İstedadlı uşaqların bir arada olması daha faydalı olar – Fuad Qarayev
“Mən düşünürəm ki, istedadlı uşaqlar bir mühitdə olanda onların öz aralarındakı rəqabət, eyni zamanda bir-birindən öyrənmək və bir-birində olan gözəl xüsusiyyətləri götürmək qabiliyyəti onların daha da inkişaf etməsinə səbəb olur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-nin “Təhsil saatı” verilişində deyib.
F.Qarayev qeyd edib ki, bu uşaqlar ayrı-ayrılıqda digər məktəblərdə olanda onlarla birlikdə rəqabət aparacaq şagirdlərin sayı ya az olduğu, ya da ümumiyyətlə, olmadığı, orada hər zaman birinci olduqları üçün əlavə nəsə öyrənmək ehtiyacı hiss etmirlər.
“Ona görə də bu uşaqların bir arada olması daha faydalı ola bilər, buna inanıram. Dünyanın ən nüfuzlu ali məktəbləri - Stanford, MIT, Harvard kimi universitetlər də qəbul etdikləri uşaqlarda müəyyən bilik və bacarıqlar axtarırlar. Bu, istər sosial fəaliyyətlər, istərsə də digər bacarıqlar üzrə olur”.
F.Qarayev əlavə edib ki, bəlkə də elə bu seçim həmin universitetlərin güclü olmasının səbəbidir.


