“Uşaqlıq marağım məni elmə gətirdi” – Türkiyədə doktorantura təhsili alan tələbə

19 Oktyabr, 2026 - 09:43
“Uşaqlıq marağım məni elmə gətirdi”

Bəziləri üçün bir sualın cavabını tapmaq kifayətdir, Səbinə Nəzərli isə həmin cavabın arxasındakı növbəti sualı axtarır. Uşaqlıqdan ensiklopediyalara maraq göstərən, bu gün isə Türkiyədə Yıldız Texniki Universitetində “Biznesin idarə edilməsi” üzrə doktorantura təhsilini davam etdirən Səbinə 2023-cü ildə komandası ilə TEKNOFEST-in Beynəlxalq Pilotsuz Uçuş Aparatları Yarışmasında birinci yerə layiq görülüb, 2025-ci ildə isə “YTB Başarı Bursu”nu qazanıb.

Onunla söhbətimizdə uğurlarının arxasındakı zəhmətdən, elmi mühitdən və gələcək planlarından danışdıq.

“Hər cavab yeni bir sual doğurur”

– Səbinə xanım, söhbətimizə elə əvvəldən başlayaq. Bu gün Türkiyədə doktorantura təhsili alan, elmi araşdırmalarla məşğul olan Səbinə Nəzərlinin bu yola marağı necə  yaranıb?

– Təhsil və akademik inkişaf yolumun əsas hissəsi Türkiyədə formalaşıb. Burada 11 illik təhsil keçmişim var. Əvvəlcə Yıldız Texniki Universitetində MBA, sonra İstanbul Universitetində idarəetmə üzrə magistratura təhsili almışam. Hazırda Yıldız Texniki Universitetində biznesin idarə edilməsi üzrə, strategiya və idarəetmə istiqamətində tədqiqatçı doktorantam və dissertasiya mərhələsindəyəm. Akademik nailiyyətlərimə görə təhsilim universitetim tərəfindən maliyyələşdirilir.

Məni akademik fəaliyyətə gətirən əsas səbəb uşaqlıqdan sahib olduğum araşdırma və öyrənmə marağıdır. Kiçik yaşlarımdan ensiklopediyaları vərəqləməyi, diqqətimi çəkən hadisələrin elmi izahını axtarmağı sevmişəm. Bir məlumatı öyrənməklə kifayətlənməyib, onun arxasındakı “niyə?” və “necə?” suallarına cavab tapmağa çalışmışam. Məncə, tədqiqatçı olmaq üçün, ilk növbədə, insanın xarakterində maraq hissi olmalıdır. Bu maraq elmi sahəyə yönəldikdə, səbir və davamlı araşdırma ilə birləşdikdə yaxşı bir tədqiqatçının ortaya çıxmasına səbəb ola bilər.

Gündəlik həyatda qarşılaşdığım problemləri və müxtəlif situasiyaları anlamaq üçün də adətən elmi ədəbiyyatda cavab axtarıram. Yaşadıqlarımızın elmi baxımdan necə izah olunduğunu öyrənmək mənim üçün təbii bir vərdişə çevrilib. Elmi işlə məşğul olarkən hər cavab yeni bir sual və maraq doğurur və həmin sualın dərinliyinə getməkdən zövq alıram. Bu proses nə qədər yorucu və çətin olsa da, araşdırma zamanı yaşadığım aydınlanma hissi mənim üçün ən güclü motivasiyadır.

– Türkiyədə təhsil yolunuz kifayət qədər uzun olub. Bu ölkəni seçməyinizdə əsas səbəb nələrdir?

– Türkiyəni təhsil üçün seçməyimdə ilk mərhələdə qardaşımın təsiri olub. Məndən əvvəl o, Boğaziçi Universitetində təhsil alırdı. Onun burada olması Türkiyədəki universitet mühitini daha yaxından tanımağıma imkan verdi və təhsilimi bu ölkədə davam etdirmək qərarımda rol oynadı.

Doktorantura üçün Yıldız Texniki Universitetini seçməyimdə əsas səbəb universitetin tədqiqat maraqlarıma uyğun olması və burada çalışmaq istədiyim professorların fəaliyyət göstərməsi idi. Yıldız Texniki Universiteti texniki universitet olsa da, idarəetmə, xüsusilə texnologiya və innovasiyanın idarə edilməsi sahəsində güclü akademik məktəbə malikdir.

Amma hər bir doktorant, postdoktorant və ya elmi tədqiqatçı üçün seçim edərkən universitetin reytinqindən daha vacib məqam kimlərlə çalışacağı və hansı elmi mühitdə yetişəcəyidir. Mənim seçimimdə də bu amilin böyük rolu olub. Hazırda birlikdə çalışdığım professorlar Camal Zehir, Əli Əkbər Akgün və Halit Kəskin “research.com”un biznes və idarəetmə üzrə sıralamasına Türkiyədən daxil olan cəmi 10 professordan üçüdür.


Bu professorlarla çalışmaq mənə elmi hədəflərimi daha geniş düşünməyi öyrədib. Onların tez-tez işlətdikləri bir bənzətmə var: “Çempionlar Liqasında oynamalı və ən yaxşılarla rəqabət aparmağa hazır olmalısan”. Bu yanaşma məni öz işimə beynəlxalq səviyyədən baxmağa, sahəmdəki güclü tədqiqatları daha dərindən öyrənməyə və öz araşdırmalarımı da həmin səviyyəyə çatdırmaq üçün çalışmağa həvəsləndirir.

– Elmi araşdırmalar insandan həm böyük səbir, həm də davamlı əmək tələb edir. Bu illər ərzində özünüzdə dəyişdiyini hiss etdiyiniz əsas xüsusiyyət nə olub?

– Tədqiqat aparmaq həyatıma çox şey qatıb. Gündəlik həyatda düşüncə tərzimə də təsir edib. Belə ki, həm qarşılaşdığım məlumatlara, həm də fikir və arqumentlərimə daha diqqətlə yanaşıram. “Bu fikir nəyə əsaslanır, onu dəstəkləyən hansı sübutlar var?” deyə düşünürəm. Təkcə fikrimi təsdiqləyən deyil, onun yanlış ola biləcəyini göstərən dəlilləri də axtarıram. Bu proses mənə öz fikirlərimi də sorğulamağı və lazım gəldikdə dəyişməyi öyrədib.

Doktorantura mənə çox çalışmaqla özünü tükənəcək qədər yükləmək arasındakı sərhədi qorumağı öyrədib. Tədqiqat bəzən gecə-gündüz çalışmağı, uzun müddət eyni sualın arxasınca getməyi tələb edir. Üstəlik, akademiyada araşdırma prosesi demək olar ki, heç vaxt tam bitmir. Bir sualın cavabı çox vaxt yeni suallar yaradır və insan daim daha dərindən öyrənməyə, oxumağa, araşdırmağa davam edir.

Yaxşı tədqiqatçı olmaq uzun illər eyni maraq və həvəslə davamlı çalışa bilməkdir. Öyrəndiyim digər vacib dərs isə yaxşı elmi işin zamana ehtiyacı olmasıdır. Akademiyada ciddi nəticələr və nailiyyətlər bir neçə ayda yaranmır, bəzən bir tədqiqatın yetişməsi illər tələb edir. Bu proses mənə tələsməməyi, səbirli olmağı və akademiyada kəmiyyətdən çox keyfiyyətə önəm verməyi öyrədib. Mənim üçün işlərin sayı deyil, gördüyüm tədqiqatın keyfiyyətli və elmi baxımdan faydalı olması daha önəmlidir.

– Akademik fəaliyyətinizlə yanaşı, texnologiya və innovasiya sahəsində də uğurlarınız var. 2023-cü ildə komandanızla TEKNOFEST-də birinci yerə layiq görülmüsünüz. Bu təcrübə necə başladı və sizin komanda daxilində rolunuz nədən ibarət idi?

–  Bu nailiyyətlərin hər biri mənim üçün fərqli bir təcrübəni və əməyin nəticəsini ifadə edir. 2023-cü ildə Yıldız Texniki Universitetini təmsil edən komandamızla TEKNOFEST-də ən önəmli yarışlardan biri olan Beynəlxalq Pilotsuz Uçuş Aparatları Yarışmasında birinci yeri qazandıq. Komandamızın yarısından çoxu YTU-da müxtəlif təhsil pillələrində təhsil alan azərbaycanlı tələbələr idi.
Mən komandada layihə meneceri kimi komanda lideri ilə birlikdə komanda üzvlərinin seçilməsi, layihənin planlaşdırılması və proses zamanı yaranan problemlərin həllinin koordinasiyası ilə məşğul olurdum.

Çox vaxt kənardan yalnız hazır məhsul və qazanılan mükafat görünür. Halbuki bunun arxasında texniki problemlərin həlli, sınaqlar və təkmilləşdirmələrlə keçən böyük bir əmək dayanır. Bu uğurun arxasında güclü komanda işi dayanırdı. Məncə, komandanın gücü yalnız üzvlərinin fərdi bacarıqlarından deyil, birlikdə necə işləyə bilmələrindən yaranır. Burada liderin komandanı düzgün istiqamətləndirməsi və əməkdaşlığı təmin etməsi də mühüm rol oynayır.

– TEKNOFEST-də komanda ilə qazandığınız uğurdan başqa, şəxsi layihənizlə də beynəlxalq səviyyədə fərqlənmisiniz…

– 2024-cü ildə şəxsi layihəmlə qazandığım beynəlxalq uğur da mənim üçün xüsusi əhəmiyyət daşıyır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün hazırladığım layihə ilə Beynəlxalq Gənclər Assambleyası çərçivəsində təşkil olunan müsabiqəyə qatıldım. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə layihənin təqdim olunduğu bu müsabiqədə təxminən səkkiz ay davam edən çoxmərhələli qiymətləndirmə və seçim prosesini keçərək finala yüksələn altı finalistdən biri oldum. Bu çərçivədə Nyu-Yorkda BMT-nin Baş Qərargahında keçirilən tədbirdə iştirak etdim və layihəmin təqdimatını etdim.

Layihəm müxtəlif müasir alqoritmləri birləşdirərək müharibə və təbii fəlakət bölgələrində fəaliyyət göstərə bilən pilotsuz uçuş aparatının hazırlanmasına yönəlmişdi. Məqsəd qaçqınlara, fəlakətdən zərər çəkənlərə və çatılması çətin ərazilərdə yaşayan insanlara humanitar yardımı daha tez və səmərəli çatdırmaq idi. Mənim üçün bu layihənin əsas dəyəri texnologiyanın insan həyatını xilas etməyə və çətin vəziyyətdə olan insanlara dəstək göstərməyə xidmət etməsi idi.

– 2025-ci ildə “YTB Başarı Bursu”na layiq görülmüsünüz. Universitetinizin də akademik fəaliyyətinizi maliyyələşdirdiyini nəzərə alsaq, bu dəstəklər sizin üçün nə ifadə edir?

–  “YTB Başarı Bursu”na yüksək akademik göstəricilərim və digər akademik nailiyyətlərim əsasında layiq görülmüşəm. Bununla yanaşı, universitetim tərəfindən də ayrıca xüsusi təqaüdlə dəstəklənirəm. Universitetimin beynəlxalq səviyyədə əldə etdiyim uğurları və akademik göstəricilərimi qiymətləndirərək mənə bu dəstəyi göstərməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır.

– Doktorantura tədqiqatınızın istiqaməti texnologiya və idarəetmə ilə bağlıdır. Araşdırdığınız mövzunu daha sadə dillə izah etsəniz, əsasən hansı suala cavab axtarırsınız?

– Akademik fəaliyyətimdə əsas məqsədim elmi nəzəriyyələrlə sənaye və biznes praktikası arasındakı sıx əlaqəni və onların bir-birini necə tamamladığını ortaya qoymaqdır. Hazırda idarəetmə sahəsindəki tədqiqat istiqamətim texnologiyanın idarə edilməsidir. Xüsusilə bu istiqamətdə fəaliyyət göstərən komandalar daxilindəki münasibətlərin ortaq uğura necə çevrildiyini araşdırıram. Çünki uğur təkcə fərdi bilik və bacarıqlardan deyil, insanların birlikdə necə işləməsindən də asılıdır.

Tədqiqatımda ayrı-ayrı fərdlərin emosional zəkasından daha çox, onların birlikdə işləməsi və qarşılıqlı əlaqəsi nəticəsində ortaya çıxan komanda səviyyəsindəki kollektiv emosional qabiliyyəti, anlayışını araşdırıram. Bunu komandanın ümumi emosional zəkası kimi də izah etmək olar. Burada söhbət fərdi emosional zəka səviyyələrinin sadəcə cəmindən deyil, birgə fəaliyyət nəticəsində komanda səviyyəsində emosiyaları anlamaq və idarə etmək, empatiya qurmaq, fikir ayrılıqlarını uzlaşdırmaq və emosiyaların sərbəst ifadəsinə şərait yaratmaq qabiliyyətindən gedir.

– Türkiyədə təhsil almağın sizin üçün ən böyük üstünlüyü nə olub? Xaricdə təhsil almaq istəyən gənclər seçim edərkən nələrə diqqət yetirməlidirlər?

– Türkiyədə təhsil almağın mənim üçün ən dəyərli tərəfi maraqlandığım sahədə güclü alimlərlə çalışmaq, elmi müzakirələrdə iştirak etmək və şirkətlərin qarşılaşdıqları problemlərin həlli üçün universitetlərin elmi bilik və məsləhətlərindən necə faydalandığını yaxından görmək olub. Bununla belə, təhsil mühiti universitetə, ixtisasa və çalışdığınız akademik heyətə görə dəyişir. Ona görə öz təcrübəmi bütün universitetlərə aid etmək istəməzdim.

Doktorantura, əslində, qəbul olduğunuz gündən deyil, ondan əvvəl apardığınız araşdırmadan başlayır. Seçimləri yalnız universitetin reytinqinə və ya təqaüd imkanlarına görə etməmək lazımdır. İlk növbədə kimlərlə çalışacağını araşdırmalısan. Professorların elmi işlərini oxuyaraq tədqiqat istiqamətlərinin öz maraqları ilə uyğunluğunu müəyyənləşdirmək lazımdır. Yalnız nə qədər məqalə yazdıqlarına deyil, bu məqalələrin harada dərc olunduğuna da baxılmalıdır.

Keyfiyyətli tədqiqatın təməlində, ilk növbədə, elmi etika dayanır. Türkiyədə və universitetimdə qazandığım ən vacib dəyərlərdən biri elmi etikaya olan həssaslığımdır. Çalışdığım mühitdə elmi etika araşdırmanın hər mərhələsində qorunmalı bir məsuliyyət kimi aşılanır. Məsələn, insanlardan sorğu və ya müsahibə yolu ilə məlumat topladığımız tədqiqatlarda əvvəlcə etik komitənin icazəsini alırıq. Yalnız təsdiq aldıqdan sonra sorğunu iştirakçılarla paylaşmağa və məlumat toplamağa başlaya bilirik.

Olduğum elmi mühitdə sual vermək, fikrini əsaslandırmaq və müstəqil araşdırmaq da önəmlidir. Buna görə gənclərə indidən elmi ədəbiyyatı tənqidi oxumağı, düzgün tədqiqat sualı qoymağı, metodları və məlumatların təhlilini öyrənməyi tövsiyə edərdim. Layihələrə qoşulmaq, müəllimlərlə elmi ünsiyyət qurmaq və təşəbbüs göstərmək bu bacarıqların inkişafına kömək edir. Əsas məqsəd yalnız PhD dərəcəsi almaq yox, keyfiyyətli, etibarlı və elmə töhfə verən tədqiqatlar apara biləcək bir tədqiqatçı kimi yetişmək olmalıdır.

Türkiyədə öz sahəsinə uyğun elmi mühiti tapıb bu məqsədlə çalışan gənclər üçün dəyərli imkanların olduğunu düşünürəm. Belə ki, Türkiyəni beynəlxalq elmi mühitə çıxış imkanları olan bir ölkə kimi görürəm. Eyni zamanda, strateji mövqeyi, böyük iqtisadiyyatı, geniş sənaye və biznes mühiti tədqiqat üçün də əlverişli imkanlar yaradır. Öz tədqiqatlarım üçün beynəlxalq elmi ədəbiyyatı nəzərdən keçirərkən Türkiyədə aparılmış önəmli araşdırmalarla tez-tez qarşılaşıram. Bu, yalnız mənim sahəmlə məhdudlaşmır, tibb, mühəndislik, dəqiq elmlər, təhsil də daxil olmaqla müxtəlif sahələrdə bunu görmək mümkündür.  Ölkənin yüksək əhali sayı da fərqli mövzularda genişmiqyaslı tədqiqatlar aparmaq üçün imkan yaradır.

– Gələcəkdə özünüzü daha çox akademik tədqiqatçı kimi görürsünüz, yoxsa elmi biliklərin biznes və sənayedə tətbiqinə də yer vermək istəyirsiniz?

– Tez-tez “Nəzəriyyə daha vacibdir, yoxsa praktika?” müzakirəsi ilə qarşılaşıram. Bunun cavabı sahəyə görə dəyişə bilər, amma mən bu ikisini sərt sərhədlərlə ayırmağı doğru hesab etmirəm və tək cavabın olduğunu düşünmürəm. Xüsusilə bizim sahəmizdə nəzəriyyə və praktika bir-birini qarşılıqlı şəkildə qidalandırır. Praktikada qarşılaşdığımız problemləri elmi-tədqiqata çevirir, onların səbəblərini və həll yollarını araşdırırıq. Bu araşdırmalar nəticəsində ortaya çıxan yeni biliklər, modellər və yanaşmalar isə praktikada tətbiq olunaraq problemlərin həllinə və yeni iş üsullarının yaranmasına kömək edir. Mən akademik fəaliyyətimi məhz bu qarşılıqlı əlaqə üzərində qurmaq istəyirəm. Gələcəkdə şirkətlərlə birgə tədqiqat layihələrində iştirak etmək və araşdırmalar aparmaq niyyətindəyəm.

Karyeramı elmi tədqiqatçı kimi qurmağı, öz sahəmdə beynəlxalq səviyyədə tanınan tədqiqatçılardan biri olmağı və akademik fəaliyyətimlə ölkəmi layiqincə təmsil etməyi planlaşdırıram.

Bir məqamı da vurğulamaq istərdim. Bəzən cəmiyyətimizdə akademik fəaliyyətlə bağlı təsəvvürlərdə bu anlayış daha çox dərs deməklə əlaqələndirilir və bununla məhdudlaşdırılır. Akademik fəaliyyətin tədqiqat və elmi araşdırmalar aparmaq tərəfinin də daha çox görünməsini və dəyərləndirilməsini arzulayıram. Akademiyada çalışmaq eyni zamanda tədqiqat aparmaq, cavabı hələ məlum olmayan suallar üzərində düşünmək və cəmiyyətə, iqtisadiyyata fayda verən yeni elmi nəticələr ortaya qoymaq deməkdir.

Bu proses aylarla, bəzən illərlə araşdırmağı, məlumat toplamağı, təhlil aparmağı və əldə edilən nəticələri dəfələrlə yoxlamağı tələb edir. Dərs zamanı paylaşılan məlumatların arxasında böyük bir elmi araşdırma dayanır və həmin biliklərin auditoriyada ötürülməsi bu uzun prosesin yalnız kiçik bir hissəsidir. Buna görə də akademik fəaliyyəti dəyərləndirərkən onun tədqiqat və elmi yeniliklər ortaya qoymaq tərəfinin də görünməsini daha vacib hesab edirəm. Bu baxımdan, əsasən tədrislə məşğul olanların da elmi araşdırmalarda fəal iştirakını arzulayıram.