"Məktəbli çantasının çəkisi uşağın çəkisinin 10%-ni keçməməlidir" – Müsahibə
Məktəb mühiti şagirdlərin gün ərzində uzun müddət vaxt keçirdiyi əsas məkanlardan biridir. Bu səbəbdən sinif otaqlarında havanın keyfiyyəti, temperatur, rütubət, havalandırma və digər ekoloji amillər uşaqların sağlamlığı ilə yanaşı, onların diqqətinə, psixofizioloji vəziyyətinə və dərs zamanı iş qabiliyyətinə də təsir göstərə bilər. Xüsusilə qapalı və yetərincə havalandırılmayan siniflərdə müxtəlif risklərin yaranması bu məsələnin həm gigiyenik, həm də təhsil baxımından əhəmiyyətini artırır.
Bəs məktəblərdə daxili hava keyfiyyəti şagirdlərin sağlamlığına və təlim prosesinə necə təsir edir, bu risklərin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin suallarını Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Şəhla Balayeva cavablandırıb.
-Şəhla xanım, siniflərdə havanın keyfiyyətinə mənfi təsir edən əsas amillər hansılardır?
-Sinifdaxili mühitin sanitariya qanunvericiliyinin tələblərinə uyğun gəlməməsi şagirdlərdə somatik patologiyaların formalaşmasına töhfə verən amil kimi qiymətləndirilir. Məktəblərdə siniflərin hava keyfiyyətinə bir-biri ilə əlaqəli olan əsas 3 amil təsir göstərir: binanın yerləşməsi (xarici amillər), binaya aid (daxili amillər) və birbaşa tədrisin təşkili ilə bağlı amillər. İlk növbədə siniflərdə şagird sıxlığı ilə əlaqəli çirklənmədən danışmaq lazımdır. Otağın sahəsinə və ya həcminə düşən şagird sayı nə qədər çox olarsa, otaqda CO₂ və digər bio-tullantıların konsentrasiyası bir o qədər yüksəlir. Müəyyən edilmişdir ki, hava keyfiyyətinin qorunması üçün sinif otağında 1 şagirdə düşən sahə minimum 2-2,5 m2, otaq həcmi isə 7-7,5 m3 olmalıdır. Bundan əlavə, otaq havasının hansı tezliklə dəyişdirilməsi də əhəmiyyətlidir. Əgər otaqlarda mexaniki ventilyasiya qurquları yoxdursa və ya işləmirsə, onda təbii şəkildə tənəffüslərdə havanın dəyişdirilməsi vacib şərtlərdən biridir. Mövsüm və iqlim şəraiti, ətraf mühitdə səs-küyün yüksək səviyyədə olması səbəbindən pəncərələrin bağlı saxlanılması siniflərdə çirklənmə səviyyəsinin artmasına gətirib çıxarır (CO₂ səviyyəsi orta hesabla 1000 ppm-i keçə bilər).
Daxili çirkləndirici mənbələr kimi təmir və tikintidə istifadə edilən materialların da rolu böyükdür. Bunlara boyalar, plastik materiallar və s. aid edilir. Məsələn, boyalar otaq havasının qurguşunla çirklənməsinə səbəb ola bilər. Xarici havanın çirklənməsi mühüm amillərdən biridir: binanın yerləşdiyi ərazidə atmosfer havasının keyfiyyəti daxili mühitə birbaşa ötürülür. Müasir şəraitdə şəhər yerlərində atmosfer havasınının əsas çirkləndiricilərindən biri avtomobillər olduğu üçün intensiv hərəkətli avtomobil yollarına yaxın yerləşən məktəblərdə sinif otaqlarının havasının çirklənmə ehtimalı daha yüksəkdir. Ümumilikdə avtomobillərin işlənmiş qazlarının tərkibində 200-dən artıq müxtəlif birləşmə müəyyən edilib ki, bunlardan da ən əsasları CO, HC, NOx və qurğuşun birləşmələri, sullfidlər, qurum və yağ dumanıdır.
Tədqiqatlar göstərir ki, məktəbdə və evdə nəqliyyatla bağlı hava çirklənməsinə məruz qalan uşaqlarda astmanın inkişaf riski artır, məktəblərdə nəqliyyatla bağlı hava çirkliliyinə məruz qalma isə uşaqlarda tənəffüs xəstəlikləri və neyroinkişafın pozulması kimi mənfi sağlamlıq risklərinə səbəb olur. Bu risklərin aradan qaldırılması üçün profilaktik tədbirlərə ilk növbədə məktəb ərazisinin düzgün seçilməsi – yaşayış zonasının mərkəzi hesab edilir. Məktəb ərazisinin sərhəddində 2 m enində perimetr boyu şam ağaclarının əkilməsi də vacib şərtlərdən biridir, bu, məktəb binasının ətraf mühitdə olan toz, qaz və səs-küydən qorunmasına dəstək olur. Beləliklə, havanın keyfiyyətinə ən çox mənfi təsir edən amillər qeyri-kafi havalandırma və ventilyasiya rejiminin pozulması, yüksək şagird sıxlığı, binanın konstruksiya qüsurları və xarici havanın çirklənməsidir.
-Sinif otaqlarının mütəmadi havalandırılmaması hansı sağlamlıq risklərini yarada bilər?
-Sinif otaqlarının mütəmadi havalandırılmaması havada yalnız O2-nin azalması fonunda CO₂-nin artmasına səbəb olmur, həm də digər çirkləndiriçilərin də (mikroorqanizmlər, üzvü maddələr, tozlar və s.) miqdarının artmasına gətirib çıxarır. Nüfuzlu elmi nəşrlədə təqdim edilən tədqiqat nəticələri göstərir ki, əsas sağlamlıq risklərinə aşağıdakılar daxildir:
1. Tənəffüs yolları infeksiyaları - Hava mübadiləsinin qeyri-kafi olması həm çirkləndiricilərin, həm də hava-damcı yolu ilə keçən patogenlərin yığılmasına şərait yaradır; yüksək konsentrasiya və məhdud ventilyasiya infeksiyaların yayılmasını asanlaşdırır. Məktəblərdə pis hava keyfiyyəti milyonlarla şagirddə tənəffüs xəstəliklərinə səbəb ola bilər.
2. Astma və allergik reaksiyaların kəskinləşməsi - Havalandırılmayan otaqlarda yığılan kif, allergenlər, mikrobioloji çirkləndiricilər və uçucu üzvi birləşmələr astmalı şagirdlərdə simptomları gücləndirir. Sinifdə CO₂ səviyyəsinin 1000 ppm-dən yuxarı olması xəstəliklərə müqavimətin azalmasına səbəb olur. Tədqiqatlar göstərir ki, bir çox ölkələrdə uşaqlarda astma səbəbindən xəstəxanaya yerləşdirmə zirvəsi tədrisin başlanması ilə üst-üstə düşür.
3. "Xəstə bina" sindromu və ümumi simptomlar - havalandırılmayan siniflərdə oksigen səviyyəsin azalması fonunda karbon qazının səviyyəsinin artması şagirdlərdə vaxtından qabaq yorulmanın yaranmasına, zehni iş qabiliyyətinin enməsinə səbəb olur, baş ağrısı, tənəffüs simptomları kimi spesifik olmayan əlamətlər qeydə alınır.
4. Koqnitiv funksiyaların və akademik göstəricilərin pisləşməsi - Aşağı ventilyasiya sürəti və yüksək CO₂ konsentrasiyası diqqətin zəifləməsi, konsentrasiya itkisi və yorğunluğu artırır. CO₂ hətta birbaşa ali koqnitiv funksiyaları zəiflədə bilər. Tədqiqatlarda ventilyasiya sürəti ilə riyaziyyat və oxu testlərindəki nəticələr arasında əhəmiyyətli əlaqə aşkar edilib.
5. Uzunmüddətli sistematik risklər - yeni araşdırmalar göstərir ki, yüksək konsentrasiyalarda CO₂-yə xroniki və ya fasiləli məruz qalma iltihab, sümük demineralizasiyası, böyrək kalsifikasiyası, oksidativ stres və endotelial disfunksiya kimi potensial sağlamlıq riskləri ilə əlaqəlidir.
6. Uşaqların xüsusi həssaslığı - bu riskləri xüsusilə aktuallaşdıran amil uşaqların özlərinin həssaslığıdır: onlar nisbi bədən çəkisi vahidinə görə daha çox hava udur, immun və tənəffüs sistemləri hələ tam formalaşmayıb, buna görə də hava çirklənməsinə böyüklərdən daha həssasdırlar. Uşaqlar həyatlarının təxminən 12%-ni sinif otaqlarında keçirir və gündə 10 saata qədər məktəbdə olurlar.
-Məktəbyaşlı uşaqlarda qamət pozğunluqları nə dərəcədə geniş yayılıb?
-Məktəbyaşlı uşaqlar arasında qamət pozğunluqları dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Bu geniş yayılma ümumi sağlamlıq statistikasında da öz əksini tapır: profilaktik müayinələrin təhlilinə görə, məktəblilərin xroniki patologiya strukturunda dayaq-hərəkət sistemi və birləşdirici toxuma xəstəlikləri göz xəstəliklərindən sonra ikinci yeri tutur. Əsas səbəbləri kimi fiziki fəaliyyətin aşağı olması, oturaq həyat tərzi, məktəb mebellərinin qeyri-erqonomikliyi, uzun müddət uyğun olmayan pozada oturma, ağır və asimmetrik çanta daşıma və ekran qarşısında keçirilən vaxtın artması, qeyri-kafi və səmərəsiz qidalanma göstərilir. Müxtəlif ölkələrdə göstəricilər 33,4% dən 90% ə qədər dəyişir, skoliozun yaranma ehtimalı isə məktəb illəri ərzində on dəfələrlə artır. Bu, qamət pozğunluqlarının erkən aşkarlanması və korreksiyasını məktəb səhiyyə sisteminin ən prioritet istiqamətlərindən birinə çevirir.
-Sürətli boy artımı dövründə uşaqda onurğa ilə bağlı problemlərin yaranma ehtimalı varmı?
-Bəli, ehtimal var və elmi ədəbiyyatda təqdim edilən tədqiqat nəticələri bunu sübut edir. Sürətli boy artımı dövrü uşaqlıq və yeniyetməlikdə baş verən qamət dəyişikliklərinin, xüsusilə də skoliozun yaranmasına birbaşa töhfə verən dövrdür. Fizioloji baxımdan yeniyetməlik sürətli boy artımı, yetkinləşmə və davranış dəyişiklikləri ilə xarakterizə olunan həssas inkişaf mərhələsidir, bu dövrdə onurğa sütunu sürətlə uzanır, lakin əzələ və neyromuskulyar sistem bu templə ayaqlaşmağa çətinlik çəkir: nəticədə postural tarazlıq pozulur və əyriliklər formalaşmağa başlayır. İctimai baxımdan məktəbdə təhsil uşağın orqanizminin intensiv böyümə və inkişaf dövrünə təsadüf edir: məktəb mühiti amillərinin sistematik və uzunmüddətli təsiri yığılaraq müxtəlif sağlamlıq pozuntularına, o cümlədən, qamət pozulmalarının yaranmasına gətirib çıxarır. Onu da göstərmək vacibdir ki, yeniyetməlik dövrü yüksək neyromuskulyar uyğunlaşma qabiliyyətinə görə erkən korreksiya üçün əsas dövr hesab edilir: fiziki aktivlik və maarifləndirmə ilə birləşdirilmiş erkən korreksiya onurğa problemlərinin azaldılmasına töhfə verə bilər. Buna görə də pubertal böyümə fazası boyunca davamlı monitorinq və erkən skrining tövsiyə edilir, çünki bu dövr qaçırılarsa, funksional pozuntular struktur deformasiyalara keçə bilər.
-Qamət pozğunluqlarının qarşısının alınmasında gündəlik fiziki aktivliyin rolu nə qədərdir?
-Müasir tədqiqatlarda fiziki fəallığın azlığı qamət pozğunluqlarının, xüsusilə skoliozun aparıcı risk amillərindən biri kimi təsdiqlənir; gündəlik fiziki aktivlik isə həm profilaktika, həm də korreksiyanın ən təsirli komponenti hesab olunur. Məs., məktəbdə həftədə 3 dəfə qüvvət, koordinasiya və qamət məşqləri daxil olmaqla 12 həftəlik fiziki fəallıq proqramının nəticələrinin tədqiqi fiziki aktivliyin miqdarı ilə qamət pozğunluqlarının yayılması arasında mənfi korrelyasiyanı aşkar edib: daha çox məşq edən şagirdlərdə əzələ-hərəkət diskomfortu əhəmiyyətli dərəcədə azalıb, qamət əhəmiyyətli şəkildə yaxşılaşıb.
10 keyfiyyətli tədqiqatı əhatə edən sistematik təhlilin nəticəsinə görə, xüsusi məşqlər, korreksiyaedici gimnastika və fərdiləşdirilmiş müdaxilələr daxil olan profilaktik proqramlar onurğada əyrilik bucağının azalmasına və qamətin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir edir.
ÜST-ün tövsiyələrinə görə, uşaq və yeniyetmələr (5-17 yaş) gündə orta hesabla ən azı 60 dəqiqə orta və yüksək intensivlikli, əsasən aerob fiziki aktivlik etməli, həftədə ən azı 3 gün isə əzələ və sümükləri gücləndirən yüksək intensivlikli fəaliyyətlərlə məşğul olmalıdırlar. Aparılan tədqiqatlara görə, dünyada uşaq və yeniyetmələrin 30%-dən azı gündə ən azı 60 dəqiqə orta-yüksək intensivlikli fiziki aktivlik tövsiyəsinə əməl edir. Beləliklə, gündəlik fiziki aktivlik qamət pozğunluqlarının qarşısının alınmasında həlledici rol oynayır: onun çatışmazlığı təsdiqlənmiş risk faktoru, müntəzəm məşğuliyyət isə həm qoruyucu, həm də korreksiyaedici vasitədir. Xüsusilə pubertal böyümə fazasında yüksək neyromuskulyar uyğunlaşma qabiliyyəti sayəsində erkən korreksiya üçün əsas "pəncərə" hesab olunan sürətli boy artımı dövründə gündəlik aktivlik və məktəbdə sistemli bədən tərbiyəsi məşğələləri uşağın sağlam qamətinin formalaşmasının ən mühüm şərtidir.
-Məktəbli çantasının çəkisinin onurğa və qamətə təsiri necədir?
-Məktəb çantası məktəbyaşlı uşaqlar üçün gündəlik fiziki yük mənbəyidir və böyümənin kritik illərində qamətə əhəmiyyətli təsir göstərə bilər. Tədqiqatlar göstərir ki, həddindən artıq yük davamlı olaraq gövdənin irəli əyilməsi, qamət asimmetriyası, bel nahiyəsində gərginlik və əzələ-hərəkət diskomfortu ilə əlaqəlidir. Biomexaniki təsir mexanizminə gəldikdə, gündəlik çanta daşıma ilə bağlı fiziki gərginlik baş və gövdənin əhəmiyyətli dərəcədə irəli əyilməsinə və onurğa əyriliyinin dəyişməsinə səbəb olur. Çanta yükü bədənin ağırlıq mərkəzini dəyişdiyindən gövdənin irəli əyilməsi kompensator mexanizm kimi formalaşır. 15% və daha artıq yük beldə fəqərəarası disklərin sıxılmasına səbəb olur. Tədqiqatlar çanta çəkisi ilə skoliotik onurğa əyriliyinin dərəcəsi arasında statistik əhəmiyyətli əlaqə aşkar edib.
Həm simmetrik, həm asimmetrik yüklər qamətdə dəyişiklik yaradır: simmetrik yük əsasən sagital müstəvidə (öndən-arxaya), asimmetrik yük isə bütün anatomik müstəvilərdə dəyişikliyə səbəb olur. Yükdən sonra yaranan yorğunluq sagital təsirləri gücləndirir; yük götürüldükdən sonra parametrlərin əksəriyyəti bərpa olunsa da, bel lordozu tam bərpa olunmur. Tədqiqat nəticələri çantanın ağırlığı ilə boyun və bel ağrıları, dayaq-əzələ diskomfortu arasında əlaqəni də təsdiqləmişdir. Onu da qeyd etməliyik ki, qızlar və çantanı 20 dəqiqədən artıq müddətə daşıyan uşaqlar daha yüksək risk qrupuna aiddirlər.
-Uşağın çantasının çəkisi onun bədən çəkisinin maksimum neçə faizini təşkil etməlidir? Bu göstərici yaşa və uşağın fiziki inkişafına görə dəyişirmi?
-Elmi ədəbiyyatın ümumi nəticəsi olaraq göstərə bilərik ki, çanta çəkisi bədən çəkisinin 10%-ni keçməməli, 15%-dən çox yükdən qəti şəkildə qaçılmalıdır; bel çantasından istifadə edərkən ikiqayışlı olmasına diqqət edilməli, kürəyin aşağı hissəsində (T12 səviyyəsində) daşınmalı, bir çiyinə asılmamalıdır; dərsliklərin bir hissəsi məktəbdə saxlanmalıdır. Bu tədbirlər xüsusilə sürətli boy artımı dövründəki uşaqlar üçün vacibdir, çünki gündəlik təkrarlanan onurğa adaptasiyaları məhz bu kritik inkişaf mərhələsində qamət pozğunluqlarının, o cümlədən, skoliozun formalaşmasına şərait yarada bilər. Əsasən, yaş artdıqca bədən çəkisi artdığı üçün yaş artımı ilə çanta ağırlığının yol verilən həddi də dəyişilir. Ən əsas isə bədən çəkisinin 15%-dən artıq olmaması mütləq tələb kimi irəli sürülür.
Fiziki göstəricilərdən asılılığa gəldikdə isə, elmi ədəbiyyat məlumatları yükün daşınması ilə bağlı adaptasiyalara təsir edən amillərdən biri kimi uşağın fiziki hazırlığını göstərir: eyni nisbi yük fiziki cəhətdən daha zəif uşaqda daha çox gərginlik yarada bilər. Cinsin də rolu müəyyən edilmişdir: oğlanlar ümumiyyətlə qızlardan bir qədər ağır çanta daşıya bilir (bu cinslər arası funksional göstəricilərdəki, xüsusilə əzələ gücündəki fərqlə müəyyən edilir).
Bəzən uşaqlar ağır çantalarını 1 çiyində daşıyırlar. Bu, onurğa sütununa necə təsir edir? Çantanın kürəkdə hansı formada daşınması daha düzgündür?
-Məktəbli çantasının bir çiyində daşınması onurğa üçün ən əlverişsiz daşıma üsulu hesab edilir. Yenə də elmi tədqiqatların nəticələrinə müraciət etsək görərik ki, birqayışlı çantalar onurğanın yan əyilməsinə və çiyin qalxmasına səbəb olur, ikiqayışlı kürək çantası isə bu yükləri əhəmiyyətli dərəcədə azaldır, bir qayışla daşınan yük zamanı yüklənmiş çiyin qalxır və geriyə çəkilir, gövdə isə yükdən uzaq tərəfə əyilir; bundan əlavə, kifoz bucağı normal göstəricidən böyük olur, yəni asimmetrik yük təkcə frontal (yan) deyil, digər anatomik müstəvilərdə də qamət dəyişikliyi yaradır; bir çiyində çanta daşıyan uşaqlarda bel ağrısı daha geniş yayılmışdır.
Tədqiqatlara əsasən, ən düzgün daşıma üsulu aşağıdakı kimi olmalıdır:
1.İkiqayışlı kürək çantası, hər iki çiyinə bərabər paylanmış halda - bu, yan əyilməni və çiyin qalxmasını minimuma endirir;
2.Yük kürəyə sıx və aşağı yerləşdirilməlidir - tədqiqatlar göstərir ki, yükün ağırlıq mərkəzi T12 fəqərəsi səviyyəsində olduqda onurğa deformasiyası və yeni mövqe tutma xətası ən az olur;
3.Çantanın çəkisi bədən çəkisinin 10%-ni keçməməlidir - məhz bu həddən sonra qamət, düzgün pozada yerimə qabiliyyəti əhəmiyyətli dərəcədə pisləşir, gərginlik artır;
4.Bir qayışlı çantadan mütləq istifadə etmək lazımdırsa (məsələn, çiyin çantası), onu bədənin üzərindən çarpaz daşımaq məsləhətdir; sağ əlli şəxslərdə çantanın sol çiynindən sağ buda qədər diaqonal asılması aşağı ətraflarda yük paylanmasını daha simmetrik edir.
Təkərli məktəbli çantaları uşaqlar üçün daha sağlam alternativ hesab edilə bilərmi? Yoxsa onun da daşınması zamanı müəyyən hallara riayət edilməmə (məsələn, beli əyərək çantanı daşımaq) sonda qamət pozğunluğu və s. kimi halların yaranmasına səbəb olur?
-Təkərli çanta düzgün, yəni uşaqların boyuna müvafiq seçilərsə, kürək çantasına nisbətən daha əhəmiyyətli üstünlüyə malik olub, nəzərəçarpacaq dərəcədə daha sağlam alternativ sayılır. Tədqiqatlar göstərir ki, təkərli çantadan istifadə normal yerimə ilə demək olar ki, eyni kinematik nəticə göstərir, diz və çanaq oynaqlarına yük düşmür, hərəkət çətinləşmir. Kinematik analizlərə əsaslanan tövsiyəyə görə, uşaqlar bel çantasında bədən çəkisinin 10%-dən artıq yükdən qaçınmalı, təkərli çantada isə bədən çəkisinin 20%-nə qədər yük daşıya bilərlər. Lakin, onu da qeyd etməliyik ki, “təkərli çanta” heç də “qeyd-şərtsiz çanta” demək deyil. Bu zaman bəzi şərtlər gözlənilməlidir:
1. Tutacaq hündürlüyü uşağın boyunun 59-68%-ni təşkil etməlidir;
2. Çantanın ümumi ağırlığı bədən çəkisinin 20%-dən çox olmamalıdır;
3. Pilləkən problem nəzərə alınmalıdır.
Son illərdə fitness zallarında idmanla məşğul olan yeniyetmə oğlanların sayı artır. İnkişaf dövründə uşağın ağır məşqlər etməsi onun fiziki inkişafı üçün problemlər yaradarmı? Xüsusilə ağır çəkilərlə məşq etmək uşağın boy artımına, inkişafına mənfi təsir göstərə bilərmi?
-“Yeniyetmələrdə ağır çəkilərlə məşq boy artımına mənfi təsir edirmi” sualı valideynlər arasında ən geniş yayılmış narahatlıqlardan biridir və elmi ədəbiyyat bu mövzuda kifayət qədər aydın cavab verir: düzgün təşkil edilmiş və mütəxəssis nəzarəti altında aparılan güc məşqləri uşağın boy artımını dayandırmır və fiziki inkişafına mənfi təsir göstərmir. "Ağır çəkilər böyüməni dayandırır" fikri isə elmi sübutlarla təkzib edilmiş bir mifdir. Nəzəri cəhətdən mövcud olan yeganə real narahatlıq epifiz zədələri, yəni böyümə nöqtələrindəki qığırdaqların zədələnməsi məsələlərinə gəldikdə isə, elmi tədqiqatların nəticələrinə görə peşəkar nəzarət və təlimat şəraitində böyümə qığırdağı zədəsinə rast gəlinməyib; nadir epifiz sınığı halları məhz avadanlığın düzgün istifadə edilməməsi, həddindən artıq çəki, yanlış texnika və ya ixtisaslı nəzarətin olmaması ilə əlaqələndirilir. Bir sıra araşdırmalarda göstərildiyi kimi, böyümə qığırdağı zədəsi riski gimnastika və beysbol kimi təkrarlanan zərbə və burulma yükü olan idman növlərində güc məşqlərindən daha yüksəkdir, məsələn, tullanma və enmə hərəkətləri bədən çəkisinin 5-7 misli qədər yük qüvvəsi yaradır. Beləliklə, deyə bilərik ki, risk məşqin özündən deyil, necə aparılmasından yaranır: uzununa böyüməyə zərər yalnız həddindən artıq yüksək intensivlikli məşqlərdə müşahidə oluna bilər, kəskin zədələr isə adətən sərbəst çəkilərlə yanlış texnika, həddindən artıq ağırlıq və ya keyfiyyətsiz nəzarət nəticəsində baş verir.
İnkişaf dövründə olan uşaqlar üçün ayaqqabı seçərkən ən vacib meyarlar hansılardır? Ayaqqabının ölçüsünün düzgün seçilməməsi uşağın ayaq və qamət inkişafına təsir göstərirmi?
-Ayaqqabı seçimi uşaq inkişafında çox vaxt qiymətləndirilməyən, lakin son dərəcə vacib amildir: ayağın inkişafı bütün uşaqlıq dövrü ərzində davam edir və bu plastiklik ayaqqabının ölçüsünü, formasını və dizaynını kritik əhəmiyyətli edir. Ayaqqabı geyim komplektinin ayrılmaz hissəsidir, bədəni soyuma və qızmaqdan, pəncəni mexaniki zədələnmədən qoruyur, pəncə tağını normal vəziyyətdə saxlamaqda əzələlərə və bağlara kömək edib amortizasiya funksiyasını yerinə yetirir. Ayaqqabı rahat hərəkəti təmin edir, uşaqların hərəki fəallığına təsir göstərir. Lakin, düzgün seçimədikdə pəncənin çoxlu sayda deformasiyalarına və xəstəliklərinə səbəb ola bilər. Uşaq ayağının quruluşu böyüklərdən fərqlənir, ön hissə daha geniş olur, ayaq skeleti qığırdaqlardan təşkil olunur. Sümükləşmə böyümənin dayanması ilə başa çatır. Ona görə uşağın ayaqlarına edilən hər hansı bir mexaniki təsir nəticəsində o, asanca deformasiyaya uğrayır. Bununla əlaqədar olaraq ayaqqabının elastikliyi, qalınlığı, kütləsi, həmçinin istilik qoruyucu xassəsi gigiyenik cəhətdən normalaşmalıdır. Uşaq və yeniyetmələr üçün ayaqqabı seçilərkən nəyə diqqət edilməlidir:
1. Uzunluq (əsas meyar). Ayaqqabının ön daxili ucu ilə ən uzun barmaq arasında 5-12 mm-lik məsafə məktəb yaşlı uşaq və yeniyetmələr üçün minimum tələb sayılır;
2. Ayaqqabının burun hissəsi – arxa hissəyə nisbətən enli olmalıdır .Uşağın ayaq nisbətləri böyüyün ayağına uyğun gəlmir, buna görə də ayaqqabının eni və burun hissəsinin hündürlüyü də ölçülməlidir, yanlış en ayağın fizioloji inkişafına, hətta yetkinlik dövründə deformasiyalara səbəb ola bilər; ayaqqabının forması ayağın formasına uyğun olmalıdır; bədən kütlə indeksi fərqli olan uşaqların ayaq quruluşu da fərqləndiyindən, müxtəlif "dolğunluq" variantları və tənzimlənən baglama sistemləri arzuolunandır;
3. Uşaq ayaqqabısı etibarlı və ayağa asan bərkidilən olmalı, hərəkətə maneə törətməməlidir. Bunun üçün müxtəlif bərkidilmə növlərindən istifadə edilir: qaytan (ipli), qayış və ya kəmər, yapışqan, “zamok” tipli bərkitmə. Bərkidilməsi olmayan açıq ayaqqabılar məktəbəqədər ayaqqabılar üçün yol verilməzdir.
4. Ayaqqabının alt hissəsi - (içlik, altlıq, daban) I və V ayaqdarağı sümüklərinin başlarını birləşdirən xəttin 25⁰ bucağadək əyilməsinə müqavimət (kiloqramla) göstərə bilməsi üçün optimal sərtliyə malik olmalıdır.
5. İçlik - ayaqqabının daxili elementi olub, pəncə dərisi ilə sıx təmasda olur, ayaqqabıdaxili boşluqda komfort istilik - rütubət rejiminin yaranmasına kömək edir. O, ancaq təbii materialdan hazırlanmalı, plastik, isti və nəmdən qoruyucu xüsusiyyətləri olmalı, hiqroskopik və ventilyasiyaedici xassəyə malik olmalıdır.
6. Daban hissəsinin forması. Daban ayaqqabıda möhkəm oturmalıdır ki, yeriyərkən ayaq irəli sürüşməsin və ya bayıra çıxmasın, bu həm barmaqların ayaqqabı ucuna dəyməsinin, həm də qeyri-sabitliyin qarşısını alır;
7. Elastiklik və çəki. Daha sərt alt hissə yerə təzyiqi azaldır, lakin bədən hissiyyatını zəiflədir və ayaq tağının hərəkətliliyini azaldaraq yerişin erkən formalaşmasına mənfi təsir göstərir. Ayaqqabının çəkisi də əhəmiyyətlidir: ağır ayaqqabı baldır əzələsinin fəallığını artırır, bu səbəbdən çəki seçim zamanı kritik amil hesab olunur.
8. Mütəmadi ölçmə. Ayaq 3 yaşa qədər ayda 2 mm, 5-12 yaşda isə ildə 0,8-1 sm böyüyür; buna görə uşağın ayağı mütamadi (3-6 aydan bir) ölçülməlidir; ayaqqabı alışından əvvəl də yenidən ölçülərək və ayağa uyğun ayaqqabı alınmalıdır. Ayaqqabılar böyümək üçün "ehtiyatla" alınmamalı, lakin eyni zamanda hazırkı ölçüdən də kiçik olmamalıdır.
9. Mövsümə və fəaliyyətə uyğun seşim aparılması mütləq şərtlərdən biridir. Əks halda uşaqda discomfort və ayaq tağının formalaşmasında pozulmalar yaranacaq. Idman üçün nəzərdə tutulan (xüsusilə qaçış üçün) ayaqqabılar gündəlik istifadə üçün yararsız hesab edilir.
Yanlış ölçü uşağın ayaq və qamət inkişafına mənfi təsir edir: elm bunu həm "kiçik", həm də "böyük" ayaqqabı üçün təsdiqləyir:
Kiçik ölçülü ayaqqabı baş barmağın yana əyilməsi (hallux valgus), ayağın yastılaşıb enlənməsi (yastıpəncəlilik) və digər barmaq deformasiyaları, ön ayaq nahiyəsində kontrakturalara səbəb olur.
Böyük ölçülü ayaqqabı yerişin zaman-məkan parametrlərini dəyişir və yeriyərkən daha böyük qeyri-sabitliyə səbəb olur. Əsasən də, böyük ayaqqabının bud, diz və topuq kinematikasına təsir etdiyi müşahidə olunub.
Uşağın ayağı böyümə dövründə xarici təsirlərə qarşı xüsusilə həssas olduğundan, ayaqqabı seçimi təkcə rahatlıq məsələsi deyil: düzgün seçilməmiş ölçü ayaq deformasiyalarından tutmuş qamət pozğunluqlarına qədər zəncirvari problemlərin başlanğıcı ola bilər. Məktəbəqədər və məktəb yaşlı uşaqların ayaqqabılarına nəzarət hətta sanitar-gigiyena normalarının bir hissəsi kimi dövlət sənədlərində də əksini tapir, bu da mövzunun ictimai sağlamlıq baxımından vacibliyini göstərir.
Uşaqlar üçün ayaqqabının dabanının hündürlüyü ilə bağlı hər hansı tibbi məhdudiyyət varmı?
-Bəli, ayaqqabı dabanının hündürlüyü ilə bağlı tibbi-gigiyenik tövsiyə edilən normalar mövcuddur: məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün daban hündürlüyü 0–20 mm-dən çox olmamalıdır; ayaq uzunluğu 22–25 sm olan qızlarda isə 35 mm-ə qədər (lakin bu, gündəlik məktəb ayaqqabısı üçün deyil, istisna hallar üçün nəzərdə tutulmuş yuxarı sərhəddir) icazə verilir.
Ayaq pəncəsi bütün bədən yükünü daşıdığı üçün ağırlıq pəncənin ön və daban hissəsinə bərabər paylanmalıdır. Dabanın hündürlüyü artdıqca ağırlığın əsas hissəsi pəncənin ön tərəfinə düşür və bu, həm ayaq tağının pozulmasına, həm də ağırlıq nöqtəsinin dəyişilərək irəli gəlməsinə və nəticədə onurğanın formasının dəyişilməsinə səbəb olur (başın irəli meyli, bel lordozunun artması (hiperlordoz), çanağın qabağa meyli, diz oynağının və valqus deformasiyası). Uzun müddət belə vəziyyətin saxlanılması nəiniki qamət problemlərin yaranması, həm də, xüsusilə qızlarda çanaq ölçülərinin dəyişilməsi ilə nəticələnir.
Qız uşaqları məktəb yaşında neçə santimetr hündürlükdə dabanlı ayaqqabı geyinə bilərlər? Hündürdaban ayaqqabının erkən yaşlarda istifadəsi orqanizmə necə təsir edir?
-Yeniyetmə qızlar üçün yüksək dabanlı (4 sm - dən yuxarı) ayaqqabıların gündəlik geyilməsi zərərli hesab edilir. Belə vəziyyətdə ağırlıq mərkəzi önə əyilir, yeriş çətinləşir, böyük bel əyriliyi formalaşır, çanağın vəziyyəti dəyişir - uzununa ölçüsünün azalmasına gətirib çıxarır. Hündür dabanda gəzdikdə kifayət qədər davamlı vəziyyət olmur, pəncələr önə əyilir, barmaqlar dar yerdə sıxılır, pəncənin ön hissəsində gərginlik artır və nəticədə pəncənin tağı yastılaşır, barmaqlar deformasiyaya uğrayır. Uzun müddət belə vəziyyətin saxlanılması nəiniki qamət problemlərin yaranması, həm də, xüsusilə qızlarda çanaq ölçülərinin dəyişilməsi ilə nəticələnir.
Şagird dərs zamanı parta arxasında necə oturmalıdır? Oturan zaman kürək, ayaq və dizlər hansı vəziyyətdə olmalıdır?
-Düzgün oturma vəziyyəti haqqında danışmağa başlamazdan əvvəl əsas şərti qeyd etmək lazımdır: oturma tərzinin özü qədər mühüm olan parta və stulun uşağın boyuna uyğunluğudur. Mebel uşağın bədən ölçülərinə uyğun gəlmirsə, heç bir "düzgün oturma" qaydası tam tətbiq oluna bilməz, bu, məktəb gigiyenasının əsas prinsipidir və qanunvericiliklə tənzimlənir (Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri. 2012.)
Məktəb yaşlı uşaqlar üçün erqonomik oturma pozasının konkret meyarları aşağıdakılardır:
Hər iki ayaq tam olaraq döşəməyə (yerə) söykənməli, omba və diz oynaqları təqribən düz bucaq (90°) əmələ gətirməlidir; dizlərin arxa hissəsi ilə oturacağın ön kənarı arasında ən azı 1 sm boşluq olmalıdır, oturacağın kənarı dizin altına sıxılmamalıdır; budun üst hissəsi ilə masanın alt tərəfi arasında mütləq boşluq qalmalıdır, bud masaya toxunmamalıdır; kürək düz və şaquli olmalı, oturacağın kürəkliyinə (arxa dayağa) söykənməlidir; bədən irəli əyilmədən, kifotik vəziyyət almadan, həm də yana dönmədən oturulmalıdır; çiyinlər qalxmadan eyni səviyyədə, masanın kənarına paralel saxlanılmalıdır, baş irəli azca meyilli ola bilər, lakin əyilib masaya yaxınlaşdırılmamalıdır (işçi səth ilə gözlər arasındakı 25-35 sm məsafə gözlənilməli). Qısası, klassik "üç düz bucaq qaydası" kimi tanınan sxem: topuq, diz və omba oynaqlarının hər üçü ~90°, ayaqlar döşəmədə, budlar üfüqi, qollar ön hissəsi ilə masada (dirsəklər də düz bucağa yaxın). Həmçinin yazı və oxu zamanı başı aşağı əyilməməli, gözlə mətn arasında kifayət qədər məsafə saxlanılmalıdır (bu, görmə qabiliyyətinin qorunması üçün də vacibdir). Başın bu pozada olması üçün işçi səthin 16-350 maili olması daha düzgün hesab edilir.
Tədqiqatlar göstərir ki, məktəb mebeli ilə şagirdlərin bədən ölçüləri arasında uyğunsuzluq geniş yayılmış problemdir və məcburi oturma vəziyyətləri yaradır. Uyğunsuz mebeldən istifadənin nəticələri mərhələli şəkildə inkişaf edir: qısamüddətli narahatlıq və diqqətin yayınması; ortamüddətli xroniki qamət dəyişiklikləri; uzunmüddətli bel ağrısı, yırtıq və skolioz riski yaradır.
Profilaktikası: hər tədris ilinin əvvəlində uşağın boyunu ölçüb partanın və stulun nömrəsinin (rəng nişanının) uyğunluğunun yoxlanılması (uşaqlar sürətlə böyüyür və "uyğun nömrə" tez köhnəlir); uşaqlarda düzgün oturmanın vərdiş halına çevrilməsi (ayaqlar yerdə, dizlər 90°, kürək kürəkliyə söykənmiş, bud ilə masa arasında boşluq); dərs zamanı statik gərginlikdən (uzunmüddətli oturma əzələ gərginliyinə səbəb olur) qaçmaq üçün fasilələrdə ayaq üstə hərəkət etməyə, oturma vəziyyətini dəyişməyə təşviq etmə.
Başın uzun müddət aşağı vəziyyətdə saxlanılması, xüsusilə telefon və planşetdən istifadə zamanı, boyun və onurğaya necə təsir edir?
-Telefon və planşet istifadəsi zamanı başın uzun müddət aşağı tutulması nəticəsində boyun və yuxarı kürək nahiyəsində yaranan əzələ-skelet simptomları kompleksi son illərin ən aktual pediatrik ortopedik problemlərindən biri hesab edilir və ədəbiyyatda xüsusi terminlə - "text neck" (və ya "tech neck") sindromu ilə tanınır. Termin, məhz mobil cihazların ekranına baxmaq üçün başın uzun müddət irəli əyilmiş vəziyyətdə saxlanması nəticəsində boyun onurğasında yaranan degenerativ dəyişiklikləri ifadə edir. Baş nə qədər çox irəli əyilirsə, boyun əzələlərinə və onurğaya düşən qravitasiya yükü bir o qədər artır, biomexanik hesablamalara görə, boyun 60° əyildikdə onurğa sütununa əlavə təzyiq 27 kq-dək artır. Elektromioqrafiya və modelləşdirmə göstərir ki, 45° fleksiya boyun nahiyəsində sıxılma (kompressiya) qüvvəsini təqribən iki dəfə, yuxarı boyun nahiyəsində isə ön-arxa kəsmə qüvvəsini dörd dəfə artırır.
Qısamüddətli təsirlərə aiddir: boyun və çiyin əzələlərinin həddindən artıq gərginliyi, yorğunluq və ağrı; əzələ balansının pozulması, xüsusilə bəzi əzələlərin (məsələn, yuxarı trapesiyaya bitişik qrup) həddən artıq yüklənməsi.
Uzunmüddətli təsirlərə aiddir: başın irəli meyli, çiyinlərin yuvarlaqlaşması və boyun əzələlərində xroniki gərginliyin formalaşması; uşaq və yeniyetmələrdə bu vəziyyət boyun ağrısı və diskomfortdan tutmuş, disk yırtığı və onurğanın boyun hissəsinin degenerativ diski xəstəliyinə qədər bir sıra əlamətlərlə nəticələnə bilər;
Başın uzun müddət aşağı əyilməsi həmçinin, boyunda yerləşən qan damarları və sinirlərin sıxılması səbəbindən başın qan təchizatının və innervasiyasının pisləşməsinə gətirib çıxarır. Bu isə öz növbəsində məktəblilərin zehni işqabiliyyətinə və başda yerləşən orqanların (görmə, eşitmə, beyin) funksional imkanlarına mənfi təsir edir. Uzunmüddətli perspektivdə xüsusilə görmə ilə əlaqəli problemlərin (miopiyaların) yaranmasına səbəb olur, koqnitiv funksiyalar pisləşir, zehni işqabiliyyəti aşağı olur.
Parta və stulların boya uyğunlaşdırılması qamət problemlərinin qarşısının alınmasında rol oynayırmı?
-Bəli, bu, əvəzolunmaz, lakin təkbaşına yetərli olmayan profilaktik şərtdir. Elmi ədəbiyyat göstərir ki, mebelin uşaq antropometriyasına uyğunsuzluğu məcburi (qeyri-fizioloji) oturma vəziyyətləri və onunla bağlı dayaq-hərəkət problemi zəncirini işə salır; digər tərəfdən, qamət sağlamlığı həm də oturma vərdişləri, fiziki aktivlik və digər amillərdən asılıdır. Məktəb mebeli ilə bağlı uyğunsuzluq sanitariya-gigiyena baxımından risk amili kimi tanınır: daxili məktəb mühitinin keyfiyyətinin sanitar qanunvericiliyin tələblərinə uyğun gəlməməsi şagirdlərdə somatik patologiyanın formalaşması amillərindən biri kimi qeyd olunur, dayaq-hərəkət sistemi xəstəlikləri isə məktəblilərdə xroniki patologiyanın strukturunda aparıcı mövqelərdən birini tutur.
Qamət pozulmalarının profilaktikası məhz məktəb tibb işçilərinin funksional vəzifələrinə daxildir: tədris ilinin əvvəlində mebelin boya uyğunluğuna nəzarət, uşaqlara düzgün oturma qaydalarının öyrədilməsi və valideynlərlə mütəmadi profilaktik iş. Elmi tədqiqatlarda sağlamlıq qoruyucu texnologiyaların kompleks tətbiq olunduğu məktəblərdə ətraf mühit amillərinin şagird sağlamlığına zərərli təsirinin daha az ifadə olunduğu göstərilib: şagird mebelinə irəli sürülən tələblər də bu kompleksin tərkib hissəsidir. Uşaqların böyüməsi ilə mütəmadi yenilənən erqonomik nəzarət və digər risk amillərinin (çanta ağırlığı, cihaz istifadəsi, fiziki fəallıq, düzgün qidalanma və s.) birgə idarə olunması sağlamlıq üçün daha effektiv olur.




