“IT SkillSprint” beynəlxalq təhsil proqramına start verilib
Fevralın 16-da ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan beynəlxalq səviyyəli intensiv “IT SkillSprint” təhsil proqramının açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə icra olunur.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov rəqəmsallaşmada əsas amilin insan kapitalı olduğunu vurğulayıb. O qeyd edib ki, proqram ali təhsil ilə əmək bazarı arasında qurulan əməkdaşlığın praktik modelidir və strateji inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. F. Osmanov agentliyin həyata keçirdiyi layihələr çərçivəsində minlərlə tələbənin təlimlərə cəlb olunduğunu, xüsusilə kibertəhlükəsizlik istiqamətində işə qəbul göstəricilərinin yüksək olduğunu bildirib. O, proqramın iştirakçılara həm yerli, həm də beynəlxalq əmək bazarlarında karyera imkanları yaradacağını diqqətə çatdırıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxışında ali təhsildə praktik komponentin gücləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, IT sahəsinin sürətli inkişaf tempi universitet proqramlarının çevikliyinə əlavə tələblər yaradır və bu kimi təşəbbüslər tələbələrin real bazar tələblərinə uyğun bacarıqlar əldə etməsində mühüm rol oynayır. Direktor layihənin hazırlanmasının çoxşaxəli koordinasiya və prosedurlar tələb etdiyini, proqramın həyata keçirilməsi üçün dövlət tərəfindən ciddi resursların ayrıldığını vurğulayıb.
“Ironhack” şirkətinin direktoru Gonzalo Manrike Sabatel proqramın məqsədinin yüksək potensiallı tələbələri qısa müddətdə intensiv və praktiki təlimlər vasitəsilə əmək bazarına hazırlamaq olduğunu bildirib. O qeyd edib ki, proqrama 1 100-dən çox müraciət daxil olub və seçim mərhələsindən 123 nəfər uğurla keçib.
Qeyd edək ki, proqram “DevOps və Cloud Computing”, “Data və AI”, “Cybersecurity” və “Web Development” istiqamətlərini əhatə edir. Təhsil proqramı 2026-cı ilin fevral–iyul aylarında olmaqla ümumilikdə 6 ay davam edəcək.



