Metroda eşitdiyi bir məlumat Ləmanın həyatını dəyişdi - HTP qalibi

30 İyul, 2026 - 16:05
Metroda eşitdiyi bir məlumat Ləmanın həyatını dəyişdi

Bəzən bir neçə dəqiqəlik söhbət insanın gələcək taleyinə təsir göstərir. Bakı metrosunda dostları ilə xaricdə təhsil arzularından danışarkən eşitdiyi bir məlumat Ləman Məhəmmədlinin həyatında yeni səhifə açıb. Bu gün o, Çin Hökumətlərarası Təqaüd Proqramının iştirakçısı kimi bu ölkənin nüfuzlu universitetlərindən birində magistratura təhsili almağa hazırlaşır.

Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Çinin Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində 2026-2027-ci tədris ili üzrə 20 nəfər Azərbaycan vətəndaşı Çində təqaüdlə təhsil almaq hüququ qazanıb. Onlardan biri də Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə məzunu Ləman Məhəmmədlidir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, Ləman Məhəmmədli proqram haqqında məlumatı gözlənilməz şəkildə əldə etdiyini deyib: “Bir gün metroda dostlarımla xaricdə təhsil xəyallarımdan danışırdım. Söhbətimizə qoşulan bir xanım qızının məhz bu proqram çərçivəsində Çində təhsil aldığını dedi. Həmin vaxta qədər proqram haqqında məlumatım yox idi. Sonradan araşdırdım və gördüm ki, bu proqram Azərbaycan gəncləri üçün böyük imkanlar yaradır”.

Təhsil aldığı müddətdə akademik fəaliyyətlə yanaşı, könüllülük proqramlarında da fəal iştirak edən məzun müraciət prosesinin bir neçə mərhələdən ibarət olduğunu deyib. O, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi seçim mərhələlərini uğurla keçdikdən sonra Çin universitetlərinin müsahibələrində də müsbət nəticə əldə edib.

Ləman Məmmədlinin sözlərinə görə, ən çətin mərhələ qəbul cavabını gözləmək olub: “Müsahibələrdən sonra aylarla nəticələri gözlədim. Həmin müddətdə insan istər-istəməz hər ehtimalı düşünür. Amma müsbət cavab aldığım an bütün həyəcan və narahatlıq arxada qaldı.

Çinin Sichuan Universitetinə tətbiqi kimya ixtisası üzrə qəbul oldum. Bu universiteti seçməyimin əsas səbəbi kimya sahəsində əldə etdiyi nailiyyətlər, müasir laboratoriya imkanları və qabaqcıl tədqiqat metodları ilə tanış olmağım oldu. Universitetdə praktiki yanaşmanın tətbiq edilməsi də diqqətimi çəkdi və burada təhsil almaq qərarıma təsir göstərdi. Bu gün Çin kimya sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Burada yeni metodlar tətbiq olunur, mühüm elmi yeniliklər əldə edilir. Bir kimyaçı kimi mən də həmin təcrübəni yerində öyrənmək istəyirəm”.

Ləman Məhəmmədli hesab edir ki, Çində əldə edəcəyi bilik və təcrübə gələcəkdə Azərbaycanın neft-kimya sənayesi, yeni materialların istehsalı, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli emalı kimi sahələrin inkişafına töhfə verə bilər. Onun məqsədi Çində öyrənəcəyi müasir tədqiqat metodlarını Azərbaycanda tətbiq etmək, bu sahədə aparılan işlərə töhfə vermək və qazandığı bilikləri gənclərlə bölüşməkdir.

Gənclərə tövsiyəsində isə o, məqsədi dəqiq müəyyənləşdirməyin, ilk addımı atmaqdan çəkinməməyin və öz gücünə inanmağın vacibliyini vurğulayır.