Dövlət Proqramı gənclərə beynəlxalq səviyyədə rəqabət aparmaq imkanı yaradır – Azərbaycanlı tələbə

27 İyul, 2026 - 10:09
Dövlət Proqramı gənclərə beynəlxalq səviyyədə rəqabət aparmaq imkanı yaradır

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alan gənclər sırasında London Universitet Kollecinin (UCL) maliyyə ixtisası üzrə magistratura tələbəsi Ofelya Sübut qızı Əsədova da yer alır. 

"Azərbaycan müəllimi" xəbər verir ki, o, AZƏRTAC-a müsahibəsində UCL-ni seçməsinin səbəblərindən, Londonda tələbə həyatından, maliyyə sektorunda süni intellektin rolu və karyera planlarından, eləcə də xaricdə təhsil almaq istəyən gənclərə tövsiyələrindən danışıb. Müsahibəni təqdim edirik.

UCL-də təhsil alan azərbaycanlı tələbə: 

“Dövlət Proqramı gənclərə beynəlxalq səviyyədə rəqabət aparmaq imkanı yaradır”

- Ofelya xanım, bu ixtisası seçməyinizin səbəbi nə ilə bağlıdır?

- Bakalavriat təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə ilə başa vurmuşam. Bu akademik baza mənə şirkətlərin maliyyə hesabatlarını, biznes modelini və maliyyə qərarlarının biznes fəaliyyətinə necə təsir etdiyini daha dərindən qavramağa imkan yaratdı. UCL İdarəetmə Məktəbində “Maliyyə”  ixtisasını seçməyimin əsas səbəbi isə bu sahənin həm analitik, həm də strateji düşüncə tələb etməsidir. Məni xüsusilə investisiya qərarları, kapital bazarları və risklərin idarə olunması maraqlandırır.

- Niyə məhz London Universitet Kollecini seçdiniz? Bu universitetin sizə təqdim etdiyi imkanları necə qiymətləndirirsiniz?

- UCL-in güclü akademik reputasiyası var və London kimi dünyanın aparıcı maliyyə mərkəzlərindən birində yerləşməsidir. Həmçinin proqramın məzmunu, praktiki tətbiq imkanları və karyera perspektivləri çox önəmlidir. Burada təhsil mənə maliyyəyə yalnız nəzəri fənn kimi deyil, real bazar qərarlarının verildiyi bir sahə kimi baxmağı öyrədir. UCL İdarəetmə Məktəbinin Londonun “Canary Wharf” maliyyə bölgəsində yerləşməsi tələbələr üçün böyük üstünlükdür. Maliyyə institutlarına, peşəkar tədbirlərə və fərqli karyera imkanlarına yaxın olmaq tələbənin dünyagörüşünü genişləndirir. Öyrəndiyim ən vacib məqamlardan biri odur ki, yaxşı maliyyəçi yalnız rəqəmləri hesablamağı deyil, onların arxasındakı iqtisadi məntiqi də izah etməyi bacarmalıdır.

- Dövlət Proqramı çərçivəsində təhsil almaq sizin üçün nə ifadə edir?

- Bu proqram mənə dünyanın aparıcı universitetlərindən birində təhsil almaq imkanı yaratdı. Lakin mən bunu yalnız şəxsi uğur kimi deyil, ölkəmizin gənclərə verdiyi dəyərin və insan kapitalına yatırdığı investisiyanın göstəricisi kimi görürəm.
Dövlət Proqramı istedadlı və məqsədyönlü gənclərə beynəlxalq səviyyədə rəqabət aparmaq imkanı yaradır. Xaricdə təhsil alan hər bir azərbaycanlı tələbə həm də ölkəsini təmsil edir. Buna görə də burada qazandığım bilik və təcrübəni gələcəkdə Azərbaycan üçün faydalı nəticəyə çevirmək mənim əsas məqsədlərimdən biridir.

- Bu sahədə hansı istiqamətdə fəaliyyət göstərməyi planlaşdırırsınız?

-Gələcəkdə investisiya analizi, portfel idarəçiliyi, qiymətləndirmə və risklərin idarə olunması istiqamətlərində fəaliyyət göstərməyi planlaşdırıram. Əsas məqsədim rəqəmləri düzgün şərh etmək, bazarın nələri düzgün və ya səhv qiymətləndirdiyini anlamaq və əsaslandırılmış qərarlar verə bilməkdir. Uzunmüddətli perspektivdə isə beynəlxalq təcrübəmi Azərbaycan maliyyə sektorunun inkişafına töhfə verəcək formada tətbiq etmək istəyirəm.

- Londonda tələbə həyatı necə keçir? Təhsillə gündəlik həyatı balanslaşdırmaq çətin olurmu?

- Londonda tələbə həyatı həm çox dinamik, həm də məsuliyyətlidir. Şəhər çox böyük imkanlar təqdim edir: akademik tədbirlər, karyera görüşləri, kitabxanalar, muzeylər, müxtəlif mədəni mühitlər və peşəkar şəbəkələşmə imkanları. Burada vaxtı düzgün idarə etməyi bacarmaq çox vacibdir. Təhsillə gündəlik həyatı balanslaşdırmaq bəzən çətin olur, xüsusilə də intensiv dərs həftələri, qrup layihələri və imtahan dövrlərində. Lakin zamanla prioritetləşdirməyi öyrənirsən. Xaricdə təhsil yalnız auditoriyada keçən dərslərdən ibarət deyil; fərqli insanlarla ünsiyyət, yeni mühitə uyğunlaşmaq və müstəqil qərarlar vermək də bu təcrübənin mühüm hissəsidir.

- Süni intellekt və rəqəmsal texnologiyaların maliyyə sektoruna təsirini necə qiymətləndirirsiniz? Bu mövzular proqramınızda da öyrədilirmi?

- Süni intellekt və rəqəmsal texnologiyalar maliyyə sektorunu ciddi şəkildə dəyişir. Bu dəyişiklik yalnız əməliyyatların avtomatlaşdırılması ilə məhdudlaşmır; investisiya analizi, risk modelləşdirməsi, kredit qiymətləndirilməsi və bazar məlumatlarının emalı kimi sahələrdə də yeni imkanlar yaradır. Bu gün maliyyə sektorunda rəqabət üstünlüyü yalnız kapitala çıxışla deyil, həm də məlumatı daha sürətli və daha düzgün təhlil etmək bacarığı ilə ölçülür.

Eyni zamanda, süni intellekt insan qərarını tam əvəz etmir; daha çox onu gücləndirən alət rolunu oynayır. Maliyyədə etik yanaşma, model riskinin düzgün qiymətləndirilməsi və nəticələrin tənqidi təhlili çox vacibdir. Yəni texnologiya nə qədər inkişaf etsə də, son qərarın arxasında sağlam mühakimə və məsuliyyət dayanmalıdır.

UCL-də də bu yanaşma hiss olunur. Proqramda kəmiyyət metodları, maliyyə modelləşdirməsi, real bazar məlumatları ilə işləmək və texnologiyanın maliyyə qərarlarına təsiri kimi mövzulara xüsusi diqqət yetirilir. Bu da tələbələrə müasir maliyyə sektorunun tələblərinə daha hazırlıqlı olmağa kömək edir.

- Təhsilinizi başa vurduqdan sonra Azərbaycana qayıdaraq bilik və təcrübənizi ölkəmizdə tətbiq etməyi düşünürsünüzmü?

- Azərbaycan maliyyə sektorunun inkişafı, kapital bazarlarının dərinləşməsi, investisiya mədəniyyətinin formalaşması və risklərin daha peşəkar idarə olunması baxımından böyük potensiala malikdir.

Xaricdə təhsil almağın verdiyi imkanlardan biri iki fərqli perspektivi birləşdirməyi bacarmaqdır: tələbələr beynəlxalq təcrübəni görürlər, eyni zamanda, öz ölkələrinin reallıqlarını anlayırlar. Mən də gələcəkdə bu iki baxışı birləşdirərək maliyyə sahəsində faydalı işlər görmək istəyirəm. Azərbaycana qayıdaraq həm öz peşəkar fəaliyyətimlə, həm də bilik paylaşımı ilə töhfə vermək mənim üçün önəmlidir.

- Xaricdə magistratura təhsili almaq istəyən azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?

- İlk tövsiyəm ondan ibarətdir ki, hazırlıq prosesinə mümkün qədər erkən başlamaq lazımdır. Bu proses yalnız sənəd göndərməkdən ibarət deyil; akademik nəticələr, dil biliyi, motivasiya məktubu və seçilən proqramla bağlı aydın məqsəd zamanla formalaşır. Buna görə də addım-addım və planlı şəkildə hazırlaşmaq çox önəmlidir.
Eyni zamanda, gənclərə tövsiyə edərdim ki, yalnız dərslərlə kifayətlənməsinlər. Təcrübə proqramları, könüllülük, tələbə təşkilatları və seçdikləri sahə ilə bağlı əlavə fəaliyyətlər həm biliklərini, həm də özünəinamlarını artırır. Bu yola çıxmaq istəyən bütün gənclərə uğurlar arzulayıram.