IV ixtisas qrupunu seçənlərin cəmi 22 faizi oğlandır

19 İyun, 2026 - 16:19
IV ixtisas qrupunu seçənlərin cəmi 22 faizi oğlandır

IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin cəmi 22,71 faizini oğlanlar, 77,29 faizini isə qızlar təşkil edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci buraxılışında qeyd olunub

Məlumata görə, oğlanların ən çox üstünlük təşkil etdiyi sahə I ixtisas qrupu olub. Bu qrup üzrə sənəd verənlərin 62,48 faizi oğlan, 37,52 faizi isə qızdır.

II ixtisas qrupunda da oğlanlar çoxluq təşkil edir. Belə ki, bu qrup üzrə müraciət edənlərin 57,51 faizi oğlan, 42,49 faizi qız olub.

Əks mənzərə isə humanitar və səhiyyə istiqamətlərini əhatə edən III və IV ixtisas qruplarında müşahidə edilir. III qrup üzrə sənəd verənlərin 74,18 faizini qızlar, 25,82 faizini oğlanlar təşkil edib.

Ən böyük fərq isə IV ixtisas qrupunda qeydə alınıb. Statistikaya əsasən, bu qrupa müraciət edənlərin 77,29 faizi qızlar, yalnız 22,71 faizi oğlanlar olub.