Ombudsman: "Uşaqların adına saxta hesabların yaradılması ilə bağlı müraciətlər daxil olur" - MÜSAHİBƏ
Uşaqlar cəmiyyətin gələcəyidir. Onların hüquqlarının etibarlı şəkildə qorunması isə yalnız hüquqi öhdəlik deyil, həm də dövlətin sosial siyasətinin əsas göstəricilərindən biridir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, yeni imkanlarla yanaşı, yeni risklərin də yarandığı müasir dövrdə uşaq hüquqlarının müdafiəsi xüsusilə aktuallaşıb. Kiberbullinq, şəxsi məlumatların yayılması, zərərli rəqəmsal məzmun, süni intellektin yaratdığı yeni çağırışlar və uşaqlara qarşı zorakılığın müxtəlif formaları bu sahədə çevik və effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasını zəruri edir.
Azərbaycan 21 iyul 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla hər bir uşağın hüquqlarının təmin olunması istiqamətində beynəlxalq öhdəliklər götürüb.
Bəs bu gün Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində vəziyyət necədir? Ombudsman təsisatı bununla bağlı nə kimi işlər görür? Uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı hansı problemlərlə üzləşir və qarşıdakı dövr üçün hədəfləri necə müəyyənləşdirib?
Bu və digər məsələlərlə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Azərbaycan müəllimi”nə müsahibə verib.
Uşaq hüquqlarının müdafiəsi ilə bağlı çoxşaxəli fəaliyyət həyata keçirilir
- Səbinə xanım, uşaq hüquqlarının müdafiəsi Ombudsman təsisatının fəaliyyətində necə əks olunur və bu sahədə son illər hansı mühüm nəticələr əldə edilib?
- Uşaq hüquqlarının müdafiəsi Ombudsman təsisatının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu sahədə ombudsman tərəfindən çoxşaxəli fəaliyyət həyata keçirilir. Buraya uşaq hüquqlarının pozulması ilə bağlı müraciətlərin araşdırılması, monitorinqlərin keçirilməsi, analitik təhlillərin aparılması, qanunvericiliyin və hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili və digər istiqamətlər daxildir.
Fəaliyyət zamanı aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar, xarici ölkələrin insan hüquqları təsisatları və digər qurumlarla əməkdaşlıq edilir, eyni zamanda uşaqların iştirakı təmin olunur.
Son illərdə uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində ombudsmanın səlahiyyətlərinin genişləndirilməsi təsisatın fəaliyyətinin daha da gücləndirilməsinə töhfə verib. Bu isə öz növbəsində uşaqların hüquqlarının qorunmasına və onların hüquqlarının təmin olunmasına nəzarətin daha effektiv həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə, son illər uşaq hüquqları sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi aktların qəbul edilməsi, uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir.Uşaq hüquqlarının etibarlı müdafiəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.Həyata keçirilən qanunvericilik islahatları erkən evliliklərin qarşısının alınması, valideyn məsuliyyətinin artırılması, uşaqlarla bağlı ədalət mühakiməsi zamanı onların üstün mənafelərinin nəzərə alınması, onlara qarşı zorakılıqla mübarizənin gücləndirilməsi, çətin həyat şəraitinə düşməsinin qarşısının alınması və sosial müdafiəsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ombudsman tərəfindən qanunvericiliyin təhlili mütəmadi aparılır, bu istiqamətdə hazırlanmış təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilir və onların icrası nəzarətdə saxlanılır.
Məmnunluqla qeyd etmək istərdim ki, qəbul edilmiş bir sıra qanunvericilik aktlarında ombudsmanın irəli sürdüyü təkliflər nəzərə alınıb.
Cari ilin 3 mart tarixində “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli normativ hüquqi aktların qəbul edilməsi bu sahədə yaranan yeni ictimai münasibətlərin hüquqi tənzimlənməsi və uşaqların hüquqlarının daha səmərəli müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda ombudsmanın BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirməsi ilə bağlı səlahiyyətləri də təsbit olunub. Eyni zamanda, ombudsmanın təklifi əsasında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na 2026-cı ildə ombudsmanın, habelə digər aidiyyəti qurumların uşaq hüquqlarının müdafiəsi sahəsində səlahiyyətləri əlavə edilib.
Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ölkənin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti, aparılan islahatlar və reallaşdırılan təşəbbüslər nəticəsində əldə olunan mühüm nailiyyətlər uşaqların rifahının və layiqli həyat səviyyəsinin təmin edilməsinə mühüm töhfə verir.
- Ombudsman Aparatına daxil olan müraciətlərə əsasən uşaqların rəqəmsal mühitdə üzləşdiyi əsas risklər nələrdir və bu sahədə hansı preventiv tədbirlərin görülməsi vacibdir?
- Ombudsman Aparatına uşaqların adına saxta hesabların yaradılması, onlara məxsus şəxsi məlumatların, foto və videoların ələ keçirilərək həmin hesablar vasitəsilə sosial şəbəkələrdə paylaşılması, uşaqların şərəf və ləyaqətinin alçaldılması, eləcə də sosial şəbəkələrdə tanış olduqları şəxslər tərəfindən təhdid və təqib edilmələri ilə bağlı müraciətlər daxil olur. Həmin müraciətlər hərtərəfli araşdırılır, aidiyyəti dövlət qurumlarına sorğular göndərilir və zəruri tədbirlər görülür.
Ümumilikdə, bu sahədə mövcud risklərin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideynlərin və uşaqların rəqəmsal təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin müəyyən edilməsi, provayderlərin fəaliyyətinin hüquqi baxımdan daha səmərəli tənzimlənməsi və müvafiq sanksiyaların tətbiqi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.
Maarifləndirmə tədbirləri və hüquqi mexanizmlərin gücləndirilməsi ilə yanaşı, valideynlər, uşaqlara nəzarəti həyata keçirən digər şəxslər, eləcə də dövlət tərəfindən uşaqların internetdən və rəqəmsal texnologiyalardan təhlükəsiz istifadəsinə davamlı nəzarət təmin edilməlidir.
Qeyd etmək istərdim ki, Ombudsman təsisatı tərəfindən bu məqsədlə uşaqların və valideynlərin iştirakı ilə təlimlər təşkil olunur, müzakirələr aparılır, bütün ölkə ərazisində müxtəlif maarifləndirici tədbirlər və təşviqat işləri həyata keçirilir.
Cari ildə uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması məqsədilə Ombudsman Aparatı tərəfindən sosial maarifləndirici videoçarx hazırlanaraq müxtəlif internet resurslarında və sosial şəbəkə platformalarında geniş şəkildə yayımlanıb.Eyni zamanda, bu sahədə preventiv tədbirlərin gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib.
Sosial şəbəkə platformalarında yaş məhdudiyyətlərinin tətbiqi zəruridir
- Sizcə, rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin effektiv tətbiqi və uşaqların şəxsi məlumatlarının qorunması üçün əlavə hüquqi və texniki mexanizmlərə ehtiyac varmı?
- Ombudsmanın ünvanına daxil olan müraciətlərin və aparılmış araşdırmaların təhlili göstərir ki, rəqəmsal platformalarda müəyyən məhdudiyyətlərin tətbiqi və mövcud mexanizmlərin daha da təkmilləşdirilməsi zəruridir.
Bu baxımdan, ölkə başçısı İlham Əliyevin 2026-cı il 27 fevral tarixli “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Həmin Sərəncamın icrası məqsədi ilə aidiyyəti istiqamətlər üzrə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, eləcə də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklərin edilməsi barədə qanun layihəsi hazırlanıb. Layihədə sosial şəbəkə platformalarında yaş məhdudiyyətlərinin tətbiqi və fərdi məlumatların qorunması ilə bağlı məsələlər öz əksini tapıb.
Ümumiyyətlə, cəmiyyət inkişaf etdikcə yeni ictimai münasibətlər formalaşır və bu münasibətlərin hüquqi tənzimlənməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə, yeni normativ hüquqi aktların qəbuluna ehtiyac yaranır.
Rəqəmsal texnologiyaların sürətli inkişafı bu münasibətlərin daha dinamik şəkildə dəyişməsinə səbəb olur. Bu baxımdan, müvafiq qanunun qəbulundan və tətbiqindən sonra da yaranacaq yeni çağırışlar nəzərə alınmaqla əlavə hüquqi və texniki mexanizmlərin formalaşdırılmasına ehtiyac yarana bilər.
- Süni intellekt və yeni rəqəmsal texnologiyaların sürətli inkişafı uşaq hüquqlarının müdafiəsi baxımından hansı yeni çağırışlar yaradır? Valideynlərin bu prosesdə rolu necə olmalıdır?
- Rəqəmsal texnologiyaların geniş tətbiqi uşaqların inkişafı, bilik və məlumat əldə etməsi baxımından mühüm imkanlar yaratsa da, eyni zamanda onları müxtəlif risk və təhlükələrlə üz-üzə qoyur.Belə ki, uşaqların internetdən nəzarətsiz istifadəsi rəqəmsal asılılıq, kiberbullinq, diqqət dağınıqlığı, psixoloji travmalar, zorakılıq və digər mənfi hallara səbəb ola bilər.
Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illərdə uşaqlar arasında geniş yayılan interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Uşaqlar üçün nəzərdə tutulmuş rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin əksər hallarda formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin kifayət qədər olmaması, həmçinin şəxsi məlumatların qorunması sahəsində mövcud boşluqlar onların hüquqlarının pozulmasına zəmin yaradır.
Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması hər birimizin üzərinə mühüm məsuliyyət qoyur.Uşaqların internetdə keçirdiyi vaxta, istifadə etdikləri rəqəmsal resurslara və qarşılaşdıqları məzmunun onların yaş xüsusiyyətlərinə uyğunluğuna davamlı nəzarət edilməlidir.
Onu da qeyd etmək istərdim ki, uşaqların qayğısına qalmaq və onların sağlam inkişafını təmin etmək ilk növbədə valideynlərin məsuliyyətidir. Valideynlər övladları ilə etibarlı ünsiyyət qurmalı, onların gündəlik həyatı, məşğuliyyəti və psixoloji vəziyyəti ilə mütəmadi maraqlanmalı, rəqəmsal mühitdə davranışları barədə məlumatlı olmalıdırlar. Bu nəzarət məhdudlaşdırıcı deyil, qarşılıqlı etimada əsaslanan ünsiyyət formasında həyata keçirilməlidir.
Eyni zamanda, valideynlər rəqəmsal texnologiyalar və yeni imkanlar barədə davamlı maariflənməli, övladlarının internetdən istifadəsinə nəzarət etməlidirlər. Bununla yanaşı, uşaqların təhsil aldıqları orta ümumtəhsil müəssisələri ilə müntəzəm əlaqə saxlamalı, onların təhsili, davranışı və inkişafı barədə məlumatlı olmalıdırlar.
Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla güzəştli tariflərin tətbiqi təklif olunub
- Vaxtilə ombudsman tərəfindən aztəminatlı ailələrdən olan şagirdlərin və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadəsi ilə bağlı təşəbbüs irəli sürülmüşdü. Bu məsələnin yenidən gündəmə gətirilməsi və tətbiqi üçün hazırda hansı imkanları görürsünüz?
-Ombudsman tərəfindən xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün güzəştli tariflərin tətbiqi təklif olunub. Hesab edirəm ki, bu sahədə xarici ölkələrin müsbət təcrübəsinin ölkəmizdə tətbiqi imkanlarının qiymətləndirilməsi, müvafiq təhlillərin aparılması və təşviqat tədbirlərinin həyata keçirilməsi məqsədəuyğun olardı.
- Cəzaçəkmə müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının təmin olunması istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar Müəssisəsində cəza çəkən şəxslərin hüquqlarının müdafiəsi ombudsmanın daim diqqət mərkəzindədir. Ombudsman və təsisatın əməkdaşları tərəfindən həmin müəssisəyə mütəmadi baş çəkmələr həyata keçirilir, saxlanılan şəxslərlərin ehtiyacları öyrənilir və hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər görülür.
Bununla yanaşı, ombudsman tərəfindən məhkum uşaqlarla mütəmadi maarifləndirici görüşlər keçirilir, onlara hüquq və azadlıqlarının müdafiəsi, hüquqi biliklərinin və hüquq düşüncəsinin artırılması istiqamətində məlumat verilir.
Eyni zamanda, ombudsmanın Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlığı çərçivəsində yetkinlik yaşına çatmayan islah olunan şəxslərin cəmiyyətə reinteqrasiyasını və sosial adaptasiyasını dəstəkləmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu çərçivədə onların paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinə, istirahət və ictimai iaşə obyektlərinə mütəmadi səfərləri təşkil olunur.
Qeyd etmək istərdim ki, ombudsman tərəfindən cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsinə dair hüquqi mexanizmin hazırlanması və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təklif olunub.
Gələcək hədəfələr
- Sonda, uşaq hüquqlarının daha effektiv müdafiəsinin təmin olunması istiqamətində Ombudsman Aparatının yaxın illər üçün əsas hədəfləri və gözləntiləri barədə məlumat verməyinizi istərdik. Bu sahədə qanunvericiliyin və mövcud vəziyyətin təkmilləşdirilməsi ilə bağlı hansı təşəbbüslər və yeniliklər gündəmdədir?
- Ombudsman tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində müxtəlif istiqamətlər üzrə araşdırmaların aparılması, bu sahədə məlumatlılığın artırılması, həyata keçirilən təhlillərin nəticələrinə uyğun olaraq qanunvericiliyin və mövcud vəziyyətin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim edilməsi, habelə maarifləndirmə və təşviqat fəaliyyətinin davam etdirilməsi nəzərdə tutulur.
Uşaqlara qarşı ailədə, təhsil müəssisələrində və digər mühitlərdə kobud rəftar hallarının qarşısının alınması məqsədilə mövcud vəziyyətin davamlı təhlili, qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların həyata keçirilməsi, preventiv və maarifləndirmə tədbirlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Aparılmış araşdırmalar göstərir ki, zorakılığa məruz qalmış uşaqlarla işin daha da təkmilləşdirilməsi, zorakılıqla mübarizə mexanizmlərinin gücləndirilməsi, eləcə də uşaqların rəqəmsal platformalardan istifadəsi ilə bağlı müvafiq məhdudiyyətlərin müəyyən edilməsi onların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, alkoqollu və energetik içkilərin, həmçinin tütün məmulatlarının uşaqlar tərəfindən istifadəsinin qarşısının alınması məqsədilə qüvvədə olan qanunvericiliyin və mövcud nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Qeyd etmək istərdim ki, Ombudsman Aparatı tərəfindən uşaqların energetik içkilərdən istifadəsi ilə bağlı aparılmış araşdırmanın nəticələri və hazırlanmış təkliflər aidiyyəti dövlət qurumlarına təqdim olunub. Həmin qurumların cavab məktublarında bu məsələlərin gələcək fəaliyyətlərində nəzərə alınacağı bildirilib.
Aliment və ünsiyyət tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi uşaqların hüquqlarının tam şəkildə həyata keçirilməsində çətinliklər yaradır. Bu baxımdan, icra mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı ombudsmanın illik məruzələrində irəli sürülmüş təkliflərin həyata keçirilməsi aktual məsələlərdən biridir.
Ümumilikdə, uşaqlarla çalışan mütəxəssislərin, media nümayəndələrinin uşaq hüquqları və bu sahədə davranış qaydaları üzrə bilik və məlumatlılıq səviyyəsinin artırılması, beynəlxalq təcrübənin öyrənilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının və uşaqların bu prosesə fəal şəkildə cəlb olunması uşaq hüquqlarının səmərəli müdafiəsinə mühüm töhfə verə bilər.




