Silikon vadisinin nəhənglərində maraq yaradan DP tələbəsi:  “Ən böyük təcrübəm uğursuzluqlarım olub” 

17 Sentyabr, 2026 - 15:11
Silikon vadisinin nəhənglərində maraq yaradan DP tələbəsi: 

Bu gün tələbələrin startap qurması artıq qeyri-adi səslənməsə də, həmin ideyanın texnologiya nəhənglərinin diqqətini cəlb etməsi tamam başqa hekayədir. Texnologiyanın işıq sürəti ilə dəyişdiyi dövrdə gələcəyi kənardan izləmək kifayət etmir, onu yazanlardan biri olmaq lazımdır. Məhz bu cəsarəti nümayiş etdirən Dövlət Proqramı təqaüdçüsü Tuncay Seyidəlinin təsis etdiyi “Mnemoria” startapı “Claude” modelinin yaradıcısı “Anthropic” şirkətinin “Claude for Startups” proqramına qəbul edilərək böyük bir uğura imza atıb.

“İndiki düşüncə tərzimin formalaşmasında həmin uğursuzluqlar böyük rol oynayıb”

– Tuncay bəy, əvvəlcə sizi yaxından tanıyaq. Bu gün Silikon vadisinin nəhənglərinin diqqətini çəkən bir gəncin məktəb illəri necə keçib?

– Orta təhsilimi Bakı Modern Təhsil Kompleksində almışam. Məktəb illərində bir sıra respublika və beynəlxalq olimpiadalarda dərəcələr qazansam da, həmin dövrdən mənim üçün ən yaddaqalan təcrübələr, qəribə də olsa, uğursuz layihə cəhdlərim olub. Bu gün əminliklə deyə bilərəm ki, indiki düşüncə tərzimin formalaşmasında məhz həmin uğursuzluqlar ən böyük rol oynayıb.

– Maraqlıdır, adətən hər kəs uğurlarından qürurla danışar, siz isə ilk növbədə uğursuzluqlarınızı xatırlayırsınız... Bəs kompüter elmlərinə gəlişiniz necə oldu? Hazırda harada təhsil alırsınız?

– Hazırda Böyük Britaniyanın London Kral Kollecində “Kompüter elmləri” ixtisası üzrə sonuncu kursda təhsil alıram. Bir məqamı gizlətmək istəmirəm: bu ixtisası seçən bir çox insandan fərqli olaraq, mənim üçün ilkin motivasiya sadəcə bu sahənin vəd etdiyi real imkanlar və gələcək perspektivlər idi. Lakin burada təhsilə başladıqdan sonra bu münasibətim köklü şəkildə dəyişdi.

– Sizi bu sahəyə sadəcə “gələcəyin peşəsi” kimi deyil, ona daha dərin, intellektual formada bağlanmağa vadar edən nə oldu?

– Bu dönüm nöqtəsinin başlanğıcı Alan Türinqin işləri ilə yaxından tanış olmağım oldu. Türinq maşını konsepsiyasının sadə və mücərrəd bir hesablama modelinin, nəzəri olaraq, hesablana bilən istənilən problemi ifadə edə bilməsini göstərməsi məndə böyük maraq yaratmışdı. Beləliklə, kompüter elmlərinə tamam başqa prizmadan baxmağa başladım. Anladım ki, bu sahə sadəcə kod yazmaqdan ibarət deyi. Dünyanı riyazi və sistemli şəkildə modelləşdirmək, mürəkkəb problemləri müəyyən qaydalar və strukturlar vasitəsilə dərk etmək fəlsəfəsidir. Həmin andan etibarən bu sahəyə marağım sadəcə peşə perspektivindən deyil, intellektual maraq baxımından da formalaşmağa başladı.

– Bakıdakı məktəb mühitindən sonra Böyük Britaniyanın akademik atmosferinə düşmək sizə nə qazandırdı? Xaricdəki təhsil mühiti düşüncə tərzinizdə nələri dəyişdi?

– Məktəb illərində, əsasən, “düzgün cavabı tapmaq” psixologiyasına köklənmişdim. Olimpiada mühiti də müəyyən mənada belədir: sizə bir sual verilir və işiniz həmin problemi mümkün qədər düzgün, səmərəli şəkildə həll etməkdir. London Kral Kollecində isə tədricən anladım ki, məsələ hər zaman cavabı tapmaqda deyil. Bəzən əsas mahiyyət ümumiyyətlə hansı sualın soruşulmağa dəyər olduğunu müəyyən etməkdir. Bu, ilk baxışdan kiçik bir detal kimi görünə bilər, amma həm tədqiqat, həm də sıfırdan yeni məhsul yaratmaq bacarığı məhz bu təməl üzərində qurulur.

“Bilmədiyini qəbul etmək yeni bir şey öyrənməyin və yaratmağın başlanğıc nöqtəsidir”

– Professorların auditoriyadakı davranışı və tədris metodu bəs? Bu mühitdə sizi ən çox nə təəccübləndirdi?

– Seminarlarda professorun auditoriya qarşısında tam rahatlıqla “bunun cavabını mən də bilmirəm, gəlin birlikdə araşdıraq” deməsi burada tamamilə təbii qarşılanır. Bu yanaşma məndə uzun müddət formalaşmış bir düşüncəni dəyişdi: bilməmək nöqsan deyil. Bəzən bilmədiyini qəbul etmək yeni bir şey öyrənməyin və yaratmağın başlanğıc nöqtəsidir. “Mnemoria” kimi bir layihəyə başlamaq üçün də, düşünürəm ki, əvvəlcə bu qorxudan müəyyən qədər azad olmaq lazımdır. Çünki yeni bir şey qurmaq, əslində, günün böyük hissəsini hələ tam bilmədiyiniz problemlər və suallar üzərində işləmək deməkdir.

– Bəs Azərbaycanda aldığınız təhsilin bu prosesdə sizə dəstəyi oldumu, yoxsa hər şey sıfırdan başladı?

– Bir məqamı xüsusi vurğulamalıyam: Azərbaycanda aldığım riyazi və analitik hazırlıq mənim üçün əvəzolunmazdır. Məktəb və olimpiada illərində mənimsədiyim fundamental biliklər burada mənə ciddi üstünlük verdi. İşinin peşəkarı olan müəllimlərim olub və bu baxımdan özümü çox şanslı sayıram.

“Beynəlxalq mühitdə hər bir davranışınız təmsil etdiyiniz ölkə haqqında təsəvvür formalaşdırır”

– London kimi beynəlxalq meqapolisdə yaşamaq və oxumaq təkcə akademik deyil, yəqin ki, şəxsi məsuliyyəti də artırır...

– Bəli, xaricdə təhsil almağın mənim üçün ən gözlənilməz tərəfi insanın özünə kənardan baxa bilmək qabiliyyəti oldu. Siz artıq sadəcə fərdi tələbə kimi çıxış etmirsiniz. Beynəlxalq mühitdə hər bir davranışınızın, uğurunuzun və ya səhvinizin təmsil etdiyiniz ölkə haqqında təsəvvür formalaşdırdığını hiss edirsiniz. Bu da insanı istər-istəməz daha diqqətli və məsuliyyətli edir.

– Keçək əsas mövzumuza. Süni intellekt dünyasında özünə yer tapan “Mnemoria” ideyası necə yarandı? Hansı boşluğu gördünüz ki, bu layihəni yaratmaq qərarına gəldiniz?

– “Mnemoria” ideyası uzun müddət apardığım bir müşahidədən doğdu. Süni intellekt sistemlərinin inkişafını izləyərkən gördüm ki, onlar gündən-günə daha ağıllı və bacarıqlı olsalar da, insanla münasibətləri təməldə hələ də müəyyən qədər səthi qalır. Bir çox halda hər yeni dialoq sıfırdan başlayır. Sistem sizə cavab verir, lakin sizi zaman daxilində formalaşan bir fərd kimi tam şəkildə tanımır.

Bu məqam məni daha dərin bir sual üzərində düşündürdü: əgər süni intellekt insan zəkasına yaxınlaşırsa və ya iddia edildiyi kimi hətta ötüb keçirsə, niyə insan intellektinin ən fundamental xüsusiyyətlərindən biri olan davamlı yaddaş və zamanla dərinləşən anlayış bu münasibətin mərkəzində yer almır? İnsan zəkasını fərqləndirən əsas cəhət təkcə məlumatı emal etmək deyil. İnsan keçmiş təcrübələrini zaman daxilində əlaqələndirir, onlara yeni mənalar yükləyir və nəticələr çıxarır. İnanıram ki, gələcəyin süni intellekt sistemləri də məhz bu istiqamətdə inkişaf etməlidir.

– Oxucularımızın gözündə canlanması üçün soruşuram: “Mnemoria”nı sıravi istifadəçiyə necə izah edərdiniz? Onu digər süni intellekt alətlərindən ayıran əsas fərq nədir?

– “Mnemoria” sizinlə danışan, sizi zaman keçdikcə daha yaxşı tanıyan və bu tanışlığa söykənərək dürüst, kontekstə uyğun rəy verə bilən bir süni intellekt sistemidir. O, sadəcə verdiyiniz suala cavab verməyə çalışmır, sizin kim olduğunuzu, zamanla necə dəyişdiyinizi, müxtəlif qərarlarınız arasındakı gizli əlaqələri anlamağa çalışır və bu müşahidələrini sizinlə bölüşür. Onu digər süni intellekt alətlərindən fərqləndirən əsas xüsusiyyət də budur. Mövcud sistemlər sizin əvvəl dediyiniz müəyyən faktları xatırlaya bilər, lakin çox vaxt bu məlumat sadəcə yaddaşdan tapılıb yenidən təqdim olunur. “Mnemoria” isə həmin məlumatları zaman içində bir-biri ilə əlaqələndirərək sizin haqqınızda davamlı və inkişaf edən bir anlayış formalaşdırmağa çalışır. Bu anlayış bəzən sizin özünüzün belə dərhal fərq etmədiyiniz bir ziddiyyəti, davranış modelini və ya zaman içində dəyişən fikrinizi üzə çıxara bilər. Mənim üçün əsas fərq də budur. Bu, sadəcə məlumat saxlamaq deyil, insanı zaman içində həqiqətən tanımağa çalışmaqdır. Düşünürəm ki, gələcək süni intellekt sistemlərinin inkişaf istiqamətlərindən biri məhz bu olacaq.

– Möhtəşəm xəbər odur ki, “Mnemoria” “Anthropic”in “Claude for Startups” proqramına qəbul olunub. Bu uğur sizin üçün nə ifadə edir?

– Silikon vadisində məşhur bir  fikir var: “Fikirlər  ucuzdur, icra isə bahalı”. “Mnemoria”nın “Anthropic”in “Claude for Startups” proqramına seçilməsi mənim üçün bu fikrin təsdiqi oldu. Bu, sadəcə bir ideyanın varlığının deyil, həmin ideyanı real və işləyən bir sistemə çevirmək bacarığının beynəlxalq səviyyədə tanınması deməkdir.

– Bəs bu proqram praktiki olaraq “Mnemoria”ya nə qazandıracaq? “Anthropic”lə əməkdaşlıq sizə hansı qapıları açır?

– “Mnemoria” Claude API üzərində qurulub. Sadə desək, API bu məhsulun “Claude” süni intellekt modelindən öz sisteminin daxilində istifadə etməsinə imkan verən bir bağlantıdır. Yəni istifadəçi “Mnemoria” ilə danışanda arxa planda “Claude”un texnologiyası işləyir. “Claude for Startups” proqramının ən böyük üstünlükləri isə müəyyən müddətdən sonra limitsiz API istifadəsi imkanı və “Anthropic”in, yəni “Claude”un təsisçisi olan şirkətin startap birliyinə qoşularaq digər təsisçilərlə təcrübə bölüşmək, şəbəkə qurmaq şansıdır.

Amma açıq deyim: bu, yekun nəticə deyil, yalnız start nöqtəsidir. Hazırda “Mnemoria” hələ erkən inkişaf mərhələsindədir. Real istifadəçi təcrübəsi əsasında sınaqdan keçir, öyrənir və təkmilləşir.

“Startap qurmaq insanı real dünya ilə birbaşa təmasda olmağa məcbur edir”

– Çox gənc yaşda qlobal arenada startap qurmaq, dünya nəhəngləri ilə eyni masada oturmaq necə hissdir? Kənardan çox cəlbedici görünür, bəs daxildə vəziyyət necədir?

– Bu proses kənardan göründüyü qədər romantik deyil. Çox vaxt gecə saatlarında təkbaşına mürəkkəb bir texniki problemi həll etməyə çalışmaq, səhər universitetə tələsmək və məhsulunuz hələ geniş tanınmadığı halda ona inanmağa davam etmək deməkdir. Amma məni ən çox həyəcanlandıran da elə bu prosesdir. Çünki startap qurmaq insanı çox sürətli öyrənməyə və real dünya ilə birbaşa təmasda olmağa məcbur edir. Bu təcrübəni, məncə, heç bir dərslik və ya nəzəri təhsil tam şəkildə əvəz edə bilməz.

– İndi qarşıda hansı mərhələlər dayanır? “Mnemoria”nın və Tuncayın yol xəritəsində nə var?

– Gələcəyə baxışımı üç əsas xətt üzrə müəyyənləşdirmişəm. Birincisi, doğru insanlardan ibarət güclü komanda qurmaqdır. Xüsusilə istərdim ki, bu komanda əsasən gənc azərbaycanlılardan formalaşsın. Çünki bunu artıq təkcə öz layihəm deyil, ölkəmizin gənclərinin birgə uğuru kimi görmək istəyirəm.

İkincisi, layihəni real investisiya səviyyəsinə çatdırmaq üçün həm texniki, həm də biznes modelini mükəmməlləşdirməkdir. Üçüncüsü isə “Mnemoria”nı yalnız kommersiya məhsulu kimi deyil, eyni zamanda akademik tədqiqat layihəsi kimi inkişaf etdirməkdir. Çünki onun arxasında süni intellekt təhlükəsizliyi ilə bağlı fundamental bir sual dayanır: sistem zaman keçdikcə fərdə daha çox uyğunlaşdıqca, onun mənfi davranış və ya düşüncə qəliblərini gücləndirmək riski yarana bilərmi? Mən bu sualı gələcəkdə süni intellekt sahəsində daha ciddi tədqiqat aparmaq istəyən biri kimi də araşdırmaq niyyətindəyəm.

“Dövlət Proqramı Azərbaycanın gələcəyi üçün ən böyük insan kapitalı təşəbbüslərindən biridir”

– Bu böyük addımlarda Dövlət Proqramı təqaüdçüsü olmağınızın rolunu necə dəyərləndirirsiniz? Proqramın sizə verdiyi ən böyük üstünlük nə oldu?

– Dövlət Proqramının verdiyi ən böyük üstünlük yalnız xaricdə təhsil almaq imkanından ibarət deyil. Əlbəttə, dünyanın aparıcı universitetlərində təhsil almaq və bunun üçün dövlət tərəfindən dəstəklənmək çox böyük imkandır. Amma məncə, proqramın daha dərin və uzunmüddətli təsiri başqadır.

Dövlət Proqramı dünyanın müxtəlif ölkələrində və müxtəlif sahələrdə təhsil alan gənc azərbaycanlılardan ibarət böyük bir icma formalaşdırır. Mən bunu Azərbaycanın gələcəyi üçün ən böyük insan kapitalı təşəbbüslərindən biri kimi görürəm. Bu gün həmin gənclər dünyanın ən yaxşı təhsil müəssisələrində müxtəlif sahələr üzrə təcrübə qazanırlar. Amma bizi birləşdirən əsas məqam hamımızın gələcəkdə əldə etdiyimiz bilik və təcrübələri Azərbaycanın inkişafına yönəltmə potensialımızdır.

Bunu Londonda xüsusilə yaxından hiss etmişəm. Dövlət Proqramı tərəfindən Azərbaycanın Londondakı Səfirliyində keçirilən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyinin iştirakı ilə təşkil olunan bir tədbirə dəvət almışdım. Həmin tədbirdə müxtəlif sahələrdə çalışan mütəxəssislər, texnologiya tələbələri və startap təsisçiləri ilə tanış oldum. Bu tip görüşlər, fərqli düşüncə tərzləri və haqqında öyrəndiyim təşəbbüslər sonrakı dövrdə  ideyalarımın formalaşmasına ciddi təsir göstərdi. “Mnemoria” üzərində düşünərkən və onu inkişaf etdirərkən də həmin mühitdən əldə etdiyim perspektivlərin rolunu hiss etmişəm. Bu mənada Dövlət Proqramını yalnız təqaüd dəstəyi kimi görmək düzgün olmaz. Bu, Azərbaycan gənclərinin erkən yaşlardan böyük bir gələcək strategiyasının fərdləri olması deməkdir.

– Süni intellekt çox sürətlə inkişaf edir. Sizcə, yaxın gələcəkdə süni intellekt insanların gündəlik həyatında hansı rolu oynayacaq və “Mnemoria” bu gələcəyin hansı hissəsində yer ala bilər?

– Hazırda süni intellektin inkişafında yeni bir mərhələnin astanasındayıq. İndiyədək əsas fokus sistemlərin “daha ağıllı” olmasına yönəlmişdi: daha çox bilən, mürəkkəb məsələləri həll edən modellər yaratmaq.

Mən isə inanıram ki, növbəti böyük inkişaf mərhələsi təkcə zəka ilə bağlı olmayacaq. Bu mərhələ daha çox davamlılıq və fərdiləşdirmə ilə əlaqəli olacaq. Yəni bir sistemin insanı illərlə tanıması, onun necə dəyişdiyini görməsi və zamanla formalaşan bu münasibətin süni intellektin davranışına və faydalılığına təsir etməsi.

“Mnemoria” məhz bu konsepsiya üzərində qurulub. Mən süni intellekti sadəcə bir tapşırığı icra edən soyuq bir alət kimi deyil, zaman keçdikcə insanla birlikdə inkişaf edən davamlı bir yoldaş kimi görürəm. Gələcəkdə ən dəyərli süni intellekt sistemləri yalnız ən böyük və nəhəng modellər olmayacaq. İstifadəçini uzun müddət ərzində anlayan, konteksti qoruyan və dəyişiklikləri analiz edə bilən sistemlər ön plana çıxacaq. “Mnemoria”nı da məhz bu intellektual arxitekturanı quran ilk konkret nümunələrdən birinə çevirməyi planlaşdırırıq.

– Şəxsi karyeranız və layihələriniz baxımından yaxın gələcək üçün konkret planlarınız nələrdir?

– Yaxın illərdə ilk məqsədim bakalavr təhsilimi uğurla başa vurub magistraturaya daxil olmaq və “Mnemoria”nı insanların gündəlik istifadə etdiyi, real dəyər yaradan bir tətbiqə çevirməkdir.

Uzunmüddətli perspektivdə isə beynəlxalq təcrübəmi tamamlayıb Azərbaycana qayıtmaq niyyətindəyəm. Bunun səbəbi sadəcə emosional bağlılıq deyil. Ölkəmizdə texnologiya sahəsində konkret və strateji bir inkişaf görünür. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təşəbbüslər və insan kapitalına qoyulan investisiyalar Azərbaycanın regionun texnologiya mərkəzinə çevriləcəyinə böyük inam yaradır. Məsələn, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” bu sahəni birbaşa dövlət prioritetinə çevirir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyəti, INMerge kimi qlobal platformalar bu dinamikanın real sübutudur.

– Şəhərimiz Bakı üçün də maraqlı bir ideyanızın olduğunu eşitmişdim. Sirr deyilsə, nədir o plan?

– Bəli, özümü infrastruktur texnologiyaları sahəsində sınamaq istəyirəm. Yaxın gələcək üçün planlarımdan biri Bakıda müxtəlif yerlərdə təhsil alan texnologiya tələbələrindən ibarət könüllü bir komanda formalaşdıraraq şəhərimiz üçün davamlı texnoloji həllər üzərində işləməkdir. Məncə, texnologiyanın ən maraqlı tərəfi yalnız gələcəyin məhsullarını yaratmaq deyil, yaşadığımız şəhərin bu gün qarşılaşdığı çətinlikləri də həll edə bilməkdir.

“Özünüzü hazır hiss etməyi gözləməyin”

– Tuncay bəy, sonda xaricdə təhsil almaq, texnologiya dünyasında öz sözünü demək və beynəlxalq səviyyədə özünü sınamaq istəyən azərbaycanlı gənclərə nə demək istərdiniz?

– İstərdim ki, bu cavabım gənclər tərəfindən konkret bir məsləhətdən daha çox öz təcrübəmdən çıxardığım bir dərs kimi qəbul edilsin. Böyük naliyyətlər əldə etmək üçün özünüzü həmin mühitə hazır hiss etməyiniz vacib deyil.
Çox vaxt insanın qarşısındakı əsas maneə imkanın olmaması deyil, həmin imkanı özünə uyğun görməməsi və ilk addımı ata bilməməsidir. Həqiqətən, ilk addım çox zaman ən çətinidir. Dünyanın müxtəlif yerlərində çox mühüm işlər görən insanlara baxanda onların əksəriyyətinin də bir vaxtlar ilk layihəsini yazdığını, ilk müraciətini etdiyini və ilk dəfə “mən bunu bacara bilərəmmi?” sualını verdiyini görürsünüz.

Dövlət Proqramının yaratdığı imkanlardan yararlanan gənclərə isə mənim ən böyük tövsiyəm bu olardı: xaricdə olarkən sadəcə diplom almağa çalışmayın. Orada gördüyünüz insanları, yanaşmaları, texnologiyaları və işləmə mədəniyyətini müşahidə edin. Beynəlxalq müsabiqələrə, tədqiqatlara, konfranslara, təcrübə proqramlarına və müxtəlif icmalara müraciət edin. Çünki məncə, xaricdə təhsilin ən böyük dəyəri yalnız universitetin verdiyi bilik deyil, sizə başqa cür düşünməyi öyrədən mühitdir.

Mən gənc azərbaycanlıların dünyanın ən güclü universitetlərində, şirkətlərində və texnologiya ekosistemlərində daha çox görünməsini arzulayıram. Əgər bir gənc bu müsahibədən yalnız bir fikir götürsə, istərdim ki, bu olsun: Özünüzü hazır hiss etməyi gözləməyin. İlk addımı atın və yol sizi lazım olan yerə aparacaq.