırlığında artıq tələbə portfolioları, layihə əsaslı qiymətləndirmə, performans tapşırıqları və reflektiv təhlil formaları ön plana çıxmalıdır. Təhsil Nazirliyinin hələ 11 sentyabr 2008-ci il tarixli, 1060 nömrəli əmri ilə təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” məzmunca çox köhnəlib və müasir rəqəmsal dövrün reallıqlarına cavab vermir. Tezliklə daha çevik və müasir qiymətləndirmə qaydalarının hazırlanıb qəbul edilməsi çox arzuolunandır.
İnformasiyanın hər kəs üçün əlçatan olduğu bir dünyada müəllim artıq sadəcə “bilik ötürən” statusundan çıxaraq, öyrənmə mühitini quran, fərdi inkişaf trayektoriyasını tənzimləyən bir fasilitatora, mentora və kouça çevrilir. Sosial-emosional səriştələrin çəkisinin artdığı və data əsaslı pedaqogikanın formalaşdığı bu dövrdə, Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiyası və Strategiyası”nın da yeni müasir məzmunda, işlək bir sənəd kimi yenidən hazırlanması ən mühüm çağırışlardandır.


