Kolleclərdə təhsil ixtisasları üzrə məzunların 30 faizi işlə təmin olunur

20 Noyabr, 2026 - 15:58
Kolleclərdə təhsil ixtisasları üzrə məzunların 30 faizi işlə təmin olunur

“Orta ixtisas təhsili müəssisələrinin məzunları arasında ən aşağı məşğulluq göstəricisi təhsil ixtisasları qrupunda qeydə alınıb. Bu istiqamətdə məzunların məşğulluq səviyyəsi 29,78 faiz təşkil edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva bildirib.

Onun sözlərinə görə, ən yüksək məşğulluq göstəricisi səhiyyə, rifah və xidmət ixtisasları qrupundadır:

“Bu istiqamətdə məzunların məşğulluq səviyyəsi 51,17 faizdir. İqtisadiyyat və idarəetmə ixtisasları üzrə göstərici 36,60 faiz, mədəniyyət və incəsənət üzrə 35,68 faiz təşkil edir. Kənd təsərrüfatı ixtisaslarında məşğulluq səviyyəsi 31,20 faiz, humanitar və sosial ixtisaslarda 30,40 faizdir. Ən aşağı göstərici isə 29,78 faizlə təhsil ixtisasları qrupunda qeydə alınıb. Bu nəticələr kolleclərdə təhsil ixtisasları üzrə qəbul planlarının niyə azaldılması ilə bağlı suallara da aydınlıq gətirir”.

S.Babayeva qeyd edib ki, məzunların məşğulluq göstəriciləri növbəti illər üzrə tələbə qəbulunun planlaşdırılmasında əsas meyarlardan biridir.

O bildirib ki, kolleclər məzunların işə düzəlmə vəziyyətini izləməli, əldə olunan məlumatları təhlil etməli və qəbul planlarını hazırlayarkən bu nəticələri nəzərə almalıdırlar.