“Uşaq lövhəni zəif gördüyünü demirsə, bu onun inkişafına mənfi təsir edir” – MÜSAHİBƏ
Məktəbyaşlı uşaqlarda sağlamlıq problemləri arasında görmə ilə bağlı narahatlıqlar da xüsusi yer tutur. Uzun müddət telefon, planşet və kompüterdən istifadə, dərs zamanı düzgün olmayan oturuş, kifayət qədər açıq havada olmamaq və gözlərin həddindən artıq yüklənməsi uşaqların görmə sağlamlığı ilə bağlı sualları aktuallaşdırır.
Məktəblilərdə ən çox hansı göz xəstəliklərinə rast gəlinir, eynək və kontakt linzalardan istifadə zamanı nələrə diqqət edilməlidir? Miopik astiqmatizm nədir və uşaqların gündəlik həyatına necə təsir göstərir?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin suallarını Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının baş laborantı, həkim-oftalmoloq Gülnar Əliyeva cavablandırıb.
-Gülnar xanım, məktəbyaşlı uşaqlarda ən çox hansı göz problemlərinə rast gəlinir?
-Məktəblilər arasında ən çox rastlaşdığımız göz xəstəlikləri miopiya, hipermetropiya, ambliopiya, astiqmatizm,konyunktivitlər(xüsusilə allergik konyunktivit) akkomodasiya problemləri və göz yorğunluğudur.
-Məktəblilər arasında miopiya (yaxıngörmənin) artıbmı? Miopiyanın yaranmasında genetik faktor, yoxsa həyat tərzi daha böyük rol oynayır?
-Bəli,dünya statistikasında məktəbli uşaqlar arasında miopiyanın yayılması nəzərəçarpacaq dərəcədə artıb.Hətta 2024-cü ildə 50 ölkədən 5,4 milyon uşaq və yeniyetmələr arasında aparılan meta-analizin nəticəsində 1990-cı ildə təxminən 24,3% miopiyadan əziyyət çəkən uşaq olsa da bu göstərici 2023-cü ildə 35,8 % olub. Məktəblilər arasında daha çox artım yuxarı sinif şagirdlərində müşahidə olunur. Çox təəssüf ki, müayinə nəticələrimiz göstərir ki, bu artım ölkəmizdə də müşahidə olunur.
Miopiyanın yaranmasında hər iki faktor mühüm rol oynayır.Əvvəllər genetik faktora üstünlük versək də, müasir araşdırmalar bu artımda ətraf mühitin və həyat tərzi faktorlarının da çox böyük rolu olduğunu göstərir.
Uşaqların ekran qarşısında keçirilməsi tövsiyə olunan müddət nə qədərdir?
-Uşaqlarda ekran vaxtı üçün təyin olunmuş vahid limit yoxdur.Burada praktik yanaşma var.Belə ki, 2 yaşa qədər ümumiyyətlə ekran istifadəsi qadağandır. Bu onların danışıq qabiliyyətinin inkişafına da çox kömək olur.2-5 yaşından keyfiyyətli məzmun valideynlə birlikdə, 5 yaşından sonra, xüsusilə məktəb dövründə gün ərzində 2 saat istifadə etmək olar. Amma burada bəzi nüansları nəzərə alaraq istifadə edə bilərlər. Əsas nüanslar 20-20-20 qaydasına riayət etmək, axşam yatmazdan 3 saat əvvəl istifadə etmək olmaz, gün ərzində ən az 1-2 saat təmiz havada olmaq lazımdır, ekran gözlərimizdən 30 sm aralı olmalıdır və istifadə zamanı duzgün oturmaq boynun düzgün vəziyyətinə diqqət etmək lazımdır.
-Uşaqlarda göz yorğunluğunun əsas əlamətləri hansılardır? Gözlərin tez-tez qıyılması, ovuşdurulması və ya baş ağrılarının olması görmə probleminin olmasına işarədirmi?
-Uşaqlarda göz yorğunluğunun müxtəlif əlamətləri ilə rastlaşırıq.Ən yüngül formalarda göz qırpma,qızatrı,gözlərini qıyma,işığa reaksiyanın artması,daha ağır formalarda isə görmə itiliyinin ani və keçici zəifləmələri və daha çox baş ağrılarının olması ilə rastlaşırıq.Uşaqlar alın nahiyyəsinə yayilan küt baş ağrılarından bəzi hallarda ürəkbulanma və başgicəllənmədən də şikayət edirlər. Bu xüsusilə gizli hipermetropiyası eyni zamanda göz yorğunluğu olan uşaqlarda müşahidə olunur.
-Məktəbdə lövhəni uzaqdan görə bilməmək uşağın görmə probleminin ilk əlamətlərindən biri sayıla bilər?
-Bəli, sayıla bilər. Bizə və eyni zamanda valideynlərə uşaqlarda miopiyanı erkən aşkarlamaqda ən çox kömək edən müəllimlərimizdir. Çox təəssüf ki,bir çox uşaq körpəlikdə və ya məktəbəqədər dövrdə oftalmoloji müayinə olunmur. Onların uzağı zəif gördüyünü dərs vaxtı lövhəni görmədikləri üçün müəllimləri aşkarlayır. İndi düşünün əgər bir uşaq dərsdən, yoldaşlarından və ya müəllimindən çəkinib lövhəni zəif gördüyünü demirsə, bu onun inkişafına nə qədər mənfi təsir edir. Praktikamda eynək təyin olunduqdan sonra dərs göstəricilərinin çox yüksəldiyini müşahidə etdiyim çoxlu xəstələr olub.
-Uşaqlar neçə yaşdan etibarən mütəmadi oftalmoloji müayinədən keçməlidirlər?
-Vaxtında və normal doğulmuş uşaqlarda yenidoğulmuş vaxtında(anadangəlmə patologiyaların skrininqi), 6-12 ay, 1-3 yaş(refraksiya,ambliopiya skrininqi), 3-5 yaş(görmə itiliyinin mütləq dəyərləndirilməsi) 5 yaş və məktəb dövrü 1-2 ildən bir.Patologiya aşkarlanan uşaqlarda patologiyanın ağırlıq dərəcəsinə uyğun müayinə vaxtını oftalmoloq təyin edir.
-Miopik astiqmatizm nədir və uşaqlarda nə qədər geniş yayılıb? Miopik astiqmatizmin yaranmasına hansı amillər səbəb olur?
-Astiqmatizm gözün buynuz qişasının və ya büllurun formasının düzgün olmaması səbəbindən yaranan bir görmə qüsurudur. Miopik astiqmatizm astiqmatizmin bir növü olub, gözün həm uzaq, həm də yaxın obyektləri düzgün fokuslamasını çətinləşdirir və görmə keyfiyyətini ciddi şəkildə azaldır. Yaranmasına səbəb olan əsas amillərdən birincisi genetik meyllilikdir. Bundan əlavə, göz qapaqlarının mexaniki təsiri(allergik konyunktivitlərdə),gözə mexaniki təsir (çox ovxalamaq) miopiyanın inkişafı, bəzi hallarda travma, keratokonus və kornea patologiyaları da miopik astiqmatizmin yaranmasına səbəb ola bilər.
-Miopiya ilə miopik astiqmatizm arasında əsas fərq nədir?
-Daha sadə dildə izah etməyə çalışsaq, miopiyada uşaqlar əsasən uzaqdakı obyektləri bulanıq görür, çünki görüntü tor qişanın önündə fokuslanır. Miopik astiqmatizmdə isə gözün müxtəlif istiqamətlərdə sındırma gücü fərqli olduğuna görə görüntü həm bulanıq, həm də bir qədər təhrif olunmuş görünür.
-Miopik astiqmatizmi olan uşaq hansı şikayətləri daha çox səsləndirir?
-Miopik astiqmatizmi olan uşaqlarda daha çox rast gəldiyimiz şikayətlər uzağı bulanıq görmə, gözləri qıyaraq baxmaq, təhrif olunmuş görüntü olduğu üçün hərfləri ayırmaqda çətinlik və göz yorğunluğudur.
-Bu problem vaxtında aşkarlanmadıqda hansı fəsadlara gətirib çıxara bilər?
-Bu problem vaxtında aşkarlanmasa və ya düzgün eynək təyin olunmasa uşaqlarda qalıcı görmə zəifliyi, ambliopiya, bəzi hallarda xarici çəplik və ya göz sürüşməsi müşahidə oluna bilər. Eyni zamanda, bu zəiflik uşaqların dərslərində və ümumi əqli inkişafında da özünü göstərir. Çünki bizim yaddaşımızın əsas hissəsini görmə yaddaşı təmin edir. Uşaqların inkişaf dövründə bütün obyektləri və kiçik detalları aydın görməsi çox önəmlidir.
-Miopik astiqmatizmin müalicəsində eynək kifayət edir, yoxsa başqa müalicə üsullarına da ehtiyac yarana bilər? Məsələn, kontakt linzalardan istifadə oluna bilərmi?
-Miopik astiqmatizmin müalicəsinin əsas hissəsi eynəklərlə korreksiyadır.Görmənin eynəklə tam korreksiyası çox önəmlidir. Əgər burada hər hansı gözdə ambliopiya müşahidə olunursa, bağlama müalicəsi,xarici göz sürüşməsi varsa, qələm idmanından istifadə edirik.İkinci önəmli məqam astiqmatizmin anadangəlmə və ya qazanılmış olduğunu müəyyənləşdiririk.Bu, gələcəkdə yaranan fəsadların qarşısını almaqda bizə kömək edir. Eyni zamanda, astiqmatizmin yaranmasında mexaniki təsir yaradan göz qapağı xəstəlikləri varsa, onların müalicəsini aparırıq. Bu problemdə kontakt linzalardan istifadə olunması arzuolunmazdır.
-Sinif otağında işıqlandırma uşaqların göz sağlamlığına necə təsir edir?
-Sinif otaqlarının zəif və ya qeyri-bərabər işıqlandırılması zamanı uşaqlarda göz yorğunluğu,baş ağrısı,zəif görmə, diqqətin azalması ola bilər. Xüsusilə zəif görməsi, astiqmatizmi olan uşaqlarda işıqlı otaqda aparılan tədris daha effektli nəticə verir. Hazırda rastlaşdığımız digər problem isə işıqlandırma üçün seçilən lampalardır. Sinif otaqlarının işıqlandırılmasında keyfiyyətsiz LED lampalardan, eyni zamanda çox parlaq göz qamaşdıran, işığı qeyri-bərabər paylayan lampalardan istifadə etmək olmaz.
Dərs zamanı kitab ilə göz arasındakı məsafə təxminən nə qədər olmalıdır?
-Dərs zamanı kitab ilə gözümüz arasıdakı məsafə 30-40 sm olmalıdır.Daha yaxın məsafədə uzun müddət oxumaq yaxıngörmə yükümüzü artırır.Bu isə uşaqlarda başağrısına səbəb ola bilər.
-Elektron lövhə və proyektordan uzun müddət istifadə uşaqların gözlərini yorurmu?
-Elektron lövhə və proyektorlarda düzgün parlaqlıq, kontrast, baxış məsafəsi təmin olunarsa, uşaqlar üçün təhlükə yaranmaz. Nəzərə alaq ki, elektron lövhələrdən izləmə uzaq məsafədəndir, burada telefon və ya planşet istifadəsindəki kimi yaxın görmə yükü də yaranmır. İkinci məqam isə onlardan uzunmüddətli istifadə olunmamalıdır.




