“Oradakı müəllimlər Azərbaycandakılardan elə də fərqlənmir” – Kembrici fərqlənmə ilə bitirən azərbaycanlı

13 Avqust, 2026 - 10:12
“Oradakı müəllimlər Azərbaycandakılardan elə də fərqlənmir”

Birinci kursdan qarşısına məqsəd qoydu, araşdırdı, dünyanın aparıcı universitetlərinin məzunları və professorları ilə əlaqə saxladı, özünü beynəlxalq akademik mühitə hazırladı. Bu yolun sonunda isə qarşısına qoyduğu hədəflərdən birinə çatdı. Murad Alməmmədov bu gün siyasi elmlər üzrə Kembric Universitetində təhsil alan ilk azərbaycanlı tələbədir.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Kembric Universitetinin “Siyasət və beynəlxalq araşdırmalar” ixtisası üzrə magistr təhsili alan Murad “Azərbaycan müəllimi”nə müsahibəsində uğurlu tələbəlik həyatı, beynəlxalq elmi fəaliyyətləri, Kembricdə qazandığı təcrübələr və gələcək planları haqqında danışıb.

“Tələbələr universitet daxilindəki elmi və ya könüllü fəaliyyətini I-II kursdan sonra dayandırmalıdır”

– Əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz. Universitet illəriniz necə keçib?

– 2021-2025-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət sifarişi əsasında “Politologiya” ixtisası üzrə bakalavr təhsili almışam. Təhsil müddətində əlaçı idim. Eyni zamanda, 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkə üzrə 100 nəfərə verilən “Heydər Əliyev” təqaüdünün sahiblərindən biri olmuşam.

Universitetin ictimai fəaliyyətində də aktiv iştirak etmişəm. Birinci kursda həm universitetin Tələbə Gənclər Təşkilatında, həm də Tələbə Elmi Cəmiyyətində qrup sədri olmuşam. Tələbə Gənclər Təşkilatında tarix klubu yaratmışdım və həmin klub bir il fəaliyyət göstərdi. Eyni zamanda, birinci və ikinci kurslarda Tələbə Elmi Cəmiyyətində qrup sədri kimi aktiv fəaliyyət göstərmişəm.

Bu təcrübələrin həyatımda və akademik fəaliyyətimdə nə qədər rol oynadığına gəlincə, onları bir növ ibtidai sinif kimi düşünürəm. Bunlar önəmli və olması gərəkən mərhələlər idi. Akademik və peşəkar karyeramın digər mərhələlərində burada qazandığım bilik və bacarıqlardan yararlandım. Lakin düşünürəm ki, tələbə xarici mühitdə, beynəlxalq sferada elmi fəaliyyətlə məşğul olmaq istəyirsə, universitet daxilindəki elmi və ya könüllü fəaliyyətini birinci-ikinci kursdan sonra dayandırmalıdır. Çünki dörd il qısa müddətdir. Bu müddətin hamısını universitet daxilində keçirdikdə artıq universitetdən kənar təcrübə qazanmağa vaxt qalmır.
Mən də belə etdim. Birinci kursda və ikinci kursun ilk yarısında, yəni təxminən bir il yarım ərzində universitetdaxili imkanlardan faydalandım. Daha sonra ölkə daxilində və xaricdə könüllü proqramlara və elmi fəaliyyətlərə qoşuldum. Yaponiya, ABŞ və Fransada keçirilən beynəlxalq elmi konfranslarına təqdim etdiyim məqalələrim çap olundu. Bu prosesdə mənə ən çox dəstək olan müəllimlərimdən biri Reyhan Cəfərova olub. O, DİA-da müəllimdir, eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur.

– Bəs sizdə Kembric Universitetində təhsil almaq hədəfi nə vaxt yarandı?

– Düzü, Kembric Universitetində təhsil almaq hədəfim artıq I kursa başlayanda yaranmışdı. Mən çox hədəfli və planlı bir insanam. Hədəflərimi əvvəlcədən müəyyənləşdirməyi və onların üzərində çalışmağı sevirəm.

Bakalavr təhsilinə başlayanda özüm üçün qərar verdim ki, xaricdə təhsil almaq istəyirəm. Bunun üçün araşdırmağa başladım. Oksford, Kembric və Harvard məzunları ilə, eyni zamanda professorlarla elektron poçt vasitəsilə əlaqə saxladım. Uzun sürən araşdırma prosesinin sonunda qərara gəldim ki, mənim üçün ən uyğun proqram Kembric Universitetində magistratura səviyyəsində tədris olunan “Siyasət və beynəlxalq araşdırmalar” ixtisasıdır.

Bu ixtisası seçməyimin əsas səbəblərdən biri proqramın kurikulumunun çox unikal olması idi. Süni intellekt siyasəti, ABŞ və Çin arasındakı texnoloji və siyasi-texnoloji rəqabət, ətraf mühit, mənim maraq göstərdiyim su siyasəti, alqoritmik idarəetmə kimi kifayət qədər yeni və digər proqramlarda rast gəlinməyən fənlər var idi. Məsələn, eyniadlı proqramlarda bu fənlərin bəziləri Oksford Universitetində və ya Harvardda yox idi.

Kembrici seçməyimin digər mühüm səbəbi isə təhsilin müddəti ilə bağlı idi. Oksford, Harvard, Yale və araşdırdığım digər aparıcı universitetlərdə magistr təhsili bir il yarım və ya iki il idi. Kembricdə isə proqram bir il davam edirdi. Düşündüm ki, magistr təhsilini bir ilə başa vurmaq insanın həyatından bir il qazandırır. Beləliklə, həm kurikulumu, fənləri və professor heyətini bəyəndiyim üçün, həm də təhsil müddətini nəzərə alaraq Kembric Universitetinə müraciət etdim və qəbul oldum.

– Siz bu ixtisas üzrə Kembricdə təhsil alan ilk azərbaycanlı tələbəsiniz. Bu fakt sizdə əlavə məsuliyyət hissi yaradırdı?

– Bəli, mən bu ixtisas üzrə Kembricə qəbul olan və burada təhsil alan ilk azərbaycanlıyam. Amma bu fakt məndə spesifik olaraq əlavə məsuliyyət hissi yaratmayıb. Çünki birincisi, mən onsuz da məsuliyyətli insanam və hər şeyi ən yaxşı şəkildə etməyə çalışıram. Günün sonunda həm öz adımı, həm də vətənimin adını uğurla təmsil etməyə çalışıram.

Digər tərəfdən, bunun realistik tərəfi də var. Xaricdə, ümumiyyətlə Qərb insanı üçün belə şeylər çox da əhəmiyyət daşımır. Onlar sənə fərdi yanaşırlar.

Hətta qəbul olduğum zaman bu ixtisasda oxuyan ilk azərbaycanlı olduğumdan xəbərim də yox idi. Dövlət Proqramının siyahılarına baxmışdım və görmüşdüm ki, bu ixtisas üzrə qəbul olan və ya oxuyan azərbaycanlı yoxdur. Amma daha sonra, imtahan nəticələrini gözlədiyimiz müddətdə universitet tərəfindən mənə rəsmi şəkildə bildirildi ki, bu ixtisas üzrə qəbul olan ilk azərbaycanlısan.

“İnsan özünü hansısa nağıl personajı kimi hiss edir”

– Kembricə ilk dəfə getdiyiniz zaman sizi ən çox nə təəccübləndirdi?

– Kembricə ilk gəldiyim günlər çox maraqlı idi. Birincisi, akademik mühiti bir kənara qoysaq, Kembric çox maraqlı şəhərdir. Dörd-beş mərtəbədən hündür binalara demək olar ki, rast gəlmirsiniz. Müasir deyil, orta əsrlər şəhəridir. Hər tərəfə baxanda qala, qəsr, kilsə görürsünüz.

İnsan özünü orta əsrlərə aid bir filmin içində və ya hansısa nağıl personajı kimi hiss edir. İlk bir-iki həftəm sözün əsl mənasında ətrafı seyr etməklə keçdi. Dərslər başlamamışdan əvvəl şəhərlə tanış olmağa çalışırdım.
“Akademik həyata başlayanda sudan çıxmış balığa dönmüşdüm”

– Şəhərə uyğunlaşmaq bir yana, akademik mühitə uyğunlaşmaq necə keçdi?

– Dərslər başlayanda artıq müəyyən qədər uyğunlaşmışdım. Amma akademik həyata başlayanda, sözün əsl mənasında, sudan çıxmış balığa dönmüşdüm.

Halbuki Azərbaycanda öz sahəm üzrə parlaq gənclərdən biri idim. İstər yerli, istərsə də beynəlxalq yarışlar və fəaliyyətlər baxımından tanınan gənclər arasında olmuşdum. Amma Kembricə qəbul olunanda acı bir həqiqətlə qarşılaşdım: Azərbaycanda qazandığım bilik və bacarıqlar mənə yalnız müəyyən yerə qədər kömək edə bilərdi.

Çünki artıq rəqiblərim də dəyişmişdi. Mən bakalavr təhsilimi Dövlət İdarəçilik Akademiyasında almışdım, bəzi qrup yoldaşlarım isə bakalavr təhsilini Harvard, Yel və digər aparıcı universitetlərdə almışdılar. Buna baxmayaraq, sonda universiteti qrup yoldaşlarımın 98 faizindən daha yüksək nəticə ilə tamamladım və Kembric Universitetinin ən yaxşı 2 faizi arasında yer alaraq təhsilimi fərqlənmə ilə başa vurdum.

– Kembricdə ilk aylarda akademik baxımdan çətinlik çəkdiyinizi dediniz. Əsas çətinlik nədən qaynaqlanırdı?

– İlk 3-4 ay təhsil sözün əsl mənasında akademik cəhətdən çox ağır və əziyyətli oldu. Bunun təbii səbəbləri var idi. Azərbaycanda siyasi elmlərin tədrisi, demək olar ki, əsasən rusdilli mənbələrin Azərbaycan dilinə tərcüməsi əsasında aparılır. Kembricdə isə ingilisdilli mənbələrdən və ingilis düşüncə məktəbindən istifadə olunur. Ona görə mən texniki biliklərlə yanaşı, müəyyən metodoloji və yanaşma fərqlərini də aradan qaldırmalı oldum. Təhsilimin ilk dörd ayını bu metodologiya, yanaşma və baxış bucağındakı fərqləri müəyyən qədər aradan qaldırmağa sərf etdim.

Amma yenə deyirəm, bu proses çox gözəl və uğurlu oldu. DİA-da aldığım bakalavr təhsili olmasaydı, düşünürəm ki, Kembricdə, nə qədər çalışsam da, həmin nəticəni əldə edə bilməzdim.

– Bəs konkret olaraq tədris prosesində Azərbaycan və Kembric arasında hansı əsas fərqləri gördünüz?

– Əslində, birinci fərq istifadə olunan mənbələrdədir. DİA siyasi təhsil verən təhsil müəssisələri arasında ölkənin ən qabaqcıl universitetlərindən biridir. Hər nə qədər ölkə üzrə və beynəlxalq əmək bazarına çıxan çoxsaylı yaxşı və keyfiyyətli namizəd gənclər yetişdirsə də, tədris materiallarının bir hissəsi müasir dövrün tələblərinə cavab vermir. Bəzi istisnalar olmaq şərtilə, bir semestr ərzində tələbənin keçdiyi 8 fəndən ən yaxşı halda 3-4-nün beynəlxalq standartlara cavab verdiyini düşünürəm. Digər fənlərin tədris materiallarında istinad olunan mənbələr, kitablar və s. artıq elmi aktuallığını itirmiş ola bilir. Belə olanda tələbələr bir növ lazımsız informasiya öyrənmiş olurlar.

Kembricdə isə ən aktual, ən yeni, hətta keçmiş məqalələri və elmi-tədqiqatları özündə cəmləşdirən materialları araşdırırdıq. Bu da insanın vaxt itirməsinin qarşısını alırdı. Yəni mən vaxt itirmirdim və öyrəndiyim biliklərin böyük ehtimalla gələcəkdə də mənə lazım olacağını bilirdim.

– Tədris materiallarından başqa, dərs yükü baxımından da fərq var idimi?

– Bəli. Kembricdə gördüyüm ən önəmli təhsil fərqlərindən biri də tələbələrin həddən artıq fənlə yüklənməməsidir. Azərbaycanda bir tələbə bir semestr ərzində 7-8, bəzi hallarda 9 fənn keçir. Halbuki bunlar bir-biri ilə əlaqəsi olmayan, müxtəlif sahələri əhatə edən fənlər olur. Məsələn, biri tətbiqi politologiyadırsa, digəri xarici siyasət olur. Bir-biri ilə əlaqəsi olmayan və yaxınlıq dərəcəsi az olan bu qədər fənnin eyni semestr ərzində tələbəyə verilməsi və həmin materialların mənimsədilməyə çalışılması, əlbəttə ki, çətindir.
Kembricdə isə fənlərin sayı daha azdır. Tələbəyə bir semestr ərzində 4 fəndən artıq fənn seçməyə icazə verilmir. Maksimum 5 fənn seçmək mümkündür, amma beşinci fənn üzrə imtahana buraxılmırsınız. Sadəcə dərsləri dinləyib informasiya əldə edə bilərsiniz. Düşünürlər ki, insan beyninin bir limiti var və yeni bilik əldə etmək üçün müəyyən sərhədlər olmalıdır. Mən də bunun doğru yanaşma olduğunu düşünürəm.

– Bəs akademik hazırlıq baxımından özünüzü Kembricdə necə hiss edirdiniz? Bakalavr təhsilinizin sizə verdiyi baza orada özünü göstərirdimi?

– Bəli. Baxmayaraq ki, qrup yoldaşlarım bakalavr təhsilini Harvard, Kembric, Oksford, Yel kimi dünyanın qabaqcıl universitetlərində alıblar, bəzi hallarda dərsdə cavab verəndə Kembricdəki müəllimlərim mənə “Çox maraqlıdır, siz sanki ikinci magistr təhsili almısınız, yaxşı hazırlığınız var”,- deyirdilər. Yəni verdiyim cavablar onları kifayət qədər qane edirdi.
Əlbəttə, bu cavabların yaxşı olmasının 50 faizi mənimdirsə, digər 50 faizi də bakalavr təhsilində qazandığım biliklərlə bağlıdır.

“Kembric müəllimi akademik baxımdan Azərbaycan müəllimindən o qədər də fərqlənmir”

– Bəs professor-müəllim heyəti? Kembricdəki akademik mühitlə Azərbaycandakı müəllimlər arasında hansı fərqləri müşahidə etdiniz?

– Bu suala iki cür cavab verərdim. Əvvəla, elm baxımından öz sahəsinin öncüllərini istisna etmək lazımdır. Mən siyasi elmin ən qabaqcıl alimlərindən, professorlarından dərslər almışam. Bu istisnaları çıxmaq şərtilə, orta statistik Kembric müəllimi akademik baxımdan orta statistik Azərbaycan müəllimindən o qədər də fərqlənmir. Hətta deyərdim ki, bizim müəllimlərin akademik  bacarığı, dil bilikləri orta statistik Kembric müəllimindən müəyyən mənada daha yüksək ola bilər.

Ən böyük və mənfi fərq müəllimlərin tələbələrə münasibəti və yanaşması idi. Şəxsən düşünürəm ki, bu, yalnız universitetlərimizdən qaynaqlanan məsələ deyil. Şərq cəmiyyətinin quruluşundan irəli gələn bir xüsusiyyət var: böyüklər kiçiklərin həyatına daha aktiv müdaxilə edə, bir çox məsələyə qarışmaq səlahiyyətini özlərində görə bilirlər. Qərbdə isə insan nisbətən daha sərbəst olur.

Məsələn, mən hər gün dərsə gedəndə geyimimə diqqət edirdim: hansı şalvarla hansı köynəyi uyğunlaşdırım, fərqli geyinim, eyni zamanda geyim qaydalarına riayət edim. Hər nə qədər konkret geyim qaydaları olmasa da, Azərbaycanda insanlar geyimlərə müdaxilə etmək hüququnu özlərində görə bilirlər.

Qərbdə isə belə bir şey yoxdur. Mən bunu çox sevirdim. Çünki kiminsə gözünə xoş görünmək üçün xüsusi şəkildə geyinmək məcburiyyətində deyilsən. Sənə hansı geyim rahatdırsa, onunla gedirsən. Günün sonunda əsas məsələ mənim rahatlığım və rahat şəkildə informasiya, bilik öyrənməyimdir. Bu baxımdan, müdaxilə məsələsinə görə bizim akademik heyətin qiymətindən bir neçə bal çıxarardım.

– Kembricdəki birillik təhsiliniz sizə akademik biliklərdən başqa nə qazandırdı? Düşüncə tərzinizdə dəyişiklik oldumu?

– Bu bir il ərzində 8-9 fənn götürmüşəm, onlardan imtahan vermişəm, fərqli sahədə dissertasiya yazmışam, çox geniş və önəmli akademik bilik əldə etmişəm. Dissertasiya mövzum “Süni intellektdən su əsaslı konfliktlərin əvvəlcədən proqnozlaşdırılmasında istifadə olunması” idi. Dərslərim tamamilə fərqli idi. Dinlədiyim, amma imtahan vermədiyim fənlər də var idi.
Bunların hamısı mənim üçün çox dəyərli akademik biliklər idi. Amma düşünürəm ki, Kembric təhsilimin mənə verdiyi ən önəmli faydalardan biri, bütün informasiyanı ilk növbədə sorğulamaq, analiz etmək və sual vermək bacarığı oldu. Bu xüsusiyyət əvvəldən məndə müəyyən qədər var idi, amma Kembricdə çox inkişaf etdi. Bir il yarım əvvəlki Muradla indiki Muradı müqayisə edəndə bunu rahatlıqla görə bilirəm.

Əvvəllər mənə yeni bir informasiya versəydiniz, həmin informasiyanı bir mənbədən araşdırdıqdan sonra artıq ona inanacaq və istifadə edəcəkdim. İndi isə bu, demək olar ki, mümkün deyil. İlk növbədə həmin informasiyanı sorğulayıram və ən əsası, sual verirəm.

– Düşünürəm ki, burada söhbət yalnız məlumatı necə qəbul etməyinizdən getmir. Bəs problemlərə yanaşmanızda dəyişiklik olubmu?

– Bəli, bu da Kembric təhsilimin mənə qazandırdığı digər mühüm nəticələrdən biridir. Əvvəllər istər akademik, istərsə də digər problemləri həll edəndə həmişə həll yolu axtarmağa çalışırdım. Həlli kənarda, problemin ətrafında axtarırdım.
İndi isə bir il yarımdan sonra qarşıma istər akademik, istərsə də qeyri-akademik problem çıxanda ilk növbədə həll yolu axtarmağa çalışmıram. Problemin özünü sadələşdirməyə, hissələrə bölməyə və anlamağa çalışıram. Problemi tam anlayanda, onun səbəblərini, gələcəkdə yarada biləcəyi nəticələri və digər amilləri müəyyənləşdirəndən sonra artıq həlli kənarda axtarmağa ehtiyac qalmır. Bir də görürsən ki, problem artıq öz-özünə həll olunub.

– Bəs bundan sonrakı mərhələ necə olacaq? Kembricdən sonra sizi hansı hədəflər gözləyir?

– Mən təhsili davam etdirməyi düşünürəm. Daha doğrusu, rəsmi təsdiqlənmədiyi üçün hazırda universitetin adını paylaşa bilmirəm, amma dünyanın yenə də ən qabaqcıl universitetlərindən birinə siyasi elmlər üzrə doktorantura təhsili almaq üçün qəbul olmuşam.

Bu mərhələdə ixtisasımı siyasət və süni intellektin inteqrasiyası istiqamətində müəyyən qədər dəyişmişəm, daha doğrusu, müasir dövrün tələblərinə uyğunlaşdırmışam.

Doktorantura təhsilimi də bitirdikdən sonra ən böyük xəyallarımdan biri bir Azərbaycan vətəndaşı kimi öz xalqımın gənc övladlarının akademik sahədə inkişaf etməsinə əlimdən gəldiyi qədər töhfə verməkdir. Böyük ehtimalla digər fəaliyyətlərimlə yanaşı, ölkəmizdə akademik fəaliyyətlə də məşğul olacağam. Universitetdə akademik fəaliyyətimi davam etdirərək gələcəkdə azərbaycanlı alimlərin yetişməsinə əlimdən gələn töhfəni vermək istəyirəm.