Təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin sayı artırılacaq 

11 İyun, 2026 - 16:16
Təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin sayı artırılacaq 

"Yeni təmayül tədris modelinə pilot olaraq 2 ildir ki, 5 məktəbdə başlamışıq. Onlarla işə sertifikasiya nəticəsi yüksək, öyrətmə bacarığı və səriştəsi yüksək olan müəllimlər cəlb olundular. Oranın tədris planı da kifayət qədər zəngindir. Burada şagirdlər abituriyent hazırlığı proqramı üzrə hazırlaşmağa başladılar". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Real TV-nin "Orta gün" verilişində söyləyib.

V.Yaqublu bildirib ki, həmin layihə çərçivəsində şagirdlər repetitor hazırlığında olduğu kimi öyrəniblər: "Nəticədə, şagirdlər məktəbdən yayınma marağını itirdilər. Məktəbdə abituriyent kimi hazırlaşmağa başladılar. Valideynlərin də mənafeyinə xidmət edir, çünki əlavə hazırlıq və kurslara pul xərcləmirlər".

Direktor müavini qeyd edib ki, 5 məktəbdə başlayan layihə artıq 14 məktəbi əhatə edir: "Həmin 5 məktəbin şagirdlərinin buraxılış imtahanı nəticəsi təhlil olunub və təhlillər göstərir ki, həmin şəhər üzrə ortalama baldan yüksək bal toplayıblar və dərsdən yayınma halları qeydə alınmayıb". 

O bildirib ki, sentyabr ayından etibarən layihənin əhatə dairəsi genişləndiriləcək və hər regionda belə məktəblər olacaq: "Bu məktəblərə qəbul olmaq üçün şagirdlər yerdəyişmə edir və seçdikləri təmayül üzrə təhsil alırlar".