“Elə düşünməyin ki, elmdən pul qazanmaq olmaz” – Xaricdə çalışan azərbaycanlı alim

20 Avqust, 2026 - 15:13
“Elə düşünməyin ki, elmdən pul qazanmaq olmaz”

Alimin elmə verdiyi töhfə yalnız apardığı tədqiqatlarla ölçülmür. Onun əsl irsi yetişdirdiyi, elmə qazandırdığı yeni nəsillərdə yaşamağa davam edir. Azərbaycan elminin sərhədləri aşaraq dünyada tanınmasına öz töhfələrini vermiş görkəmli alimlərimizdən danışarkən hazırda Türkiyədə yaşayan, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, bu günlərdə 80 yaşı tamam olan fizika-riyaziyyat elmləri doktoru, professor Əmirullah Məmmədovun adını böyük fəxarətlə çəkə bilərik.

Yubilyar alimin elmi irsi və çoxillik fəaliyyəti Azərbaycan elminin inkişafında, eləcə də ölkənin tərəqqisinə xidmət edən yeni elmi nəslin yetişdirilməsində öz əksini tapır. Professor Əmirullah Məmmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində universitetlərimizin inkişaf yolundan, mütəxəssis hazırlığından, gənc alimlərin yetişdirilməsindən və gənclərə tövsiyələrindən danışdı.

 "Heç zaman ölkəmlə, Vətənimlə əlaqələrimi kəsməmişəm"

– Uzun illərdir ki, Türkiyədə yaşayıb fəaliyyət göstərirsiniz. Azərbaycan universitetləri ilə əlaqələriniz barədə nə deyərdiniz? Bu əlaqələr əsasən hansı istiqamətlərdə qurulub?

– Bildiyiniz kimi, mən 50 ilə yaxındır ki, xaricdə yaşayan azərbaycanlı elm adamıyam. Son 35 ildə isə Türkiyədə yaşayıram və çalışıram. Uzun illər Çukurova Universitetinin (Adana) ədəbiyyat və mühəndislik fakültələrində çalışdım, daha sonra təqaüdə çıxdım. Son 15 ildir ki, Bilkənd Universitetinin Nanotexnologiyalar Tədqiqat Mərkəzində fəaliyyətimi davam etdirirəm. Dövlət universitetlərində və ümumiyyətlə, dövlət sektorunda çalışanlar 65 yaşında təqaüdə çıxmalıdırlar. Ona görə də fəaliyyətimi özəl universitet olan Bilkənd Universitetində davam etdirməyə qərar verdim. Əvvəllər də oradan təkliflər alırdım və son təklifi qəbul etdim.

Uzun illər xaricdə yaşamağıma və çalışmağıma baxmayaraq, mən heç zaman ölkəmlə, Vətənimlə əlaqələrimi kəsməmişəm. Yaşadığım ölkələrdə Azərbaycan həqiqətlərini müxtəlif cəmiyyətlərə və topluluqlara anlatmağa çalışmışam. Eyni zamanda həm doğma Bakı Dövlət Universiteti, həm digər ali məktəblərlə, həm də Elmlər Akademiyamızın müvafiq institutları ilə müxtəlif elmi tədqiqatlar aparmış, müştərək məqalələr dərc etdirmiş və beynəlxalq elmi konfranslarda Azərbaycan elmini layiqincə təmsil etmişəm.

2000-ci illərin əvvəllərində dünya universitetləri sıralamasında Azərbaycan universitetləri olduqca geridə idi. Mən həm Təhsil Nazirliyi, həm də BDU rəhbərliyi ilə görüşərək bir təklif verdim. BDU nəzdində virtual elmi tədqiqat mərkəzi yaratdıq. Bu mərkəzin üzvləri – əvvəllər BDU-dan məzun olmuş və ya BDU-da çalışmış, hazırda isə xaricdə yaşayan və fəaliyyət göstərən alimlər – elmi tədqiqatlarının nəticələrini dünyada tanınan və oxunan jurnallarda dərc etdikləri zaman iş yerləri sırasında BDU-nun da adını göstərəcəkdilər. Beləliklə, dünya elmi ictimaiyyəti həm elmi məqalələrin sayı, həm də həmin məqalələrə verilən istinadlar vasitəsilə BDU haqqında məlumat əldə edəcəkdi.

Elmi Mərkəzin internet səhifəsində (International Scientific Center of BSU) Azərbaycan problemləri və iqtisadiyyatı, təbiəti və insanları, Qarabağ savaşı və Azərbaycanın haqq mübarizəsi, Ermənistan-Azərbaycan münaqişəsi və digər məsələlərlə bağlı informasiyalara yer verməyə qərar verdik. Bütün bunlar 7–8 il sonra öz bəhrəsini verməyə başladı.

Azərbaycan Texniki Universiteti, UNEC və digər ali məktəblərlə də bənzər işlər həyata keçirməyə çalışdıq və bu universitetləri təşviq etmək üçün yollar axtarmağa başladıq. Bundan əlavə, həm BDU-da, həm də AzTU-da elmin aktual problemlərinə dair məruzələrlə çıxış etdim, tələbələrlə müxtəlif görüşlər keçirdim. Bu görüşlər həm onlayn, həm də əyani formatda oldu.

Tələbələrimizi həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyəsində Türkiyədəki universitetlərdə təhsil almağa dəvət etdim. Onlara hansı kriteriya və tələblər yerinə yetirildiyi təqdirdə Bilkənd Universitetində ödənişsiz və Bilkənd təqaüdü hesabına təhsil ala biləcəkləri barədə məlumat verdim və onları təşviq etdim. Gənclərə həm dünya, həm də Azərbaycan iqtisadiyyatının hansı ixtisaslara daha çox ehtiyac duyduğunu sadə dillə anlatmağa çalışdım. Eyni zamanda Türkiyədə oxuyan azərbaycanlı tələbələrimizə dəstək olaraq onları müxtəlif sahələrə yönləndirdim.

– Türkiyədəki Azərbaycanlı Alimlər Birliyinə (Azərbaycan Bilim İnsanları Dərnəyi – ABİD) rəhbərlik edirsiniz. Birliyin fəaliyyəti və qardaş ölkədə azərbaycanlı alimlərin koordinasiyası barədə nə deyərdiniz?

– Əslində, Türkiyədə çalışan azərbaycanlı alimlərin problemlərini üç sinfə ayırmaq mümkündür: hüquqi problemlər, təqaüdə çıxma və təzminat məsələlərinin həlli, bir vaxtlar SSRİ-də alınmış müxtəlif diplomların ekvivalentliyinin tanınması.
Biz ABİD olaraq bu məsələlərin həllində həm hüquqi yolları göstəririk, həm də Azərbaycanın Ankaradakı səfirliyinin və təhsil müşavirinin köməyi ilə Türkiyə Ali Təhsil Şurasında (YÖK) bu məsələlərin həllinə nail olmağa çalışırıq.

Bundan əlavə, Azərbaycandan gələn istedadlı gənclər üçün elmi rəhbərlərin tövsiyə edilməsi, Türkiyədə müvafiq ixtisaslar üzrə ən yaxşı müəllimlərlə görüşdürülməsi istiqamətində çalışırıq və bu işi davamlı şəkildə həyata keçiririk. Eyni zamanda istedadlı tələbələrə imkanlarımız daxilində təqaüd veririk.

Bu il ehtiyacı olan iki istedadlı tələbəyə – biri bakalavr, tibb ixtisası üzrə, digəri isə magistratura səviyyəsində təhsil alan tələbəyə təqaüd verdik. Sentyabr ayında yay imtahan sessiyasının nəticələrinə və ailə vəziyyətinə görə bu məsələni bir daha nəzərdən keçirəcəyik. Bizim iki kriteriyamız var: dərslərdə uğurlu olmaq və Türkiyə üzrə ilk 10 universitetdən birinin tələbəsi olmaq.

– İki ölkə arasındakı akademik və elmi əlaqələrin gücləndirilməsi, elm adamları arasında ortaq layihələrin və elmi mübadilənin qurulması, gənc tədqiqatçılara dəstək göstərilməsi barədə nə deyərdiniz?

– Bildiyiniz kimi, həm Azərbaycanda, həm də Türkiyədə TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) və digər elmi fondlar elmi tədqiqat işlərinə maliyyə dəstəyi verir. Bu proqramları hər iki ölkədə tanıdaraq azərbaycanlı istedadlı gənclərin Türkiyədə, istedadlı türk gənclərinin isə Azərbaycanda elmi tədqiqatlarda fəal iştirakını təmin etməyə və təbliğ etməyə çalışırıq. 
 Bu cür işlərdə ən böyük problem istedadlı gəncləri doğru elmi mərkəzlərə yönləndirmək və onları tanınmış elm adamları ilə görüşdürməkdir. Gənclərimizin böyük hissəsi İstanbuldan kənardakı universitetlərdən və TÜBİTAK-ın elmi mərkəzlərindən, oradakı mövcud imkanlardan kifayət qədər xəbərsizdir. Hamı yalnız İstanbul universitetlərində təcrübə keçmək və işləmək istəyir. Amma sonradan bu şəhərdə həyatın həm çox bahalı, həm də olduqca çətin olduğunu görür və işdən soyumağa başlayırlar.

"İslahatlar elm və təhsilimizin inkişafı ilə bağlı ümidlərimizi artırıb"

– Ölkəmizdə elmin gələcək inkişafı ilə bağlı təklif və tövsiyələrinizi eşitmək istərdik.

– Sovet İttifaqının dağılması ilə ölkəmizin təhsil sistemi də olduqca böyük geriləmə yaşadı, ancaq son 15 ildə inkişaf yoluna keçə bildi. Əvvəlki elmi əlaqələrin yox olması, iqtisadiyyatın çökməsi kimi amillərin təhsilimizə təsir etməməsi mümkün idimi? Dəyərli elm adamlarımızın müxtəlif ölkələrə köçməsi və həyatlarını xaricdə davam etdirməsi də təhsilimizə zərbə vurmuşdu. Bunların yanında təhsil islahatlarının gerçəkləşməməsi və bir çox digər amillərin bir araya gəlməsi həm təhsilin, həm də elmin inkişafına mənfi təsir göstərmişdir.

Son zamanlarda isə həm Milli Elmlər Akademiyasında, həm də ali təhsil müəssisələrində baş verən dəyişikliklər və həyata keçirilən islahatlar elm və təhsilimizin inkişafı ilə bağlı ümidlərimizi artırıb. Bu islahatlar sayəsində elmə ayrılan maliyyə və dövlət dəstəyi, yeni və yüksək texnologiyaların ölkəmizdə tətbiq olunması, yeni ixtisasların gündəmə gəlməsi və bu sahələrdə yeni kadrların hazırlanması üçün atılan addımları müsbət dəyərləndirirəm.

Amma bu işləri köhnə qaydalarla etmək olmaz. Yeni mütəxəssislərə və universitetlərimizdə dərs verəcək yeni düşüncəli alimlərə ehtiyac var. Bu, bizim ən böyük məsuliyyətimizdir. Bu məsələyə lazımi diqqət ayrılmalıdır. Düşünün, ali təhsil ocaqlarında çalışan professor-müəllim heyətinin orta yaşı 60 və ondan yuxarıdır. Gəncləri ali təhsilə və elmə cəlb etmək üçün onlara lazımi dəstəyi vermək lazımdır.

"Elmi-tədqiqat institutlarında müxtəlif universitetlər üçün kafedralar yaradılmalıdır" 

– Gəncləri elmə necə cəlb etmək barədə təklifləriniz varmı?

– Mən istər Azərbaycan Texniki Universitetinin, istər Bakı Dövlət Universitetinin, istərsə də digər Azərbaycan universitetlərinin rektorları ilə sıx əlaqə saxlayıram. Mən Azərbaycan ali təhsil müəssisələrinə belə bir təklif verdim: dedim ki, siz əvvəlcə müxtəlif ixtisaslar üzrə – deyək ki, fizika, riyaziyyat, kimya, kompüter mühəndisliyi, elektronika, müdafiə sənayesi və digər oxşar sahələr üzrə – mütəxəssis hazırlayan universitetlərin məzunları arasından ən yaxşı 7–8 nəfəri seçin.

Biz 2–3 nəfər nümayəndə ilə Bilkənd Universitetindən Bakıya gələcəyik və seçdiyiniz məzunlarla imtahan deyil, müsahibə aparacağıq. Bizim iki seçim kriteriyamız var. Birincisi, onlar ingilis dilini TOEFL, IELTS və ya başqa bir proqram üzrə müəyyən səviyyədə bilməlidirlər. Bu, ona görə lazımdır ki, sonra Türkiyəyə gəlib təhsil aldıqları zaman yenidən xarici dil dərslərinə getməsinlər. İkincisi isə məzun olduqda orta müvəffəqiyyət balının 4 ballıq sistem üzrə 3-dən yüksək olmasıdır. Onları Türkiyəyə gətirib burada magistratura və doktoranturada oxudacağıq. Onların bütün xərclərini biz ödəyəcəyik, hətta onlar 500–600 avro və ya dollar həcmində təqaüd də alacaqlar. Burada təhsillərini başa vurduqdan sonra isə Bakıya dönəcəklər. Mən bu təklifi pandemiyadan əvvəl də, sonra da vermişəm, hələlik isə mənə heç bir universitetdən cavab gəlməyib.

Mən bu məsələləri Elm və Təhsil Nazirliyinin və onun müvafiq qurumlarının rəhbərləri ilə də müzakirə etmişəm. Bakıya gələndə cənab nazir Emin Əmrullayevlə də görüşürəm. Çox sağ olsun, hər dəfə məni qəbul edir.

– Elm və təhsilin inteqrasiyası barədə düşüncələrinizi bölüşməyinizi xahiş edirik. Bu inteqrasiya necə baş verməlidir?

– Bu suala müsbət cavab verəcəyəm. Milli Elmlər Akademiyasında və Elm və Təhsil Nazirliyində həyata keçirilən islahatlar bu yolda atılan mühüm və vacib ilk addımlardır. Məncə, bundan sonra elmi-tədqiqat institutlarında (ETİ) müxtəlif universitetlər üçün aparıcı kafedralar yaradılmalıdır. ETİ-lərdə çalışan alimlərin müasir elmi nailiyyətləri fasiləsiz olaraq bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrə çatdırılmalı, bu qurumlardakı yüksək texnologiyalarla təchiz olunmuş laboratoriyalar tələbələr üçün böyük imkanlar yaratmalıdır.

Yəni universitetlərimiz aparıcı ixtisaslar üzrə kafedralarını ETİ-lərə daşıya bilər. Məsələn, BDU-nun fizika fakültəsinin 1–2 kafedrası Fizika İnstitutunda təşkil oluna bilər. BDU-nun kimya fakültəsi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir çox ixtisasları üçün Neft-Kimya Prosesləri İnstitutunda kafedraların yaradılması da məqsədəuyğundur.

 "Hər elm sahəsində uğurlu olmaq mümkün deyil" 

– Azərbaycan elminin və təhsilinin səviyyəsini dünya səviyyəsinə çatdırmaq üçün hansı addımları atmağı vacib hesab edirsiniz?

– Hazırda ali təhsilin keyfiyyəti dünyanın hər yerində tətbiq olunan universitet-sənaye əməkdaşlığından keçir. Yəni universitetlərdə və bu universitetlərlə əməkdaşlıq edən ETİ-lərdə ölkə iqtisadiyyatımıza lazım olan layihələr üzərində çalışmaq, müxtəlif nazirliklərin və şirkətlərin maliyyə dəstəyi və sifarişi ilə elmi tədqiqatlar aparmaq və bu tədqiqatların nəticələrinin tətbiqinə nail olmaq lazımdır. Bundan əlavə, ali təhsilli mütəxəssislərimizin böyük hissəsi Azərbaycandakı universitetlərdə çalışır. O zaman bütün nazirliklər, böyük qurumlar və şirkətlər öz illik büdcələrindən müəyyən faiz vəsaiti ETN-yə ayırmalıdırlar.
 
– Ali məktəblər elmi kadrların hazırlanması sahəsində hansı işləri görməlidir?

– Bu barədə ETN və dövlətin müvafiq nazirlik və qurumları əvvəlcə ölkəmiz üçün ən vacib, prioritet elm və mühəndislik sahələrini müəyyən etməlidirlər. Daha sonra bu sahələrdəki elmi-pedaqoji potensialı təsbit etmək və ilk olaraq diqqətimizi həmin sahələrə cəmləşdirmək lazımdır. Digər elm və texnologiya sahələri isə hazırkı fəaliyyətlərini davam etdirməlidirlər.
Hər elm və texnologiya sahəsində uğurlu olmaq mümkün olmaya bilər. Elmin bütün sahələrində uğur əldə etmək üçün kifayət qədər maliyyə resursları tələb olunur. Ona görə diqqətimizi yalnız bəzi sahələrə cəmləşdirməliyik. Bütün elm sahələrinə birlikdə maliyyə dəstəyi versəniz, o zaman heç bir sahədə uğurlu ola bilməzsiniz. Konkret sahələrə yönəlmək lazımdır.

  "Zavodlar tikilir, ancaq onları işlədəcək mütəxəssislər yoxdur"

– İndi Azərbaycanda da, Türkiyədə də gənclər ali məktəbə qəbul və ixtisas seçimi qarşısındadırlar. Siz ölkənin gələcəyi üçün hansı ixtisas və peşələri daha vacib hesab edirsiniz?

– Biz Türkiyədə 25 il bundan əvvəl 10–12 elm adamı bir araya gəldik və TÜBİTAK-a müraciət etdik. Dedik ki, yalnız çox zəngin ölkələr elmin bütün sahələri ilə eyni vaxtda məşğul ola bilərlər. İmkanları və resursları məhdud olan ölkələr isə gələcək inkişaf üçün prioritet sahələri əvvəlcədən müəyyənləşdirməlidirlər.

Məsələn, qarşıya 10 əsas problem qoyulur. Müvafiq dövlət və hökumət qurumları, Elmlər Akademiyası və digər aidiyyəti strukturlar bir araya gələrək elmin, gəncliyin və təhsil sisteminin qarşısında duran problemləri və onların həlli yollarını müəyyənləşdirməlidirlər. Bundan sonra həmin problemləri həll edə biləcək ixtisas sahibləri yetişdirilməlidir. Onlar daha sonra şirkətlərdə, universitetlərdə, nazirliklərdə və digər qurumlarda çalışa bilərlər.

Türkiyədə bütün nazirliklərə məktub göndərildi. Məsələn, Müdafiə Sənayesi Nazirliyindən soruşuldu ki, 10–15 il sonra hansı mütəxəssislərə və hansı texnologiyalara ehtiyacınız olacaq? Bütün qurumlar öz tələblərini yazdılar. Daha sonra 25–30 nəfər bir araya gəldik və bu tələblərə əsasən prioritet ixtisasların və elmi istiqamətlərin hansılar olmalı olduğunu müəyyənləşdirdik. Hansı sahələrə daha çox maliyyə ayrılmasının vacib olduğunu seçdik və 8–10 əsas təklif hazırladıq. Sonra həmin təklifləri dövlətə təqdim etdik.

Məncə, buna bənzər iş Azərbaycanda da görülməlidir. Məsələn, müəyyən sahələr üzrə mütəxəssislər yetişdiririk. Azərbaycanda zavodlar tikilir, ancaq onları işlədəcək mütəxəssislər yoxdur. Həmin mütəxəssisləri əvvəlcədən yetişdirmək lazımdır. Zavodu tikirsən, amma orada işləyəcək kadr yoxdur. Bu problemi ən azı beş il əvvəlcədən həll etmək lazımdır.

Həm də bu cür işləri normal bir çərçivəyə salmaq lazımdır. Bu çərçivə nədir? İndiki dünyada istər sənayedə, istər iqtisadiyyatda, istərsə də istehsal müəssisələrində, fabrik və zavodlarda məhsul istehsalı multidissiplinar, yəni fənlərarası çərçivədə həyata keçirilir. Bir məhsulun ortaya çıxması üçün 3–4 müxtəlif ixtisas sahibinin bir araya gəlməsi tələb olunur.

Ona görə də mən Bakıda Elm və Təhsil Nazirliyinin rəsmiləri ilə görüşlərdə belə bir təklif verdim: gəlin, fənlərarası magistratura və doktorantura proqramları yaradaq. Məsələn, bu gün Azərbaycanda müxtəlif robotlar hazırlanır. Bir robotun hazırlanması üçün ilk növbədə elektronikanı bilən mühəndis lazımdır. Eyni zamanda, maşınqayırma sahəsində mütəxəssis – robotun detallarını və mexaniki hissələrini bilən şəxs tələb olunur. Bundan başqa, onun proqramlarını yazan riyaziyyatçı və ya kompüter mühəndisi lazımdır. Yəni 4–5 ayrı-ayrı sahənin mütəxəssisi bir araya gəlir.

Amma bunun əvəzinə mexatronika, robototexnika və ya süni intellekt kimi istiqamətlər üzrə magistratura proqramı açmaq olar. Məsələn, həmin proqrama 20–30 tələbə qəbul edilir. Proqrama fizika, maşınqayırma, elektrik mühəndisliyi və digər müxtəlif ixtisasları bitirmiş şəxslər qəbul oluna bilərlər. Onlar üçün elə bir tədris proqramı hazırlanmalıdır ki, təhsili başa vurduqda həm bir-birindən öyrənmiş olsunlar, həm də real layihələr üzərində işləyərək robotları hazırlaya və işlədə biləcək səviyyəyə çatsınlar. 
 Bizdə hər şey bir qədər doqmatikdir. Məsələn, fizika fakültəsində və ya digər sahələrdə 50 il əvvəl tədris olunan proqramlar bu gün də böyük ölçüdə dəyişmədən qalır. Maşınqayırma və digər fakültələrdə də vəziyyət oxşardır.

Amma dünya artıq dəyişib. 50 il əvvəl öyrədilən texniki rəsm, detalların nəzəriyyəsi və digər sahələrdə yanaşmalar dəyişib və onların bir qisminə əvvəlki qədər ehtiyac yoxdur. İndi bir çox proses kompüterdə həyata keçirilir. Normal bir proqram yazdığınız zaman kompüter bir çox hesablamaları sizin üçün apara bilir. Yalnız bəzi xüsusi hallarda müəyyən işləri əl ilə görmək məcburiyyətində qalırsınız.  İndi 3–4 müxtəlif ixtisasın birləşdirilməsi zərurəti yaranıb. Bütün bunlar isə əsasən magistratura səviyyəsində mümkündür. Dünyanın bir çox yerində – Türkiyədə, Amerikada və mənim çalışdığım qurumlarda da bu yanaşma tətbiq olunur.

Əvvəllər elmi tədqiqatlar əsasən Milli Elmlər Akademiyası və onun qurumlarında cəmləşmişdi. İndi isə bir sıra ölkələrdə – ABŞ-də, Yaponiyada və digər dövlətlərdə elm əsasən universitetlərdə inkişaf edir. Azərbaycanda da elm artıq universitetlərdə inkişaf etməyə başlayıb.

Əgər universitet elmlə məşğul olursa, tələbələr də buna daha isti yanaşmağa başlayırlar. Elmlə maraqlanır, yeni işlər görmək istəyir və daha çox şey öyrənməyə çalışırlar. Buna görə də universitetlərdə müəllimlərin dərs yükünə yenidən baxmaq lazımdır. Əgər müəllim elmi tədqiqatla məşğul olacaqsa, onun dərs yükü azaldılmalıdır. Məsələn, ildə 500 saat deyil, 200 saat dərs deməsi nəzərdə tutula bilər. Amma bunun qarşılığında müəllim nə etməlidir? O, universitetə əlavə maliyyə qazandırmalı, nazirliklərdən və ya elmi qurumlardan layihələr almalıdır. Eyni zamanda, tələbələri və doktorantları elmi tədqiqatlara cəlb etməlidir. Onlar da bu layihələrdən müəyyən məbləğdə gəlir əldə edə bilərlər.

Belə olan halda müəllimin də məsuliyyəti artır. Çünki tədqiqatçı müəllim universitetinə, məsələn, bir milyon dollarlıq layihə qazandıra bilər. Ali təhsil haqqında qanun qəbul olunduğu təqdirdə, bu məsələlərin də öz həllini tapacağına inanıram.

"Ən böyük problemimiz asan yolla nə qədər çox pul qazanmaq barədə düşünməkdir"

– Siz tələbələrimizlə də görüşür, öz təcrübələrinizi bölüşürsünüz...

– Bəli, mən BDU və AzTU tələbələri qarşısında da məlum məsələlərlə bağlı çıxışlar etmişəm. Onlara demişəm ki, siz elə düşünməyin ki, fizikadan və ya digər elm sahəsindən pul qazanmaq olmaz. Çox yaxşı pul qazanmaq mümkündür. Ancaq bilməlisiniz ki, ən qabaqcıl texnologiyalar hansılardır və həmin sahələrlə məşğul olmalısınız. Bu halda şirkətlər tərəfindən tələb olunan, axtarılan mütəxəssis olacaqsınız. Yoxsa təməl bilikləri alıb, əzbərləyib, süni intellektə arxalanaraq nələrisə öyrənmək olmaz. Bir qədər də özünüz düşünməlisiniz: bu texnologiyanı necə yaradıb inkişaf etdirəcəksiniz?
Bizim ən böyük problemimiz asan yolla nə qədər çox pul qazanmağın mümkün olduğu barədə düşünməkdir. Mən dəfələrlə tələbələrlə həm onlayn, həm də üzbəüz görüşmüşəm. Hər kəs mənim bütün əlaqə məlumatlarımı, e-poçt ünvanlarımı bilir. Mən ildə bir neçə dəfə Bakıya gəlirəm. Öz təcrübəmdən tələbələrə hər şeyi anlatmışam.Demişəm ki, mən 1977-ci ildən sonra Azərbaycandan çıxmışam. Amerikada, Yaponiyada, ən böyük şirkətlərdə, mərkəzlərdə, İtaliyanın bir nömrəli Roma La Sapienza Universitetində, Türkiyəyə gəldikdən sonra isə İstanbul Texniki Universitetində, Adanadakı Çukurova Universitetində çalışmışam. İlk xarici vətəndaş kimi 15 il ASELSAN şirkətinin rəhbərinin gecəgörmə və optoelektronika sistemləri üzrə elmi məsləhətçisi olmuşam. Oradan da, digər 3–5 yerdən də maaş almışam.

Əgər düzgün nə edəcəyinizi bilirsinizsə və bu işdə bacarıqlı olacaqsınızsa, çox yaxşı, halal pul da qazana bilərsiniz. Tələbələrə bunları da söyləyirəm.

– Azərbaycanlı yetirmələriniz varmı? Elm yolunu seçən gənclərimizə nə kimi tövsiyələriniz var?

– Əlbəttə, var. Hazırda BDU-da çalışan professor İzzət Əfəndiyevanı, dosent Lalə Hacıyevanı və baş elmi işçi Gönçə Eyvazovanı göstərə bilərəm. Başqa universitetlərdə və müxtəlif ölkələrdə çalışanlar da var. Əlbəttə, dünyanın müxtəlif ölkələrində, xüsusən də Türkiyədə çalışan azərbaycanlı elm adamlarının sayı daha çoxdur.

Türkiyənin müxtəlif universitetlərində çalışan 20-dən çox aspirantım var. Onlardan iki nəfəri istisna olmaqla, qalanları professordur, dekan və kafedra müdirləridir. Misirin Assuit Universitetində bir ərəb aspirantım var, professor kimi fəaliyyət göstərir. Türkiyədə qalaraq ailə qurmuş və hazırda Adıyaman Universitetində müəllim işləyən bir azərbaycanlı aspirantım da var – Mehriban Əmək-Yusufova. O, 1990-cı ildə Türkiyəyə gələn ilk tələbələrdəndir və Çukurova Universitetinin Fizika fakültəsinin məzunudur. Hamısını saymaqla bitirmək olmaz.

"Diqqət edərdik ki, müəllimimizin iki paltarı var idi, bir həftə birini, o biri həftə digərini geyinərdi"

– Müəllimlərimizə çatdırmaq istədiyiniz hansı fikirləriniz var?

– Mənə görə, təhsilimizdə müəllimlərimizə, bizə elm və bilik verən insanlara etibar çox vacibdir. Etibar olduqca vacib kriteriyadır, məhək daşıdır. Etibarı pulla dəyərləndirə bilməzsiniz. Tələbə və yaxud şagird ona dərs verən müəllimə etibar etməlidir. Əgər ona etibar edirsə, həm müəllim yüksəlir, həm də tələbə sevə-sevə o dərsi alır. Yəni tələbə müəllimdə sirdaş, etibar edə biləcəyi şəxsi görməlidir. Mənim əsas düşüncəm budur.

Mən ibtidai məktəbə Bakıdakı 44 nömrəli məktəbdə getmişəm. Bu məktəb şəhərin ən qədim təhsil ocaqlarındandır. Düşünün ki, mənim rəhmətlik ata-anam da o məktəbdə oxuyub, o məktəbi bitiriblər. 100 ildən çox tarixi var o məktəbin. Mənim 80 yaşım var. Amma 75 il bundan əvvəl mənə ibtidai məktəbdə əlifbanı öyrədən müəllimimin adını, soyadını unutmamışam – Hökumə Səfərova. Bu, müəllimimin mənim həyatımda buraxdığı izin nəticəsidir. Sonsuz Məşriqdəki cənnəti-məkanı nurlu olsun, işıqlar içində yatsın. İndi hamı deyir ki, maaş yüksəlsin. Mən sizə açıq söyləyim: o vaxt biz diqqət edərdik ki, Hökumə müəllimimizin iki paltarı var idi. Bir həftə birini, o biri həftə digərini yuyar, ütüləyər və geyinərdi. Yəni o vaxtlar da müəllimlərin maaşları çox yüksək deyildi. Hər şeyi ancaq maddiyyata çevirmək olmaz. Biz hamımız öz müəllimlərimizə etibar edirdik. Onlar bizim sirdaşımız idi. Ona görə mən arzu edərdim ki, Azərbaycandakı professor-müəllim heyətimiz, orta məktəblərimizdəki müəllimlərimiz tələbələrin və şagirdlərin sevdiyi, hörmət və etibar etdiyi insanlar olsunlar. O zaman təhsilimiz daha da yüksələr.