DP məzunu: Xaricdə təhsil almaq həyatımın ən mühüm dönüş nöqtələrindən biri oldu – MÜSAHİBƏ

10 Avqust, 2026 - 13:29
DP məzunu: Xaricdə təhsil almaq həyatımın ən mühüm dönüş nöqtələrindən biri oldu

Bir gəncin xaricdə təhsil almaq arzusu bəzən yalnız şəxsi gələcəyinin başlanğıcı deyil, bütöv bir ölkənin gələcəyinə qoyulan sərmayənin ilk addımı olur. Çünki dünyanın qabaqcıl universitetlərində və elmi mərkəzlərində qazanılan bilik, təcrübə və dünyagörüşü yalnız həmin gəncin karyerasını deyil, onun təmsil etdiyi ölkənin inkişafını da dəyişmək gücünə malikdir.

Azərbaycan dövlətinin gənclərimizin  xaricdə təhsil almalarına yaratdığı geniş imkanlar da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrində təhsil alan və bu gün öz sahələrində uğurla fəaliyyət göstərən azərbaycanlı gənclər artıq bu siyasətin real nəticələrini nümayiş etdirirlər.

Azərbaycan Respublikasının insan kapitalının inkişafına yönəlmiş ən mühüm təşəbbüslərindən biri olan Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış məzunlar bu gün müxtəlif ölkələrdə elmi, akademik və peşəkar fəaliyyətləri ilə ölkəmizi layiqincə təmsil edirlər. Xaricdə təhsil alan Azərbaycan gəncləri bu gün artıq təkcə tələbə deyil,beynəlxalq elmi mühitin fəal iştirakçıları və uğur qazanan mütəxəssislər kimi tanınırlar.Onların arasında Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində ixtisaslaşaraq elmi dərəcələr qazanan, akademik karyera quran və öz sahəsi üzrə beynəlxalq səviyyədə tanınan gənc həkimlər də var.

Belə uğurlu məzunlardan biri ölkəmizdə  onkologiya sahəsində fəaliyyət göstərən, İstanbul Universitetində ixtisaslaşaraq Türkiyədə “dosent” elmi adına layiq görülən Dövlət Proqramı məzunu Altay Əliyevdir.

“Azərbaycan müəllimi”nə verdiyi müsahibədə o, təhsil və akademik fəaliyyəti, keçdiyi peşəkar yol, Dövlət Proqramının karyerasındakı rolu, Türkiyədə tibb təhsilinin özəllikləri barədə danışıb.DP məzunu həmçinin xaricdə təhsil almaq istəyən gənclər üçün öz təcrübəsindən irəli gələn məqamları bölüşüb.

Orta təhsil illərində qazandığım uğurlar tibb sahəsinə yönəlmək qərarımda  mühüm rol oynadı

– Sizi yaxından tanımaq istərdik.

– 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Bakı şəhəri 287 nömrəli  “Zəkalar” liseyində almışam. Deyim ki, məktəb illərim həyatımda həm şəxsiyyət kimi formalaşmağım, həm də gələcək peşə seçimimin müəyyənləşməsi baxımından mühüm mərhələ olub. Liseydə yaradılmış sağlam elmi mühit, müəllimlərimin diqqəti və dəstəyi mənə öz potensialımı kəşf etmək və inkişaf etdirmək üçün geniş imkanlar yaratdı.Məktəb illərində Respublika fənn olimpiadalarında biologiya fənni üzrə  bir dəfə I yerə, iki dəfə isə IV yerə layiq görülməyim mənim üçün həm motivasiya, həm də gələcək hədəflərimə doğru atılmış mühüm addım oldu. Bu uğurlar elmə olan marağımı daha da artırdı və tibb sahəsinə yönəlmək qərarımda  mühüm rol oynadı.Liseyi fərqlənmə attestatı ilə bitirməyim isə uzun illər ərzində göstərdiyim səylərin və məqsədyönlü çalışmağımın nəticəsi idi.Onu da qeyd edim ki,orta ümumtəhsil müəssisəsinin mənə verdiyi ən böyük dəyər yalnız yüksək akademik göstəricilər deyildi. Burada qazandığım əsas keyfiyyətlər məsuliyyətli olmaq, davamlı öyrənmək, qarşıma məqsəd qoymaq və ona çatmaq üçün səbirli şəkildə çalışmaq bacarığı idi. Bu prinsiplər sonrakı təhsil və peşə fəaliyyətimin əsasını təşkil etdi.

2003-cü ildə liseyi bitirdikdən sonra elə həmin il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək 660 balla Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul oldum.Universitetdə  “əla” qiymətlərlə oxuyurdum və hələ tələbəlik illərindən ixtisaslaşma üçün xaricdə təhsil almağın vacibliyini dərk edirdim. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət etdim.Proqram çərçivəsində bakalavr  təhsilimi Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Universitetinin Tibb fakültəsində davam etdirdim. Bu imkan mənə beynəlxalq standartlara uyğun tibb təhsili almaq, fərqli akademik mühitlə tanış olmaq və özümü daha geniş elmi platformada inkişaf etdirmək imkanı yaratdı.

2011-ci ildə “Tıpta uzmanlıq” imtahanında (TUS) uğur qazandıqdan sonra elə İstanbul Universitetinin  Tibb fakültəsində “daxili xəstəliklər üzrə” uzmanlıq təhsili aldım.Oxuduğum  dövr ərzində həm klinik təcrübə qazandım, həm də xəstəliklərin elmi əsaslarla öyrənilməsi və müalicəsinə dair dərin biliklər əldə etdim.2016-cı ildən etibarən İstanbul Universitetinin Tibb fakültəsində “tibbi onkologiya” üzrə üst ixtisas təhsili aldım. Və bu mərhələ də  mənim üçün onkologiya sahəsində daha dərin ixtisaslaşma, elmi fəaliyyət və akademik inkişaf yolunda mühüm addım oldu.

Dövlət Proqramı yüksək təhsil alıb biliklərimi ölkəmə xidmətə çevirmək imkanı yaratdı

– Altay həkim, qeyd etdiniz ki, bakalavr təhsilinizi Dövlət Proqramı çərçivəsində Türkiyədə davam etdirmisiniz.Proqram sizin həyatınızda  hansı rol oynayıb və bu gün geriyə baxdıqda həmin imkanı necə dəyərləndirirsiniz?

– Dövlət Proqramının mənə verdiyi ən böyük dəstək, əlbəttə ki, yalnız maliyyə təminatı deyildi. Bu proqram bizi gündəlik sosial və maddi qayğılardan müəyyən mənada azad edərək bütün diqqətimizi təhsilə, elmə, peşəkar və akademik inkişafa yönəltməyə imkan verdi. Xaricdə təhsil alan bir tələbə üçün bu, çox böyük üstünlükdür.İnsan bütün enerjisini özünü inkişaf etdirməyə,yeni bilik və bacarıqlar qazanmağa, fərqli elmi məktəbləri və yanaşmaları öyrənməyə sərf edə bilir.Amma mən Dövlət Proqramının əhəmiyyətini yalnız fərdi karyera və ya şəxsi uğur kontekstində qiymətləndirməzdim.Bu proqramın arxasında daha böyük və strateji bir məqsəd- insan kapitalının formalaşdırılması dayanır.Tarix göstərir ki, inkişaf etmiş dövlətlərin yüksəlişində təhsilə, elmə və insan kapitalına qoyulan investisiyalar həlledici rol oynayır. Ölkələr gələcəklərini yalnız təbii resurslar və maddi sərvətlərlə deyil, bilikli, savadlı, dünyagörüşlü və peşəkar insanlarla qururlar.Bu baxımdan, Azərbaycanda gənclərin xaricdə təhsil almasına dövlət dəstəyi də çox mühüm strateji yanaşmanın ifadəsidir. Əslində, bu siyasətin kökləri daha əvvələ – Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən kadr siyasətinə gedib çıxır. Hələ sovet dövründə Ümummilli Liderin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil alması təmin edilirdi. Məqsəd həmin gənclərin müasir biliklərə yiyələnməsi və gələcəkdə Azərbaycanın inkişafında iştirak edə biləcək peşəkar kadrlar kimi yetişməsi idi. Bu ənənə müstəqillik dövründə də yeni məzmunla davam etdirildi.

Dahi şəxsiyyətin gənclər siyasətinin əsas fəlsəfəsində də məhz savadlı, vətənpərvər, dünyagörüşlü və ölkənin gələcəyinə məsuliyyətlə yanaşan gənc nəslin yetişdirilməsi dayanırdı. Xaricdə təhsil imkanına mən də bu prizmadan baxıram. Əsas məqsəd dünyanın qabaqcıl təcrübəsini öyrənmək, yeni elmi məktəblərlə tanış olmaq, fərqli yanaşmaları mənimsəmək və əldə olunan bilikləri Azərbaycanın inkişafına tətbiq etməkdir.

Atatürkün xaricdə təhsil almağa göndərilən gənclərlə bağlı ifadəsini xatırlatmaq istərdim: “Sizi bir qığılcım olaraq göndərirəm, alov olaraq geri dönməlisiniz”. Məncə, bu fikir xaricdə təhsilin mahiyyətini çox gözəl ifadə edir. Söhbət yalnız bir gəncin yaxşı universitet bitirməsindən getmir. Söhbət həmin gəncin qazandığı bilik, dünyagörüşü, təcrübə və əlaqələri öz ölkəsinin inkişafına yönəltməsindən gedir.

Mən Türkiyədə təhsil alarkən yalnız öz ixtisasım üzrə biliklər əldə etmədim. Eyni zamanda, fərqli akademik mühitdə işləməyi, elmi yanaşmaları, müasir tədris və səhiyyə modellərini öyrəndim, beynəlxalq təcrübə ilə yaxından tanış olmaq mkanı qazandım. Bu təcrübə insanın həm peşəkar, həm də şəxsiyyət kimi formalaşmasına ciddi təsir göstərir.

Azərbaycanın gələcəyi baxımından isə belə imkanların əhəmiyyəti daha böyükdür. Bu gün dünyada ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri insan kapitalıdır. Neft, qaz və digər təbii sərvətlər mühüm resurslardır, amma onları davamlı inkişafın əsasına çevirən məhz insan potensialıdır.Təsadüfi deyil ki, Azərbaycanda da “qara qızılın insan kapitalına çevrilməsi” yanaşması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Mən də bu proqramın məzunu kimi qazandığım bilik və təcrübəni Azərbaycanda səhiyyənin, elmin və tibbi təhsilin inkişafına töhfə vermək üçün istifadə etməyə çalışıram.

Bu gün geriyə baxdıqda xaricdə təhsil almaq imkanını həyatımın ən mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirirəm.Dövlət mənə sadəcə xaricdə təhsil almaq imkanı vermədi. Eyni zamanda özümü inkişaf etdirmək, peşəmə başqa prizmadan yanaşmaq və son nəticədə qazandığım bilikləri ölkəmə xidmətə çevirmək imkanı yaratdı

Dövlət Proqramını mən yalnız bir xaricdə təhsil proqramı deyil, Azərbaycan gəncliyinə göstərilən etimadın və ölkənin insan kapitalına yatırılan uzunmüddətli sərmayənin nümunəsi kimi görürəm. 

Həkimlik insan həyatına birbaşa toxunan, bəzən bir qərarla taleyi dəyişə bilən peşələrdəndir

– Niyə məhz həkimliyi seçdiniz?

– Həkim olmaq uşaqlıqdan ən böyük arzum idi.Bu seçimimdə biologiya, kimya və fizika fənlərinə olan marağım mühüm rol oynayıb.Təbiət elmləri mənim üçün hər zaman maraqlı olub və insan orqanizmini,xəstəliklərin yaranma mexanizmlərini anlamaq istəyim zamanla həkimlik arzumu daha da gücləndirdi.

Bilirsiniz, uşaqlıq düşüncəmdə həkimlik mənə həmişə fərqli görünürdü.Çünki bu peşə insan həyatına birbaşa toxunan, bəzən bir qərarla taleyi dəyişə bilən peşələrdəndir.Məhz bu məsuliyyət və insanlara sağlamlıq bəxş etmək məni həkimlik peşəsinə cəlb etdi.Bu gün də hesab edirəm ki, həkimliyi seçməklə həyatımın  ən doğru qərarlarından birini vermişəm.

– Türkiyə tibb təhsilinin sizin üçün ən fərqli və diqqətçəkən xüsusiyyətləri nələr oldu?
 
– Türkiyədə tibb təhsilinin mənə görə ən fərqli və diqqətçəkən xüsusiyyətlərindən biri nəzəri biliklərlə klinik praktikanın paralel şəkildə inkişaf etdirilməsidir. Tələbələr yalnız nəzəri məlumatları mənimsəməklə kifayətlənmir, erkən mərhələlərdən etibarən xəstəxana mühiti ilə tanış olur və klinik proseslərin içində iştirak edirdilər.Bu yanaşma bizə xəstə ilə düzgün ünsiyyət qurmağı, klinik düşünmə bacarığımızı inkişaf etdirməyi və əldə olunan məlumatlar əsasında tibbi qərarvermə prosesini daha yaxşı anlamağı öyrədirdi. Məncə, bu, nəzəri biliklərin real klinik vəziyyətlərlə əlaqələndirilməsi baxımından olduqca dəyərli təcrübədir.
Bununla yanaşı, məni ən çox təsirləndirən məqam həkimlik peşəsinin ömürboyu davam edən bir inkişaf və öyrənmə yolu kimi qəbul olunmasıdır. Tibb sahəsində “təhsil bitdi” anlayışı yoxdur.Universiteti bitirmək yalnız peşəkar inkişafın başlanğıcıdır.Həkim daim elmi yenilikləri izləməli, öz bilik və bacarıqlarını yeniləməli, davamlı inkişaf etməli və  müasir yanaşmaları öyrənməlidir. 
Türkiyədəki tibbi təhsil mühitinin mənə qazandırdığı ən mühüm yanaşmalardan biri də məhz bu oldu: yaxşı həkim olmaq yalnız çoxlu nəzəri məlumat bilməkdən deyil, həmin bilikləri klinik praktikada düzgün tətbiq etməkdən, xəstəyə individual yanaşmaqdan və daim öyrənməyə açıq olmaqdan keçir. Bu baxış mənim həm həkimlik peşəsinə münasibətimə, həm də gələcəkdə özümü necə inkişaf etdirmək istədiyimə ciddi təsir göstərdi.

– Akademik fəaliyyətinizi necə davam etdirdiniz?

– Tibb fakültəsini bitirdikdən sonra akademik fəaliyyətimi fasiləsiz şəkildə davam etdirdim.Assistanlıq təhsilim dövründə nəzəri və praktiki biliklərimi paralel şəkildə inkişaf etdirməyə çalışırdım.Bir tərəfdən ixtisas üzrə təhsil alır, digər tərəfdən isə assistent həkim kimi klinik praktikada aktiv fəaliyyət göstərərək gündəlik xəstə idarəçiliyində, diaqnostik və müalicə proseslərində iştirak edirdim.Bu dövr mənim üçün yalnız klinik təcrübə qazanmaq deyil, eyni zamanda elmi düşüncə və araşdırma bacarıqlarımı formalaşdırmaq baxımından da çox əhəmiyyətli oldu.

Daha sonra tibbi onkologiya üzrə üst ixtisas təhsilim zamanı da bu paralel yanaşmanı davam etdirdim. Bir tərəfdən onkoloji xəstələrin diaqnostikası, müalicəsi və dinamik müşahidəsi ilə bağlı klinik fəaliyyətimi həyata keçirir, digər tərəfdən isə elmi araşdırmalara, akademik müzakirələrə və müxtəlif elmi layihələrə vaxt ayırırdım. Mənim üçün klinik fəaliyyətlə akademik fəaliyyət həmişə bir-birini tamamlayan iki istiqamət olub. Çünki tibbdə, xüsusilə onkologiyada daim yenilənən elmi bilikləri gündəlik klinik praktikaya tətbiq etmək və müalicə qərarlarını ən müasir sübutlara əsaslandırmaq olduqca vacibdir.

Asistanlıq təhsilim müddətində altı ay ABŞ-nin “Cleveland Clinic” mərkəzində elmi-tədqiqat fəaliyyətində iştirak etmək imkanım oldu. Bu təcrübə mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Beynəlxalq səviyyədə fəaliyyət göstərən böyük bir akademik tibb mərkəzində elmi araşdırmaların necə planlaşdırıldığını, həyata keçirildiyini və nəticələrin qiymətləndirildiyini yaxından müşahidə və bu prosesdə birbaşa iştirak etmək mənə akademik baxımdan çox dəyərli təcrübə qazandırdı.

– Onkologiya sahəsini seçməyinizin əsas səbəbi nə idi?

– Onkologiya elə bir sahədir ki, xərçəngin sistemli müalicəsi ilə bağlı qərarlar bu istiqamətdə ixtisaslaşmış tibbi onkoloq tərəfindən verilməlidir. Digər ixtisas həkimlərinin multidissiplinar yanaşma çərçivəsində prosesdə mühüm rolu olsa da, dərman müalicəsinin seçimi, ardıcıllığı və təqibi onkoloji müalicənin bütün incəliklərinə bələd olan mütəxəssisin məsuliyyətidir. Məhz bu yüksək məsuliyyət və müstəqil qərarvermə imkanı tibbi onkologiyanı seçməyimin əsas səbəblərindən biri olub.
Bu sahədə həkimin verdiyi qərarların xəstənin həyatda qalmasına və həyat keyfiyyətinə təsiri çox vaxt birbaşa və real şəkildə müşahidə olunur. Eyni zamanda, tibbi onkologiya yalnız protokollara və sübuta əsaslanan qaydalara əməl etməyi deyil, həm də hər bir xəstənin fərdi xüsusiyyətlərini nəzərə alaraq həkimin klinik təcrübəsini, intuisiyasını və mühakimə qabiliyyətini tətbiq etməsini tələb edir. Məhz elmi əsaslarla fərdi yanaşmanın vəhdəti məni bu sahəyə cəlb etdi. 

“Dosent” elmi adına layiq görülmək  mənim üçün yalnız akademik titul əldə etmək deyil…

– Elmi fəaliyyətinizdə hansı istiqamətlər üzrə tədqiqatlar aparırsınız?

– Elmi fəaliyyətimin əsas istiqamətləri mədə və süd vəzi xərçəngidir. Azərbaycan dünyada mədə xərçənginin yüksək yayılma qurşağında (Gastric Cancer Belt) yerləşən ölkələrdən biridir. GLOBOCAN-ın son statistikasına əsasən, ölkəmizdə mədə xərçəngi görülmə tezliyinə görə 3-cü, xərçəngdən ölüm hallarına görə isə 2-ci yerdə qərarlaşır. Bu səbəbdən tədqiqatlarımız əsasən mədə xərçənginin erkən diaqnostikası, müalicə nəticələrinin yaxşılaşdırılması və süd vəzi xərçəngi sahəsinə yönəlib. Gələcəkdə isə bu xəstəliklərin etioloji səbəblərini araşdırmağa yönəlmiş genişmiqyaslı, çoxmərkəzli elmi layihələr həyata keçirməyi planlaşdırırıq.

– Bu yaxınlarda Türkiyə Respublikası Universitetlərarası İdarə Heyətinin (ÜAK) qərarı və altı münsif üzvünün müsbət rəyi əsasında “Tibbi onkologiya” ixtisası üzrə “dosent” adını almısınız. Əldə etdiyiniz nailiyyət sizin üçün nə ifadə edir?

– Türkiyədə “dosent” elmi adına layiq görülmək mənim üçün yalnız akademik titul əldə etmək deyil. Bu uzun illər ərzində göstərdiyim səylərin, elmi fəaliyyətə bağlılığımın və davamlı inkişaf istiqamətində apardığım çalışmaların nəticəsidir. Əldə etdiyim uğur mənə bir daha göstərdi ki, sistemli və ardıcıl çalışma, elmi prinsiplərə sadiqlik və beynəlxalq akademik standartlara uyğun fəaliyyət mütləq öz nəticəsini verir.

Bilirsiniz, elmi karyera uzunmüddətli və səbir tələb edən bir yoldur. Bu yolda əldə olunan hər bir nailiyyətin arxasında illərlə aparılan tədqiqatlar, elmi məqalələr, toplanmış təcrübə və daim öyrənmək, yenilənmək istəyi dayanır.

Eyni zamanda, bunu  yalnız şəxsi nailiyyətim kimi qiymətləndirmirəm. Bütövlükdə  xaricdə təhsil almış azərbaycanlı mütəxəssislərin beynəlxalq elmi mühitdə rəqabət apara bilmələrinin uğurlu nümunələrindən  biri hesab edirəm.Azərbaycanlı alimlərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərdə və elmi mərkəzlərdə fəaliyyət göstərmələri ölkəmizin böyük elmi potensialının göstəricisidir.Ümid edirəm ki, bu cür uğurlar gənc mütəxəssislər üçün də motivasiya mənbəyi olacaq. Onlar görürlər ki, Azərbaycanda çalışaraq da təhsil aldıqları xarici  ölkələrdə akademik inkişafı davam etdirmək, beynəlxalq elmi meyarlara uyğun fəaliyyət göstərmək və elmi adlar qazanmaq mümkündür.

Bu nailiyyət mənim üçün eyni zamanda yeni məsuliyyət deməkdir. Və hesab edirəm ki,elmi adın əsl dəyəri onun yaratdığı imkanlarla yanaşı, insana verdiyi yeni məsuliyyətlə ölçülür.

– Sizcə, azərbaycanlı alimlər beynəlxalq akademik mühitdə özlərini təsdiq edə bilirlər?

– Bu gün Avropa və Amerikanın aparıcı universitet və tədqiqat mərkəzlərində uğurla fəaliyyət göstərən çoxsaylı azərbaycanlı alimlərimiz var və onların bir qismi Dövlət Proqramı təqaüdçüləridir. Dövlətimiz  xaricdə yüksəkixtisaslı kadrların hazırlanmasına davamlı dəstək göstərir.Mən də Avropa və Almaniyadan olan həmkarlarımızla birgə elmi -tədqiqatlar aparıram və yaxın zamanda nəticələri beynəlxalq jurnallarda dərc olunacaq işlərimiz var.Hesab edirəm ki, məhz belə beynəlxalq əməkdaşlıqlar və yüksəkkeyfiyyətli elmi nəticələr azərbaycanlı alimlərin qlobal akademik mühitdə özlərini uğurla təsdiq etmələrinin ən vacib göstəricilərindəndir.

– Xaricdə təhsil almağı planlaşdıran gənclərə nə tövsiyə edərdiniz?

– Xaricdə təhsil almağı planlaşdıran gənclərə məqsədlərindən heç vaxt vaz keçməmələrini və elmi fəaliyyətə mümkün qədər erkən başlamalarını tövsiyə edirəm.Düşünürəm ki,uğurlu akademik və peşəkar karyeranın formalaşmasında yalnız nəzəri biliklər deyil, elmi düşüncə, araşdırma aparmaq bacarığı və daim öyrənmək istəyi də mühüm rol oynayır.Buna görə də gənclər tələbəlik illərindən elmi fəaliyyətlə, tədqiqat layihələri ilə  və beynəlxalq akademik mühitlə tanış olmağa çalışmalıdırlar.

Apardığımız elmi-tədqiqatlara Azərbaycan Tibb Universitetinin könüllü tələbələri də qoşulurlar və onların hər birinin böyük potensiala malik olduğuna inanıram. Tələbələrimizin elmi fəaliyyətə olan marağını və inkişaf etmək istəyini görmək onların gələcəkləri ilə bağlı məndə böyük ümid yaradır. İnanıram ki, düzgün istiqamətləndirmə və dəstək olduqda bu gənclərin bir çoxu gələcəkdə həm ölkəmizdə, həm də beynəlxalq elmi mühitdə mühüm uğurlar əldə edə bilərlər.

Sədri olduğum Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyəti vasitəsilə də tələbələr üçün xaricdə tədqiqat və müşahidəçi (observership) imkanları yaratmağa, bu istiqamətdə beynəlxalq əməkdaşlıqlar qurmağa, onlara dəstək verməyə çalışırıq. Məqsədimiz gənclərin beynəlxalq elmi və tibbi mühitlə daha erkən tanış olmalarına, yeni təcrübələr qazanmalarına və öz potensiallarını daha yaxşı reallaşdırmalarına şərait yaratmaqdır. İnanıram ki, bu gün atılan kiçik, lakin məqsədyönlü addımlar gələcəyin böyük alim və həkimlərinin yetişməsinə zəmin yaradacaq.

Eyni zamanda, düşünürəm ki, xaricdə təhsil alan Azərbaycan gəncinin üzərinə müəyyən mənada mənəvi məsuliyyət də düşür. Çünki onlar yalnız öz adlarını və şəxsi gələcəklərini deyil, harada təhsil almaqlarından və fəaliyyət göstərməklərindən asılı olmayaraq ilk növbədə, Azərbaycanı təmsil edirlər.Xaricdə əldə olunan təcrübəni ölkəmizə gətirmək, yeni bilikləri paylaşmaq və seçdikləri sahənin inkişafına töhfə vermək hər bir gəncin qarşısında duran mühüm imkanlardan biridir.

Ən əsası isə gənclər qarşılarına qoyduqları məqsədlərin böyüklüyündən çəkinməməlidirlər. Bəzən böyük nəticələr bir anda əldə olunmur. Lakin ardıcıl şəkildə atılan kiçik addımlar, davamlı öyrənmək və qarşıya çıxan çətinliklərdən ruhdan düşməmək zamanla böyük nəticələrə gətirib çıxarır.