İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub
Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetinə səfər edib. Səfərin əsas məqsədi iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlıq imkanlarının müzakirə edilməsi, mühəndislik və texnologiya sahələrində təcrübə mübadiləsinin aparılması, tələbə və müəllim mobilliyi, birgə elmi-tədqiqat layihələri, ikili diplom proqramları və digər perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, nümayəndə heyətinin tərkibində İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran, prorektorlar Elif Uğurlu Sağın və Cem Çelebi, həmçinin Mühəndislik Fakültəsinin dekanı Mehmet Polat yer alıblar. Səfər çərçivəsində qonaqlar Qarabağ Universitetinin kampusu, əsas inzibati binası və Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binası ilə tanış olublar.
Daha sonra universitet rəhbərliyi ilə keçirilən görüşdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, strateji inkişaf prioritetləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı təqdimat keçirilib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov rəhbərlik etdiyi universitetin qısa müddətdə əldə etdiyi nailiyyətlər, həyata keçirilən beynəlxalq layihələr və inkişaf planları haqqında məlumat verib. Tərəflər mühəndislik, informasiya texnologiyaları, innovasiya və tətbiqi elmlər sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib, birgə elmi-tədqiqat fəaliyyətləri, akademik mübadilə proqramları və ikili diplom imkanları ətrafında fikir mübadiləsi aparıblar.
İzmir Yüksək Texnologiya İnstitutunun rektoru, professor Yusuf Baran rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq təcrübəsi və elmi-tədqiqat istiqamətləri barədə ətraflı məlumat verib. O, Qarabağ Universitetinin qısa müddət ərzində əldə etdiyi inkişaf göstəricilərini yüksək qiymətləndirərək, iki universitet arasında formalaşan əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Nümayəndələr bildiriblər ki, Qarabağ Universitetinin müasir təhsil infrastrukturu, innovativ yanaşmaları və beynəlxalq əməkdaşlığa açıq mövqeyi diqqətəlayiqdir. Qeyd olunub ki, mühəndislik və texnologiya sahələrində birgə tədqiqatların aparılması, akademik mobillik proqramlarının həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, eləcə də ortaq layihələrin reallaşdırılması hər iki universitet üçün mühüm perspektivlər yaradır.
Səfərin ikinci günü Qarabağ Universitetinin Mühəndislik fakültəsində professor-müəllim heyəti və tələbələrlə görüş keçirilib. Tədbirdə İzmir Yüksək Texnologiya İnstitutunun təqdimatı nümayiş etdirilib, universitetin təhsil və tədqiqat imkanları barədə ətraflı məlumat verilib.
Görüş zamanı mühəndislik və texnologiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub, tələbə və müəllim mobilliyi, birgə elmi-tədqiqat layihələri, beynəlxalq proqramlarda iştirak və digər əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam edib və sonda xatirə şəkli çəkdirilib.
Səfər Qarabağ Universiteti ilə İzmir Yüksək Texnologiya İnstitutu arasında akademik və elmi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib, gələcəkdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə fəaliyyətin genişləndirilməsi üçün əlverişli zəmin yaradıb.


