İxtisas seçimində risk: Abituriyentlər niyə yalnız Bakını seçirlər?

12 Avqust, 2026 - 09:18
İxtisas seçimində risk: Abituriyentlər niyə yalnız Bakını seçirlər?

Abituriyentlər ixtisas seçimi zamanı hər zaman topladıqları bala uyğun seçim etmirlər. Bəzən daha aşağı bal toplayan abituriyentlər belə keçid balı yüksək olan universitet və ixtisaslara üstünlük verir, özlərini regionlardakı deyil, yalnız Bakıdakı ali məktəblərin gələcək tələbəsi kimi görürlər.
Təbii ki, belə yanaşma onların real qəbul imkanlarını düzgün qiymətləndirməməsinə və ixtisas seçimi zamanı daha yüksək riskə getməsinə səbəb olur.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil mütəxəssisi Vaqif Fətullayevin fikrincə, abituriyent həqiqətən həmin ixtisasda təhsil almaq istəyirsə, onu daha yuxarı sıralarda yaza bilər. Problem o zaman yaranır ki, seçim siyahısının böyük hissəsi abituriyentin nəticəsindən xeyli yüksək keçid balı olan ixtisaslardan ibarət olur və real qəbul ehtimalı olan alternativlər nəzərə alınmır. Bu halda abituriyent topladığı bala uyğun universitetə qəbul olmaq imkanını da itirə bilər:

“Məncə, seçim siyahısı balanslı hazırlanmalıdır. Abituriyent həm arzuladığı və keçid balı öz nəticəsindən bir qədər yüksək olan ixtisasları, həm nəticəsinə yaxın real seçimləri, həm də daha təhlükəsiz alternativləri siyahıya daxil etməlidir. Burada əsas məqsəd sadəcə bütün yüksək ballı ixtisasları yazmaq deyil, qəbul ehtimalını düzgün idarə etməkdir”.
Mütəxəssis qeyd edib ki, abituriyent və valideynlərin region universitetlərinə qəbul şansı olduğu halda yalnız Bakıdakı universitetlərə üstünlük verməsinin bir neçə səbəbi var:

“İlk növbədə, Bakıda təhsil almağın daha prestijli olduğu barədə formalaşmış stereotip hələ də güclüdür. Bundan başqa, valideynlər Bakıda əmək bazarının, təcrübə və iş imkanlarının, müxtəlif kursların və sosial imkanların daha geniş olduğunu düşünürlər. Bəzi ailələr üçün övladın yaşayış yerindən uzaqlaşmaması da qərara təsir edir.

Digər səbəb isə keçid ballarının aşağı düşəcəyinə həddindən artıq ümid etməkdir. Bəzən valideyn və abituriyent ötən ilin keçid balından xeyli aşağı nəticə toplasa da, “bəlkə bu il bal düşər” düşüncəsi ilə yalnız yüksək rəqabətli seçimlər edir. Halbuki keçid ballarında dəyişiklik mümkündür, amma buna arxalanaraq bütün seçim strategiyasını qurmaq risklidir”.

V. Fətullayev hesab edir ki, region universitetinə qəbul olmaq heç də zəif seçim etmək demək deyil. Əsas məsələ universitetin yerləşdiyi şəhərdən daha çox konkret ixtisasın keyfiyyəti, tədris imkanları, müəllim heyəti, tələbəyə təqdim olunan inkişaf imkanları və abituriyentin gələcək məqsədləri olmalıdır. Bəzən tələbənin istədiyi ixtisas üzrə region universitetində təhsil alması, Bakıda yalnız şəhərə görə ona uyğun olmayan başqa bir ixtisas seçməsindən daha düzgün qərar ola bilər”.