Qarabağ Universiteti azad Xankəndidə yandırılan zəka məşəlidir

16 Sentyabr, 2026 - 10:36
Qarabağ Universiteti azad Xankəndidə yandırılan zəka məşəlidir

Tələbələrə akademik biliklərlə yanaşı, şəxsi inkişaf imkanları da yaradılır

İşğaldan azad edilmiş ərazilərimizdə elmin, təhsilin dirçəlişinin ilk ünvanlarından olan, Qarabağın ali təhsil ənənələrinin bərpasına və inkişafına layiqli töhfə verən Qarabağ Universiteti yeni tədris ilinə hazırlaşır. Universitetdə hazırlıq işlərinin vəziyyəti, reallaşdırılması nəzərdə tutulan layihələr, qarşıya qoyulan hədəflərlə bağlı təhsil ocağının rektoru Şahin Bayramovla həmsöhbət olduq:

– Şahin müəllim, ali məktəblərə 2026-2027-ci tədris ili üzrə tələbə qəbulunun ilkin mərhələsi başa çatıb, sizin həmişə dediyiniz kimi, Qarabağ Universiteti ailəsinin üzvləri artıb. Qəbulun nəticələrini necə qiymətləndirirsiniz?

– İlkin nəticələr göstərir ki, universitetimizə maraq əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Qarabağ Universiteti artıq ali təhsil seçimində yüksək nəticə göstərən abituriyentlərin ciddi şəkildə nəzərdən keçirdikləri ali məktəblər sırasındadır.
İlkin nəticələrə əsasən, 13 ixtisas üzrə keçid balı 500 və daha yüksək olub. Bu göstərici universitetimizin yalnız yeni yaranan və sürətlə inkişaf edən ali təhsil müəssisəsi kimi deyil, həm də akademik keyfiyyət, təhsil imkanları və gələcək perspektivlər baxımından abituriyentlər üçün cəlbedici seçimə çevrildiyini göstərir.

600-dən yuxarı bal toplayaraq universitetimizi seçən abituriyentlərin sayı 196 nəfərdir. Ümumilikdə isə, qəbul olunan tələbələrin, təqribən, yarısı 500 və daha yüksək bal toplayıblar. Bu, təkcə statistik göstərici deyil, həm də ilk növbədə, gənclərin Qarabağ Universitetinə və onun gələcək inkişaf perspektivlərinə olan etimadının ifadəsidir.

Yüksək bal toplayan abituriyentlərin seçimləri onu göstərir ki, müasir Azərbaycan gəncinin ali təhsilə yanaşması yalnız ənənəvi meyarlarla müəyyənləşmir. Onlar bu gün təhsilin keyfiyyəti ilə yanaşı, universitetin beynəlxalq əlaqələrinə, xarici dil imkanlarına, müasir tədris mühitinə, akademik heyətinə, tədqiqat potensialına və gələcək karyera perspektivlərinə də xüsusi diqqət yetirirlər. Qarabağ Universitetinə marağın artması da məhz bu istiqamətdə həyata keçirdiyimiz siyasətin və formalaşdırdığımız inkişaf modelinin nəticəsi kimi qiymətləndirilə bilər.

2026-2027-ci tədris ilində universitetimiz 50-yə yaxın ixtisas üzrə, ümumilikdə, 1200-dən çox qəbul nəticəsi ilə inkişafının yeni mərhələsinə qədəm qoyur. Bu, həm universitetin akademik imkanlarının genişlənməsi, həm də ixtisasların və təhsil proqramlarının daha da şaxələndirilməsi baxımından mühüm mərhələdir.

Qəbulun Azərbaycan dili ilə yanaşı, ilk dəfə ingilis dili bölməsi üzrə də aparılması universitetimizin beynəlmiləlləşmə strategiyasının reallığa çevrilməsində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ingilis dilində tədrisin genişlənməsi gələcəkdə həm xarici tələbələrin universitetə cəlb olunması, həm də yerli tələbələrin beynəlxalq akademik mühitə daha fəal inteqrasiyası üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu addım Qarabağ Universitetinin regional və beynəlxalq səviyyədə tanınan müasir ali təhsil müəssisəsinə çevrilməsi istiqamətində mühüm zəmin formalaşdırır.

Yeni tədris ilinin mühüm yeniliklərindən biri də Türkiyənin İstanbul Texniki Universiteti (İTU) ilə ikili diplom proqramına başlamağımızdır. Bu proqramın başlanması mühəndislik təhsili üzrə universitetimizin akademik imkanlarını yeni səviyyəyə yüksəldir və tələbələrimiz üçün beynəlxalq təhsil təcrübəsi, ingilis dilində tədris və dünyanın aparıcı mühəndislik universitetlərindən birinin akademik mühitinə inteqrasiya imkanları yaradır. Hesab edirik ki, belə layihələr yüksək nəticə göstərən abituriyentlərin Qarabağ Universitetini seçməsində mühüm rol oynayan amillərdəndir.

Əsas hədəfimiz Qarabağ Universitetində yalnız yüksək bal toplayan tələbələri bir araya gətirmək deyil, həmin potensialı müasir tədris proqramları, peşəkar akademik heyət, tədqiqat imkanları, beynəlxalq əməkdaşlıq və əlverişli ali təhsil mühiti vasitəsilə yüksəkkeyfiyyətli insan kapitalına çevirməkdir. Əgər universitetimizin fəaliyyətə başladığı ilk mərhələdə əsas məqsəd müasir və keyfiyyətli ali təhsil mühitinin formalaşdırılması idisə, növbəti mərhələdə əsas vəzifələrimizdən biri bu potensialı daha da inkişaf etdirmək, akademik keyfiyyəti yüksəltmək və Qarabağ Universitetini yüksək nəticə göstərən gənclərin ölkə və region üzrə ən çox üstünlük verdiyi ali məktəblərdən birinə çevirməkdir. Bu istiqamətdə fəaliyyətlərimiz yüksələn dinamika ilə davam edir. Qarabağ Universitetinə marağın artması, xüsusilə yüksək bal toplayan abituriyentlərin bizi seçməsi, təkcə qəbul kampaniyasının uğuru deyil, həm də universitetin gələcək inkişafı üçün formalaşan güclü akademik və intellektual bazanın göstəricisidir.

– Yeni ixtisaslar barədə məlumat verməyinizi xahiş edirik.

– 2026-2027-ci tədris ili Qarabağ Universitetinin inkişafı və ixtisas portfelinin genişləndirilməsi baxımından yeni mərhələdir. Belə ki, bu il mövcud təhsil istiqamətləri genişləndirilib və ilk dəfə bir sıra yeni ixtisaslar üzrə tələbə qəbulu həyata keçirilib. Stomatologiya, dövlət və ictimai münasibətlər, əczaçılıq, informasiya təhlükəsizliyi, biznesin idarə edilməsi, kimya, kimya mühəndisliyi, biologiya, rəngkarlıq və s. ixtisasların açılması universitetin, sadəcə, tədris proqramlarının sayını artırmaq məqsədi daşımadığının bariz göstəricisidir. Əsas hədəf Qarabağ Universitetində fundamental elmləri, incəsənət, səhiyyə və sağlamlıq sahələrini, müasir texnologiyaları, dövlət idarəçiliyi və sosial elmləri bir araya gətirən geniş və müasir akademik mühit formalaşdırmaqdır.
Yeni ixtisasların seçilməsi zamanı bir neçə əsas amil nəzərə alınıb. Bunlar, ilk növbədə, Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri, müasir əmək bazarının tələbləri, regionun gələcək inkişaf perspektivləri, həmçinin elm və texnologiyalarda baş verən dəyişikliklərdir. Məqsəd əmək bazarında bu gün tələb olunan, eyni zamanda, yaxın gələcəkdə strateji əhəmiyyət daşıyacaq sahələr üzrə müasir və yüksəkkeyfiyyətli kadr hazırlığını təmin etməkdir.

Yeni ixtisaslar üzrə formalaşan qəbul nəticələri də seçdiyimiz istiqamətlərin aktuallığını və perspektivliliyini təsdiq edir. Xüsusilə həmin ixtisaslardan bəziləri üzrə keçid ballarının 600-ə yaxın və daha yüksək formalaşması bizim üçün mühüm göstəricidir.
İxtisasların sayının artırılması prosesində bizim üçün əsas meyar keyfiyyətdir. Hər hansı yeni ixtisasın açılması yalnız onun tədris planının hazırlanması ilə məhdudlaşa bilməz. Həmin ixtisas üzrə güclü akademik heyətin formalaşdırılması, müasir tədris proqramlarının tətbiqi, laboratoriya və praktiki imkanların yaradılması, tədqiqat fəaliyyətinin təşkili və əmək bazarı ilə sıx əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan növbəti mərhələdə əsas diqqət yeni açılan ixtisaslar üzrə kadr hazırlığı potensialının inkişafına yönəldiləcək. Məqsədimiz hər bir ixtisas üzrə tədrisi müasir standartlara uyğun təşkil etmək, nəzəri biliklərlə praktiki hazırlıq arasında balans yaratmaq və tələbələrin gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə yetişdirilməsini təmin etməkdir.

Eyni zamanda, yeni ixtisasların tədrisini universitetin elmi-tədqiqat və beynəlmiləlləşmə strategiyasından ayrı təsəvvür etmirik. Hər bir istiqamətin inkişafında xarici universitetlərlə əməkdaşlıq, akademik təcrübə mübadiləsi, birgə tədqiqatlar və beynəlxalq layihələr mühüm rol oynamalıdır. Məqsədimiz yeni ixtisasları yalnız yerli əmək bazarının ehtiyacları əsasında deyil, həm də beynəlxalq akademik və peşə standartları nəzərə alınmaqla inkişaf etdirməkdir.

– Pedaqoji heyətin formalaşdırılması, tələbələrin yataqxana ilə təminatı, yaşayış və qidalanma imkanları ilə bağlı hansı işlər görülüb?

– Bu tədris ilində universitetimizdə 3 mindən çox tələbənin təhsil alacağı, 500-dən çox akademik, inzibati və texniki heyət üzvünün fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Bu isə qarşımızda ciddi institusional hazırlıq, idarəetmə və xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından yeni vəzifələr qoyur. Əsas məqsəd tələbə sayının artımını, sadəcə, kəmiyyət göstəricisi kimi deyil, universitetin akademik və sosial ekosisteminin paralel şəkildə inkişafı kimi təmin etməkdir. Tələbənin universitetə qəbulundan məzun olana qədər keçəcəyi bütün mərhələlər – tədris, elmi fəaliyyət, yaşayış, sosiallaşma, asudə vaxt və şəxsi inkişaf imkanları vahid tələbəyönümlü yanaşma çərçivəsində nəzərdən keçirilir.

Akademik heyətin formalaşdırılması bu hazırlığın ən mühüm istiqamətlərindən biridir. Əsas məqsədimiz yüksək peşəkarlığa malik, öz sahəsində müasir biliklərə sahib tədqiqat fəaliyyəti ilə məşğul olan və müasir tədris metodlarını tətbiq edə bilən müəllim və tədqiqatçıları universitetə cəlb etməkdir. Buna görə də müəllim seçimi zamanı yalnız tədris təcrübəsinə deyil, elmi-tədqiqat potensialına, beynəlxalq akademik təcrübəyə, innovativ yanaşmalara və tələbələrlə işləmək bacarığına da xüsusi əhəmiyyət veririk.

Eyni zamanda, akademik heyətin inkişafını yalnız yeni müəllimlərin cəlb olunması ilə məhdudlaşdırmırıq. Mövcud əməkdaşların peşəkarlığının artırılması, beynəlxalq təcrübədən yararlanmaları, akademik mobillik imkanlarının genişləndirilməsi, birgə tədqiqat layihələrində iştirakları və müasir pedaqoji metodların tətbiqi də prioritet istiqamətlərdəndir. Məqsədimiz elə akademik mühit formalaşdırmaqdır ki, burada müəllim yalnız dərs deyən şəxs deyil, həm də tələbənin elmi və intellektual inkişafına istiqamət verən mentor və tədqiqatçı kimi çıxış etsin.

Xankəndidə tələbələr üçün rahat və təhlükəsiz yaşayış imkanları yaradılıb. Yataqxanalarda mebellə təchiz olunmuş otaqlar, internet və zəruri kommunal xidmətlər ödənişsiz təqdim olunur. Əsas məqsədimiz tələbələrin gündəlik ehtiyaclarını təmin etməklə, onların təhsilinə və şəxsi inkişafına daha çox diqqət ayıra bilmələri üçün əlverişli şərait yaratmaqdır.

Hazırda yataqxanalarda müxtəlif qidalanma paketləri mövcuddur və tələbələr öz imkan və ehtiyaclarına uyğun seçim edə bilirlər. Qarşıdakı dövrdə bu xidmətlərin keyfiyyətinin və çevikliyinin daha da artırılması, tələbələrin gündəlik ehtiyaclarına uyğun xidmət modelinin inkişaf etdirilməsi diqqət mərkəzində olacaq.

Bununla yanaşı, kampus həyatını yalnız tədris və yaşayış məkanlarının məcmusu kimi qəbul etmirik. Müasir universitet kampusu tələbənin həm akademik, həm sosial, həm də şəxsi inkişafını dəstəkləyən canlı mühit olmalıdır. Bu baxımdan tələbələrin asudə vaxtının səmərəli təşkili, sosial və mədəni fəaliyyətlərə, idmana, tələbə klublarına, müxtəlif layihə və təşəbbüslərə cəlb olunması da universitet həyatının vacib komponentləridir.

Əslində, bizim üçün yeni tədris ilinə hazırlığın əsas fəlsəfəsi də budur: artan tələbə sayına uyğunlaşmaqla kifayətlənməmək, böyüyən universitetin keyfiyyət standartlarını da eyni sürətlə yüksəltmək. Qarabağ Universitetində məqsədimiz tələbəyə yalnız keyfiyyətli təhsil verən deyil, onun burada özünü təhlükəsiz, rahat, dəyərli və inkişaf üçün imkanlarla əhatə olunmuş hiss etdiyi müasir universitet mühiti formalaşdırmaqdır.

– Şahin müəllim, söhbət zamanı Qarabağ Universitetinin Türkiyənin İstanbul Texniki Universiteti ilə ikili diplom layihəsinə toxundunuz. Beynəlxalq əməkdaşlıq istiqamətində əsas prioritetləriniz hansılardır, xüsusilə ikili diplom proqramı tələbələr üçün nə kimi imkanlar yaradacaq?

– Beynəlxalq əməkdaşlıq Qarabağ Universitetinin inkişaf strategiyasında prioritet istiqamətlərdən biridir. Biz beynəlmiləlləşməni, sadəcə, universitetin xarici əlaqələrinin coğrafiyasını genişləndirmək kimi deyil, onun tədris, elm, idarəetmə və institusional inkişaf modelinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndiririk.

Xüsusilə Qarabağ Universitetinin Türk dünyasının ali təhsil və elm məkanına inteqrasiyası bizim üçün strateji əhəmiyyət daşıyır. Bu mənada, universitetimizin Türk Universitetlər Birliyinə – TÜRKÜNİB-ə üzv qəbul olunması əlamətdar hadisədir. Quruma üzvlük bizə beynəlxalq akademik platformalarda təmsil olunmaq, müxtəlif universitetlərlə sistemli əməkdaşlıq qurmaq və Türk dünyasının ümumi elm və təhsil məkanının fəal iştirakçısına çevrilmək üçün yeni imkanlar açır.

Hazırda Türkiyənin, həmçinin digər qardaş ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətlər həyata keçirilir. Bu çərçivədə İTU, Ankara Universiteti, Hacettepe Universiteti, Başkent Universiteti, Qazi Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, Ankara Hacı Bayram Veli Universiteti, Əl-Farabi adına Qazax Milli Universiteti və digər aparıcı ali təhsil ocaqları ilə əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir.

Əsas məqsədimiz əldə olunan razılaşmaların konkret və ölçüləbilən akademik nəticələrə çevrilməsidir. Yəni beynəlxalq əməkdaşlıq nəticəsində tələbələrimiz daha geniş təhsil imkanları əldə etməli, müəllimlərimiz və tədqiqatçılarımız beynəlxalq akademik mühitə daha fəal inteqrasiya olunmalı, universitetimizin elmi və institusional potensialı isə davamlı şəkildə güclənməlidir.

Bu baxımdan ikili diplom proqramları, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələri, ortaq elmi nəşrlər, beynəlxalq konfranslar, laboratoriyaların və tədqiqat infrastrukturlarının inkişafı beynəlxalq əməkdaşlıq siyasətimizin əsas istiqamətləri sırasında yer alır.

İTU ilə həyata keçirilən beynəlxalq ikili diplom proqramını isə bu siyasətin ən mühüm və konkret nəticələrindən biri hesab edirik. Bu proqram, əslində, Qarabağ Universitetinin beynəlmiləlləşmə strategiyasının praktik modelidir. 2026-2027-ci tədris ilindən başlayacaq proqram mühəndislik istiqamətləri üzrə həyata keçiriləcək. Tədris İstanbul Texniki Universitetinin zəngin akademik təcrübəsi və müasir proqramları əsasında, tamamilə ingilis dilində təşkil olunacaq. Tələbələr təhsillərinin ilk 3 ilini Xankəndidə, sonuncu ilini isə İstanbulda davam etdirəcəklər.

Bu modelin mühüm üstünlüyü ondan ibarətdir ki, tələbələrimiz bir tərəfdən Qarabağ Universitetində yüksəkkeyfiyyətli və müasir mühəndislik təhsili alacaq, digər tərəfdən isə, təhsil prosesinin müəyyən mərhələsində İTU-nun zəngin akademik və tədqiqat mühitinə birbaşa daxil olmaq imkanı əldə edəcəklər. Beləliklə, onlar fərqli akademik mühitləri, tədris yanaşmalarını və tədqiqat mədəniyyətlərini bir arada yaşamaq imkanı qazanacaqlar.

İkili diplom proqramı tələbələrin beynəlxalq akademik təcrübə qazanmalarına, peşəkar dünyagörüşlərinin genişlənməsinə, qabaqcıl mühəndislik yanaşmaları ilə tanış olmalarına və qlobal əmək bazarına daha hazırlıqlı şəkildə qatılmalarına şərait yaradır.

Eyni zamanda, tədrisin ingilis dilində təşkili tələbələrin beynəlxalq elmi mənbələrdən, müasir elmi-texniki ədəbiyyatdan və qlobal peşəkar kommunikasiya imkanlarından daha səmərəli istifadə etməsinə imkan verəcək.

Proqram çərçivəsində əldə olunan təcrübə tələbələrin gələcək karyerası baxımından da mühüm əhəmiyyət daşıyır. Onlar müxtəlif akademik və mədəni mühitlərdə işləmək, beynəlxalq komandalarda iştirak etmək, yeni texnologiyalar və müasir mühəndislik problemləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Bu isə gələcək məzunlarımızın həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini artıracaq.

Bununla yanaşı, əməkdaşlıq yalnız tələbələrin mobilliyi ilə məhdudlaşmır. Proqram müəllim və inzibati heyətin təcrübə mübadiləsi, birgə tədqiqatların həyata keçirilməsi, elmi informasiya və metodoloji təcrübənin paylaşılması, birgə elmi nəşrlərin hazırlanması və mühəndislik təhsilinin müasir tələblərə uyğun inkişafı üçün də mühüm imkanlar yaradır. Bu əməkdaşlığın qarşıdakı dövrdə laboratoriya imkanlarının inkişafına və daha geniş akademik tərəfdaşlıqların formalaşmasına töhfə verəcəyinə inanırıq.

Bizim əsas hədəfimiz ondan ibarətdir ki, Qarabağ Universitetini seçən tələbə yüksəkkeyfiyyətli və müasir təhsil alsın, lakin onun akademik üfüqü Türk dünyasından qlobal elm və təhsil məkanına qədər genişlənməlidir.

Məhz buna görə də beynəlxalq əməkdaşlığı Qarabağ Universitetinin inkişafında əlavə fəaliyyət istiqaməti kimi deyil, universitetin gələcəyini formalaşdıran əsas strateji alətlərdən biri kimi görürük. Məqsəd Qarabağ Universitetini yalnız regionda fəaliyyət göstərən ali təhsil müəssisəsi deyil, geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsinə malik, qlobal akademik proseslərə inteqrasiya olunmuş və Türk dünyasının ortaq elm-təhsil məkanında mühüm rol oynayan müasir universitetə çevirməkdir.

– Qarabağ Universitetinin tələbəsi olmağın gənclərə hansı fərqliliklər və üstünlüklər qazandırdığı qənaətindəsiniz?
– Biz tələbənin universitetdə keçirdiyi illəri onun həm peşəkar, həm də şəxsiyyət kimi formalaşdığı mühüm inkişaf mərhələsi hesab edirik. Buna görə də tələbələrimizə akademik biliklərlə yanaşı, real iş mühiti, tədqiqat, innovasiya, beynəlxalq əməkdaşlıq və şəxsi inkişaf imkanları təqdim etməyə çalışırıq.

Bu baxımdan universitetin müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Milli Məclis, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Baş Prokurorluq, SOCAR, Dövlət Vergi Xidməti, Dövlət Neft Fondu, Azərbaycan Beynəlxalq Bankı, Bakı Fond Birjası və digər nüfuzlu qurumlarla əməkdaşlıq tələbələrin real sektorla əlaqəsini gücləndirir.

Bununla yanaşı, beynəlxalq ikili diplom və akademik mobillik proqramları, xarici professorların cəlb olunması, ingilis dilində tədrisin genişləndirilməsi və tələbələrin beynəlxalq tədbirlərdə iştirakı onların dünyagörüşünün və peşəkar bacarıqlarının inkişafına xidmət edir.

Biz istəyirik ki, Qarabağ Universitetinin məzunu yalnız diplom sahibi olmasın. O, öz ixtisasını yaxşı bilən, real iş təcrübəsi qazanan, tədqiqat aparmağı və yeni texnologiyalardan istifadə etməyi bacaran, komanda ilə işləyən, təşəbbüs göstərən və dəyişən əmək bazarına uyğunlaşa bilən mütəxəssis kimi formalaşsın.

Tələbələrimizin artıq müxtəlif müsabiqələrdə, innovasiya və beynəlxalq platformalarda qazandıqları nəticələr bu yanaşmanın real göstəriciləridir. Deməli, biz doğru yoldayıq və hədəflərimiz istiqamətində uğurla irəliləyirik.

– Maraqlı söhbət üçün minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.

“Xalq qəzeti”