İyunun 21-də keçirilən imtahanların cavabları AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 21-də Azərbaycan dili (dövlət dili) fənni və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar keçirilib. İştirakçılar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2026/nettex/ öyrənə bilərlər.
Şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2026/netorta/ istifadə etməlidirlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanlarda 320 nəfər iştirak edib.
Həmçinin 2026-cı il 21 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı çərçivəsində mayın 3-də keçirilən Azərbaycan dili imtahanında üzrlü səbəblərdən iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanı keçirilib.
İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.
İmtahanda iştirakı nəzərdə tutulan 1416 nəfərdən 92 nəfər imtahana gəlməyib.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal isə 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 1 iyul saat 10:00-dan 3 iyul saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.




