Nicat Məmmədli: Yeni tələbə yataqxanalarının tikilməsi külli miqdarda vəsait tələb edir – MÜSAHİBƏ
Təhsilin İnkişafı Fondunun direktoru Nicat Məmmədli “Azərbaycan müəllimi”nə müsahibə verib.
– Regionlarda təhsilin inkişafı, təhsil işçilərinin sosial rifahının dəstəklənməsi və tələbələr üçün yeni imkanların yaradılması istiqamətində hansı layihələr həyata keçirilir?
– Bu istiqamətdə müxtəlif layihələrimiz var. “TəhsilPlus” layihəsinin təqdimatını və açılışını məhz Gəncədən etmişdik və proses hazırda da davam edir. Sadəcə olaraq, kontingentin böyük olması səbəbindən kartların paylanması mərhələli şəkildə həyata keçirilir və müəyyən vaxt tələb edir. Biz də bu müddət ərzində çalışırıq ki, bütün təhsil işçilərini təmin edək.
Kartların böyük hissəsi artıq paylanıb. Yerdə qalan hissənin də sentyabrın sonuna qədər tamamlanmasına çalışırıq. Burada əsas məqsədlərdən biri müəllimlərin maaş kartlarından yalnız əməkhaqqının alınması üçün deyil, eyni zamanda depozit kartı kimi də istifadə edə bilməsinə şərait yaratmaqdır.
Bununla yanaşı, müxtəlif özəl və dövlət tərəfdaşlarımız vasitəsilə kart sahiblərinə endirimlər, güzəştlər və keşbek imkanları təqdim olunur. Mən bunu müəllimlərimizə təşəkkürümüzün bir ifadəsi kimi qiymətləndirirəm. Əgər müəllimlərimizin həyatına çox kiçik də olsa bir töhfə verə biliriksə, bu, bizim üçün böyük fəxr və qürurdur.
“TələbəPlus” layihəsinin də icrası davam edir. Eyni zamanda genişmiqyaslı təqaüd layihələrimiz mövcuddur. Xüsusilə qızların təhsilinə dəstək istiqamətində proqramlarımız var. Bundan əlavə, sosial həssas qruplardan olan, xüsusilə tələbələrə yönəlmiş təqaüd proqramlarımız həyata keçirilir. Bu proqramların həm çərçivəsini, həm də əhatəsini genişləndirməyə çalışırıq.
Hazırda təxminən 300-ə yaxın belə tələbəmiz var. Onlar Təhsilin İnkişaf Fondu və tərəfdaşlarımızla birlikdə dəstəklənirlər.
Burada Fond daha çox yardımçı funksiyanı daşıyır. Əsas dəstək mexanizmi tərəfdaşlarımız və sponsorlarımızla əməkdaşlıq üzərində qurulur. Bu tərəfdaşların əksəriyyəti özəl sektoru təmsil edir. Onların dəstəyi və vasitəçiliyi ilə xüsusilə qızlara və tələbələrə müxtəlif istiqamətlərdə yardım göstərə bilirik.
– Layihənin regionlarda effektivliyini necə qiymətləndirirsiniz? Xüsusilə regionlarda tərəfdaş şəbəkələrinin məhdud olması hansı çətinlikləri yaradır?
– Layihə səmərə verir. Sadəcə, burada iqtisadiyyatımızın yaratdığı müəyyən xüsusiyyətlər var. Mərkəzi regionlarda iqtisadi təmərküzləşmənin daha yüksək olması, şirkətlərin, mağazaların və müxtəlif xidmət sahələrinin əsasən şəhərlərdə cəmləşməsi güzəştlərdən istifadə imkanlarını genişləndirir.
Regionlarda, xüsusilə ucqar ərazilərdə isə müəyyən məhdudiyyətlər yarana bilir. Məsələn, hansısa supermarket şəbəkəsi müəllimlər üçün endirim təqdim edir, amma həmin şəbəkənin yalnız şəhər mərkəzində filialı var. Ucqar kənddə yaşayan müəllim həmin xidmətdən istifadə edə bilmir. Bu da müəyyən mənada balans və tarazlıq məsələsi yaradır.
Biz çalışırıq ki, bütün bölgələrdə fəaliyyət göstərən özəl tərəfdaşları layihəyə cəlb edək.Bu prosesə Gəncədən başlayarkən də məhz həmin məsələyə diqqət yetirmişdik.
Məsələn, ilk dəfə “Referans” klinikasının Gəncə bölgəsindəki fəaliyyəti ilə bağlı əməkdaşlıq həyata keçirdik. Müəllim orada müayinə, “check-up” və digər xidmətlərdən istifadə etdikdə kart vasitəsilə güzəştlərdən yararlana bilir.
Biz çalışırıq ki, bu balansı müəyyən qədər tarazlaşdıraq. Bununla belə, məsələ yalnız bizim fəaliyyətimizdən asılı deyil. Gələcəkdə xidmət şəbəkələri daha çox onlayn olduqca və regionlarda da genişləndikcə bu benefitlərdən daha geniş istifadə imkanlarının yaranacağını düşünürük.
– Tələbələr üçün nəzərdə tutulan “TələbəPlus” layihəsinin əhatə dairəsi və tətbiq imkanları barədə nə deyə bilərsiniz?
– Burada əsas məsələ tərəfdaş universitetlərin olmasıdır. Bəzi universitetlər hələ bu sistemə qoşulmayıb. Xüsusilə bir neçə özəl universitet layihəyə daxil deyil. Dövlət universitetlərinin isə demək olar ki, hamısı qoşulub və tələbələrimizdə artıq “TələbəPlus” kartları mövcuddur.
Layihənin effektivliyini qiymətləndirmək üçün kartların dövriyyəsini də müşahidə edə bilirik. Məsələn, insanlar kartlarından istifadə edir, müəyyən vəsait xərcləyirlər. Bu, yalnız təqaüd alan tələbələrə aid deyil. Tələbə təqaüd almaya bilər, amma kartdan depozit kartı kimi istifadə edə, kartına vəsait yerləşdirə və daha sonra müxtəlif şəbəkələrdə və tərəfdaşlarda ondan yararlana bilər.
Dövriyyənin artımından görürük ki, layihə artıq müəyyən effekt verir. İnsanlar kartdan istifadə etdikdə müxtəlif benefitlər əldə edə bildiklərini anlayırlar və nəticədə istifadənin həcmi artır. Hazırda dövriyyənin artdığını görürük və bu da kartlardan istifadənin genişləndiyini göstərir. Eyni nəticəni “TəhsilPlus” layihəsində də görəcəyimizi düşünürük.
– Tələbə yataqxanalarının yaradılması və mövcud infrastrukturun yenilənməsi məsələsi uzun müddətdir aktualdır. Bu istiqamətdə regionlarda hansı işlər görülür?
– Tələbə yataqxanaları təhsil sistemimiz üçün çox vacib və aktual məsələlərdən biridir. Təhsilin İnkişaf Fondu olaraq bu məsələnin həlli istiqamətində ilkin olaraq özəl tərəfdaşlarımızla işləməyə başlamışıq. Əvvəlcə bu problemin həlli üçün nələrin lazım olduğunu və hansı imkanların mövcud olduğunu müəyyənləşdirməyə çalışdıq.
Bu məqsədlə müəyyən araşdırmalar aparılıb, tərəfdaşlarla əməkdaşlıq edilib, sponsorlar cəlb olunub. Hazırda çalışmalarımız demək olar ki, yekunlaşmaq üzrədir.
Dünyada adətən ölkə üzrə tələbə kontingentinin təxminən 35-40 faizinin tələbə yataqxanaları ilə təmin olunması optimal göstərici hesab edilir. Daha yüksək göstərici əlbəttə ki, daha yaxşı olar, amma minimum 35 faiz səviyyəsində təminatın olması vacib hesab olunur.
Biz hazırda bu istiqamətdə müəyyən problemlərlə üzləşirik. Universitetlərimizin yataqxanalarının bir qismi uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Məcburi köçkünlər gəldikdə həmin binalarda onların yerləşdirilməsi həyata keçirilib. Sonradan isə bu binaların istismar müddəti başa çatıb, bir qismi yararsız vəziyyətə düşüb.Həmin yataqxanalardan tələbələrin yerləşdirilməsi üçün istifadə etmək artıq mümkün deyil və bu binalar müasir tələblərə də tam cavab vermir.
Digər tərəfdən, mövcud infrastrukturun yenilənməsi və ya yeni tələbə yataqxanalarının tikilməsi külli miqdarda vəsait tələb edir. Buna görə də müxtəlif variantlar üzərində işləyirik.
Burada dövlət-özəl tərəfdaşlığı, investorların cəlb olunması, sponsorların tapılması və digər mexanizmlər nəzərdən keçirilir.
Ancaq nəzərə almaq lazımdır ki, bu, çox böyük layihədir və qısa müddətdə həyata keçirilə biləcək məsələ deyil. Buna görə mərhələli plan hazırlanmalıdır. Biz hazırda bunun üzərində işləyirik. Əsas məqsədimiz əvvəlcə ehtiyacları dəqiq müəyyənləşdirmək, daha sonra isə bu ehtiyacların necə qarşılanacağını müəyyən etməkdir.
Bundan sonra investorların cəlb olunması və prosesin praktiki mərhələsinin necə həyata keçiriləcəyi üzərində düşünəcəyik.
– Qızların təhsilinə dəstək istiqamətində regionlarda mövcud vəziyyəti necə qiymətləndirirsiniz? Xüsusilə qızların peşə təhsilinə marağında nə kimi dəyişikliklər müşahidə olunur?
– Son dövrdə ümumilikdə peşə təhsilinə maraq artır. Regionlarda qızların təhsilə marağı da var.Bununla belə, müəyyən maneələrin qaldığını müşahidə edirik.Amma mənə elə gəlir ki, biz artıq bu prosesin böyük hissəsini keçmişik və cəmiyyətimiz müəyyən bir səviyyəyə gəlib çatıb. Son PISA nəticələri də bunu göstərir.
Son PISA nəticələrində qızların bir sıra istiqamətlərdə daha yüksək nəticələr göstərdiyini görürük. Riyaziyyat üzrə qızların və oğlanların nəticələri, demək olar ki, bir-birinə yaxındır və qızların nəticələri bir qədər yüksəkdir. Təbiət elmləri üzrə isə qızların üstünlüyünü daha açıq şəkildə görürük.
Bu tendensiya orta məktəbdə də davam edir. Eyni zamanda ali məktəblərə qəbul prosesinə baxdıqda qızların təhsilə münasibətinin oğlanlardan daha yaxşı olduğunu müşahidə etmək mümkündür. Bu, əslində çox yaxşı nəticədir. Çünki analar nə qədər çox riyaziyyat bilsələr, həmin bilikləri övladlarına da daha yaxşı ötürə bilərlər. Bu baxımdan növbəti nəslin riyazi biliklərinin daha yüksək olması üçün müsbət zəmin yaranır.
Məncə, cəmiyyət olaraq qızların təhsili məsələsində artıq ciddi bir mərhələni keçmişik. Mədəni və sosial kontekstdə bu məsələ müəyyən qədər yoluna qoyulub. Bəlkə də hansısa ayrı-ayrı bölgələrdə müəyyən çətinliklər qala bilər. Amma ümumilikdə qızların təhsil almasına maneə yaradan yanaşmaların əhəmiyyətli dərəcədə azaldığını düşünürəm.
Ən azı ətrafımızda gördüyümüz ailələrdə valideynlər qızlarının təhsil almasına, daha çox oxumasına çalışırlar. Bu, cəmiyyət olaraq bizim üçün çox yaxşı göstəricidir.
Biz də Təhsilin İnkişaf Fondu olaraq mövcud resurslarımızla müəyyən dəstək göstərməyə çalışırıq. Xüsusilə buna ehtiyacı olan və dəstəyin onların həyatında müəyyən dəyişiklik yarada biləcəyi insanlara yardım göstərməyə çalışırıq.
Dövlətin bu istiqamətdə öz dəstəyi var. Biz də bir tərəfdən əlavə dəstək göstərməyə çalışırıq və bu proses bundan sonra da davam edəcək.




