Elmi işi yazdığı dildə danışa bilməyənlərlə rastlaşmışıq – AAK rəsmisi ilə MÜSAHİBƏ
Elm yolu asan deyil, o, yuxusuz gecələr, həftələrlə, aylarla, hətta illərlə sürən araşdırmalar və ən əsası bunları həyata keçirəcək güclü iradə tələb edir. Bu yola həvəslə başlayanlar üçün elmi dərəcə və adların alınması o qədər də asan başa gəlmir. Səbəb nədir?
Bu və digər məsələlərlə bağlı “Azərbaycan müəllimi”nin suallarını Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparat rəhbərinin müavini, baş elmi katibi Firuzə Mayılova cavablandırıb.
Elmi dərəcə almaq istəyənlərin sayı artıb
-Elmi dərəcə almaq həqiqətənmi çətindir? Bu iddialar nədən qaynaqlanır?
- İlk növbədə qeyd etmək istərdim ki, elmi dərəcənin əldə edilməsi mərhələli və müəyyən müddət tələb edən bir prosesdir. Eyni zamanda doktorantura ali təhsilin ən son və ən yüksək səviyyəsidir. Bu proses doktoranturaya qəbuldan başlayır, doktoranturada, bir qayda olaraq, 3–5 il ərzində təhsilin davam etdirilməsini, müəyyən edilmiş akademik tələblərin yerinə yetirilməsini, elmi tədqiqatın aparılmasını və sonda dissertasiyanın müdafiəsini əhatə edir.
Bu baxımdan elmi dərəcənin əldə edilməsi, alim adının qazanılması özlüyündə sadə və asan proses olmamalıdır. Elmi dərəcə yalnız müəyyən formal tələblərin yerinə yetirilməsi ilə deyil, hər şeydən əvvəl, ciddi əmək, əzm, araşdırma və analitik düşünmə qabiliyyəti, elmi yaradıcılıq və səbr tələb edən bir prosesin nəticəsində əldə olunur.
Sırf prosesin özünün çətinliyi nəzərdə tutulursa, bu sahədə 2019-cu ildən etibarən ciddi islahatlar həyata keçirilir. İslahatlar çərçivəsində elmi dərəcənin məzmununa və səviyyəsinə uyğun tələblər təmin edilir, elmi fəaliyyətin keyfiyyəti yüksəldilir və qiymətləndirmə mexanizmləri daha da təkmilləşdirilir. Qeyd etdiyiniz iddialar isə düşünürəm ki, tətbiq olunan yeni tələblərin və prosedurların fərqli gözləntilərlə qarşılanmasından irəli gəlir. Bəzən kənardan baxanlar bu geniş və çoxmərhələli prosesin yalnız elmi dərəcənin verilməsi mərhələsini görürlər. Əslində isə söhbət müəyyən bir təhsil səviyyəsinin mənimsənilməsini və illər ərzində aparılmış elmi tədqiqatın nəticələrini qiymətləndirən, onların elmi dərəcənin verilməsi ilə rəsmiləşdirilməsini təmin edən kompleks bir prosesdən gedir.
Hazırda da mövcud tələblərin və prosedurların, eləcə də komissiyanın fəaliyyətinin daha səmərəli tənzimlənməsi və optimallaşdırılması istiqamətində təkliflər hazırlanır.
Əlbəttə, qeyd etməliyəm ki, təkmilləşdirməni asanlaşdırılma kimi deyil, mövcud prosedurların daha təkmil, çevik, şəffaf və dövrün tələblərinə uyğun şəkildə qurulması kimi başa düşmək lazımdır. Hədəfimiz elmi dərəcənin əldə edilməsi üçün zəruri olan akademik və elmi tələbləri zəiflətmək deyil, həmin tələblərin daha aydın, obyektiv və səmərəli mexanizmlərlə tətbiqini təmin etməkdir.
Çünki elmi dərəcənin nüfuzu, ilk növbədə, onun əldə edilməsi üçün müəyyən edilmiş elmi və akademik meyarların səviyyəsindən asılıdır. Bu meyarları qorumaqla prosedurların daha səmərəli və müasir yanaşmalar əsasında təşkil edilməsi isə təkmilləşdirmənin əsas istiqamətlərindən biridir.
Prosedur “müdafiəyə maneə yaradan” mexanizm kimi xarakterizə edilə bilməz
-Elmə gələnlərin sayının azaldığı, ali məktəblərdə müəllim çatışmazlığının olduğu deyilir. Bunu müdafiə prosesinin mürəkkəbliyi ilə əlaqələndirənlər də var. Gənclərin elmə gəlməməsini prosedurun mürəkkəbliyi ilə izah edənlər haqlıdırlar, yoxsa təmsil etdiyiniz qurumun əks arqumenti var?
-İlk növbədə, “elmə gələnlərin sayı azalıb” fikrini müdafiə prosesinin mürəkkəbliyi ilə birbaşa əlaqələndirmək üçün daha geniş və müqayisəli statistikaya ehtiyac var. Çünki elmə gələnlərin sayına təsir edən çoxsaylı amillər mövcuddur və bu məsələni yalnız müdafiə proseduru ilə izah etmək düzgün olmaz.
Komissiyanın mövqeyinə gəldikdə isə, hesab edirik ki, mövcud prosedur mürəkkəb deyil, elmi dərəcənin səviyyəsinə tələblərə uyğun formalaşdırılmış prosedurdur. Doktorantura ali təhsilin ən yüksək səviyyəsidir və burada əsas məqsəd yalnız dissertasiyanın müdafiə olunması deyil, müvafiq elmi nəticələrin, tədqiqatçının elmi hazırlığının və işin elmi səviyyəsinin obyektiv şəkildə qiymətləndirilməsidir.
Komissiya bu prosesdə kadr hazırlamır, elmi və ali təhsil müəssisələrində hazırlanmış elmi və elmi-pedaqoji kadrların təqdim etdiyi nəticələri qiymətləndirir. Bu baxımdan elmə gələn gənclərin sayına və onların elmi fəaliyyətə istiqamətləndirilməsinə təsir edən məsələlər daha geniş kontekstdə -ali təhsilin bütün səviyyələrində elmi hazırlığın keyfiyyəti, elmi fəaliyyət üçün yaradılan imkanlar, akademik mühit və əmək bazarının tələbləri ilə birlikdə qiymətləndirilməlidir. Lakin burada keyfiyyət göstəricilərini kəmiyyət göstəricilərinə qurban verməmək ən vacib məqamlardan biridir.
Digər tərəfdən, AAK-a təqdim olunan dissertasiyaların nəticələri də göstərir ki, prosedur bütün hallarda “müdafiəyə maneə yaradan” mexanizm kimi xarakterizə edilə bilməz. 2026-cı ilin ilk yarısında fəlsəfə doktoru proqramı üzrə 295 şəxsə elmi dərəcə verilib. Bu da onu göstərir ki, müəyyən edilmiş elmi və akademik tələblərə cavab verən işlər üzrə proses müvafiq qaydada yekunlaşdırılır. Təbii ki, bizim məqsədimiz proseduru mürəkkəbləşdirmək deyil. Hazırda da mövcud tələblərin daha səmərəli, çevik, şəffaf və dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində iş aparılır və görülən işlər həmin tələblərin daha aydın və obyektiv mexanizmlərlə həyata keçirilməsini nəzərdə tutur.
Elmi dərəcə əldə edən şəxsin sonrakı karyera seçimi də ayrıca məsələdir. Elmi dərəcə alan şəxslərin bir qismi akademik fəaliyyətini davam etdirə, bir hissəsi isə digər sahələrdə fəaliyyətə üstünlük verə bilər. Buna görə də hesab edirəm ki, elmi dərəcə alanların sayı ilə ali təhsil müəssisələrində müəllim çatışmazlığını birbaşa əlaqələndirmək doğru olmaz.
-Alimlər siyahısında qadınların xüsusi çəkisi artıb. Bunun səbəbini nə ilə izah edərdiniz?
-Bəli, son dövrlərdə hesabatlarımızın əhatə dairəsi genişləndirilib və elmi dərəcələrin verilməsi ilə bağlı statistik məlumatlarda gender bölgüsünü də görə bilirik. 2026-cı ilin birinci yarısının göstəricilərinə əsasən, fəlsəfə doktoru elmi dərəcəsi verilmiş şəxslər arasında qadınların xüsusi çəkisi daha yüksəkdir. 209 qadın və 86 kişi iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsi verilib. Elmlər doktoru elmi dərəcəsi üzrə isə gender balansı müşahidə edilir, cari ayın ilk 6 ayı üzrə 20 qadın və 20 kişi iddiaçıya bu dərəcə verilib.
Lakin bu göstəricini vahid səbəblə izah etmək düzgün olmaz. Burada həm qadınların müxtəlif elm sahələrində fəal iştirakının artması, həm də ayrı-ayrı ixtisaslar üzrə gender bölgüsünün fərqli olması rol oynayır.
Məsələn, təqdim olunan statistikada filologiya və pedaqogika kimi elm sahələrində qadınların sayca üstünlüyü, texniki və bəzi dəqiq elmlər üzrə isə kişilərin daha çox təmsil olunması müşahidə edilir. Bu da göstərir ki, qadınların elmdə artan iştirakını yalnız ümumi tendensiya kimi deyil, ayrı-ayrı elm sahələrinin xüsusiyyətləri və həmin sahələrdə formalaşan kadr strukturu ilə birlikdə qiymətləndirmək lazımdır.
Ümumilikdə isə qadınların elmi fəaliyyətə və elmi dərəcə əldə etməyə marağının artmasını müsbət tendensiya hesab edirəm.
-Maraqlıdır, fərqli sahələr üzrə 2 dəfə alimlik dərəcəsi alanlar, ya da almaq istəyənlər varmı?
-Bu sual mənə 2 istiqamətdə cavab verməyə vadar edir. Birinci növbədə vurğulamaq lazımdır ki, bir qayda olaraq fəlsəfə doktoru elmi dərəcəsi alan şəxslərin bir hissəsi məhz həmin elm sahəsi üzrə növbəti elmi dərəcə kimi elmlər doktorluğuna iddia edir. Bu elmi tədqiqatlarla məşğul olan şəxslərin ənənəvi yanaşmasıdır. Lakin Komissiya bir elm sahəsindən digər elm sahəsinə keçid edən şəxslərlə də rastlaşır. Bu halda eyni elmi dərəcənin, məsələn, fəlsəfə doktoru elmi dərəcəsinin fərqli elm sahələri üzrə əldə edilməsi və ya elmi dərəcələrin hər birinin elmi dərəcələri fərqli elm sahələri üzrə, yəni fəlsəfə doktoru elmi dərəcəsini bir elm sahəsi üzrə, elmlər doktoru elmi dərəcəsini isə başqa elm sahəsi üzrə almaq imkanı nəzərdə tutulur. Bu halda həmin elm sahəsinin ümumelmi əsasları üzrə əlavə imtahan verilməsi tələb olunur.
Amma qeyd etmək lazımdır ki, qanunvericilikdə bununla bağlı məhdudiyyət də nəzərdə tutulub. Belə ki, tibb və baytarlıq elmləri üzrə elmi dərəcə almaq üçün mütləq həmin elm sahələrində baza ali təhsilə malik olmaq lazımdır.
“Uzaq Şərqdə – Çin, Koreya və Yaponiyada da doktorantlarımız uğur qazanırlar”
-Xaricdə elmi dərəcə alan azərbaycanlıların da sayı son illərdə artıb. Hesabatlarınızda bu istiqamət də əksini tapırmı?
-Bəli, hesabatlarımızda bu istiqamət də əksini tapır və artım müşahidə olunur. Məsələn, 2025-ci il ərzində xaricdə əldə edilmiş elmi dərəcə haqqında 35 sənədin tanınması barədə qərar qəbul edildiyi halda, 2026-cı ilin ilk 6 ayında bu rəqəm artıq 48 olub. Müraciətlərin əsas hissəsi fəlsəfə doktoru elmi dərəcəsi ilə bağlıdır.
-Ali Attestasiya Komissiyası xaricdə elmi ad və ya elmi dərəcə alan hər azərbaycanlı ilə bağlı məlumatlıdırmı, yoxsa sadəcə sənədinin qiymətləndirməsi həyata keçirilən şəxslər hesabatlarınızda yer alır?
-Xeyr, xaricdə müdafiə edərək elmi dərəcə və elmi ad alan vətəndaşların hər birinin məlumatlarının izlənməsi komissiyanın səlahiyyətlərinə aid deyil. Komissiya yalnız fəaliyyəti üçün elmi dərəcə, elmi adların tanıtdırılması tələbi və zərurəti yaranan şəxslərin müraciətləri əsasında xaricdə alınan elmi dərəcə və elmi ad sənədlərinin qiymətləndirilməsini həyata keçirir. Müraciəti ya iddiaçı özü edir, ya da çalışdığı müəssisə bu barədə vəsatət qaldırır.
-Azərbaycanlılar elm üçün daha çox hansı ölkələrə üz tutub, hansı ölkələrdə elmi dərəcə alıblar?
- Bayaq qeyd etdiyim 48 nəfərin 25-i Türkiyədə elmi dərəcə alıb. Bununla yanaşı, Rusiyada, Macarıstan, Fransa, Ukrayna, Almaniya, İtaliyada, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında sənəd alıb tanıtdırmaq istəyən iddiaçılarımız var. Hətta son tendensiyalara görə, Çin, Cənubi Koreya və Yaponiyada da doktorantlarımız uğur qazanır və sənədlərini tanıtmaq üçün bizə müraciət edirlər.
Elmi işi kim, necə qiymətləndirir?
-Ali Attestasiya Komissiyasında elmi dərəcə və ya elmi ad almağın proseduru necədir?
-Xaricdə alınmış elmi dərəcə və elmi ad haqqında sənədlərin tanınması prosesi normativləşdirilib və Prezidentin fərmanı ilə təsdiq edilən “Elmi dərəcələrin verilməsi qaydası haqqında” və “Elmi adların verilməsi qaydası haqqında” əsasnamələrlə, o cümlədən həmin əsasnamələrin tələblərindən irəli gələrək qəbul edilən komissiyanın Rəyasət Heyətinin qərarları ilə tənzimlənir. İddiaçı tələb olunan sənədləri toplayır, ya da çalışdığı müəssisənin müraciəti ilə birlikdə komissiyaya təqdim edir. Bundan sonra qiymətləndirmə başlayır. Əvvəlcə texniki qiymətləndirmə həyata keçirilir. Bu zaman təqdim olunan sənədlərin düzgünlüyü və tamlığı, tələblərə uyğunluğu yoxlanılır. Növbəti mərhələdə elmi qiymətləndirmə aparılır. Ali Attestasiya Komissiyasının nəzdində elm sahələri üzrə ekspert şuraları fəaliyyət göstərir. Həmin şuralarda ayrı-ayrı elm və ixtisas istiqamətləri üzrə yüksəkixtisaslı tanınmış mütəxəssislər təmsil olunurlar. Onların tövsiyələri əsasında yekun qərar Fəlsəfə Doktorlarına dair Komissiyanın Kollegiyası və ya Elmlər Doktorlarına dair Rəyasət Heyəti tərəfindən verilir və iddiaçılara müvafiq şəhadətnamələr təqdim olunur.
-Müraciət ediləndən şəhadətnamə verilənə qədər olan dövr nə qədər çəkir? Ən qısa vaxtda verilən sənəd, ya da qiymətləndirməsi ən uzun çəkən şəhadətnamə varmı və kimlərə verilib?
- Müddət də qanunvericiliklə tənzimlənir və 3 aydan 6 ayadək davam edə bilər. Müddətin artmağı həm də elmi işdən asılıdır. Hər elm sahəsi, mövzular, onların işlənməsi fərqli olduğundan qiymətləndirmə uzana bilər. İyul-avqust ayları müddətə daxil deyil, bu aylarda qiymətləndirmə həyata keçirilmir. Doktorantura təhsilini dünya üzrə aparıcı və yüksək reytinqli təhsil müəssisələrində, o cümlədən Dövlət Proqramı çərçivəsində tamamlayaraq elmi dərəcəyə yiyələnən, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan nəşrlərdə dərc olunmuş elmi əsərlərinin sayına görə seçilən, habelə yüksək H-indeksinə malik iddiaçıların nostrifikasiya prosesində komissiya tərəfindən sənədlərinin tanınması haqqında qərarlar adətən birbaşa (ekspertizasız) qəbul edilir. Həmçinin qeyd etmək istərdim ki, 2019–2026-cı illərdə (01.06.2026-cı il tarixinədək) AAK tərəfindən elmi dərəcə və elmi ad verilmiş şəxslərin, həmçinin xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adların tanınması barədə məlumatlar “mygov” platformasına yerləşdirilib.
Elmə yol harada daha qısadır, xaricdə, yoxsa Azərbaycanda?
-Xaricdə elmi ad, elmi dərəcə almaqla Azərbaycanda almağın nə kimi fərqləri var?
- Doktorantura ali təhsilin sonuncu və ən yüksək səviyyəsidir və Milli Kvalifikasiyalar Çərçivəsinə əsasən səkkizinci səviyyəyə uyğun gəlir. Bu baxımdan Azərbaycanda olduğu kimi, dünyanın müxtəlif ölkələrində də doktorantura müstəqil elmi tədqiqata, yeni elmi nəticənin əldə edilməsinə və həmin nəticələrin elmi ictimaiyyətə təqdim olunmasına əsaslanır.
Doktoranturanın müddəti və təşkilati forması ölkələrin qanunvericiliyindən və təhsil sistemindən asılı olaraq fərqlənə bilər. Azərbaycanda doktorantura əyani, qiyabi və dissertantura formalarında həyata keçirilir və müəyyən edilmiş müddətləri əhatə edir. Bu müddət ərzində doktorant müstəqil elmi tədqiqat aparmalı, müəyyən edilmiş akademik və elmi tələbləri yerinə yetirməli, elmi nəticələr əldə etməli və həmin nəticələri elmi ictimaiyyətə təqdim etməlidir.
Xarici ölkələrdə də əsas prinsip, mahiyyət etibarilə, eynidir: doktorant elmi tədqiqat aparır, dissertasiya hazırlayır və əldə etdiyi elmi nəticələri müdafiə etməklə elmi dərəcə əldə edir. Fərqlər əsasən doktoranturaya qəbul, təhsil və tədqiqat prosesi, nəşr tələbləri, dissertasiyanın qiymətləndirilməsi və müdafiənin təşkili mexanizmlərində özünü göstərə bilər.
Elektron səsvermə obyektivliyin, şəffaflığın təmin edilməsində çox ciddi dönüş nöqtəsi oldu
-İslahatlar barədə qeyd etdiniz, indiyədək nəyə nail olunub, nə dəyişib?
- 2019-cu ildə başlanan islahatların əhatə dairəsi çox geniş olub. Bu həm fəlsəfə doktoru imtahanlarının təşkili, məzmunu, keçirilməsi, elmi əsərlərin dərci, dissertasiyanın özünün tərtibatı, həm də müdafiə prosesinin təşkili, dissertasiya şuralarının yaradılması, tərkibinin formalaşdırılması, rəsmi opponentlərin təyin olunması, müdafiənin yekunu üzrə səsvermənin keçirilməsi qaydası kimi mühüm məsələləri əhatə edib. Onları tək-tək qeyd etmək zaman tələb edər, komissiya tərəfindən bu barədə kifayət qədər açıqlama verilib. Lakin ən mühüm məqamlardan qeyd edə bilərəm ki, müdafiə prosesinin mərhələlərindən biri aradan qaldırılıb. Əvvəllər iddiaçının təhsil aldığı, təhkim olunduğu müəssisədən əlavə digər bir aparıcı təşkilat müəyyən olunurdu və iddiaçı həmin təşkilatın mütəxəssisləri qarşısında çıxış edirdi. Müəyyən dövrdə aktual olan bu mərhələ sonradan öz səmərəliliyini itirib və təcrübədə müxtəlif çətinliklər yaradıb. Hazırda onun əvəzinə rəsmi opponent institutu gücləndirilib.
Dissertasiya şuralarının və elmi seminarların tərkibi də optimallaşdırılıb. Əvvəllər elmi seminarda müxtəlif ixtisaslar üzrə mütəxəssislər iştirak edir və iddiaçı 20–25 nəfərlik heyət qarşısında çıxış edirdi. Hazırda elmi seminarın tərkibi yalnız dissertasiyanın aid olduğu ixtisas üzrə azı 5 mütəxəssisdən formalaşdırılır. Bu, müzakirələrin daha məqsədyönlü və obyektiv keçməsinə şərait yaradır.
Müdafiəyə hazırlıq prosesi isə aşağıdakı ardıcıllıqla təşkil olunur: iddiaçı əvvəlcə təhkim olunduğu kafedrada, bölmədə elmi rəhbəri və mütəxəssislər qarşısında çıxış edir və yalnız bundan sonra elmi seminara, müdafiəyə buraxılır.
Hər növbəti mərhələyə keçid səsvermə yolu ilə həyata keçirilir. Müdafiələr üzrə səsvermə artıq elektron qaydada, Ali Attestasiya Komissiyasının rəsmi internet saytı vasitəsilə aparılır. Proses başa çatdıqdan sonra səsvermənin gedişi, səslərin paylanması və yekun göstəriciləri elektron bazada arxivləşdirilir. Bu mexanizm obyektivliyin və şəffaflığın təmin edilməsində mühüm dönüş nöqtəsi olub.
Elmi müdafiə müddətinə təsir edəcək islahatlar: İş bizə daxil olandan sonrakı proses tənzimlənir
-Optimallaşdırma, bir mərhələnin aradan çıxmağı prosesə, məsələn, müdafiə prosesinin müddətinə təsir etdimi?
-Bəli, bu dəyişikliklər prosesə ciddi müsbət təsir göstərib. Əvvəllər iddiaçılar illərlə növbədə qalırdı və növbələrin hansı məntiqlə tənzimləndiyi, ardıcıllığın qorunub-qorunmadığı bəlli deyildi. Hazırda isə növbə sistemi qanunvericiliklə tənzimlənir və seminarın protokol tarixinə uyğun olaraq müəyyən olunur.
Müdafiələr müəssisələrdə yaradılmış Dissertasiya şuralarında keçirilsə də, Ali Attestasiya Komissiyasında hər gün harada və neçə müdafiənin aparıldığı barədə operativ məlumat mövcuddur. Mütəxəssislərimiz istənilən müdafiə prosesini real vaxtda elektron qaydada izləmək imkanına malikdirlər. Zərurət yaranarsa, prosesə müdaxilə etmək üçün də tam şərait yaradılıb. Əvvəllər isə müdafiənin necə keçdiyini yalnız sonradan təqdim edilən videoyazı əsasında izləmək mümkün olurdu.
-Bayaq qeyd etdiniz ki, illərlə uzanan növbələr qeydə alınırdı. Optimallaşdırma müddətə nə qədər təsir etdi? Çünki yenə də müddətin uzunluğundan şikayətlərə rast gəlmək olur.
-Elmi işin ilkin müzakirəsindən başlayaraq elmi seminarın keçirilməsi və dissertasiya şurasında müdafiənin təşkili müəyyən müddət tələb edir. Bu mərhələ, bir qayda olaraq, 4 aydan 6 aya qədər davam edə bilər. Burada dissertasiya işlərinə elmi seminarların protokol tarixlərinə uyğun olaraq növbəlilik əsasında baxılması da nəzərə alınır. Dissertasiya şurasında ay ərzində 4 fəlsəfə doktoru müdafiəsinin və ya 2 fəlsəfə doktoru və 1 elmlər doktoru müdafiəsinin keçirilməsi mümkündür.
Müdafiədən sonra isə dissertasiya şurası tərəfindən müvafiq sənədlər 2 ay müddətində komissiyaya təqdim edilir. Komissiyada fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiya və sənədlərə, daxil olduğu gündən etibarən 3 ay, elmlər doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan işlərə isə 5 ay müddətində baxılır. Əlavə araşdırmaya ehtiyac yarandığı hallarda bu müddət 3 aya qədər uzadıla bilər.
Lakin bu müddətləri yalnız texniki prosedurlar kimi qiymətləndirmək düzgün olmaz.
Müdafiə prosesi mərhələli və çoxpilləli elmi qiymətləndirmə prosesidir. Burada məqsəd müddəti mümkün qədər qısaltmaq deyil, elmi işin keyfiyyətinə və müəyyən edilmiş tələblərə uyğunluğuna əmin olmaqdır.
İslahatlardan sonra prosesin əvvəlki dövrlə müqayisədə daha sistemli və proqnozlaşdırıla bilən xarakter aldığını qeyd edə bilərik. Əvvəllər illərlə davam edən gözləmələrlə bağlı narazılıqların aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Hazırkı müddətləri isə elmi dərəcənin səviyyəsi və prosesin çoxmərhələli xarakteri nəzərə alınmaqla ağlabatan hesab edirik.
Bizim üçün əsas məsələ müddəti mexaniki şəkildə qısaltmaq deyil. Məqsəd keyfiyyəti qorumaqla prosedurları daha çevik, şəffaf və səmərəli təşkil etməkdir.
Azərbaycan üçün nə mümkündürsə, uyğunlaşdırmağa çalışırıq
-Yəni deyə bilərik ki, müdafiə prosesi beynəlxalq standarta tam uyğundur?
-Biz daim xarici ölkələrin qabaqcıl təcrübəsini araşdırır və Azərbaycan reallıqlarına uyğun gələn elementləri milli sistemə inteqrasiya etməyə çalışırıq.
-Məsələn, növbəti mərhələ üçün hansı islahatlar nəzərdə tutulub? Hansı təkliflər müzakirə olunur, nələr planlaşdırılır? Müdafiə prosesinin daha da sadələşdirilməsi mümkündürmü?
- İslahatların davamlı xarakter daşıması zəruridir. Bu istiqamətdə həm beynəlxalq qabaqcıl təcrübə daim araşdırılır, həm də hazırda tətbiq olunan qaydaların güclü və zəif tərəfləri mütəmadi olaraq qiymətləndirilir. Qiymətləndirmənin nəticələrinə uyğun yeni təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.
Hazırkı mərhələdə deyə bilərəm ki, növbəti islahatlarda prosesin rəqəmsallaşdırılması əsas prioritetlərdən biridir.
Əsas prioritetimiz keyfiyyətdir
-Yəni hansısa mərhələnin ləğvindən söhbət gedə bilməz? Növbəti islahatlar elektronlaşma ilə bağlı olacaq?
- Qeyd etdiyim kimi, hazırda bütövlükdə proses qiymətləndirilir. Hər hansı islahat eyni zamanda onun tətbiqini də zəruri edir. Tətbiq prosesində həyata keçirilən yeniliyi təkmilləşdirmək mümkün olduğu hallarda bunu edirik, qanunvericilik baxımından əsaslandırma tələb edən yeniliklər üzərində isə iş aparırıq.
Bir sıra məqamlar üzərində artıq müəyyən müddətdir ki, çalışırıq. Nəticələr olduqda bunu ictimaiyyət də görəcək. Əsas prioritetimiz keyfiyyətin təmin olunmasıdır. Nəyisə sadələşdirmək və ya “asan olsun” prinsipi işin keyfiyyətinə mənfi təsir göstərəcəksə, bu bizi qane etmir. Hazırda tətbiq edilən qayda və şərtlər də dövrünün tələblərinə uyğun süzgəcdən keçirilib.
Təbii ki, dövr dəyişir, yeni çağırışlar rəqəmsallaşdırmanı zəruri edir və bəzi mərhələlərin optimallaşdırılması, ləğv edilməsi aktual ola bilər. Yekunda isə bütün təklifləri razılaşdıraraq, ən uyğun variantı qiymətləndirib təqdim edəcəyik.
Simvolik verilmiş elmi titul və adların Azərbaycandakı elmi dərəcə və elmi adlara ekvivalent hesab edilməsi üçün də müraciətlər edilir
-Bura qədər uğur qazananlardan danışdıq, maraqlıdır, bəs imtina kimlərə verilir? İmtina səbəbləri sırasında ilk yerdə olan hansıdır? Xaricdə alınan şəhadətnamələrin qiymətləndirilməsindən sonra da imtina verilməsi mümkündürmü, bununla bağlı fakt, nümunə var?
- İmtina, əsasən, müəyyən edilmiş tələblərə cavab verməyən elmi işlər və sənədlərlə bağlı olur. Ən ciddi imtina səbəblərindən biri plagiat hallarına rast gəlinməsi, elmi etika tələblərinin pozulmasıdır. Xaricdə əldə edilmiş elmi dərəcə və ya elmi ad haqqında sənədlərin qiymətləndirilməsi zamanı da bu hallar, eləcə də elmi işin kifayət qədər əsaslandırılmaması, müəssisənin müvafiq statusa malik olmaması və ya sənədin Azərbaycandakı elmi dərəcəyə ekvivalent hesab edilməməsi halları ilə qarşılaşa bilərik.
Məsələn, dissertasiyanın mövzusu üzrə elmi əsərlərin müvafiq profil üzrə beynəlxalq bazalara daxil olan jurnallarda nəşri tələbimiz var. Bu tələb yerinə yetirilmədikdə sənədin tanınmasından imtina edilə bilər.
Yaxud xaricdə müdafiə edilmiş dissertasiyanın yazıldığı dili iddiaçının bilməməsi, yaxud sənədin həmin ölkədə elmi dərəcə və ya elmi ad vermək səlahiyyəti olmayan müəssisə tərəfindən verilməsi kimi hallarla da qarşılaşmışıq. Bəzən xaricdə simvolik xarakterli verilmiş elmi titul və ya fəxri adların Azərbaycandakı elmi dərəcə və elmi adlara ekvivalent hesab edilməsi ilə bağlı müraciətlər edildiyinin şahidi oluruq.
Xaricdə verilmiş sənədin tanınmasından imtina həmin sənədin verildiyi ölkədə hüquqi qüvvəsini itirməsi demək deyil. Sadəcə, həmin sənəd Azərbaycan Respublikasında tanınmır və müvafiq elmi dərəcəyə ekvivalent hesab edilmir.
Plagiat səbəbə görə iddiaçıya imtina verilibsə, əlavə sanksiya da tətbiq edilir
-İmtina il ərzində orta hesabla təxminən neçə nəfərə verilir? İmtina səbəbləri artıb, yoxsa azalıb? İddiaçılar bilirlər ki, köçürmə halları, ya da işin süni intellekt məhsulu olduğu araşdırılır. Bu onları həmin hallara yol verməkdən çəkindirirmi, yoxsa istifadə halları hələ də çoxdur?
-İmtina üçün ən əsas səbəb elmi etikanın pozulmasıdır. Bu da ilk növbədə özündə plagiatı ehtiva edir və mərhələsindən asılı olmayaraq, birmənalı imtina səbəbidir. Plagiat səbəbindən iddiaçıya elmi dərəcənin verilməsindən imtina verilibsə, fəlsəfə doktoru elmi dərəcəsi iddiaçılarına qərardan 3 il, elmlər doktoru elmi dərəcəsi iddiaçılarına qərardan 5 il ərzində müdafiə etməsinə məhdudiyyət qoyulur. İddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməz. Digər səbəblər arasında müdafiə prosedurunun hansısa mərhələdə pozulması da var. Rəsmi opponentlərin sayı, təyini ilə bağlı tələblərin yerinə yetirilməsi önəmlidir. Məsələn, opponentlər eyni təşkilatı təmsil etməməli, iddiaçı ilə eyni şöbənin əməkdaşları, onlarla bərabər elmi əsərlərin həmmüəllifləri olmamalıdırlar. İmtina səbəbləri arasında doktorantura təhsili dövrü üçün iddiaçılara qoyulan tələblərin yerinə yetirilməməsi və ya düzgün qaydada yerinə yetirilməməsi də qeyd edilə bilər. Tutaq ki, fəlsəfə doktoru imtahanları vaxtında verilməyibsə, dil və ixtisas imtahanlarından keçməyibsə, müsbət qərar vermirik. Elmi adlara gəlincə, iddiaçılar qarşısında tədris metodiki işlər, monoqrafiya, elmi vəzifələri tutmaq kimi tələblər qoyulub və həmin tələblər ödənilməlidir. Cari ilin 6 ayı üzrə 335 iddiaçıya (295 fəlsəfə doktoru, 40 elmlər doktoru) elmi dərəcə verilib, 153 iddiaçıya (139 fəlsəfə doktoru, 14 elmlər doktoru) elmi dərəcə verilməsindən imtina edilib; 137 iddiaçıya (122 dosent, 15 professor) elmi ad verilib, 39 iddiaçıya (37 dosent, 2 professor) elmi ad verilməsindən imtina edilib. Elmi dərəcə və elmi ad verilməsindən, xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərinin tanınmasından imtina edilməsinə dair qərarlardan 12-si elmi işlərdə plagiat faktının aşkarlanması ilə bağlı olub.
-Elmi işin plagiat, ya da süni intellekt məhsulu olduğunu araşdırmaq üçün istifadə etdiyiniz alətlər maraqlıdır. Bunu nə dərəcədə dəqiqliklə aşkarlaya bilirsiniz?
- Komissiya dissertasiya işlərində, o cümlədən elmi məqalələr və digər elmi işlərdə iddiaçıların müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyini müəyyən etmək üçün “Strike Plagiarism” antiplagiat sistemindən istifadə edir. Bu məlumat komissiya tərəfindən hər zaman açıq saxlanılır. Komissiya tərəfindən elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri qarşısında məhz bu sistemdən istifadə etmələrinə dair heç bir tələb müəyyən edilməyib. Müəssisələr bu sahədə proqram seçimində müstəqildirlər. Komissiyanın bu istiqamətdə fəaliyyəti yalnız texniki imkanlarla şərtləndirilmiş hər hansı proqramların istifadəsi ilə məhdudlaşmır. Komissiyada, həmçinin digər fərqli antiplagiat proqramlarının istifadəsi, ekspert şuralarının mütəxəssislərinin rəyləri, müxtəlif açar ifadələrin digər dillərə tərcümə edilərək axtarışa verilməsi və sair kimi alternativ üsullardan da istifadə edilir. Bu üsullarla plagiat faktlarının gizlədilməsi halları aşkar olunur.
Süni intellektlə hazırlanmış mətnlərin aşkarlanmasına gəlincə, burada yalnız texniki alətin nəticəsini qəti sübut kimi qəbul etmək düzgün olmaz. Belə halların qiymətləndirilməsi mətnin məzmunu, ekspert rəyləri də nəzərə alınmaqla kompleks şəkildə aparılmalıdır.
Plagiat faktı dəqiq müəyyən edildiyi halda bu, elmi dərəcə və ya elmi adın verilməsindən imtina üçün ciddi əsasdır və bu məsələdə güzəşt edilə bilməz.
Elmi-texniki inkişaf bizi mütəmadi olaraq istifadə etdiyimiz proqram və alətləri nəzərdən keçirməyə, eləcə də qarşımıza qoyulan vəzifələri daha keyfiyyətlə yerinə yetirmək məqsədilə ən son texniki imkanlardan yararlanmağa sövq edir.




