Elm qurban tələb etdiyi üçün maddi məsələlər 2-ci planda olmalıdır – Türkiyədə oxuyan azərbaycanlı tələbə
Təsəvvür edin, evdə internet yoxdur və məktəb tapşırıqlarını hazırlamaq üçün yeganə ümidiniz evdəki köhnə ensiklopediyalardır... Hər şey elə o tozlu ensiklopediya səhifələrindən, babalarının danışdığı köhnə əhvalatlardan başlayır. Bir də görürsən ki, o həvəs səni Yevlaxdakı məktəb partasından götürüb əvvəlcə olimpiada çempionluğuna, BDU-ya, oradan da İstanbul Universitetinə və milyonlarla sənədin saxlandığı Osmanlı arxivlərinə qədər aparıb çıxarıb.
Türkiyə təqaüd proqramları (YTB) ilə İstanbulda magistr təhsili alan Fuad Xəlilovla da müsahibəmizdə elə bunlardan danışdıq: uşaqlıq həvəsinin insanı haralara apara biləcəyindən, xaricdə təhsilin görünməyən çətinliklərindən...
“5-ci sinifdən artıq bu elmlə peşəkar şəkildə məşğul olmağa başladım”
– Fuad bəy, gəlin söhbətimizə ən əvvəldən başlayaq. Yevlaxda başlayan məktəb illərinizdən... Sizi tarixə, sosial elmlərə yönəldən əsas amillər nələr oldu? Bildiyimə görə, həm də üçqat Respublika Fənn Olimpiadası qalibiniz, elə deyilmi?
– Yevlax şəhərində anadan olmuşam. Əslən isə Azərbaycanın fərqli bölgələrindən – şimalından cənubuna, qərbindən şərqinə qədər müxtəlif bölgələrindənik. Görünür, mənşəyimizdəki bu coğrafi müxtəliflik də tarixə marağıma təsirsiz ötüşməyib...
11 il Yevlax şəhər Nəriman Nərimanov adına 9 saylı tam orta məktəbdə təhsil almışam. Maraqlısı odur ki, bu məktəbdə babam, atam, əmim, bibim və qardaşım da oxuyub. Ona görə də bu təhsil ocağının həm mənə, həm də ailəmizə qatqıları çox olub.
Tarixə gəlincə, bu maraq məndə babalarım Həsən və İsmayılın danışdığı canlı tarixi əhvalatlardan yaranıb. 5-ci sinifdə “Azərbaycan tarixi” dərslik kitabını əlimə alanda isə artıq bu elmlə peşəkar şəkildə məşğul olmağa başladım. Sonralar şəxsən tanıyacağım dəyərli tarixçilərimizin yazdığı o kitab məndə tarixə qarşı o qədər böyük maraq yaratdı ki, ilk bir ayda bütün kitabı oxuyub tam əzbərlədim. Bu sevgidə tarix müəllimim Nuranə Rəhimovanın əməyi böyükdür. O məni elə 5-ci sinifdən kəşf edib Respublika fənn olimpiadalarına yönləndirdi.
“Araşdırma tapşırıqlarımı “Azərbaycan Sovet Ensiklopediyası” və “Azərbaycan Milli Ensiklopediyası”ndan tapıb hazırlayırdım”
– Ədəbiyyata da xüsusi həvəsiniz olub. İlk oxuduğunuz bədii əsərləri və o dövrün araşdırma mühitini necə xatırlayırsınız?
– 6-cı sinifdə oxuyanda dayımoğlu mənə Rafaello Covanyolinin “Spartak” romanını hədiyyə etmişdi. İlk oxuduğum roman o oldu. Ardınca Həsən babamın zəngin kitabxanasından Fərman Kərimzadənin Şah İsmayıl Xətaiyə həsr olunmuş “Xudafərin körpüsü” və “Çaldıran döyüşü” dilogiyasını oxuyub bitirdim. Bu kitablar məndə elə güclü təsir buraxdı ki, sonrakı 4 il ərzində həm babamın kitabxanasından, həm də Yevlax Mərkəzi Kitabxanasından müntəzəm istifadə etdim. Hətta o vaxtlar evimizdə internet yox idi. Müəllimlərin verdiyi araşdırma tapşırıqlarını evdəki çoxcildli “Azərbaycan Sovet Ensiklopediyası” və “Azərbaycan Milli Ensiklopediyası”ndan tapıb hazırlayırdım.
– Bəs olimpiada marafonu necə keçdi? Üç dəfə qalib olmaq asan məsələ deyil...
– Olimpiada ilə 8-ci sinfin sonunda Nuranə müəllimin sayəsində tanış oldum. Ciddi hazırlaşdıq və 2018-ci ildə tarix üzrə RFO-da gümüş medal qazandım. Məktəb, rayon və region mərhələlərində 1-ci olmuşdum, finalda isə 2-ci yeri tutdum.
Amma müəllimimlə qarşıya məqsəd qoymuşduq: mütləq qızıl medal qazanmalıyıq! Növbəti il yenə qatıldım, yenə 2-ci yeri tutub gümüş medal aldım. Məktəbdə, şəhərdə hamı elə bilirdi mən artıq universitetdə oxuyuram, hətta bəziləri zarafatla işlədiyimi də deyirdi... Nəhayət, 2020-ci ildə 3-cü cəhdimdə uzun zəhmətdən sonra respublika 1-cisi olub qızıl medalı qazandım. Qələbə özünəinamla başlayır, yaxınların dəstəyi ilə nəticələnir.
– Qızıl medal sizə imtahansız tələbə olmaq hüququ verdi. Bəs ali təhsil seçiminiz necə formalaşdı? Niyə məhz Bakı Dövlət Universiteti?
– Gələcəkdə yaxşı tarixçi olmaq istəyən bir şəxs üçün Azərbaycandakı ən doğru ünvan məhz tarixi Bakı Dövlət Universitetidir. DİM-ə rəsmi müraciət etdim və RFO qalibi kimi müsabiqədənkənar BDU-nun Tarix fakültəsinə daxil oldum. BDU mənə akademik biliklərlə yanaşı, yeni baxış bucağı, dəyərli müəllimlər və geniş bir elmi mühit bəxş etdi.
“Türkiyədəki təhsil mənə tarixə ideoloji baxışdan deyil, tam obyektiv gözlə baxmağı öyrətdi”
– Bəs Azərbaycandakı bu uğurlu yoldan sonra Türkiyə təqaüd proqramı ilə İstanbul Universitetinə yolunuz necə düşdü? Xaricdə təhsil almaq qərarı necə yarandı?
– Türkiyəyə və onun təhsil sisteminə uşaqlıqdan böyük marağım var idi. Hətta BDU-da Türkiyə tarixi fənnini tədris edən dos. Sevinc Ruintən mənə “Soyuq müharibə illərində Türkiyənin daxili vəziyyəti” mövzusunda dərsi aparmağı həvalə etmişdi.
YTB proqramı haqqında isə teatra olan marağım sayəsində xəbər tutdum. Ədəbiyyat tarixi müəlliməmiz dosent Həqiqət Abdıyeva bizi tez-tez Milli Dram Teatrına aparırdı. Orada BDU-nun magistr tələbəsi Anar Can Kıtay bəylə tanış olduq. YTB təqaüdünü ilk dəfə ondan eşitdim. Onun dəstəyi ilə 2024-cü ildə BDU-dan dostum Murad Böyükxanovla birgə proqrama müraciət etdik.
Aprel-may aylarındakı müsahibə mərhələsi və həyəcanlı gözləmədən sonra, 2024-cü ilin avqustunda İstanbul Universiteti Sosial Elmlər İnstitutuna magistraturaya qəbul olunduğumu öyrəndim. Düzünü desəm, İstanbulda yaşamağın daha çətin olacağını düşünüb Ankara universitetlərini yazmışdım, amma qismət İstanbul Universiteti oldu. Bu təqaüd mənə həm maddi, həm də mənəvi baxımdan böyük dəstək oldu.
– İstanbul Universitetindəki təhsil mühiti sizdə hansı təsirləri buraxdı? Azərbaycandakı təcrübənizlə müqayisədə ən böyük fərq nə oldu?
– Mən Ədəbiyyat fakültəsinə bağlı olan Tarix bölməsinin Türkiyə Cümhuriyyəti tarixi kafedrasında təhsil alıram. XX əsr tarixini araşdırdığım üçün doğru ünvandayam. Azərbaycan tarixi üzrə dəyərli araşdırmaların müəllifi Xəlil Balın bu kafedrada olması mənim üçün böyük şansdır. Elmi rəhbərim Murad Aydoğdu ilə birgə Azərbaycan, Türkiyə və Osmanlı tarixinə dair arxiv sənədlərini oxuyub müzakirə edirik. Hazırda Azərbaycan Cümhuriyyəti (1918-1920) və ilk sovet illərinə (1920-1922) həsr olunmuş dissertasiyam üzərində işləyirəm.
Türkiyədəki təhsil mənə ilk növbədə tarixə ideoloji baxışdan deyil, tam obyektiv gözlə baxmağı öyrətdi. Digər tərəfdən, YTB və universitetin yaratdığı şəraitlə Osmanlı türkcəsini dərindən öyrəndim. İndi ərəb əlifbalı köhnə qəzet, jurnal və kitabları oxuya bilirəm, “Rıka” əlyazmasını öyrənməyə davam edirəm.
YTB tərəfindən təşkil olunan müxtəlif tədbirlər və yemək axşamları sayəsində həm türk mədəniyəti ilə daha yaxından tanış olmuşam, həm də Türkiyədə təhsil alan digər xalqların mədəniyyətləri ilə tanış olmaq şansı qazandım. Həmçinin 2025-ci ildə 2 dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək şansım oldu. Bütün bunlar sayəsində başda Azərbaycan olmaqla, türk dünyasına daxil olan ölkələrdən Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan, eləcə də İran, Rusiya, Çin, Cənubi Koreya, Şimali Makedoniya, Yunanıstan və digər ölkələrdən yeni dostlar qazana və yeni akademik çevrə formalaşdıra bildim.
“Hər yeni mərhələ özü ilə həm uğur, həm də yeni çətinlik gətirir”
– İctimai və elmi fəaliyyətlərinizi də dayandırmırsınız. Eşitdiyimə görə, bu yaxınlarda çox vacib bir arxiv stajı da keçmisiniz...
– Bəli, məktəb illərindən “Elin zəkası”, “Xəmsə”, “Breyn-Rinq” kimi intellektual oyunlarda iştirak etmişəm. 2024-cü ildə İstanbulda YTB-nin keçirdiyi “Nə? Harada? Nə zaman?” yarışında Azərbaycan komandası ilə 1-ci yeri tutduq. BDU illərindən başlayaraq isə Zəngəzur tarixi, Cümhuriyyət dövrü, Batum və Trabzon konfransları, repressiya illəri haqqında elmi məqalə və tezislərim dərc olunub.
Ən önəmli praktiki təcrübəm isə 2026-cı ildə YTB-nin “Beynəlxalq Staj Proqramı” çərçivəsində Türkiyə Cumhurbaşkanlığı Osmanlı Arxivi Külliyəsində keçdiyim 1 ay yarımlıq təcrübə oldu. 95 milyondan çox sənədin saxlandığı bu arxivdə həm Osmanlı türkcəmi inkişaf etdirdim, həm də Azərbaycan tarixi ilə bağlı bilinən və bilinməyən dəyərli sənədlərlə canlı tanış oldum.
– Olimpiada illərindən Osmanlı arxivlərinə qədər keçdiyiniz bu yol sizə nə öyrətdi?
– Ən başlıcası, heç vaxt rahatlaşmamağı və daim irəli baxmağı. Uşaqkən elə bilirdik ki, növbəti mərhələ ən rahat mərhələ olacaq. Amma hər yeni mərhələ özü ilə həm uğur, həm də yeni çətinlik gətirir. Əsas odur bu çətinliyə dözüb yorulmadan davam edəsiniz.
Mənim əsas devizlərimdən biri budur: “Əsas səhvləri çox və ya az etmək deyil. Əsas odur ki, etdiyin səhvlərdən nəticə çıxarıb onu bir daha təkrar etməyəsən”. Bir də anladım ki, insan harada olmasından asılı olmayaraq, yalnız sevdiyi işlə məşğul olarsa, xoşbəxt ola bilər. Mən də sevdiyim peşənin sahibiyəm.
– Son olaraq, sizin kimi tarixə və elmə maraq göstərən, xaricdə təhsil almağı qarşısına məqsəd qoyan gənclərə nə tövsiyə edərdiniz?
– Müasir dövrdə bəzi insanlar düşünürlər ki, tarix bir elm kimi bizə lazım deyil. Hətta süni intellektin inkişafı ilə tarixin bir elm kimi sıradan çıxacağını düşünənlər də var. Lakin süni intellektin bir tarixçi kimi düşünməyəcəyini, bir arxiv qaynağı, kitab, məqalə və yaxud elmi bir yazını daha peşəkar şəkildə araşdırıb analiz edə bilməyəcəyini, məncə, hər kəs başa düşür. Məşhur ifadədə deyildiyi kimi, “dünənini bilməyən bu gününü yaşaya bilməz” və yaxud Kazım Qarabəkir Paşanın dediyi kimi, “tarixini bilməyənin coğrafiyasını başqaları cızar”. Ona görə də tarixi bilmək, öyrənmək kimin necə düşünməsindən asılı olmayaraq, xalqlar və dövlətlər üçün mütləq vacibdir. Tarix oxumaq istəyənlərə məsləhətim odur ki, tarixi, həqiqətən, sevdikləri üçün oxusunlar və heç vaxt tarixə, tarixi şəxslərə və tarixi hadisələrə öz ideoloji prizmalarından baxmasınlar.
Əgər həqiqətən elmlə məşğul olmaq və akademik həyat düşünürlərsə, onlara maddi məsələni çox da düşünməməklərini məsləhət görərəm. Çünki xüsusən sosial və humanitar elmlərdə “varlanmaq” qeyri-mümkündür. Təbii ki, hər kəs çəkdiyi zəhmətin qarşılığını artıqlaması ilə görmək istəyir. Lakin elm qurban tələb etdiyi üçün maddi məsələlər 2-ci planda olmalıdır. İlk növbədə, yaxşı təhsil almağı və daim öyrənməyi qarşıya məqsəd qoymaq lazımdır. Sizi əmin edirəm ki, bu məqsədinizə nail olduqdan sonra elm sizə kömək edəcək və maddi vəziyyətiniz də müəyyən qədər yaxşılaşacaq. Sadəcə səbir və davamlı öyrənmək lazımdır. Mən indiyə qədər maddi və mənəvi nə uğur qazanmışamsa, öz biliyimin və zəhmətimin hesabına qazanmışam. Çəkilən zəhmətim isə həmişə öz istədiyimdən daha artıq şəkildə həmişə qiymətləndirilib. Məsələn, Azərbaycanda da elmi və ictimai fəaliyyət göstərən “Türk Dünyası Araşdırmaları Vəqfi”nə müraciət edərək birdəfəlik magistatura təqaüd proqramını məhz bunun hesabına qazana bildim. Hazırda həmin vəqflə elmi və ictimai fəaliyyətimi davam etdirirəm. Bütün bunlar bir daha heç vaxt yorulmamağı və daim öz üzərində işləməyi davam etdirməyi göstərir.
Xaricdə təhsil almaq gözəl olduğu qədər həm də çətindir. Tanımadığınız, yeni öyrəndiyiniz bir ölkə həmişə sizə vətəndən kənar olduğunu xatırladır, hətta bəzən depressiyaya belə səbəb olur. Lakin bütün həyatımızda qarşılaşdığımız çətinliklər kimi, bu da müvəqqəti çətinlikdir. Qarşıya qoyulan məqsəd sizi heç vaxt yolunuzdan döndərə bilməz. Bütün bunları nəzərə alaraq düşünürəm ki, asan və ya çətin olmasından asılı olmayaraq xüsusən elmi-akademik fəaliyyətlə məşğul olmaq istəyən hər kəs xaricdə təhsil almağı mütləq düşünməlidir. Bu sizin həm beynəlxalq arenaya çıxmanıza, həm də daha yeni və müqayisəli təhsil almağınıza kömək edəcək. Bunun üçün çox imkanlar – həm daxili, həm xarici bir çox təqaüd imkanları və proqramlar var. Bütün bunlar sizin təhsil almağınıza və gələcək karyeranıza mütləq təsir göstərəcək.




