Arxeoloq: “Xaraba Gilan və ətrafındakı abidələr Yaxın Şərq sivilizasiyasının bir parçasıdır”
Azərbaycan arxeologiyasının tanınmış simalarından biri olan tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli ömrünü qədim tariximizin araşdırılmasına həsr edib. Amma maraqlıdır ki, onun peşə yolu arxeologiyadan deyil, tibb sahəsindən başlayıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji irs tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, "Azərbaycan Arxeologiyası" jurnalının redaktor müavini Bəhlul İbrahimli Ordubad rayonunun Sabir kəndində anadan olub. Bakı şəhərindəki 5 nömrəli Tibb Məktəbində feldşer-laborant ixtisası üzrə təhsil alıb, 1969–1971-ci illərdə Culfa Rayon Mərkəzi Xəstəxanasında laboratoriya müdiri işləyib. Sonralar tarixə olan marağı onu bu sahəyə gətirib. 1971–1975-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb, 1975–1978-ci illərdə Ordubad rayonunun Sabir kənd məktəbində tarix müəllimi, Aza kənd orta məktəbində isə tədris hissə müdiri vəzifəsində çalışıb.
1985-ci ildə "Orta əsr Xaraba-Gilan şəhəri" mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Bəhlul İbrahimli arxeologiya və tarix sahəsində çoxsaylı elmi məqalə və kitabların müəllifidir.
“Azərbaycan müəllimi” Azərbaycan arxeologiyasının inkişafında mühüm xidmətləri olan alimlə Naxçıvanın qədim tarixi, arxeoloji irsi və bu istiqamətdə aparılan tədqiqatlar barədə söhbətləşib.
Tibb sahəsini seçməyim valideynlərimin arzusu idi
– İlk peşəniz tibblə bağlı olub. Maraqlıdır ki, tarix və arxeologiya sizi özünə necə cəlb etdi?
– İlk olaraq qeyd edim ki, tibb sahəsini seçməyim valideynlərimin arzusu idi. Bakı şəhərindəki 5 nömrəli Tibb Məktəbində feldşer-laborant ixtisası üzrə təhsil aldıqdan sonra bir neçə ay Ordubadda işlədim, sonradan Culfa rayon Mərkəzi xəstəxanasında laboratoriya müdiri kimi fəaliyyət göstərdim. 1971-ci ildə Tibb İnstitutuna daxil olmaq üçün Bakıya gəldim. Ancaq sonradan fikrimi dəyişdim. Orta məktəbdə oxuyanda tarixə marağım çox idi. Bu marağı bizdə tarix müəllimim, rəhmətlik Əliağa Seyidov yaratmışdı.
Bilirsiniz, Ordubadın hər qarışı, xüsusən bol sulu Gilan çay vadisi arxeoloji abidələrlə zəngindir. Təsəvvür edirsinizmi, təkcə Gilançayın mənsəbində - Aşağı Aza, Yuxarı Aza, Der, Sumbatan dizə, Kələntər dizə, Qoşa dizə kəndlərinin ərazisində üç şəhərin – e.ə XII-VI əsrlərə aid Smbatean şəhərinin, e.ə. IV əsr-b.e. XIV əsrinə aid Kiran şəhərinin (Xaraba Gilan şəhər yeri) və XIV-XVI əsrlərə aid Aza şəhərinin xarabalıqları vardır. Hələ, Eneolit dövründən Son Tunc dövrünə qədərki qədim yaşayış yerləri və nekropolları demirəm. Milli ruhlu, Vətən tarixinə hədsiz marağı olan, bu abidələrin içində böyüyən bir adam onların tədqiqindən necə kənarda qala bilərdi?!
– Xaraba Gilanla ilk tanışlığınız necə olub?
– Keçən əsrin 60-70-ci illərində Naxçıvan məktəblərində belə bir qayda var idi. Təhsil ilinin sonuna yaxın hər sinfin rəhbəri uşaqları abidələrə, xüsusən Möminə Xatun türbəsinə, Duzlağa ekskursiyaya aparırdı. Bizim məktəbin müəllimləri ilk növbədə ekskursiyanı Xaraba Gilan şəhər yerinə təşkil edirdilər və demək olar ki, bütün siniflər ora gedirdi. Abidənin hər daşını-kəsəyini əzbər bilirdik.
– Düz 51 ildir ki, Xaraba Gilanı araşdırırsınız. Bu qədim şəhərin sizi özünə bağlayan nədir?
– 1975-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diploma ilə bitirib AMEA-nın Tarix İnstitutuna “Arxeologiya” ixtisası üzrə aspiranturaya qəbul olundum. Əvvəlcə mənə epiqrafika üzrə mövzu verdilər, elmi rəhbər də tanınmış epiqrafist Məşədixanım Nemətovanı təyin etdilər. Sonra mənim təkidimlə “Xaraba Gilan şəhər yerinin arxeoloji tədqiqi” mövzusunu verdilər və elmi rəhbərim də Beyləqan Orta əsr şəhərinin tədqiqatçısı, tarix elmləri doktoru Qara Əhmədov oldu.
Bilirsiniz, arxeologiyadan dissertasiya yazmaq üçün mövzu olan abidədə kifayət qədər arxeoloji qazıntılar aparılmalıdır. O zaman Xaraba Gilanda müstəqil ekspedisiya işləmirdi, Naxçıvanın görkəmli arxeoloqu Vəli Əliyevin rəhbərlik etdiyi Naxçıvan arxeoloji ekspedisiyası şəhərin iki yerində kəşfiyyat xarakterli qazıntılar aparsa da, bu kifayət etmirdi. 1979-cu ildə dəfinə axtaranlar tərəfindən Xaraba Gilan şəhər yerində XII əsrə aid türbənin sərdabəsinin dağıdılması böyük səs-küyə səbəb oldu. Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında müstəqil Xaraba Gilan arxeoloji ekspedisiyası yaradıldı. Uzun illər diqqətdən kənarda qalmış, müasir texnikanın köməyi ilə müdafiə divarları özülünə qədər dağıdılmış abidədə planlı və sistemli arxeoloji tədqiqatlara başlandı. İçərişəhərdə, Karvansarada və Səlcuqlular dövrünə aid memorial abidələrdə arxeoloji tədqiqatlar aparıldı və unikal tapıntılar əldə olundu.
Xaraba Gilan şəhər yerinin digər orta əsr şəhərlərindən böyük üstünlüyü ondan ibarətdir ki, şəhərin ərazisində XIV əsrdə son dağıntıdan sonra yaşayış olmamış, heç bir tikinti və təsərrüfat işləri aparılmayıb. Başqa sözlə, şəhər tədqiq olunarsa, orta əsr görkəmi olduğu kimi ortaya çıxacaqdır ki, bunun da təkcə tarixi, elmi deyil, eyni zamanda böyük turizm əhəmiyyəti vardır.
Arxeoloji tədqiqatlar, təkcə xarabalıqları 120 hektardan artıq ərazini əhatə edən, narınqalası, ictimai tikililəri, müdafiə divarları, 50-dən artıq memorial abidəsi ilkin vəziyyətində qalan şəhərin mövcud olduğu xronoloji çərçivəni, inkişaf mərhələlərini, iqtisadi-ticarət əlaqələrini və maddi mədəniyyətini kompleks şəkildə hərtərəfli öyrənməyə imkan verir.
Naxçıvan qədim zamanlardan dövlətçiliyimizin mərkəzlərindən biri olub
– Xaraba Gilanda keçirdiyiniz illər ərzində sizi ən çox həyəcanlandıran kəşf və ya hadisə hansı olub?
– Arxeoloji tədqiqatlar zamanı aşkar edilən hər bir unikal tapıntı abidənin tarixi əhəmiyyətini artırmaqla arxeoloqun ümidlərini, ehtimallarını doğruldur. Bu zaman keçirdiyimiz hissləri həyəcan deyil, sevinc, fərəh, qürur adlandırardım. Hələ, keçən əsrin 80-ci illərində Xaraba Gilan şəhər yerinin Xalı Keşan çayına (Gilan çayın qoludur) tərəf olan məhəlləsində şurf (yoxlama qazıntısı) qoyan zaman aşkar etdiyimiz küp üzərindəki aramey yazısı da, Naxçıvan memarlıq məktəbinə, onlardan səkkizüzlü türbənin şəxsən memar Əcəmi Əbubəkr oğluna məxsus olduğu memorial kompleksdən aşkar etdiyimiz, aralarında 1700 il zaman fərqi olsa da, 5 saylı Pazırık kurqanından çıxan xalça ilə səsləşən cecim də, keçən il Qızıl Orda (1231-1256) və İlxanilər (Hülakilər) dövrünə (1256-1357) aid unikal parça nümunələri tapılanda da təkcə mənim yox bütün ekspedisiya üzvlərinin sevinci, necə deyərlər, yerə-göyə sığmırdı. Yeri gəlmişkən deyim ki, xaraba Gilan arxeoloji ekspedisiyasının nadir tapıntılarından bir neçəsi Milli Azərbaycan Tarixi Muzeyində ayrıca nümayiş etdirilir. Bunlardan Böyük Səlcuqlu dövrünə aid parça nümunələrini, üzərində aramey yazısı olan küpü və silindrik möhürləri göstərə bilərik. Xüsusi ilə qeyd edim ki, Son Tunc-Erkən Dəmir dövrünə (e.ə. XIII-VIII əsrlərə) aid silindrik möhürlərin mühüm əhəmiyyəti vardır. Onlar öz dövründə ticarətdə, notarial işlərdə, dövlət işlərində hər hansı bir sənədi, məsələn müqaviləni təsdiq etmək üçün indiki möhür rolunu oynayıb. Tunc möhürlər isə indiki üzərində gerb olan, yüksək vəzifəli dövlət məmurlarının gəzdirdiyi dövlət möhürlərini əvəz edirdi. Azərbaycanda tapılan silindrik möhürlərin 80-90%-ı, tunc möhürlərin isə hamısı Naxçıvanda aşkar olunub. Naxçıvan qədim zamanlardan dövlətçiliyimizin mərkəzlərindən biri olub.
Qədim dövrə aid tapıntılar haqqında da Plovdağ nekropolunun kurqanlarında aşkar edilmiş e.ə. II-I minilliklərə aid qadın baş geyimlərini, işində oxları sadakları (ox qablarını) da unikal tapıntılar siyahısına əlavə edərdim. Bəhs etdiyim qadın baş geyimləri türk serialı olan “Diriliş Ərtoğrul”dakı qadın baş geyimlərinin eynisidir. Ox qablarına gəldikdə o dövrə aid Cənubi Qafqazda bütün formada tapılan yeganə artefaktlardır.
– Tədqiqatlarınız zamanı hansı çətinliklərlə üzləşmisiniz?
– Arxeoloji tədqiqatlarda asan heç nə yoxdu. Bu tədqiqatların hər mərhələsi – çöl tədqiqatları (qazıntılar), kameral işləmələr və kabinet işləmələri məsuliyyət, bilik və bacarıq tələb edir. Ona görə də arxeoloq üçün qazanılmış təcrübənin mühüm əhəmiyyəti vardır.
Arxeoloq kimi yetişməyimdə, zəngin təcrübə qazanmağımda rolu olan Azərbaycanın görkəmli arxeoloqları Vəli Əliyevi, Mingəçevir qazıntılarından tanıdığımız, Abşeron abidələrinin də tədqiqatçısı Qardaşxan Aslanovu, tarixçi, Xaraba Gilan arxeoloji ekspedisiyasının indiki ölçülərlə 10 il beynəlxalq statusda fəaliyyətinə imkan yaradan, Manna dövlətinin tədqiqatçısı Solmaz Qaşqayı, Sankt-Peterburq Maddi Mədəniyyət İnstitutundan olan, Yaxın Şərq arxeologiyası üzrə mütəxəssis İnna Nikolayevna Medvedskayanı, Özbəkistandakı Əfrasiyab (qədim Səmərqüənd) şəhər yerində mənim dəstə rəhbəri kimi qazıntı aparmağıma şərait yaradan Qalina Vasilyevna Şişkinanı, Xəzər tayfalarına məxsus Mayat şəhər yerində dəstə rəhbəri kimi qazıntı aparmağa imkan yaradan görkəmli arxeoloq Svetlana Aleksandrovna Pletnyovanı, keramika ilə işləməyi öyrədən Tatyana İvanovna Makarovanı, Azərbayca arxeologiyasına həmişə ümumtürk kontekstində yanaşan, Mərkəzi Aziyanın türk respublikalarının arxeoloqları və elmi qurumları ilə sıx əməkdalıq edən, görkəmli arxeoloq Qüdrət İsmayılzadəni xüsusilə qeyd etmək istərdim.
– Şəxsi imkanlarınız hesabına tarixi irsin qorunmasına dəstək verdiyinizi də bilirik. Bu nədən qaynaqlanır?
– Bilirsiniz, rəhmətlik atamdan mənə qalan bir də xeyriyyəçilik hissidir. Kənddə Yacı arxının üstündən məhəlləmizə keçən körpünü atam tikdirmişdi. Dağın zirvəsində işlənən məscidimizə suyu mən çəkdirmişdim. Ekspedisiyamızın yaxşı fəaliyyəti üçün imkanlarımdan maksimum istifadəni özümə borc sayırdım.
Naxçıvan əhalisi IV minillikdən bu ərazilərdə fasiləsiz yaşayıb
– Xaraba Gilanın Azərbaycan orta əsr şəhər mədəniyyəti tarixində yeri və əhəmiyyəti nədən ibarətdir? Regionun digər orta əsr şəhərləri ilə oxşar və fərqli cəhətləri nələrdir?
– Xaraba Gilan Cənubi Qafqazda yeganə şəhər yeridir ki, süqut etdikdən sonra üzərində yaşayış yeri olmayan, ərazisində təsərrüfat işləri aparılmayan unikal arxeoloji abidədir. Başqa sözlə, o dövrün abidələri olduğu kimi bu günə qədər saxlanıb. İkinci bu şəhər dağlıq ərazidə salındığından tikililəri coğrafi şəraitə uyğunlaşdırılıb. Şəhərin orjinal su təchizatı və müdafiə sistemi vardır. Burada Cənubi Qafqazda ilk şəhər daxilində fəaliyyət göstərən karvansara tədqiq olunub. Xaraba Gilan və ətrafındakı abidələr Azərbaycanda Son Tunc dövründən Orta əsrlər dövrünə qədər protoşəhər tipli abidələrin xüsusiyyətlərini və urbanizasiya proseslərini ardıcıl izləməyə imkan verən unikal arxeoloji kompleksdir. Xaraba Gilan və ətrafındakı abidələr Yaxın Şərq sivilizasiyasının bir parçasıdır.
– Uzun illər apardığınız tədqiqatlar nəticəsində Xaraba Gilanla bağlı hansı yeni elmi qənaətlərə gəlmisiniz?
– Uzun illərin arxeoloji tədqiqatlarının nəticələri sübut edir ki, Naxçıvan əhalisi ən azından e.ə. IV minillikdən bu ərazilərdə fasiləsiz yaşayıb. Multidissiplinar təhlillər bir yana, bunu bir misalla sübut etmək olar. Gilan çayın sahilindən Xaraba Gilanın narınqalasına qədər arxeoloji abidələr xronoloji ardıcıllıqla yerləşib. Xaraba Gilan (Kiran-Giran) şəhərinin yolu qədim dövr abdələrinin içərisindən keçir. Şəhər 1700 il mövcud olsa da bu qədim abidələrin heç birinə toxunulmayıb, onların ərazisində, yanında təsərrüfat işləri aparılmayıb. Heç bir tikili inşa olunmayıb, halbuki, Xalı Keşan çayının sahilləri təsərrüfat işləri üçün olduqca yararlıdır. Deməli babalarımız öz tarixi abidələrinə, öz maddi mədəniyyətinə hörmətlə yanaşıb, onu qoruyub.
– Naxçıvanın arxeoloji irsi ümumilikdə Azərbaycan tarixinin hansı qaranlıq qalan səhifələrini aydınlaşdırmağa kömək edir?
– Bilirsiniz ki, Naxçıvan yaxınlığındakı I Kültəpə abidəsi Cənubi Qafqazda Tunc dövrünün öyrənilməsi üçün uzun müddət etalon abidə olub və bu gün də əhəmiyyətini itirməyib. Naxçıvan Qədim Şərq mədəniyyətinin bir parçasıdır. Mesopotamiya-Şumerlə, Elamla iqtisadi-mədəni əlaqələrin öyrənilməsində Naxçıvan abidələri əvəzsizdir.
Sasanilər dövrünə aid, ərəblərin hücumu zamanı dağıdılmış və indiyədək xarabalıqları qalan müdafiə tikilisi I-VII əsrlərə aid Dəlmə qalasıdır.
İlxanilər-hülakilər dövründə Azərbaycanın iqtisadi-ticarət əlaqələrini, maddi mədəniyyətini öyrənməsində Naxçıvan abidələri mühüm əhəmiyyət kəsb edir.
– Siz müxtəlif beynəlxalq konfranslarda olmusunuz, ümumiyyətlə elmimizi xaricdə necə təbliğ edirsiniz?
– Bilirsiniz ki, beynəlxalq elmi konfranslar həsr olunduğu elm sahəsində əldə edilən ən son nailiyyətlərin səsləndiyi tədbirdir. Bu sahədə bizim ekspedisiya üzvləri də əldə olunan yenilikləri beynəlxalq elmi dövriyyəyə çıxarmağa çalışır.
İndi rəqəmsal innovasiyalarla çöl tədqiqatları paralel gedir
– Tarixi-mədəni irsin tədqiqi və qorunmasında müasir texnologiyaların rolunu necə dəyərləndirirsiniz?
– Müasir dövrdə yüksək texnoloji vasitələrdən istifadə etmədən arxeoloji tədqiqatlar aparmaq mümkün deyil. İndi rəqəmsal innovasiyalarla çöl tədqiqatları paralel gedir. Bunsuz çöl tədqiqatlarını təsəvvür etmək çətindir. Lazer skanı ilə gözlə görünməyən abidələri də yerini müəyyən etmək olur. Fotoqrammetriya hər təbəqəni dəqiq təsbit etməyə, yüksək keyfiyyətli 3D modeli çıxarmağa imkan verir. Maqnit-rezonans aparatı, georadar qazıntı aparmadan da torpağın altındakı abidənin əlamətlərini dəqiqliklə qeyd etməyə imkan verir. Geoinformasiya sistemi (GİS) ilə ərazidəki abidələrin visual göstəriciləri, qazıntı sahəsi, ərazinin relyefi bir xəritədə qeyd olunur ki, bu abidələrin əlaqəsi haqqında visual görüntü yaradır. Ekspedisiyanın üzvü olan antropoloq DNK analizi və izotop təhlillər üçün dişlərdən sümüklərdən nümunələr götürür. Əldə olunan məlumatların köməyi ilə süni intellekt bizə analoji abidələr haqqında məlumat verir, kütləvi şəkildə tapılan keramikanın, parça nümunələrinin təsnifatında, numizmatik materialların müəyyən edilməsində tədqiqata yardım edir.
– Gənc tədqiqatçılara tövsiyələriniz.
– Gənc tədqiqatçılara, xüsusilə arxeologiya sahəsini seçən gənclərə tövsiyəm ondan ibarətdir ki, elmi fəaliyyətin təbii tərkib hissəsi olan çətinlikləri inkişaf və təcrübə qazanmaq üçün bir mərhələ kimi qəbul etsinlər. Arxeologiya yüksək peşəkarlıq, geniş elmi dünyagörüşü, metodoloji hazırlıq, səbir və böyük məsuliyyət tələb edən bir elm sahəsidir. Bu istiqamətdə uğur qazanmağın başlıca şərti elmi prinsiplərə sadiqlik, davamlı özünüinkişaf və tədqiqata yaradıcı yanaşmadır. Gənc alimlər qarşılarına yüksək elmi məqsədlər qoymalı, peşələrinin incəliklərinə dərindən yiyələnməyə çalışmalıdırlar. Məhz belə bir yanaşma milli tarixi-mədəni irsin elmi əsaslarla öyrənilməsinə və gələcək nəsillərə etibarlı şəkildə çatdırılmasına mühüm töhfə verəcəkdir.




