Rəqəmsal dövrdə Azərbaycan dilini necə qoruyaq? – Dilçi alimlə MÜSAHİBƏ
Azərbaycan dili milli kimliyimizin, mədəni irsimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir. Lakin süni intellektin mətn yazdığı, sosial şəbəkələrin gündəlik ünsiyyətə yön verdiyi, yeni söz və ifadələrin sürətlə yayıldığı müasir dövrdə dillər də yeni sınaqlarla üzləşir. Belə bir vaxtda Azərbaycan dilinin zənginliyinin qorunması, dövlət dilinin nüfuzunun artırılması və gənc nəsildə düzgün nitq mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü də ana dilimizin keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, onun müasir dövrün çağırışları fonunda necə qorunacağı və inkişaf etdiriləcəyi barədə düşünmək üçün bir fürsət yaradır. Bu səbəbdən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova ilə həmsöhbət olduq.
– Son illər süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sizcə, bu texnologiyalar Azərbaycan dilinin inkişafına hansı imkanları qazandırır və eyni zamanda hansı riskləri yaradır?
– Bu gün cəmiyyətin bütün sahələrində süni intellektin təsiri diqqəti daha çox cəlb edir. Süni intellekt texnologiyalarından istifadə dilin inkişafına öz müsbət təsirini göstərir. İlk növbədə, Azərbaycan dilində məlumatın hazırlanmasını, tərcüməsini, redaktəsini və geniş auditoriyaya çatdırılmasını asanlaşdırır. Bu həm də müxtəlif mövzularda mətnlərin yaradılmasını, dil öyrənənlərə kömək göstərilməsini, elektron lüğətlərin, tərcümə proqramlarının, nitqin tanınması və səsləndirilməsi sistemlərinin hazırlanmasını və dilimizin rəqəmsal imkanlarını da genişləndirir. Lakin süni intellektin əsas işləmə və düşünmə dili başqa dillər olduğundan bəzən Azərbaycan dilinin qrammatik quruluşuna uyğun olmayan cümlələrin yaradılması, dildəki kök və şəkilçilər əsasında uydurma sözlər yaratması, sözlərin üslub və məna baxımından düzgün seçilməməsi, başqa dillərin sintaktik strukturunun Azərbaycan dilinə tətbiq olunması halları izlənilir. Çünki süni intellekt nə qədər inkişaf etsə də, dil daşıyıcısının mədəni yaddaşını, milli düşüncə tərzini, sözlərin emosional çalarlarını hər zaman tam əhatəli şəkildə ifadə edə bilmir. Süni intellekt insanların dil haqqında məlumatlarının daha asan və tez əldə etməsinə, verilənlərdən istifadə edərək daha səmərəli işləməsinə şərait yaradır. Bu həm də dilin inkişafı üçün yeni imkanlar açır. Buna görə süni intellekt sistemlərinin effektiv işləməsi üçün məlumatların düzgün və standartlaşdırılmış formata çevrilməsi vacibdir. Dilimizin zənginliyinin və saflığının gələcək nəsillərə çatdırılması üçün ana dilinə həssas yanaşılaraq düzgün və ədəbi normalara uyğun şəkildə işlədilməlidir.
– Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, dövlət dilindən düzgün istifadə və onun rəqəmsal məkanda mövqeyinin gücləndirilməsinin vacibliyini hər zaman xüsusi vurğulayıb. Bu çağırışlar fonunda Azərbaycan dilinin inkişafı üçün hansı istiqamətlər prioritet hesab edilməlidir?
– Prezident İlham Əliyevin ana dilimizin qorunması, inkişaf etdirilməsi və saflığının saxlanılması, dövlət dilindən düzgün istifadə və onun rəqəmsal mövqeyinin gücləndirilməsi ilə bağlı fikirləri strateji əhəmiyyət daşımaqla yanaşı, qurumlar qarşısında mühüm vəzifələr də gündəmə gətirir. Bu çağırışlar fonunda Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun inkişafı üçün terminologiya və kompüter dilçiliyi sahəsinə xüsusi fikir verilməlidir. Həmçinin Azərbaycan dilinin tətbiqi məsələlərinə, xüsusən elmdə, təhsildə, informasiya məkanında ədəbi dilin qorunması olduqca önəmlidir. Qloballaşma dövründə dünyada baş verən ictimai-siyasi proseslər, elmi-texniki tərəqqi ilə bağlı Azərbaycan dilinə daxil olan həddən artıq alınmalar dilin inkişafına təsir edir. Qloballaşma şəraitində Azərbaycan dilinin xarici təsirlərdən qorunması üçün dilimizin zəngin söz ehtiyatından, yeni anlayışların ifadəsində, ilk növbədə, dilimizin daxili imkanlarından istifadə edilməklə, leksik və üslubi zənginliyi qorunmalıdır. Alınmaların dilin daxili imkanları hesabına qarşılıqları yaradılmalı və istifadəyə verilməlidir. Ədəbi dilin qorunması media ilə bağlı qurumların, eləcə də telekanalların da öhdəsinə yeni vəzifələr qoyur.
“Təhsil sahəsində dilin tədrisi müasir metodlarla zənginləşdirilməlidir”
– Bəs bütün bu çağırışlar fonunda Azərbaycan dilinin qorunması və inkişafı üçün hansı konkret addımlar atılmalıdır?
– Burada ilk istiqamət Azərbaycan dilinin rəqəmsal bazasının genişləndirilməsidir. Dilin böyük həcmli elektron korpusunun yaradılması, müxtəlif dövrlərə, üslublara və sahələrə aid mətnlərin bu korpusda toplanması süni intellekt əsaslı platformaların Azərbaycan dilini daha düzgün şəkildə istifadəsinə imkan yaradacaq.
Həmçinin təhsil sahəsində dilin tədrisi müasir metodlarla zənginləşdirilməlidir. Şagirdlərə yalnız qrammatik qaydaları öyrətmək kifayət deyil. Onlarda düzgün danışmaq, məntiqi və ardıcıl yazmaq, mətn yaratmaq, oxuduğunu təhlil etmək və fikrini əsaslandırmaq bacarığı formalaşdırılmalıdır. Rəqəmsal savadlılıqla dil savadlılığı paralel inkişaf etdirilməlidir.
Azərbaycan dilində fəaliyyət göstərən süni intellekt modellərinin, avtomatik tərcümə, nitqin tanınması, mətn redaktəsi və səsli köməkçi sistemlərin yaradılmasına dövlət, elm və özəl sektor səviyyəsində dəstək verilməlidir. Bu prosesə dilçilər, proqramçılar, terminoloqlar, tərcüməçilər və təhsil mütəxəssisləri birlikdə cəlb olunmalıdırlar. Ən başlıcası, dövlət dilindən düzgün istifadə yalnız rəsmi tələb kimi deyil, milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir.
Süni intellekt və digər rəqəmsal texnologiyalar dövründə qarşımızda duran əsas vəzifə dilimizi dəyişikliklərdən təcrid etmək deyil. Vəzifəmiz dili zamanın tələblərinə uyğun inkişaf etdirməklə yanaşı, milli xüsusiyyətlərini və normativ əsaslarını qorumaqdır.
“Tələbə süni intellektin yaratdığı mətni bütövlükdə öz işi kimi təqdim edirsə, burada ciddi problemlər yaranır”
– Bu gün məktəblilər və tələbələr referat, esse, hətta kurs işlərini süni intellekt vasitəsilə hazırlayırlar. Sizcə, bu proses gənclərin yazılı nitqinin inkişafına necə təsir göstərəcək?
– Süni intellektdən təhsil prosesində düzgün istifadə edildikdə o, şagird və tələbələr üçün faydalı köməkçi vasitəyə çevrilir. Süni intellekt vasitəsilə mövzu haqqında ilkin məlumat toplamaq, plan hazırlamaq, mətnin strukturunu müəyyənləşdirəmək, fikirlərini sistemləşdirmək və yazdıqları mətndəki bəzi dil qüsurlarını aşkar etmək mümkündür. Bu texnologiya zəif yazı bacarığı olan şagirdlərə nümunələr təqdim etməklə yanaşı, söz ehtiyatının genişlənməsinə və fərqli ifadə vasitələrinin öyrənilməsinə kömək göstərə bilər. Lakin şagird və ya tələbə süni intellektin yaratdığı mətni bütövlükdə öz işi kimi təqdim edirsə, burada ciddi problemlər yaranır. Hazır mətnə alışan gənc müstəqil düşünmək, mövzu üzərində araşdırma aparmaq, fikirlərini ardıcıl şəkildə ifadə etmək və nəticə çıxarmaq bacarığını tədricən itirə bilər. Yazılı nitq yalnız düzgün cümlə qurmaq deyil, həm də təfəkkür tərzini, düşüncəni formalaşdırmaq prosesidir. İnsan yazarkən müqayisə edir, seçir, ümumiləşdirir və öz mövqeyini müəyyənləşdirir. Bu işi tamamilə texnologiyaya həvalə etdikdə düşüncə ilə dil arasındakı təbii əlaqə zəifləyir. Digər mənfi nəticə gənclərin dilində standart və bir-birinə bənzər ifadələrin artması ola bilər. Süni intellektin yaratdığı mətnlər çox vaxt ümumi, şablon xarakteri daşıyır və artıq fərdi üslub anlayışı aradan qalxır. Belə mətnlərdən davamlı istifadə edən şagird və ya tələbənin özünəməxsus yazı tərzinin, ifadə qabiliyyətinin formalaşmasına mane olur. Bundan əlavə, süni intellektin təqdim etdiyi materiallarda yanlış faktlara, uğursuz tərcümələrə rast gəlinir ki, bu da tapşırığın doğru yerinə yetirilməməsinə səbəb olur. Buna görə təhsil sistemində süni intellektdən istifadəni məhdudlaşdırmaq yox, əksinə, ondan düzgün istifadə edilməsi yolları təmin edilməlidir. Yəni süni intellekt insan intellektinin istifadəsində köməkçi vasitə kimi təqdim edilməli və şagirdlərə, tələbələrə ondan düzgün istifadə öyrədilməlidir.
“Evdə düzgün danışıq mühitinin yaradılması gələcək nitq mədəniyyətinin əsasını təşkil edir”
– Bəs müəllimlər, valideynlər və gənclər süni intellekt dövründə ana dilinin qorunması və düzgün istifadəsi üçün nələrə diqqət yetirməlidirlər?
– Müəllim yalnız hazır nəticəni deyil, işin hazırlanma prosesini də qiymətləndirməli, şagirddən istifadə etdiyi mənbələri göstərmək, süni intellektin yaratdığı mətni təhlil etmək, səhvləri müəyyənləşdirmək, mətni öz sözləri ilə yenidən işləmək və şifahi şəkildə ifadə etməyi də tələb etməlidir.
Süni intellekt gəncin əvəzinə düşünən müəllif deyil, onun düşünməsinə yardım edən vasitə olmalıdır. Əks halda texnologiyanın yaratdığı rahatlıq yazılı nitqin, müstəqil təfəkkürün və yaradıcılığın zəifləməsinə gətirib çıxara bilər. Müəllimlər uşaqlarda mütaliəyə maraq yaratmalı, onlara fikirlərini sərbəst, məntiqli və ədəbi dil normalarına uyğun ifadə etməyi öyrətməlidirlər.
Valideynlər də uşağın dil inkişafında mühüm rol oynayırlar. Uşaq ilk dil vərdişlərini ailədə qazanır. Evdə düzgün danışıq mühitinin yaradılması, uşaqların kitab oxuması, onların söz ehtiyatının zənginləşdirilməsi və qarışıq ifadələrdən uzaq tutulması gələcək nitq mədəniyyətinin əsasını təşkil edir. Gənclər isə Azərbaycan dilinin gələcək daşıyıcılarıdır. Sözləri bilərəkdən təhrif etmək, Azərbaycan əlifbasının hərflərini başqa işarələrlə əvəz etmək, fikri həddindən artıq qısaltmalarla ifadə etmək və xarici sözləri ehtiyac olmadan işlətmək tədricən dil vərdişlərinə təsir göstərir. Rəqəmsal mühitdə istifadə etdiyimiz dil bizim ümumi dil mədəniyyətimizin bir hissəsidir. Azərbaycan dilində keyfiyyətli elmi, bədii, publisistik və rəqəmsal məzmun yaratmaq da dilin qorunmasının ən təsirli yollarından biridir.
“Azərbaycan dilinin tədris saatları artırılmalıdır”
– 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə cəmiyyətə, xüsusilə müəllimlərə, valideynlərə və gənclərə hansı mesajı vermək istərdiniz?
– Ümummmili Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi müstəqillik illərində dövlətimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir. Azərbaycan dili xalqımızın qədim tarixini, mənşəyini, milli-mənəvi dəyərlərini yaşadan ən zəngin sərvətimizdir. Bu dil əsrlər ərzində formalaşaraq inkişaf etmiş, tariximizi, mədəniyyətimizi qoruyub saxlamış və müstəqil dövlətimizin əsas rəmzlərindən birinə çevrilib. Müstəqillik dövründə Azərbaycan dilinin dövlət dili kimi mövqeyi möhkəmləndirilir, bu sahədə qəbul edilən qanunlar, dövlət proqramları və hüquqi sənədlər dövlət dilinin inkişafı, onun tətbiq sahələrinin genişlənməsi, ədəbi dil normalarının qorunması və terminoloji bazanın zənginləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Ona görə də Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Bu gün Azərbaycan dilinin təhsildə, elm sahələrində, mediada tətbiqi daha da möhkəmləndirilməlidir. Ali məktəblərdə fəaliyyət göstərən qeyri-ixtisas fakültələrində Azərbaycan dilinin, nitq mədəniyyətinin tədrisinə xüsusi diqqət verilməlidir. Bu prosesin səmərəli olması üçün Azərbaycan dilinin tədrisinə verilən saatların miqdarı artırılmalıdır.




