“Məqsədimiz yoxdursa, xaricdə oxumağın nəticəsi olmayacaq” – Türkiyədə təhsil alan azərbaycanlı 

2 Sentyabr, 2026 - 15:56
“Məqsədimiz yoxdursa, xaricdə oxumağın nəticəsi olmayacaq”

İnsan bəzən böyüdüyünü evdən uzağa gedəndə anlayır. 17-18 yaşında Türkiyəyə təhsil almaq üçün gedən Aytən İsayeva üçün bu yol əvvəlcə universitet həyatı, sonra isə özünü tanımaq, yeni insanlarla tanış olmaq, elmi fəaliyyətə qoşulmaq və getdikcə daha böyük hədəflər qurmaq demək idi.

Bu gün o, Türkiyənin təhsil təqaüd proqramları ilə başladığı təhsil yolunda iki dəfə “Üstün Başarı Bursu”na layiq görülüb, Səlcuq Universitetini ikinciliklə bitirib, magistr dissertasiyası universitet tərəfindən elmi layihə kimi dəstəklənib. Amma Aytənin hekayəsinin ən maraqlı tərəfi əldə etdiyi nəticələrdən çox həmin nəticələrə gedən yoldur.

“Azərbaycan müəllimi” Aytən İsayeva ilə müsahibəni təqdim edir.

– Aytən xanım, əvvəlcə təhsil yolunuzdan başlayaq. Türkiyədə təhsil almaq istəyiniz necə yarandı?

– Orta məktəbi 8-ci sinfə qədər Bakı şəhərində Elşən Sultanov adına 217 nömrəli məktəbdə oxumuşam. Daha sonra imtahan verərək Bakı Türk Anadolu liseyinə qəbul oldum və təhsilimin qalan hissəsini orada davam etdirdim. Elə Türkiyədə təhsil almaq istəyim də burada başladı. Azərbaycanlı müəllimlərlə yanaşı, Türkiyədən gələn müəllim heyətinin, türk və azərbaycanlı sinif yoldaşlarımın olması, həm türk, həm də Azərbaycan dilində tədris Azərbaycan-Türkiyə qardaşlığının real və praktik nümunəsi idi.
Lisey bizə layihə hazırlamaq və təqdim etmək, auditoriya qarşısında çıxış etmək, liderlik, tənqidi düşünmə və problem həll etmə kimi XXI əsrin əsas bacarıqlarının formalaşmasına da mühüm töhfə verirdi. İctimai, mədəni və sosial fəaliyyətlərdə könüllü iştirak üçün də imkanlar yaradırdı. Bütün bunlar mənim ictimai fəal şagird kimi yetişməyimə və məktəb rəhbərliyi tərəfindən fərqləndirilən şagirdlər sırasında olmağıma səbəb oldu.

Sonuncu sinifdə maddi səbəblərə görə Türkiyədə təhsil almaq xəyalımdan imtina etməli olsam da, türk müəllimlərim sayəsində tanıdığım Türkiyə təqaüd proqramlarına müraciət etdim. Cavablar elan olunan an sözlərlə ifadə edə bilməyəcəyim bir həyəcanla sistemə baxdım. Artıq Konyada yerləşən, Türkiyənin köklü təhsil ocaqlarından biri olan Səlcuq Universitetində istədiyim ixtisas –“Beynəlxalq münasibətlər” üzrə təhsil almaq hüququnu qazanmışdım.

““İki dövlət, tək millət” ideyası gələcəyimin istiqamət lövhəsinə çevrilmişdi”

– Bəs niyə məhz “Beynəlxalq münasibətlər” ixtisası?

– Hesab edirəm ki, uşaqlıq arzum olan “Beynəlxalq münasibətlər” ixtisasında qərarlı olmağımda və Türkiyə təqaüdünü qazanmağımda Bakı Türk Anadolu liseyində oxumağımın, orada milli-mənəvi dəyərlərimizin ab-havasında yetişməyimin və məktəbin imkanlarından maksimum yararlanmaq əzmimin böyük rolu olub.

Müsahibə mərhələsində “Bu ixtisası niyə seçmisən?” sualına cavabımı zənginləşdirən arqumentləri də məhz lisey illərində ixtisasımı uşaqlıq arzusundan kənara çıxarıb praktik fəaliyyətlərlə əsaslandırmışdım. Beləliklə, mənim üçün “İki dövlət, tək millət” ideyası gələcəyimin istiqamət lövhəsinə çevrilmişdi.

– Yəqin ki, Türkiyəyə getdikdən sonra qarşınızda başqa imkanlar da açılıb. YTB sizə tələbəlik illərində nələr qazandırdı?

– YTB-nin Türkiyədə təhsil alan tələbələr üçün yaratdığı imkanlar universitet təhsili ilə məhdudlaşmırdı. Konyada təşkil olunan Beynəlxalq Tələbə Akademiyalarında mediadan kompüter proqramlarına qədər müxtəlif sahələr üzrə kurslara qatılaraq universitetdən kənar bilik və bacarıqlarımı, dünyagörüşümü artırmaq imkanı əldə etdim.
Fərqli universitetlərdən gələn kurs müəllimləri, təlimçilər, Konyanın yerli idarə qurumlarının mütəxəssis və rəhbərləri ilə tanış olur, onların təcrübəsindən faydalanırdıq. Bu həm yeni sahələrdən xəbərdar olmağımıza, həm də fərqli insanlarla əlaqələr qurmağımıza imkan yaradırdı.

– Yəni YTB təhsillə yanaşı, sizi bir növ iş həyatına da hazırlayırdı?

– Bəli. YTB-nin Beynəlxalq Tələbə Stajları proqramı da var. Bu proqram Türkiyədə təhsil alan gəncləri birbaşa iş dünyasına hazırlayır. Mən də bu proqrama seçilərək Konyada yerləşən Mövlanə İnkişaf Agentliyində təcrübə keçmişəm.

– Təhsil aldığınız şəhəri və Türkiyəni daha yaxından tanımaq imkanınız da olub...

– YTB-nin təşkil etdiyi beynəlxalq tələbə düşərgələri vasitəsilə dünyanın bir çox ölkəsindən Türkiyəyə gəlmiş tələbələrlə tanış olmaqla yanaşı, İstanbul, Çanaqqala, Kastamonu, Bursa kimi şəhərləri də pulsuz gəzmək imkanım oldu. Həm ölkəmizdən, həm də qardaş türk dövlətlərindən tələbələrlə bağlantılar qurmaq mənim üçün xüsusi önəm daşıyıb.

Böyük bir mədəniyyətin, ortaq bir dilin gənc daşıyıcıları olaraq belə bir şəraitdə tanış olmaq, ölkələrimizi yüzlərlə fərqli ölkədən olan gənclərə bir çərçivə daxilində tanıtmaq bizim bağlarımızı hər zaman daha da gücləndirib.

– YTB-nin imkanlarından danışarkən bir qədər fərqli bir istiqamət də diqqət çəkir: “Hər Boydan” jurnalı. Sizin bu layihə ilə də əlaqəniz var.

– Bəli. YTB-nin dəstəyi ilə nəşr edilən “Hər Boydan” fikir, mədəniyyət və ədəbiyyat jurnalını da xüsusilə qeyd etmək istərdim. Türkiyənin ilk beynəlxalq tələbə jurnalı olan “Hər Boydan” bizə yalnız ədəbi janrlarda yazmaq imkanı vermir, eyni zamanda böyük oxucu kütləsinə, dünyanın müxtəlif ölkələrindən olan gənc yazarlara öz ölkəmizin ədəbiyyatını tanıtmağa şərait yaradır. Mən də bir neçə azərbaycanlı dostumla birlikdə bu nəşrin redaksiya heyətində yer alıram.

Hər il təşkil edilən “Bir Dünya Ədəbiyyat Ödülləri” proqramı da bu istiqamətin əsas qollarından biridir. Həm Türkiyədə oxuyan, həm də Azərbaycanda yaşayan ədəbiyyatsevər vətəndaşlarımız öz yazılarını bu ədəbi yarışmaya göndərə bilərlər.

“Türkiyədə təhsil alanlar yaxşı bilirlər ki, burada oxumaq asan deyil”

– İki dəfə “YTB Üstün Başarı” təqaüdünə layiq görülmüsünüz. Bu uğurun arxasında necə bir çalışma sistemi dayanırdı?

– Türkiyədə təhsil alanlar yaxşı bilirlər ki, burada oxumaq asan deyil. İxtisasa görə imtahan strukturları dəyişsə də, hər semestrdə ən azı iki dəfə imtahan veririk və bu, dərslərdən keçdiyimizi göstərən əsas vasitədir. İmtahanlardan uğurla keçməyin yolu isə dərslərə lazımi diqqəti göstərmək və strateji hazırlaşmaqdır.

Türk universitetlərində qeyd tutmaq tələbələr arasında çox məşhurdur. Hər kəs qeyd tutan tələbə ilə dost olmağa çalışır. Mən də qeyd  tutan və dostu çox olan tələbələrdən olmuşam. Amma nə qədər qeyd aparsaq, qeydləri oxuyub hazırlaşsaq da, yüksək nəticə göstərmək üçün dərsi elə dərsdə öyrənmək, müəllimi diqqətlə dinləmək və əlavə mənbələr oxumaq vacibdir.

– Deməli, yüksək nəticə yalnız fərdi çalışmaqla bağlı deyil?

– Ətrafımızda hədəfi olan, çalışqan tələbə yoldaşlarımızın olması da çox vacibdir. Şərt deyil ki, onlar bizim ixtisasımızdan olsun. Yazıçı Cim Ronun “İnsan ən çox vaxt keçirdiyi beş insanın ortalamasıdır” fikrini çox eşitmişdim, indi isə buna daha çox inanıram.
Geriyə dönüb baxanda qrup yoldaşım olan türk rəfiqəmin bu uğuru qazanmağımda yeri danılmazdır. Eyni yataqxanada qalır, asudə vaxtlarımızda dərslərimizi birlikdə oxuyur, aldığımız qeydləri bölüşür, çətin mövzuları bir-birimizə izah edirdik.
2021-ci ildə Üstün Başarı Bursu məhz bu uğura gedən yolu dəstəkləyən layihələrdən biri kimi başladılıb. Türkiyə təqaüd proqramının iştirakçıları olan minlərlə tələbə arasından universitet dərslərindəki yüksək nəticələrinə əsasən seçilən tələbələrə aylıq təqaüd ikiqat verilirdi. Bu xəbəri gördükdən sonra müraciət etdim, 3 və 4-cü kursda bu bursu alan tələbələrdən oldum.
Bakalavr illərində iştirak etdiyim beynəlxalq elmi konfranslar, ixtisasartırma kursları, YTB-nin dəstəyi ilə həyata keçirilən proqramlarda fəal iştirakım və yüksək nəticə ilə 2023-cü ildə Səlcuq Universitetindən məzun olmağım Türkiyə təqaüdünü ikinci dəfə, eyni universitetdə magistratura üzrə qazanmağıma səbəb oldu. Əminliklə deyə bilərəm ki, sahib olduğum bu gözəl imkanların arxasında ailəmin duası, özümə inanmağım və istəyərək, könüldən çalışmağım dayanırdı.

– Magistr dissertasiyanızın Səlcuq Universiteti tərəfindən 95 min TL büdcə ilə dəstəklənən elmi layihə kimi qəbul edilməsi isə artıq başqa bir mərhələdir. Tədqiqatınız nədən bəhs edir?

– Beynəlxalq münasibətlər elminin içinə nüfuz etdikcə onun demək olar ki, hər şeylə əlaqəli olduğunu görürük. Din, xarici siyasət, tarix, mədəniyyət, media, beynəlxalq təşkilatlar və s. Oxuduqca bu elmin çoxsaylı nəzəri və praktik ünsürləri əhatə etdiyini və demək olar ki, hər mövzunun tədqiq edilə biləcəyini dərk etdim.

Magistr dissertasiyamın mövzusunu da elmi rəhbərimlə birlikdə müəyyənləşdirdik. Tədqiqatın əhəmiyyətini, aktuallığını və orijinallığını nəzərə aldıqda onun layihə kimi hazırlanmasının zəruri olduğunu düşündük. Layihə universitetin Elmi Araşdırmalar Koordinatorluğu tərəfindən qəbul edildi və 95 min türk lirəsi ilə dəstəkləndi.

Dissertasiyada türk dünyasının öndə gələn fikir insanlarından İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə və işdə birlik” düşüncəsini əsasən Avropa İttifaqı araşdırmalarında bilinən inteqrasiya nəzəriyyələri kontekstində təhlil etdik. Bu nəzəriyyələrin yetərincə təmas etmədikləri, hətta gözdən qaçırdıqları mədəni kodların, ortaq dilin, xalqlararası ünsiyyət və əlaqələrin də ölkələrin inteqrasiya prosesində vacib faktorlar olduğunu vurğuladıq.

Elmi rəhbərimin yeni nəzəri perspektivi olan “kültürəl funksiyonalizm” ilə İsmayıl bəyin düşüncəsini beynəlxalq münasibətlər elmində nəzəriyyələşdirdik. Bu addım həm İsmayıl Qaspıralı kimi fikir insanlarımızın avropamərkəzli bir elm sahəsi olan beynəlxalq münasibətlərdə yeni yanaşmalarla oxuna biləcəyini, onların da fikir ortaya qoyduqlarını, həm də hazırda gündəmdə olan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin inteqrasiya prosesində böyük potensiala sahib olduqlarını göstərmək baxımından əhəmiyyətlidir.

Bundan başqa, Səlcuq Universitetinin yaratdığı bu imkan mənə magistr tələbəsi olaraq iki ilə yaxın müddətdə universitetdə assistent kimi işləmək fürsəti verdi. Bir tərəfdən dissertasiya üçün araşdırmalar apararkən, digər tərəfdən akademik və pedaqoji təcrübə əldə etdim. Elmi rəhbərimlə yaxından işləmək fikirlərimin dərinləşməsinə, institusional proseslərdə yer almağıma və universitet tələbələri ilə hərtərəfli çalışmağıma kömək etdi.

“Təqaüdlə təhsil alanlar ölkəmizin inkişafında bir ümid işığı olduqlarını unutmamalıdırlar”

– Türkiyədə həm bakalavr, həm magistratura təhsili almısınız. Sizcə, xaricdə oxumağa gedən azərbaycanlı tələbə, ilk növbədə, nəyə diqqət etməlidir?

– Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, özümüzə tez-tez “Nə üçün buradayıq?” sualını verməliyik. Məqsədimiz olmadığı təqdirdə xaricdə oxumaq bizə heç bir nəticə qazandırmayacaq. Artıq hər şeyin bir telefon ekranında olduğu dövrdə istədiyimiz biliyi, məlumatı evimizdə də əldə edə bilərik. Elə isə xaricdə təhsil aldığını iddia edən tələbə bunun haqqını verməli və sadəcə universitetə gedib-gəlməklə qazandığı diplomla kifayətlənməməlidir.

Xüsusilə təqaüdlə təhsil alan tələbələr rahat, keyfiyyətli və problemsiz təhsil almaları üçün sırf onlara ayrılan vəsaitin, büdcənin olduğunu və bundan da vacibi, ölkəmizin inkişafında bir ümid işığı olduqlarını unutmamalıdırlar. “Ümid sənədir, Azərbaycan əsgəri” öz yerini artıq belə dəyişdirib: “Ümid sənədir, Azərbaycan tələbəsi!”

– Bəs Türkiyədəki akademik mühit bu məqsədlər üçün hansı imkanları yaradır?

– Türkiyədə bir çox universitetlər öz sözünü deyib və kifayət qədər tanınıb. Bu universitetlərdə təhsil alan, uğur qazanmış, parlaq azərbaycanlı tələbələrimiz də çoxdur. Azərbaycandan ilk dəfə xarici akademik mühit olaraq Türkiyə universitetlərini seçən tələbələr üçün kifayət qədər fürsətlər mövcuddur.

Fürsətlərin olması bir yana, istəyən tələbə o imkanı yaratmaq cəsarətini göstərsə, həm müəllimlər, həm də əlaqəli qurumlar tərəfindən dəstək alacaq. Məsələn, yalnız təhsil aldığımız universitetlərdəki akademik heyətlə deyil, bir çox həmkarımızla bir araya gələ biləcəyimiz, peşəkar professor və müəllimlərlə tanış ola biləcəyimiz konfrans, simpozium və elmi konqreslərdə iştirak etmək də bizə yeni fürsətlər gətirə bilər.

Ona görə də Türkiyədəki akademik mühit daxilində şəbəkələşmə üçün bu vasitələrə üstünlük vermək yerində olar. Bu mühitlə paralel olaraq Türkiyə məzunu adını qazanmış hər kəs üçün dünyada bir yaşıl işıq yandığı qənaətindəyəm.

– Akademik fəaliyyətiniz qədər ictimai fəaliyyətiniz də zəngindir. Konyada azərbaycanlı tələbələri bir araya gətirən fəaliyyətlərdə də iştirak etmisiniz…

– Bəli. Konyada təhsil alan azərbaycanlı soydaşlarımızın könüllü olaraq yaratdıqları Konya Azərbaycanlı Tələbələr Birliyindəki fəaliyyətimi xüsusilə qeyd etmək istərdim. Əsas hədəfim Konyadakı azərbaycanlı tələbələri bir araya gətirmək, asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq olub.

Bu məqsədlə kitab təhlili günləri, teatra getmək, çay saatları, təhsil aldığımız şəhəri yaxından tanımaq üçün gəzintilər kimi tələbələri bir araya gətirəcək fəaliyyətlər həyata keçirmişik. Açığı, bu fəaliyyətlərə kəmiyyətcə çox tələbə qatılmasa da, bunu tədricən aradan qaldırmağa nail olmuşduq.

Bundan əlavə, ölkəmizi tanıtmaq məqsədilə Mədəniyyət Günləri, Novruz, 20 Yanvar fotosərgisi kimi Konya yerli mediasında da işıqlandırılan tədbirlər keçirmişik. Bunların hamısı könüllü şəkildə, ciddi maliyyə dəstəyi olmadan, məhdud imkanlarla həyata keçirilib.

– Bəs bu fəaliyyətlər sizə nə qazandırdı?

– Bu fəaliyyətlər bütün çətinliklərə rəğmən istəklərimi gerçəkləşdirməyi, peşəkar bağlantılar qurmağı və ən əsası, cəmiyyətimiz üçün faydalı bir vətəndaş kimi yetişmək istəyimi gücləndirib.
Sosial və könüllü fəaliyyətlər zamanla yarışmağı, komanda ilə işləməyi, səbirli olmağı tələb edir. Dünya üçün balaca, özüm üçün böyük mənalar ehtiva edən bu fəaliyyətlər mənə həyatda cəsarətlə irəliləməyi və risk almağı qazandırdı. Elə bu müsahibə belə həmin fəaliyyətlərin bir bəhrəsidir. Çünki könüllü fəaliyyətlər gəlir mənbəyi olmadan səmimiyyətlə edilir və müəyyən yaşdan sonra insanın çox şeylə məşğul olmağa zamanı məhdudlaşır. Bakalavr dövrü isə bu kimi fəaliyyətlər üçün ən gözəl dönəmdir.

– Türkiyədə keçirdiyiniz illərdən ən böyük qazancınız nə oldu?

– Ümumiyyətlə, Türkiyəyə getmədən öncə, daha ədəbi dillə desəm, uşaq yaşlarımızda təyyarəyə minmədən əvvəl dünyanın Azərbaycandan ibarət olduğunu zənn edirdik. Bu nöqteyi-nəzərdən 17-18 yaşında bir gənc olaraq ailədən uzaqda yaşamaq, ən kiçik sənədləşmə işindən sağlamlıq məsələlərinə qədər problemlərini həll etmək, ilk növbədə, özünəinamı artırır.
Yavaş-yavaş insan qarşılaşdığı situasiyalara görə fərqli yönlərini kəşf edir və yalnız qalmaq, özünü tanımaq üçün də xeyli vaxtı olur. Bu arada hər zaman yaxşı hadisələr baş verməyə də bilər. Hər şeyə hazırlıqlı olmaq lazımdır. Belə kiçik mənfi halların yaşanacağı ehtimallarına baxmayaraq, hər zaman yaşadığımız ölkəyə, onun mədəniyyətinə, cəmiyyətinə və sosioloji xüsusiyyətlərinə hörmətlə yanaşmalı, qaydalara, qanunlara riayət etməliyik. Bu həmçinin fərqində olmadan empatiya bacarığımızı inkişaf etdirir.

Xaricdə oxumaq, eyni zamanda yaxşı dostlara sahib olmaq bir anda ailənin, əslində, sadəcə ata-ana, qardaş-bacıdan ibarət olmadığını göstərir. Yəqin ki, ən böyük qazancım da gələcəyi parlaq, məqsədyönlü dostlarımdır. İnanıram ki, yaxın gələcəkdə bu dostluqlar əmək fəaliyyətimizdə yeni əməkdaşlıqlara imkan yaradacaq.

– Qarşıda isə yeni bir mərhələ var. Bundan sonrakı hədəfiniz nədir?

– Bundan sonrakı hədəfim doktorantura təhsili almaqdır. Bu, əslində, Azərbaycan universitetlərində müəllim işləmək üçün qoyduğum hədəfimin bir mərhələsidir. Buna görə də intellektual savadımı artırmaq və elmi fəaliyyətin sirlərini öyrənmək üçün doktorantura təhsilini vacib bilirəm.