Ülvi Aslanov: Bizim məsuliyyətimiz dəyişimi tez görmək, öyrənmək və onu tədrisə çevirməkdir
“Mən təhsili universitetlə başlayan və diplomla bitən proses kimi görmürəm”
Müasir trendlər və qlobal çağırışlar gənclər qarşısında çətin və mürəkkəb suallar qoyur. Gələcək əmək bazarında layiqli yer tutmaq, həyat və karyera imkanlarını dövrün tələbləri ilə çevik surətdə uyğunlaşdırmaq və mürəkkəb vəziyyətlərdə çevik qərarlar qəbul etmək səyləri gənclərdən xüsusi bacarıq və səriştələr tələb edir. Azərbaycan gənci sürətli dəyişikliklərin baş verdiyi və sini intellekt texnologiyalarının getdikcə hakim olduğu dövrdə hansı peşə və ixtisasları seçməli, özünü hansı sahədə tapmalı və hansı səriştə və bacarıqlara sahib olmalıdır? Bu və ya digər suallarımıza cavab almaq üçün bu günlərdə 10 ildən artıq bir vaxt ərzində peşəkar səviyyəli təhsil və tədris imkanları təklif edən “Code Academy”da olduq. Burada tədris və yaradıcı mühit, gənclər, tələbə və məzunlar üçün yaradılan şərait, təşəbbüskar və yenilikçi komanda ilə tanışlıq bizdə zəngin təəssürat yaratdı. Suallarımızı isə “Code Academy”nin qurucusu, təhsil və innovasiya sahibkarı Ülvi Aslanov cavablandırdı.
- Hazırda ölkəmizdə ixtisas seçimi dövrüdür. Bir çox ailənin qarşısında eyni sual dayanır: gələcəyi olan, uzunmüddətli perspektivdə aktuallığını qoruyacaq ixtisası necə seçmək olar?
- “Gələcəyi olan ixtisas” ifadəsinə bir qədər ehtiyatla yanaşıram. Çünki bu gün heç bir ixtisasa 20-30 illik zəmanət vermək mümkün deyil. Mən seçim zamanı üç şeyə baxardım: insanın həmin sahəyə real marağı və uyğunluğu, sahənin problem həll etmə və başqa istiqamətlərə keçid imkanları, bir də texnologiya dəyişdikcə həmin peşənin necə dəyişəcəyinə.
Artıq texnologiyanın toxunmadığı sahə tapmaq çətindir. Ona görə gəncin sualı yalnız “bu ixtisasın gələcəyi varmı?” olmamalıdır. “Mən bu sahədə öyrənməyə davam edə, texnologiya dəyişdikcə özümü yeniləyə və dəyər yarada bilərəmmi?” sualı daha vacibdir.
- “Code Academy”ni bu sahədə fəaliyyət göstərən digər təhsil platformalarından fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
- Fərqimizi ayrı-ayrı üstünlüklərdən çox, qurduğumuz ekosistemdə görürəm. Code Academy 11 ildən artıqdır fəaliyyət göstərir və bu müddətdə 13 mindən çox məzunun inkişaf yolunu müşahidə etmişik. Bu təcrübə bizə göstərib ki, keyfiyyətli təhsil təkcə yaxşı müəllim və yaxşı dərsdən ibarət deyil.
Biz təhsili beş dayağın üzərində qururuq: müəllim, texniki infrastruktur, beynəlxalq standartlara uyğun tədris proqramı, dərsdənkənar praktika və peşəkar şəbəkə. Bunun üzərinə rəsmi beynəlxalq tərəfdaşlıqları, sertifikatlaşma imkanlarını və Zəmanətli Təhsil kimi modelləri əlavə etmişik.
Amma ekosistem dedikdə mənim üçün ən vacib hissələrdən biri məzun şəbəkəsidir. Məzunlarımız bir-birini tövsiyə edir, işə götürür, bilik və imkan paylaşırlar. Bizim üçün Code ilə münasibət məzun günü ilə bitmir. Məqsədimiz Code ailəsinə daxil olan insanın ömür boyu bu ekosistemin bir hissəsi olması və ondan faydalana bilməsidir.
- Süni intellektin sürətli inkişafı “Code Academy”nin tədris proqramlarına və tədris yanaşmasına necə təsir edir?
- Məncə, süni intellektlə bağlı ən böyük dəyişiklik proqramlarda yox, təşkilati mədəniyyətdə baş verməlidir. Yeni alət gələndə ondan qorxan yox, onu öyrənən və sonra başqasına öyrədən təşkilat qurmaq lazımdır.
Biz də ilk gündən bunu etməyə çalışdıq. Komandada kimsə yeni aləti və ya yanaşmanı öyrənirdisə, sürətlə digərləri ilə bölüşürdü. Zamanla bu, yeni bilikdən qorxmamaq mədəniyyətinə çevrildi.
Bütün proqramlarımızı yeniləmişik. Süni intellekti ayrıca bir mövzu kimi deyil, araşdırma, analitik düşüncə, problem həlli və nəticəni qiymətləndirmə aləti kimi müxtəlif ixtisaslara daxil etmişik. Tələbəyə sadəcə süni intellektdən cavab almağı öyrətmək kifayət deyil. Əsas bacarıq doğru sualı vermək, alınan cavabı yoxlamaq və ondan daha yaxşı nəticə yaratmaqdır.
Bir təhsil müəssisəsi olaraq gələcəyi dəqiq proqnozlaşdırdığımızı iddia etmirəm. Bizim məsuliyyətimiz dəyişimi tez görmək, öyrənmək və onu tədrisə çevirməkdir.
- Tədris prosesində praktiki tapşırıqlara və real layihələrə nə dərəcədə yer verilir? Tələbənin real iş mühitinə hazırlanmasını necə təmin edirsiniz?
- Praktika ilk gündən modelimizin mərkəzindədir. Tələbə nəzəriyyəni tapşırıq, laboratoriya və real layihələr üzərində tətbiq edir. Beynəlxalq tərəfdaşlarımızın onlayn laboratoriyalarından istifadə olunur, tələbələr dərsdən kənar vaxtlarda da kampusdakı birgə iş (coworking) sahələrində işləyə bilirlər.
Bizim daxildə işlətdiyimiz bir ifadə var: özümüzə və sənayeyə gələcək iş yoldaşları yetişdiririk. Ona görə yalnız texniki bilik yox, intizam, davamlı çalışma, komanda ilə işləmək və nəticə ortaya qoymaq vərdişi də vacibdir.
Bir də vacib prinsipimiz var: hamı eyni sürətlə öyrənmir. Bir tələbənin ilk cəhddə istədiyi nəticəni əldə etməməsi onun həmin sahədə uğurlu ola bilməyəcəyi demək deyil. Zəmanətli Təhsil modelimiz də buna görə yaranıb. Tədrisi bitirmiş məzun sonradan mövzunu kifayət qədər yaxşı mənimsəmədiyini düşünürsə, eyni proqramda yenidən ödənişsiz iştirak edə bilir. Məqsəd proqramı sadəcə bitirmək yox, həqiqətən öyrənməkdir.
- Yerli və beynəlxalq şirkətlərlə hansı istiqamətlərdə əməkdaşlıq edirsiniz və bu tərəfdaşlıqlar tələbələr üçün hansı imkanlar yaradır?
- Tərəfdaşlığı loqoların və ya şirkətlərin sayı ilə ölçməyi çox doğru hesab etmirəm. Mənim üçün əsas sual budur: bu əməkdaşlıq tələbəyə nə verir?
Beynəlxalq tərəfdaşlıqlar bizə proqramları rəsmi standartlarla uyğunlaşdırmaq, müəllimləri sertifikatlaşdırmaq, laboratoriyalara və peşəkar sertifikatlara çıxış yaratmaq imkanı verir. Tələbələrimiz bəzi beynəlxalq sertifikatlarda tərəfdaşlıqlar hesabına 100 faizə qədər güzəşt də əldə edə bilirlər.
Yerli və beynəlxalq şirkətlərlə əlaqələr isə proqramlarımızın əmək bazarından qopmamasına kömək edir. Sektor mütəxəssislərini tələbə və məzunlarla bir araya gətiririk. Məzunlarımız müxtəlif şirkətlərdə işlədikcə bu əlaqə daha da böyüyür və ekosistem yeni tələbələr üçün də imkan yaradır. Bizim üçün tərəfdaşlığın dəyəri, onun, tələbənin əlində hansı konkret imkana çevrilməsidir.
- Universitet təhsili ilə intensiv praktiki təlim modelləri bir-birini necə tamamlamalıdır? Sizcə, əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığında optimal model necə qurulmalıdır?
- Universitetlə intensiv praktiki təhsili bir-birinin rəqibi kimi görmək səhv olar. Universitet çox dəyərlidir, amma artıq insanın peşə həyatına tam hazır olduğu son nöqtə kimi qəbul edilə bilməz.
Universitet insanın akademik təməlini, düşünmə, araşdırma, sual vermə, fikrini ifadə etmə və əməkdaşlıq bacarıqlarını formalaşdırır. Praktiki təhsil isə həmin bilikləri real iş üsulları və layihələr üzərində bacarığa çevirir.
Əmək bazarına yalnız diplomu və ya müəyyən bir alətdən istifadə etməyi bilən insanlar yox, düşünə, istehsal edə və lazım gələndə yenidən öyrənə bilən insanlar lazımdır.
Burada əlçatanlıq da önəmlidir. Əlavə praktiki təhsil yalnız maddi imkanı olanların əldə etdiyi üstünlüyə çevrilməməlidir. Məncə, gələcəkdə Təhsil Tələbə Kredit mexanizmlərinin ömürboyu və əlavə təhsil müəssisələrini də əhatə etməsi kimi modelləri müzakirə etmək faydalı olar.
- Dövlət-özəl əməkdaşlığı rəqəmsal təhsilin inkişafında hansı imkanları yaradır? “Code Academy” bu əməkdaşlıq modelində hansı rolu oynaya bilər?
- Məncə, dövlət-özəl əməkdaşlığının ən böyük imkanlarından biri paralel təhsil sistemi yaratmaq yox, praktiki təcrübəsi və beynəlxalq standartları olan yerli təhsil şirkətlərini mövcud təhsil sisteminin içinə gətirməkdir.
Dövlət geniş miqyasda əlçatanlıq və strateji istiqamət yarada bilir. Özəl təhsil müəssisələri isə proqramları daha çevik yeniləyə, beynəlxalq standartları və praktiki təcrübəni daha sürətli tətbiq edə bilir. Bu iki imkan birləşəndə nəticə daha güclü olur.
Biz bunu praktikada da görürük. Elm və Təhsil Nazirliyi ilə həyata keçirilən “Code for Future” layihəsi çərçivəsində 3 mindən çox universitet tələbəsi təhsil alıb. Milli Observatoriya Mərkəzinin məzun məlumatları əsasında elektron hökumət bazalarında apardığı təhlildə layihə məzunlarının 82%-nin məşğul olduğu müəyyənləşib. Bu, bizim öz daxili sorğumuz deyil, dövlət məlumatları üzərindən aparılmış təhlildir.
Bu təcrübəni peşə təhsilinə də gətirmişik. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə dörd istiqamət üzrə proqramlar həyata keçirmişik, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə də uzun illərdir müxtəlif layihələr icra edirik.
Məqsəd layihələrin sayını artırmaq deyil. Məqsəd işləyən modeli sistemin içinə gətirmək və daha çox gəncin real bacarıq və karyera imkanına çıxışını artırmaqdır.
- Süni intellekt alətlərinin artıq kod yaza bildiyi bir dövrdə gənc proqramçılarda texniki biliklərlə yanaşı hansı bacarıqlar daha kritik olacaq ki, onlar süni intellektlə rəqabət aparmaq əvəzinə ondan səmərəli istifadə edə bilsinlər?
- Məncə, proqramlaşdırmaya həqiqi marağı olan gənclər üçün çox maraqlı dövrdür. Süni intellekt kodun bir hissəsini yaza bildikcə, sadəcə sintaksis bilmək insanı fərqləndirmir. Daha çox hansı problemi həll etdiyin və necə düşündüyün önə çıxır.
Biz proqramçıya sadəcə kod yazan insan kimi baxmamalıyıq. O, proqram mühəndisidir. Sistemi bütöv görməli, problemi hissələrə bölməli, düzgün həll arxitekturası qurmalı, süni intellekt alətlərini və agentlərini idarə etməli, alınan nəticəni tənqidi qiymətləndirməlidir.
Alqoritmik düşüncə, sistemli yanaşma, problem həlli, yaradıcılıq, kommunikasiya və davamlı öyrənmə daha da vacib olacaq. Əsas sual “Süni intellekt mənim yerimi alacaqmı?” yox, “Süni intellektdən istifadə edərək əvvəllər yarada bilmədiyim hansı dəyəri yarada bilərəm?” olmalıdır.
- Texnologiyalar sürətlə dəyişdiyi halda, təhsil proqramlarının aktuallığını qorumaq üçün hansı mexanizmlər lazımdır? “Ömürboyu təhsil” yanaşması bu prosesdə hansı rolu oynayır?
- Beynəlxalq sertifikatlar çox vacib mexanizmdir, amma təkbaşına kifayət etmir. Onlar proqramı beynəlxalq standartlarla müqayisə etməyə kömək edir. Bunun yanında sənaye ilə daimi əlaqə, müəllimlərin davamlı inkişafı və proqramların daha tez-tez yenilənməsi lazımdır.
Əvvəllər tədris proqramına bir neçə ildən bir baxmaq mümkün idisə, indi bəzi texnoloji sahələrdə bunu 6 ay, maksimum 1 il intervalında etmək lazım gəlir. Təhsil müəssisəsinin özü öyrənmirsə, tələbəyə ömürboyu öyrənməyi öyrədə bilməz.
Ömürboyu təhsil mənim üçün ayrıca bir kurs və ya sonradan əlavə olunan mərhələ deyil. Mən təhsili universitetlə başlayan və diplomla bitən proses kimi görmürəm. İnsan doğulduğu andan peşə həyatının sonuna qədər öyrənir. Bir dəfə təhsil alıb eyni biliklə bütün karyeranı davam etdirmək artıq mümkün deyil.
Ən vacib bacarıqlardan biri insanın öz biliyini yeniləyə bilməsidir. Ən müasir proqram belə bir neçə ildən sonra köhnələ bilər, amma öyrənməyi öyrənmiş insan özünü yenidən qura bilir.
- “Code Academy”yə rəhbərlik etmək sizin üçün hansı əsas məsuliyyətləri yaradır? Sizi məhz texnologiya təhsili sahəsində çalışmağa gətirən əsas motivasiya nə olub?
- Mənim üçün liderlik mövcud sistemi yaxşı idarə etməkdən ibarət deyil. Lazım olan yerdə yeni model qurmaq, onun işlədiyini göstərmək və sonra həmin dəyişikliyin daha geniş miqyasda yayılmasına nail olmaqdır.
“Code Academy” böyüdükcə bu məsuliyyət də böyüyüb. Mentorluq modeli, buraxılış layihələrinin müdafiəsi, Zəmanətli Təhsil kimi bir vaxtlar fərqləndirici hesab etdiyimiz yanaşmaların bu gün sektorda daha geniş tətbiq olunduğunu görürük. Mən bunu rəqabət itkisi kimi yox, yaratdığımız dəyişikliyin miqyası kimi görürəm. Yaxşı bir yanaşma standart halına gəlirsə, sektor bütövlükdə güclənir və bundan ölkə qazanır.
Mənim motivasiyamın kökündə sadə bir inam var: təhsillə çox şeyi dəyişmək mümkündür. Mənim üçün texnologiya məqsəd deyil, insan üçün daha keyfiyyətli təhsil və daha çox imkan yaratmaq alətidir. Bu gün məzunlarımızın özlərinə uyğun sahədə dəyər yaratması, beynəlxalq bazarda işləməsi və bu dəyərin ölkə iqtisadiyyatına, o cümlədən İKT ixracına çevrilməsi ən böyük motivasiyalarımdandır. Liderlik etdiyim qurumun uğurundan daha vacibi, yaratdığımız modellərin insanların seçim imkanlarını artırmasıdır.




